Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Corc Buşa - Bakı şəhəri, 11 noyabr 2002-ci il


Hörmətli cənab prezident!

Noyabrın 5-də ABŞ Konqresinə seçkilərdə Respublikaçılar Partiyasının qələbə qazanması münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Partiyanın lideri kimi bu qələbədə Sizin şəxsi rolunuz həlledici olmuşdur. Amerika xalqı Sizin daxili və xarici siyasətinizi, terrorizmə qarşı beynəlxalq koalisiyanın təşkilində qətiyyətli mövqeyinizi və ardıcıl səylərinizi dəstəkləyərək Konqresin hər iki palatasına rəhbərliyi respublikaçılara həvalə etmişdir.

Terrorizmə qarşı mübarizə sahəsindəki fəaliyyətinizi yüksək qiymətləndirir və bu işdə Azərbaycanın ABŞ-la fəal əməkdaşlığından məmnunluq duyuram.

Ölkəmizə və xalqımıza bəslədiyiniz xoş, səmimi münasibətə, ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli üçün səylərinizə görə Sizə minnətdaram.

Sizə və başçılıq etdiyiniz Respublikaçılar Partiyasının bütün üzvlərinə dost Amerika xalqının rifahı və əmin-amanlığı, dünyada sülhün və təhlükəsizliyin bərqərar olunması naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 12 noyabr 2002-ci il.