Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 28 saylı Səbail seçki dairəsinin 17 saylı seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərlə görüşdə bəyanatı - 12 noyabr 1995-ci il


Birincisi, mən sizi - Azərbaycanın böyük jurnalist ordusunu və respublikamıza gəlmiş bütün jurnalistləri təbrik edirəm. Azərbaycanın bu tarixi günündə fəaliyyətinizə görə sizə təşəkkür edirəm. Mən bilirəm ki, jurnalistlərin işi ağır və çətin işdir. Ona görə də sizə təşəkkürümü bildirirəm. İkincisi, onu bildirmək istəyirəm ki, bu gün xalqımızın, müstəqil Azərbaycan Respublikasının tarixində çox əlamətdar bir gündür və həqiqətən bayramdır. Çünki bu gün müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul olunur və ümumxalq referendumu keçirilir.

Azərbaycan xalqı əsrlər boyu böyük mərhələlərdən keçib və nəhayət, öz dövlət müstəqilliyinə, milli azadlığına nail olub, ilk dəfədir ki, sərbəst, müstəqil surətdə, heç bir mərkəzdən, heç bir dairədən asılı olmayaraq, özü öz taleyinin sahibi olaraq öz konstitusiyasını yaradır. Həm dövlətinin təsisatlarını yaratmaq, həm vətəndaşlarının hüquqlarını, azadlıqlarını təmin etmək üçün, həm də müstəqil dövlətin dövlətçiliyinin qorunub saxlanması, möhkəmlənməsi, inkişaf etməsi üçün tarixi bir sənəd yaradır. Bu, böyük hadisədir. Ona görə mən bu gün böyük iftixar hissi keçirirəm ki, xalqımız, dövlətimiz, cəmiyyətimiz gəlib bu səviyyəyə çatıbdır. Mən çox məmnunam ki, bu konstitusiyanın layihəsinin hazırlanması üçün təşkil olunmuş komissiya çox çalışıb və mən də bu komissiyanın sədri kimi bu barədə əlimdən gələni etmişəm, öz xidmətlərimi göstərmişəm.

Bu gün eyni zamanda, müstəqil Azərbaycan Respublikasının parlamentinə - Milli Məclisinə ilk seçkilər keçirilir. Keçmişdə bizim konstitusiyamız da, parlamentimiz də olubdur. Bunların hamısına bu gün mən öz hörmət və ehtiramımı bildirirəm. Bu bizim tariximizin səhifələri, mərhələləridir və onların heç birisini gözdən salmaq, unutmaq lazım deyil. Tariximiz bizim tariximizdir, bizimkidir. Ancaq bu gün biz yeni mərhələdəyik, müstəqil dövlətik. Yenə də deyirəm, Azərbaycan xalqı artıq özü öz taleyini həll etmək hüququna malik olubdur. Ona görə də Azərbaycanın yeni parlamentinin seçilməsi tarixi bir hadisədir. Müstəqil Azərbaycan özünün qanunvericilik orqanını, parlamentini seçir. Bu parlament seçkiləri tam demokratik prinsiplər əsasında keçirilir.

Mən hesab edirəm ki, biz konstitusiya layihəsini hazırlamamışdan əvvəl parlament seçkilərinin keçirilməsinə dair qanun hazırlayıb, vaxtında müzakirəyə verib, onun əsasında seçkilərin aparılması üçün addımlar atarkən çox düzgün iş gördük. Biz seçkilərin keçirilməsi üçün çox demokratik prinsiplərə söykənən bir qanun qəbul etdik və ondan sonra bu qanun əsasında seçkilərin hazırlanması ilə məşğul olduq. İndi nəhayət, bu seçkilər keçirilir.

Mən daim bu fikirləri söyləmişəm və bu gün də bu fikirlərlə yaşayıram ki, bu seçkilər demokratik prinsiplər əsasında olmalıdır, xalqın iradəsinin nəticəsi olmalıdır. Hər bir vətəndaş öz fikrini, rəyini, istəyini sərbəst bildirməlidir. Kimə səs vermək istəyir, - bu vətəndaşın öz hüququdur, vətəndaş bunu özü müəyyən etməlidir. Mən bir prezident, dövlət başçısı kimi, bax bu şəraitin yaranması üçün çalışmışam, əlimdən gələni etmişəm və arzu edirəm ki, mənim bu səylərim öz nəticəsini versin, bugünkü seçkilər tam demokratik prinsiplər əsasında keçsin. Buna nə qədər nail olacağıq, - bunu seçkilərin nəticəsi göstərəcəkdir. Mən heç bir şeyi ideallaşdırmaq istəmirəm. Dünyada ideal bir şeyə çatmaq çox çətindir. Ancaq biz bu seçkilərdə demokratiya yolunda, insan azadlığı, insanların sərbəstliyi yolunda böyük bir addım atmış olsaq, bu bizim tarixi nailiyyətimiz olacaqdır. Mən bu ümidlərlə, bu arzularla yaşayıram. Bu ümidlərlə, bu arzularla da buraya gəlmişəm və öz səsimi istədiyim adama vermişəm.

Buradakı jurnalistlərin arzusunu nəzərə alaraq, mən bəzi şeyləri rus dilində də demək istəyirəm. Mən bugünkü günü tarixi bir gün sayıram. Çünki Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının bütün tarixi ərzində ilk dəfə olaraq öz məsələlərimizi müstəqil, suveren şəkildə həll etmək imkanına malikik və bu zəmin əsasında yeni konstitusiyanın, - müstəqil, suveren Azərbaycanın Konstitusiyasının layihəsini hazırlaya bilmişik. Mənim fikrimcə, bu layihə demokratik prinsipləri əks etdirən sənəddir. Biz demokratiya, dövlətçilik istiqamətində, müstəqil dövlət qurmaq sahəsində böyük yol keçmiş ölkələrin konstitusiya yaratmaq, konstitusiya inkişafı təcrübəsindən istifadə etməyə çalışmışıq. Biz bütün bu təcrübədən istifadə etməyə çalışmışıq. Bir çox ölkələrin, o cümlədən Qərb ölkələrinin, MDB-yə daxil olan ölkələrin konstitusiyalarını çox diqqətlə öyrənmişik. Təbii ki, həm bu təcrübəni, həm də tarixi, milli adət və ənənələri əsas tutaraq, milli və tarixi keçmişimizə dərin hörmətimizi ifadə edərək öz konstitusiyamızın layihəsini hazırlamışıq.

Bu bizim, müstəqil Azərbaycanın Konstitusiyasıdır və belə hesab edirəm ki, dünya təcrübəsində olan bir çox şeyləri əks etdirsə də, bu konstitusiya heç bir başqa konstitusiyaya bənzəmir. Bu bizim konstitusiyamız, Azərbaycanın Konstitusiyasıdır və mən bunu çox mühüm, tarixi nailiyyət hesab edirəm. Bu konstitusiyanın yaradılmasına öz töhfəmi verməyə imkanım olduğuna görə sevinir və özümü xoşbəxt sayıram. Ümidvaram ki, bu konstitusiya uzunömürlü olacaq və bir çox illər, onilliklər ərzində Azərbaycan Respublikasının, Azərbaycan xalqının demokratiya yolu ilə, hüquqi demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyişini, inkişafını müəyyən edəcəkdir.

Parlament seçkilərinin keçirilməsi konstitusiyanın müddəalarının əməli surətdə reallaşdırılması deməkdir. Mühüm cəhət bundan ibarətdir ki, biz konstitusiya layihəsi ilə paralel olaraq seçkilər haqqında qanunun layihəsini hazırlaya və onu qəbul edə bildik. Parlament seçkiləri haqqında qanun konstitusiyanın bir hissəsidir, biz bunu vaxtında hazırlayıb, həyata keçirilməsinə başlaya bildik. Seçkiləri keçirmək üçün böyük hazırlıq işi görülmüşdür. Nəhayət, bu gün, noyabrın 12-də biz konstitusiya layihəsinə münasibətimizi bildirmək üçün referenduma gəlmişik və əminəm ki, xalqın böyük əksəriyyəti bu layihəni dəstəkləyəcək, konstitusiya bu gün qəbul olunacaqdır. Təbii ki, xalq həm də Azərbaycanın yeni parlamentində təmsil olunmaq hüququ qazanmaq üçün irəli sürülmüş namizədlərə öz münasibətini bildirəcəkdir.

Çalışmışıq, mümkün olan hər şeyi etmişik ki, seçkilərə hazırlıq işləri demokratiya prinsiplərinə tam uyğun gəlsin. Ürəkdən arzu edirik ki, seçkilər demokratik keçirilsin, bütün demokratik prinsiplərə əməl olunsun. Birmandatlı dairələrdə 100 yerə təqribən 400 namizədin olması, seçkilərdə 8 siyasi partiyanın iştirak etməsi və bunların hər birinin 25 namizəd, yəni bütövlükdə 200 namizəd irəli sürməsi, beləliklə də, indi ümumilikdə 600 nəfər namizədin səsə qoyulması faktının özü Azərbaycandan ötrü, zənnimcə, böyük nailiyyətdir. Mən çox istəyirəm ki, hər bir vətəndaş, səs verən hər bir seçici həm konstitusiya layihəsinə, həm də müvafiq dairələrdə səsə qoyulmuş namizədlərə öz münasibətlərini sərbəst, müstəqil surətdə ifadə edə bilsin. Mən bunu ürəkdən arzulayıram.

Mən prezidentəm, müstəqil Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının prezidentiyəm, öz xalqımı demokratiya, azadlıq yolu ilə, bazar iqtisadiyyatı yolu ilə, sivilizasiyalı yolla inamla aparmaq istəyirəm. Bundan ötrü layiqli parlamentin, cəmiyyətimizin bütün çalarlarını əks etdirən, layiqli adamlardan ibarət parlamentin, respublikamızın qarşısında duran nəhəng vəzifələrin birlikdə həyata keçirilməsində bir prezident kimi mənə layiqli tərəfdar olacaq ali qanunverici orqanın olması çox mühümdür.

Ona görə mən ümidvaram, istəyirəm ki, bu gün Azərbaycanda demokratiya tam şəkildə özünü göstərsin. Buna nə dərəcədə nail ola biləcəyimiz seçicilərdən, seçkilərdə iştirak edənlərdən asılıdır. Mənə qaldıqda isə, mən öz işimi gördüm, səs verdim. Öz işimi həm o mənada gördüm ki, konstitusiya komissiyasının sədri kimi vəzifəmi yerinə yetirdim və komissiyanın bütün üzvləri ilə birlikdə konstitusiyamızın layihəsini hazırlayaraq xalqın müzakirəsinə verdik. Həm də konstitusiya komissiyasının sədri kimi seçkilər haqqında qanunun layihəsinin hazırlanması prosesinə rəhbərlik etmişəm və bu qanun parlament seçkiləri haqqında dünyanın bütün demokratik prinsiplərinə tamamilə cavab verir. Bizim Mərkəzi seçki komissiyası seçki kampaniyasının keçirilməsi üçün mümkün olan hər şeyi etmişdir. Bu baxımdan mən öz işimi görmüşəm.

Qarşıda isə mənim işlərim çoxdur. Ümidvaram ki, bugünkü gün respublikanın, xalqın, o cümlədən bir prezident kimi mənim qarşımda duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün böyük perspektivlər açır.

Sual: Hörmətli prezident, konstitusiya layihəsində dövlət dilinin Azərbaycan dili yazılması hansı siyasi məqsəddən irəli gəlir?

Heydər Əliyev: Bu, siyasi məqsəd deyil. Bu, Azərbaycan dilinin keçdiyi tarixi yolun əsasında olan bir şeydir. Bizim dilimiz Azərbaycan dilidir, biz azərbaycanlıyıq, respublikamız Azərbaycandır. Ancaq tarix, dilçilik elmi nöqteyi-nəzərindən Azərbaycan dili dünyada mövcud olan türk dilləri qrupuna daxildir. Ona görə də Azərbaycan dilinin mənşəyi türk dilləri kökündən gəlir. Amma dünyada türk dilləri qrupu çox böyükdür. Keçmiş Sovetlər İttifaqının ərazisində bu qrupa daxil olan 23 dilin hərəsinin müstəqil adı var, amma hamısı türk dilləri qrupuna mənsubdur. Bunlardan biri də Azərbaycan dilidir. Mənşəyimiz, kökümüz də, şübhəsiz ki, türk kökündən gəlibdir. Dilimiz isə Azərbaycan dilidir.

Sual: Cənab prezident, müxalifətin seçkilərə münasibətini necə qiymətləndirirsiniz?

Heydər Əliyev: Necə qiymətləndirə bilərəm? Müxalifət, yəqin ki, seçkilərdə, səsvermədə öz münasibətini bildirəcəkdir. Kim nə münasibət istəyir bildirsin, - hamı müstəqildir, sərbəstdir.

Sual: Müxalifət qüvvələri hesab edirlər ki, seçkilər antidemokratik şəraitdə keçəcək...

Heydər Əliyev: Bilirsiniz, hər kəs öz sözünü, öz fikrini deməkdə sərbəstdir. Ancaq o demək deyil ki, hər kəsin dediyi söz qanundur, - yaxud, necə deyərlər, mütləq həqiqətdi. Xeyr. O deyə bilər "antidemokratikdir", amma xalqın əksəriyyəti nə deyir? Əgər xalqın əksəriyyəti bununla razı deyilsə, demək, onun fikri düzgün deyil. Məsələn, mən srağagün konstitusiya komissiyasının iclasında da dedim. Srağagün səhər Müsavat Partiyasının qəzetini oxudum, orada yazırlar, xalqa müraciət edirlər ki, "siz konstitusiyanın ümumxalq referendumuna getməyin, səs verməyin". Bunun özü antidemokratik bir çağırışdır. Çünki əgər Müsavat Partiyası və onun qəzeti demokratik yolda durursa, o deməlidir ki, "sən get, amma istədiyin səsi ver". Ancaq o deyir ki, "sən seçkiyə getmə və bu konstitusiyaya səs vermə".

İkincisi, mən bunu iki gün əvvəl də demişəm, bu gün də demək istəyirəm: əgər Müsavat Partiyası bu konstitusiyanı Azərbaycan üçün münasib, demokratik hesab etmirsə, - konstitusiya komissiyası altı aydır işləyir, bu altı ay müddətində özü hansı layihəni təqdim edibdir? Əgər o bundan fərqli, bundan demokratik, xalqımız üçün yararlı bir layihə təqdim etsəydi və o rədd edilsəydi, yaxud onun müəyyən maddələri qəbul olunmasaydı, onda bəlkə də belə bir çağırışa müəyyən qədər əsas ola bilərdi. Ancaq mən güman edirəm ki, bu cür çağırışlar həm onların özlərinin antidemokratik olduğunu göstərir, həm də, mən tam əminəm ki, bu xalq tərəfindən qəbul olunmayan bir şeydir.

Sual: Hörmətli prezident, konstitusiya komissiyasını konstitusiya layihəsinin bir çox müddəalarında respublika prezidentinə guya hədsiz səlahiyyətlər verməkdə ittiham edirlər. Bu məsələyə münasibətinizi bilmək istərdik.

Heydər Əliyev:Bilirsiniz, bizi heç kəs ittiham edə bilməz. Konstitusiya komissiyasında prezidentə verilən səlahiyyətlər dünyanın inkişaf etmiş dövlətlərinin, böyük demokratiya yolu keçmiş dövlətlərin konstitusiyalarında əks olunanlardır. Bəlkə bəzilərində bundan da çoxdur. Mən sizə deyə bilərəm ki, məsələn, Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlərin - Rusiyanın, başqa dövlətlərin qəbul etdikləri konstitusiyalarda parlamenti buraxmaq barədə prezidentə səlahiyyət verilibdir. Ancaq Azərbaycan konstitusiyasında prezidentə bu səlahiyyət verilməyibdir. Prezident parlamenti buraxa bilməz. Bəs bu, demokratiya deyilmi? Bu onu göstərmirmi ki, prezidentə həddindən artıq səlahiyyət verilməyibdir?

Sual:Hörmətli prezident, deyə bilərsinizmi ki, Siz kimə səs verdiniz?

Heydər Əliyev: Çox istəyirsiniz ki, deyim? Mən gizlətmirəm. Ömər Eldarova səs vermişəm. Çünki o, böyük heykəltəraşdır, Azərbaycanın böyük simasıdır. Mən istərdim ki, Azərbaycan parlamentində belə dəyərli insanlar olsun. Onun yaratdığı heykəlləri, abidələri Azərbaycanın çox yerlərində görə bilərsiniz. 500 illiyini bu il qeyd edəcəyimiz Füzulinin də heykəlini o, böyük ustalıqla, böyük sevgi ilə yaradıbdır. 1938-ci ildə repressiya qurbanı olmuş Hüseyn Cavidin də heykəlini yaradıbdır, bir çox başqa heykəllər də yaradıbdır. Böyük alimdir, böyük sənətkardır, böyük heykəltəraşdır, mən ona səs vermişəm.

Sual: Cənab prezident, yeni konstitusiya sizə Dağlıq Qarabağ problemini həll etmək imkanı verəcəkmi?

Heydər Əliyev: Verəcək. Çünki yeni konstitusiyamız Azərbaycanda demokratik dövlətin yaranması üçün əsas olduğuna, demokratiya yolu ilə getdiyimizə görə güman edirəm, dünya ictimaiyyəti də və dünyanın demokratiya yolu ilə gedən dövlətləri də, beynəlxalq təşkilatlar da demokratik əsaslarla, tam müstəqil, heç bir dövlətdən asılı olmayan dövlətimizi qurduğumuza görə və onun üçün əsas yaratdığımıza görə, şübhəsiz, inanacaqlar ki, biz Dağlıq Qarabağda olan ermənilərin hüquqlarını heç vaxt pozmayacağıq, onlar Azərbaycanın vətəndaşları kimi respublikamızın tərkibində sərbəst yaşayacaqlar. Ancaq eyni zamanda, bu konstitusiya Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına əsas verən bir sənəddir. Azərbaycan ərazisinin bölünməzliyini dünyada bir daha təsdiq edən, Azərbaycanda hakimiyyətin hansı bir qrup tərəfindən olursa-olsun mənimsənilməsinin qarşısını alan bir sənəddir. Ona görə də bu bizim Qarabağ məsələsini, Ermənistanla Azərbaycan arasında olan münaqişə məsələsini də həll etməyə kömək edəcəkdir.

Sual: Yeni seçkilərdən sonra Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə bir dəyişiklik olacaqdırmı?

Heydər Əliyev: Biz Türkiyə ilə qardaşıq, dostluq əlaqələrini bundan sonra da davam etdirəcəyik. Mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl ilə iki gün bundan əvvəl telefonla danışmışam. Mən onu Azərbaycana dəvət etmişəm. Bu seçkilərdən, konstitusiya qəbul edildikdən sonra Süleyman Dəmirəlin Azərbaycana rəsmi səfəri gözlənilir. Biz aramızda olan dostluq və qardaşlıq əlaqələrini bu və başqa addımlarla daha da möhkəmləndirəcəyik.

Müxbir: Cənab prezident, "Çeşmə"çiləri bağışladığınıza görə təşəkkürümüzü bildiririk.

Heydər Əliyev: Siz bunu niyə belə yavaş deyirsiniz? Bir az bərk deyin, qoy hamı eşitsin. Bəli, gizli bir "Çeşmə" qəzeti var, onun rəhbərləri, onu yaradanlar altı nəfərdir, onlar həbs olunmuşlar, məhkəmə onlara cəza vermişdi. Onların valideynləri, ailə üzvləri də, bəzi jurnalistlər də mənə müraciət etmişdilər. Doğrudur, başım çox qarışıq idi, işim çox idi. Amma işimin çox olmağına baxmayaraq, dünən mən bu məsələni araşdırdım. Məhkəmənin hökmünə də baxdım, prokuroru da çağırdım, başqa adamlarla da söhbət etdim.

Birincisi, gördüm ki, onlar ədalətli cəzalandırılıblar. Çünki, bilirsiniz, gəlin öyrənək. Tənqid lazımdır. Müxalifət hakimiyyəti tənqid edə bilər və etməlidir. Müxalifət olmalıdır. Biz tənqidsiz yaşaya bilmərik. Müxalifət qəzetlərində, yaxud dövlət qəzetlərində, başqa jurnalistlərin tənqidi fikirlərini mən çox hörmətlə qarşılayıram. Çünki hər bir tənqidi fikirdə müəyyən bir nöqsanın aşkara çıxmasına və onun düzəldilməsinə şərait yaranırsa, bu bizə köməkdir.

Ancaq tənqidin həddini keçib böhtanla məşğul olmaq və təhqirə keçmək heç bir kəsə yaramaz. Həqiqətən, jurnalistlər də gərək çalışsınlar ki, özləri özlərini hörmətdən salmasınlar. Gərək jurnalistlər tərbiyəli, ziyalı jurnalistlər olsun, hər şeyin həddini həqiqətən bilənlər olsun. Cılızlıqla, yaxud böhtanla hansısa bir sözün kəsərini artırmaq, yaxud hansı bir yalanla, təhqirlə dediyi sözün kəsərini artırmaq mümkün deyil. Bilin, inanın, mən dünya görmüş adamam, - bunlar əhəmiyyətsiz şeydir.

İndi bunlar gəncdirlər, yəqin hesab ediblər ki, bu cür təhqir, böhtan sözləri ilə nəyəsə nail ola bilərlər. Gedib düşüblər cəzaya və cəzaları da ədalətlidir. Mən dünən bunu araşdırdım, məhkəməni də, prokuroru da çağırdım. Ancaq bunlara baxmayaraq, mən o gənclərin cavanlığını nəzərə alaraq onları bağışlamaq haqqında fərman verdim.

Məsələn, həmin adamlardan birinin atası Ağdamdan qaçqın düşmüş adamdır. Qaçqın vəziyyətində yaşayır. Mən baxıram, - o, sadə bir kişidir, insandır. Özü də mənə deyir ki, bilirsiniz, mənim oğlum həbs olunmamışdan on gün qabaq bir türk jurnalistinin sizin haqqınızda yazdığı kitabı gətirib qiymətli hədiyyə kimi ad günümdə mənə verdi. Bir türk jurnalisti mənim haqqımda türk dilində xırda bir kitab yazıb, deyir ki, oğlum mənim ad günümdə gətirib dedi ki, mən Heydər Əliyev haqqında olan bu kitabı sənə hədiyyə verirəm. Amma bilmirəm, sonra necə olub ki, o gedib bu yola düşüb.

Mən gördüm ki, onun atası nə qədər sadə, nə qədər təmiz ürəkli adamdır. Dünən o birisilərin də ailə üzvləri ilə görüşdüm, danışdım. Doğrudan da yaxşı insanlardır və mənim onlara da, həbsxanada olanlara da rəhmim gəldi. Onları əfv etdim. Güman edirəm ki, məhkəmə də düz edib, mən də düz eləmişəm.

Sual: Cənab prezident, yeni parlamentdən nə gözləyirsiniz?

Heydər Əliyev: Mən yeni parlamentdən güclü fəaliyyət, yeni qanunların qəbul olunmasını gözləyirəm. Azərbaycanda qanunvericilik işlərinin güclənməsini gözləyirəm.

Sual: Konstitusiyada Naxçıvana muxtar dövlət statusu verilməsi nə ilə əlaqədardır? Belə bir müxalif fikir var ki, bu, Dağlıq Qarabağa analoji status vermək məqsədi güdür.

Heydər Əliyev: Elmira xanım, iki gün bundan əvvəl mən konstitusiya komissiyasındakı çıxışımda bu barədə dedim, bir də deyirəm: bu fikirlər araqarışdırıcı fikirlərdir. Naxçıvanın muxtar statusu beynəlxalq müqavilələr əsasında 20-ci illərin əvvəlində verilibdir və buna tam əsas var. Dünyanın unitar dövlətlərinin çoxunun tərkibində muxtar qurumlar var. Onlardan biri də Azərbaycan dövlətidir, Azərbaycanın da içində Naxçıvan Muxtar Respublikasıdır.

Sual: Yəni bu, Dağlıq Qarabağa hər hansı bir status vermək məqsədi güdmür?

Heydər Əliyev: Bilirsiniz, mən sizə açıq deyirəm. Nə cür fikirləşirsiniz ki, Dağlıq Qarabağa heç bir status verilə bilməz? Nə veriləcək - bu günün mövzusu deyil. Ancaq heç kəs - meydanda qışqıran ağılsız adamlar fikirləşməsin ki, "gəlin, Dağlıq Qarabağı da dağıdaq, bütün erməniləri də qıraq". Bu yaramaz bir fikirdir. Elə bu cılız fikirlərin nəticəsində də Azərbaycan belə vəziyyətə düşdü.

Azərbaycan milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün insanların vətənidir. O cümlədən Dağlıq Qarabağda yaşayan ermənilərin də vətənidir. Dağlıq Qarabağda yaşayan ermənilər əgər bu təcavüzkar, separatçı hərəkətlərindən əl çəksələr və Ermənistan Respublikası bu hərbi təcavüzdən əl çəksə, bizim şərtlərimiz qəbul olunsa, Azərbaycanın tərkibində Dağlıq Qarabağ yaşayacaq və Dağlıq Qarabağa müvafiq status veriləcək, Ermənistanla Azərbaycan arasında normal əlaqələr yaranacaqdır.

Mən Avropadan gələn müşahidəçilər, o cümlədən Fransanın Milli Məclisi sədrinin müavini və başqaları ilə dünən danışırdım. Fransa Almaniya ilə neçə il müharibə elədi. Fransa Böyük Britaniya ilə neçə il müharibə elədi. İndi bir-biri ilə dost dövlətdirlər və bir ittifaqa daxildirlər. Bu tarix gözünüzün qabağındadır. Kim hesab edirsə ki, biz Ermənistanla əbədi düşmən olacağıq, yaxud əbədi olaraq dava edəcəyik, - bu, böyük səhvdir. Dünya tarixi bunu göstərir.

Rusiya ilə, yaxud Sovet İttifaqı ilə Almaniya arasında böyük müharibə oldu. 50 il keçəndən sonra Almaniyanın, Rusiyanın, Amerikanın, Fransanın başçıları Moskvada bir-biri ilə öpüşürdülər. Hitler faşist Almaniyası Fransanı dörd il işğal etdi. Fransa Milli Məclisi sədrinin müavini dünən mənimlə danışarkən dedi ki, faşist Almaniyası gəlib Fransanı işğal etdiyinə görə o da dörd il qaçqın vəziyyətində olubdur. Dedi ki, sizin qaçqınlardan fərqli olaraq mən çadırda yox, evdə yaşamışam. Bizimkilərin isə əksəriyyəti çadırlarda yaşayır. Amma indi Fransa ilə Almaniya bir-biri ilə dost ölkələrdir. Avropa İttifaqına birlikdə daxildirlər. Bu tarixi unutmaq lazım deyil və bu tarixdən kənara da çıxmaq lazım deyil. Ona görə də bu məsələlərə obyektiv, düzgün yanaşmaq lazımdır.

Sağ olun, sizin hamınıza dəyərli işlərinizdə uğurlar arzulayıram.