Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin Böyük Britaniyadakı səfiri Özdəm Sanberi qəbul edərkən söhbətindən - London, 19 may 1999-cu il


Özdəm Sanber: Əziz cümhur başqanım, Sizin səhhətinizin yaxşı olduğunu gördüm, çox məmnun qaldım. Allah Sizi daha gümrah etsin. Sayın cümhur başqanımızın da Sizə gözəl diləkləri var. İnşallah, bu günlərdə onunla görüşəcəksiniz.

Heydər Əliyev: Biz Vaşinqtona getdik, orada çox işlər gördük. NATO toplantısında iştirak etdik. Ancaq ondan başqa mən çox görüşlər keçirdim. Cənab Klintonla, xanım Olbraytla görüşdüm. Sonra xanım Olbrayt Qafqaz cümhuriyyətlərinin - Gürcüstan, Ermənistan və Azərbaycanın prezidentlərini, bir neçə ölkənin - İngiltərə, Fransa, Almaniya, Norveç və Türkiyənin xarici işlər nazirlərini toplamışdı. Biz Qafqazda sülh, əməkdaşlıq yaradılması ilə əlaqədar çox yaxşı toplantı keçirdik.

Sonra xanım Olbrayt Ermənistan prezidentinin və mənim görüşümü təşkil etdi. Bu, təkbətək görüş idi, ancaq sonra üçümüz bir yerdə görüşdük. Xanım Olbrayt bəyan etdi ki, Ermənistan - Azərbaycan münaqişəsi Lissabon sammitində qəbul olunmuş prinsiplər, yəni Azərbaycanın ərazi bütövlüyü, işğal edilmiş torpaqların azad olunması, qaçqınların öz yerinə qayıtması və Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində özünüidarə statusu verilməsi prinsipləri əsasında həll edilməlidir. Ermənistan prezidenti ilə iki saatdan çox təkbətək danışdıq.

Mənim başqa da çox görüşlərim oldu. Çox böyük üç yeni müqavilə imzaladıq. Bunları Senatın binasında, senatorların, konqresmenlərin iştirakı ilə imzaladıq.

Konqresdə, Senatda çox görüşlərim oldu. Bizə qarşı qoyulmuş qadağanı, 907-ci maddəni bilirsiniz. 1992 -ci ildə qəbul edilmiş bu maddə ədalətsiz bir şeydir. İndi hələ onu aradan götürə bilməmişik. Bu barədə çox danışdıq. Prezident Klintonla söhbətimiz oldu. Çox məmnunam.

Ancaq səfər sona çatanda ürəyim məni bir az narahat etdi. Məni orada müayinə etdilər. Mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl 1999-cu ilin yanvar ayından, dörd aydır Ertan Paşanı mənə təhkim edibdir. Bilirsiniz, yanvar ayında mən xəstələnmişdim, Ankaraya getdim. Orada Ertan Paşa məni müalicə etdi. Bakıya gələndən sonra bir neçə dəfə gəlib mənə baxmış, müayinə etmişdi. Vaşinqtona Ertan Paşa ilə birlikdə getdik. O, həmişə mənim yanımda oldu, dedi ki, geniş müayinə lazımdır və Klivlend klinikasını məsləhət gördü. Çünki Ertan Paşa oranı çox yaxşı tanıyır. Türkiyədə də çox tanınır.

Vaşinqtondan oraya getdik. Məni müayinə etdikdən sonra dedilər ki, əməliyyat lazımdır. Mən dedim ki, əgər lazımdırsa, edin. Ertan paşa orada çox xidmətlər göstərdi. Demək olar, yanvar ayından indiyə qədər mənim bütün sağlamlığım Türkiyə Cümhuriyyətinin prezidentinin nəzarəti altındadır və Ertan Paşa bilavasitə bu işlərlə məşğuldur.

Əməliyyata razılıq verdim. Əməliyyat yaxşı keçdi. Mənim dostum, qardaşım Süleyman Dəmirəl yenə də məni Türkiyəyə dəvət etdi. Sabah buradan təyyarə ilə uçuruq. Gedirəm orada bir az istirahət edim, Bakıya dönüb işə başlayım.

Özdəm Sanber: Sizi burada görməyi çox arzulayırdım. Sizə həm öz ehtiramımı bildirmək, həm də cümhur başqanımızın salamlarını yetirmək və Sizi gözlədiyini söyləmək istəyirdim. Siz Azərbaycan - Türkiyə əməkdaşlığının rəmzisiniz. Sayın cümhur başqanımızla Sizin aranızdakı dostluq əlaqələri Türkiyə - Azərbaycan münasibətlərinin daha da genişlənməsinə möhkəm təməl yaradır, töhfə verir. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr gözəl olduqca Qafqazda və bütün bölgədə əlaqələr daha geniş şəkil alacaqdır. Çünki Türkiyə və Azərbaycandakı sabitlik Qafqazın sabitliyi, bu isə öz növbəsində bölgədə sabitlik deməkdir.

Şükürlər olsun ki, Sizi çox yaxşı görürük. Sizə daha sağlam olmağınızı və uzun ömür arzulayırıq. Türk xalqı Sizi çox yaxından tanıyır, Sizə, Azərbaycanın dövlət adamlarına hörməti sonsuzdur. Azərbaycan ilə Türkiyə arasında əlaqələr çox təbiidir. İnşallah, qarşıdakı dövrdə biz birlikdə böyük işlər görəcəyik. Türkiyədə sabitlik olacaqdır.

Burada, Londonda hörmətli səfir Mahmud Məmmədquliyev ilə bizim birgə təşəbbüslərimiz var. Məsələn, son vaxtlar burada Türkiyə, Transqafqaz və Orta Asiya parlament qrupu yaradılıbdır. Bu qrup ingilis və türk iş adamlarından, ingiltərəli dostlarımızdan, parlament üzvlərindən ibarətdir. Mətbuat nümayəndələri də çoxdur, Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanı təmsil edirlər. Aramızda bir az türkcə, ancaq təbii ki, əsasən ingiliscə danışırıq. Qrupa İngiltərə parlamentinin deputatı başçılıq edir. Keçirdiyimiz toplantılarda adı çəkilən ölkələrdəki vəziyyət barədə məlumat verilir. Deyək ki, Azərbaycandakı son iqtisadi məsələlər, Türkmənistandakı işlər, Türkiyədəki yeniliklər və sairə haqqında danışırıq. Daha çox hansı məsələ maraqlandırırsa, o barədə söhbət aparırıq. Məsələn, neft boru kəmərlərindən danışırdıq. Bilirsiniz ki, buradakı bütün neft şirkətlərinin mərkəzi Londondur.

Yəni bununla ölkələrimizi burada daha çox tanıtmaq imkanı əldə edirik. Bu haqda sizə məlumat vermək istəyirdik.

Heydər Əliyev: Çox gözəl təşəbbüsdür, mən bunu bəyənir, dəstəkləyirəm. Siz də, bizim səfərimiz də çox gözəl iş görmüsünüz. Bu işi davam etdirmək lazımdır. Ümumiyyətlə, İngiltərəni Qafqaza daha da yaxınlaşdırmaq, cəlb etmək lazımdır. Keçən il mən burada rəsmi səfərdə olduğum zaman bir çox sazişlər imzaladıq. Baş nazir Toni Bleyr də, xarici işlər naziri Robin Kuk da dedilər ki, biz Azərbaycandakı səfirliyimizin işçilərinin sayını iki dəfə artırırıq, çünki orada işlərimiz çoxalıbdır. İndi Vaşinqtonda Robin Kuk ilə görüşəndə mənə birinci sözü o oldu ki, icazə vermişəm, İngiltərənin Azərbaycandakı səfirliyinin işçilərinin sayını iki dəfə artırsınlar. Çünki onlar çox iş görməlidirlər.

Mən də bunu çox məmnuniyyətlə qarşıladım. Orada Toni Bleyrlə də görüşdüm, danışdıq.

Özdəm Sanber: İndi Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması İngiltərədə yaxşı qarşılanmır. Çünki bu, beynəlxalq hüquq normalarına ziddir. Ona görə biz burada həmişə deyirik ki, bu məsələ Minsk qrupu çərçivəsində sülh yolu ilə həll edilməlidir, bu zaman Qafqazda əmin-amanlıq olacaqdır. Türkiyə bu məsələdə hər vaxt Azərbaycanın yanındadır.

Heydər Əliyev: Mən xəstəxanada və sonra hoteldə olduğum zaman prezident Klinton mənə məktub göndərdi, telefonla danışdıq. Xanım Olbrayt məktub göndərdi, telefon etdi, vitse-prezident Qor məktub göndərdi. Oradan yola düşməzdən iki-üç saat öncə xanım Olbrayt mənə yenə zəng etdi, çox geniş danışığımız oldu. Danışıqlarımız əsasən Qafqazda sülhün yaranması, Ermənistan - Azərbaycan münaqişəsinin həll olunması məsələləri barədə idi. Ona görə mən ölkəyə daha çox ümidlə qayıdıram. Çünki hiss etdim və dərk etdim ki, artıq Amerika bu məsələlərə daha da çox girişir və güman edirəm, daha da çox çalışacaqdır.

"Azərbaycan" qəzeti, 22 may 1999-cu il.