31 mart Soyqırımı


Erməni millətçiləri XIX əsrdən başlayaraq “Böyük Ermənistan” dövləti yaratmaq üçün Şərqi Anadoluda, Qafqazda, Cənubi Azərbaycanda türk və digər müsəlman xalqlarına qarşı bir neçə dəfə soyqırım və deportasiyalar həyata keçirmişdir. Bunlardan ən dəhşətlisi 1918-ci il 31 Mart Soyqırımıdır.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında baş vermiş bu Soyqırım Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrini: Şamaxı, Quba və digər qəzalarını, həmçinin Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və sair əraziləri əhatə etmişdir. O zaman erməni daşnakları Bakı Soveti ilə ittifaqda bolşevik silahlı dəstələrinin yardımıyla azərbaycanlılara qarşı xüsusi qəddarlıqla qırğın törətmişlər.

1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabından sonra Rusiyanın ucqarlarında da siyasi mübarizə güclənir. Həmin dövrdə Bakı quberniyasında hakimiyyəti ələ keçirən bolşeviklər Bakı Soveti deyilən bir qurum yaradır. 1917-ci ilin dekabrında erməni Stepan Şaumyan Bakı Sovetinin başçısı seçilir. Bolşeviklər erməni milliyyətçiləri ilə anlaşmaya gedib Bakını öz əllərində saxlamağa çalışır. Bundan sonra şəhərdə müsəlman əhaliyə qarşı özbaşınalıq, ayrı-seçkilik baş alıb gedir. Müsəlmanlar tərəfindən güclü dəstək alan “Musavat” partiyasını özlərinə təhlükə hesab edən Bakı Soveti neft Bakısını itirəcəklərindən qorxur və bu partiyanın sosial bazasını məhv etməyə çalışır. “Daşnaksütun” isə bundan yararlanaraq öz planlarını – “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək istəyir.

Oktyabr inqilabından sonra Anadolu və İran ərazisindən qayıtmağa başlayan rus-erməni hərbçiləri öz yaşayış yerlərinə dönmək üçün Azərbaycandan - Bakıdan keçməli olur. Ancaq bundan istifadə edən bolşeviklər cəbhədən qayıdan hərbçilər arasında təbliğat apararaq onları öz tərəfinə çəkə bilir və sonradan məkrli planlarında istifadə edir.

Beləliklə, 1918-ci il martın 30-da günorta saatlarında daşnak hərbi dəstələrinin müsəlmanlara atəş açması ilə soyqırım başlayır. Rusiya bolşeviklərinin lideri Vladimir İliç Leninin Bakı Sovetinə kömək üçün göndərdiyi iki hərbi təyyarə havadan, hərbi gəmilər isə dənizdən müsəlmanlar yaşayan məhəllələri və kəndləri bombalayır. Ayın 31-də isə İçərişəhərdə qırğınlar və dağıntılar törədilir. Bakıda qırğınlar davam edərkən Azərbaycanın digər bölgələrində, o cümlədən Şərqi Anadoluda, Cənubi Azərbaycanda da xeyli sayda müsəlman qətlə yetirilir, kəndlər dağıdılır. Aprelin 2-ə qədər bu qırğınlar davam edir.

Soyqırım siyasəti Bakı Sovetinə qısa müddətə hakimiyyəti saxlamağa kömək etsə də, müsəlmanlar arasında bolşevizmə və bolşeviklərə qarşı nifrət və qorxu yaranır, müstəqilllik ideyasını gücləndirir.

Soyqırım nəticəsində 50 minə yaxın azərbaycanlı qətl edilir. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülür, on minlərlə insan öz torpaqlarından qovulur. Ümumiyyətlə, Şamaxıda 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 müsəlman kəndi yerlə yeksan olunur. O dövrdə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların çox hissəsi qətl olunmaqdan qurtulmaq üçün başqa bölgələrə üz tutmuş, Qərbi Azərbaycan ərazisində əhali nisbətində ermənilərin payı nəzərəçarpacaq dərəcədə artmışdır.

1998-ci il martın 26-da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur.

2002-ci il martın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə xalqımıza müraciət edərək Azərbaycana qarşı yeridilən soyqırımın, deportasiya və işğal siyasətinin bu gün də davam etdirildiyini bildirib.

2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. Belə ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında yüzdən çox kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə, soyqırımda öldürülənlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb.

2018-ci il yanvarın 18-də Prezident İlham Əliyev 100 il əvvəl erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.

Azərbaycan xalqı və dövləti 31 mart Soyqırımı qurbanlarını heç zaman unutmur, onların xatirəsini daim əziz tutur, bununla yanaşı, özünü bütün dünyaya məsum, fağır kimi tanıtmış mənfur qonşumuzun əslində “kim” olduğunu hər zaman göstərməyə çalışır və erməni faşizminin iç üzünü göstərmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

Ümumi tarixi arayış may 2020-ci ildə tərtib olunub.