Azərbaycan Prezidenti Heydər Əliyevin İran İslam Respublikasinin prezidenti Əkbər Haşimi-Rəfsəncani ilə rəsmi görüşdə söhbətindən - 27 oktyabr 1993-cü il


Heydər Əliyev: Hörmətli prezident ağayi Haşimi-Rəfsəncani, hörmətli qonaqlar! Sizi Azərbaycan Respublikasının dövləti adından səmimi-qəlbdən salamlayıram. Azərbaycana təşrif gətirməyiniz münasibətilə bir daha sizə minnətdarlığımı bildirirəm. Və tam əmin olduğumu bildirmək istəyirəm ki, sizin bu səfəriniz və böyük tərkibdə nümayəndə heyətinizin Azərbaycana gəlməsi, qarşımızda olan görüşlər və danışıqlar, nəzərdə tutulmuş müqavilələrin imzalanması Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlərin inkişafı üçün yeni mühüm mərhələdir.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası qonşu dövlətlərdir. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında, İran xalqı ilə Azərbaycan xalqı arasında qədim tarixi dostluq, qardaşlıq əlaqələri var. Əsrlər boyu bizim xalqlarımız qonşu yaşamış, birlikdə yaşamışlar. Elmin, mədəniyyətin inkişafında bizim xalqların nümayəndələrinin dünya mədəniyyətinə verdiyi töhfələr məlumdur və bunlar həm İran xalqının, həm də Azərbaycan xalqının ümumi sərvətidir. Bizim xalqların mənəvi mənbəyi olan islam dini xalqlarımızın həm milli, həm mənəvi ənənələrinin qorunub saxlanması və inkişaf etməsi üçün çox böyük şərait yaradıbdır.

İndiki zamanda Azərbaycan Respublikası müstəqil dövlət kimi İran İslam Respublikası ilə əlaqələrini bütün sahələrdə genişləndirmək əzmindədir. İqtisadiyyat sahəsində, elm sahəsində, ticarət sahəsində, insani əlaqələr sahəsində, nəqliyyat vasitələrindən istifadə olunması sahəsində, müştərək müəssisələr yartamaq sahəsində və bütün başqa sahələrdə Azərbaycan Respublikası İran İslam Respublikası ilə bütün əlaqələrinin inkişaf etməsinin tərəfdarıdır. Və bununla əlaqədar sizinlə görüş üçün müəyyən müqavilələrin layihələri hazırlanıbdır. Biz belə fikirdəyik ki, son dövrdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan əlaqələrdə müəyyən soyuqluq yaradılmışdı. Bunların aradan götürülməsi üçün biz son vaxtlar, sizə məlumdur ki, lazımi tədbirlər görmüşük. Bundan sonra da bu tədbirləri görmək fikrindəyik.

Biz tam bu fikirdəyik ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər dostluq və qarşılıqlı fayda, qarşılıqlı mənfəət əsasında qurularaq həm İran İslam Respublikasının və onun xalqının mənafeyinə, həm də Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə xidmət etməlidir.

Mən güman edirəm ki, bugünkü və gələcək görüşlər bunların hamısını təsdiq edəcək və bu fikrin həyata keçməsi üçün lazımi qərarlar qəbul ediləcək.

H.Rəfsəncani: Bismillahir-rəhmanir-rəhim! Mən çox minnətdaram ki, bizi belə səmimi qarşıladınız. Mən Sizi prezident seçilməyiniz münasibətilə, həm də xalqın əksəriyyəti tərəfindən prezident seçilməyiniz münasibətilə təbrik eləyirəm. Və həm də Sizin istiqlaliyyətinizin 2-ci ildönümü münasibətilə Sizi təbrik eləyirəm. Eyni zamanda biz çox təəsüflənirik ki, Ermənistan tərəfindən Sizin əleyhinizə hücumlar yenə də davam edir. Mən əminəm ki, onlar peşiman olacaqlar və başa düşəcəklər ki, səhv edirlər. Çünki indi o dövr deyil ki, hər kim istəsə başqasının torpağını ələ keçirsin. Və İslam Cümhuriyyəti buna heç vaxt yol verə bilməz ki, bu hadisələr dünyada qeyri-sabitlik yaratsın.

İkitərəfli əməkdaşlıq sahəsində biz bir çox müştərək tədbirləri həyata keçirə bilmişik. Bəzi müvəffəqiyyətli işlər görmüşük. Burada müharibə olduğu üçün Sizin xalqınıza bəzi köməkliklər etmişik. Bizim bəzi köməklərimiz əvvəllər də olub. Naxçıvana və bəzi cənub bölgələrinə müəyyən köməklər etmişik. Əlbəttə, bu bizim insani və islami borcumuzdur və mən ümidvaram ki, bu vəziyyət heç də uzun çəkməyəcəkdir.

Amma bizim əsas məqsədimiz indi ölkənin iqtisadi inkişafını bərpa və təmin etməkdir. Bizim də, Sizin və xalqlarımız bölgədə ən qədim mədəniyyəti olan xalqlardır. Müştərək tariximiz var. Həm də bizim iki xalq arasında müştərək dərin məhəbbət hissləri vardır. Bunların hamısı bizi vadar edir ki, daha çox əməkdaşlıq edək.

Biz təzə yaradılmış Xəzəryanı Dövlətlər Təşkilatı vasitəsilə də əməkdaşlıq edirik. Xəzər dənizindən istifadə etməkdə bizim daha çox əməkdaşlığımız vacibdir. Ekologiya sahəsində Xəzər dənizində əməkdaşlığımız başqa respublikalarda da böyük maraq doğurur. Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığı çox mühüm rol oynayır.

Bizim Astara dəmir yolunun Sizin Astara dəmir yolu ilə birləşdirilməsi həm iki ölkə arasında, həm də Xəzər dövlətləri arasında əməkdaşlığı daha da genişləndirəcəkdir. Araz çayından istifadə edilməsi iki ölkə arasında çox böyük əhəmiyyətə malikdir. Hər iki ölkə bu çaydan istifadə edə bilər. Çayin üzərində biz Xudafərin su bəndini tikirik və onun istifadəyə verilməsini sürətləndirməliyik. Biz sərhəd əlaqələrinin genişlənməsinə və iki xalqın gediş-gəlişinin təmin olunmasına kömək etməliyik.

Xəzər neftindən istifadə sahəsində ikitərəfli əməkdaşlığımızın hər iki ölkə üçün böyük əhəmiyyəti vardır. Sevindirici haldır ki, Xəzər bölgəsindən istifadə sahəsində Sizin yaxşı mütəxəssisləriniz var və bizim də həm elmi cəhətdən, həm texniki cəhətdən yaxşı təcrübəmiz var. Bunlar hər ikisi əməkdaşlıq üçün yaxşı yol açır. Və yaxşı olar ki, hər ikimiz əlimizdə olan imkanlardan istifadə edək, nəinki başqalarının imkanlarından.

Xəzər dənizinin ekologiyasının və mühitinin qorunması bizim hər iki ölkə, hər iki xalq üçün böyük maraq doğurur. Xəzər dənizinin suyunun qalxması Sizin üçün və başqa Xəzər ölkələri üçün ciddi çətinliklər yaradır. Bununla əlaqədar fikir mübadiləsi aparmalı və əməkdaşlıq etməliyik.

Siz vaxtilə keçmiş SSRİ tərkibində olduğunuz üçün çox yaxşı elmi potensialınız var. Bizim də çox yaxşı potensialımız var və yaxşı təcrübəmiz var. Bunlar hər iki xalqın inkişafında yaxşı rol oynaya bilər. Bunlardan istifadə etməliyik. Biz ticarətin, - həm xüsusi, həm də dövlət ticarətinin inkişaf etdirilməsi məsələlərinə xüsusi fikir verməliyik. Bu, iki xalqın ehtiyaclarını ödəmək üçün çox vacibdir.

Biz çalışmalıyıq ki, iki parlament arasında - İran və Azərbaycan parlamentləri arasında yaxşı əməkdaşlıq olsun. Bu parlamentlərin və xalqların əməkdaşlığı üçün çox mühümdür. Biz əlaqələrimizi o səviyyədə inkişaf etdirməliyik ki, düşmənlərimiz bilsinlər ki, bu iki ölkə həmrəydir, bir-birinə hamidirlər. Mən görürəm ki, səfər üçün bir sıra sənədlər hazırlanmışdır, burada böyük bir siyahı vardır. Və mən ümidvaram ki, bu sənədlərin imzalanması hər iki ölkə arasında əməkdaşlıq üçün yaxşı, geniş bir səhifə açacaqdır.

Mən Sizinlə əməkdaşlıqdan danışarkən, təkidlə deyə bilərəm ki, bizim üçün Azərbaycanla münasibətlər çox mühümdür. Mən əminəm ki, Sizin tərəfinizdən də bu əməkdaşlığa belə əhəmiyyət verilir. Və mən onu deməliyəm ki, biz istəmirik ki, bu gün qol çəkdiyimiz sənədlər kağız üzərində qalsın. Bu əməkdaşlığı həyata keçirmək üçün gərək əməli iş görülsün. Deyilənlərə onu da əlavə edə bilərəm ki, bizim aramızda heç bir maneə yoxdur və biz bütün sahələrdə əməkdaşlıq edə bilərik.

Mən çox əminəm ki, həm mən, həm də Siz dövlət başında olanda iki müsəlman ölkəsi arasında əməkdaşlıq üçün bir nümunə yarada bilərik ki, bu, başqa dövlətlər üçün bir nümunə kimi qalsın.

Çox məmnunam, çox minnətdaram.

Heydər Əliyev: Cənab prezident, mən sizə Azərbaycan Respublikası adından təşəkkür edirəm. Bizim haqqımızda dediyiniz xoş sözlərə görə. Məmnuniyyətlə qeyd edirəm ki, siz öz nitqinizdə Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq təcavüzə qalmasını pislədiniz.

İran İslam Cümhuriyyətinin və cənab prezident, şəxsən sizin bu barədə prinsipial mövqeyiniz bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Və qeyd etmək istəyirəm ki, təəssüf ki, son günlər erməni silahlı qüvvələri Azərbaycana hücumlarını daha da gücləndiribdir. Sizə məlumdur ki, bir müddət bundan öncə erməni silahlı qüvvələri tərəfindən Füzuli, Cəbrayıl, Qubadlı rayonunun bir qismi işğal olunubsa, son vaxtlar, bu ayın, oktyar ayının 21-dən başlayaraq güclü hərbi hücumlar nəticəsində Füzuli, Cəbrayıl rayonlarında Iran ilə həmsərhəd olan bölgələr işğal olunubdur. Orada olan əhali, vətəndaşlar İran İslam Cümhuriyyətinin ərazisinə keçməyə məcbur olublar. Son günlər biz Ermənistanın rəhbərliyi ilə, Dağlıq Qarabağda olan qüvvələrlə mütəmadi əlaqələr saxlayaraq bu hücumların dayandırılmasını tələb etmişik. Bu münasibətlə beynəlxalq təşkilatlara da müraciət etmişik, ancaq təəssüf ki, heç bir nəticə verməyibdir. Çox təəccüblüdür ki, sizin İran İslam Cümhuriyyətinin nümayəndə heyətinin Azərbaycana gəlməsi ərəfəsində bu hücumlar daha da güclənibdir. Üç gündür ki, İran ilə həmsərhəd olan Zəngilan rayonu artıq mühasirə şəraitindədir. Orada 80 minə yaxın əhali var. Burada olan bizim silahlı qüvvələrimizlə əhali öz bölgələrini müdafiə etməyə çalışırlar. Biz həm Yerevanla, həm də Dağlıq Qarabağla yenə də əlaqələr yaradıb bu atəşin dayandırılmasını tələb edirik. Ancaq bunlar nəticə vermir.

Sizə məlumdur ki, beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizik Şurası, ATƏM təşkilatı bir neçə dəfə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş rayonlarından çıxması üçün qərar qəbul etmişdir. Ancaq bunlar da təəssüf ki, nəticə verməyibdir. Dünən ATƏM təşkilatının sədri xanım Uqlas başda olmaqla bu təşkilatın böyük nümayəndə heyəti Azərbaycanda oldu. Bu barədə onlara da müraciətlər etmişik. Onlar da dünən söz veriblər ki, Ermənistan tərəfindən edilən bu hücumları dayandırsınlar.

Təəssüf ki, bunlar da nəticə verməyibdir. Və bu gün səhərdən gələn məlumatlarda bildirilir ki, Ermənistan silahlı qüvvələri Zəngilan rayonunu şiddətli atəşə tutublar.

Mən buna görə bu fürsətdən istifadə edib bütün dünya ictimaiyyətinə bu vəziyyəti çatdırmaq istəyirəm. Bütün beynəlxalq təşkilatlara bir daha müraciət edirəm ki, erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınsın.

Cənab prezident, dünyanın görkəmli bir siyasi dövlət xadimi olan sizə müraciət edirəm. İran İslam Cümhuriyyətinə müraciət edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, siz öz imkanlarınızdan istifadə edib erməni silahlı qüvvələrinin təcavüzünü, Zəngilana hücumlarını dayandıracaqsınız və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan, xüsusilə Füzuli, Zəngilan, Cəbrayıl rayonlarından çıxarılmasının təmin olunmasında öz səylərinizi göstərəcəksiniz.

Sizin diqqətinizi bu hala cəlb eləmək istəyirəm ki, bu rayonlar İran İslam Respublikasının Azərbaycan Respublikası ilə həmsərhəd rayonlarıdır. Erməni silahlı qüvvələrinin işğalçılığı nəticəsində Azərbaycan-İran arasındakı sərhədlər artıq erməni silahlı qüvvələrinin əlinə keçmişdir. Güman edirəm ki, İran İslam Cümhuriyyəti belə bir hala dözməməlidir. Ona görə də mən bir daha sizə bu məsələlərin tezliklə həll olunması üçün müraciət edirəm.

İqtisadi, elmi, texniki əlaqələrimiz haqqında sizin buyurduğunuz təkliflərin hamısı ilə biz razıyıq. Bu məsələlərlə əlaqədar sizin və bizim tərəfimizdən olan mütəxəssislər müəyyən müqavilələrin, müəyyən sənədlərin layihələrini hazırlayıblar. Güman edirəm ki, bu görüşdən sonra onlara bir daha baxmaq olar. Və bunların imzalanmasını, şübhəsiz ki, sizin bu səfəriniz dövründə həyata keçirməliyik.

H. Rəfsəncani: İnşallah ki, biz bu əməkdaşlığı həyata keçirəcəyik.

Heydər Əliyev: Mən sizə bir daha təşəkkür edirəm. Bizim nazirlər və başqa vəzifəli şəxslər bu işlərlə məşğul olacaqlar. Biz isə sizinlə bərabər proqrama əsasən sizin səyahətinizi davam etdirəcəyik. Sağ olun.

"Azərbaycan" qəzeti, 28 oktyabr 1993-cü il.