Çin Xalq Respublikasının mili bayramı şərəfinə rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 30 sentyabr 1999-cu il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi Çin Xalq Respublikasının milli bayramı - Çin Xalq Respublikası yaradılmasının 50 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Böyük Çin xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

Təəssüflənirəm ki, tərcüməçimiz yoxdur və buna görə də möhtərəm səfir rus dilində çıxış etdi. Çin Xalq Respublikasına və onun Azərbaycandakı möhtərəm səfirinə hörmət edərək, mən öz sözümü rus dilində davam etdirəcəyəm.

50 il öncə Çin torpağında olduqca böyük tarixi əhəmiyyətə malik hadisə baş vermişdir. Çinin çox zəngin, çox qədim tarixi var. Bunların hamısı bütün dünyaya, o cümlədən bizə, azərbaycanlılara yaxşı məlumdur. Amma 1949-cu ildə baş vermiş hadisə hər şeyi köklü surətdə dəyişdirmiş və Çin xalqı özünün seçdiyi yol ilə, yəni müstəqil, qeyri-asılı siyasət yeritmək, öz ölkəsinin inkişafı ilə məşğul olmaq, öz xalqı üçün daha yaxşı şəraiti təmin etmək yolu ilə getmişdir.

Cənab səfir öz nitqində Çin xalqının ötən 50 ildə və xüsusən son 20 ildə qazandığı böyük nailiyyətlərə dair çox inandırıcı, təsirli rəqəmlər və faktlar gətirdi.

Biz hər bir xalqın seçdiyi yola böyük hörmətlə yanaşırıq. Xalqın seçdiyi yol onun işidir. Biz hesab edirik ki, buna heç kim və heç vaxt kənardan qarışmamalıdır. Buna görə də Çin xalqının seçdiyi yol Çinin milli maraqlarına və ənənələrinə tam uyğundur və təbii ki, bütün dünyada, o cümlədən Azərbaycanda hörmət və təqdirə malikdir.

Son illərdə Çin xalqı iqtisadi və sosial islahatları həyata keçirərək böyük uğurlara nail olmuşdur. Hazırda bütün dünyada yenidənqurma, inkişaf prosesi gedir. Geridə qalan ölkələr başqa ölkələrlə ayaqlaşmaq istəyirlər. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr digər kiçik ölkələrə kömək və dəstək göstərməyə çalışırlar. Dövlət müstəqilliyini bu yaxınlarda əldə etmiş ölkələr öz inkişaf yolunu - məşəqqətli, çətin, amma bununla bərabər, düzgün olan yolu keçirlər.

50 ildə Çin xalqı özünün, bu ölkənin seçdiyi sistemin ideoloji prinsiplərə əsaslanaraq, öz həyat quruculuğunun çoxsaylı formalarını sınamışdır. Çinin son onillikdə apardığı islahatlar Çin üçün, məhz Çin üçün həqiqətən çox uğurlu, çox bəhrəli olmuşdur. Buna görə də çalışmaq lazım deyil ki, bütün ölkələrdə hər şey vahid model əsasında getsin. Çalışmaq lazım deyil ki, kiçik ölkələr böyük ölkələrin malik olduqları hər şeyi onlardan götürüb təqlid etsinlər. Çalışmaq lazım deyil ki, inkişaf etmiş ölkələrdə uğurlu idarəçiliyin, iqtisadi fəaliyyətin uğurlu nəticələr vermiş ayrı-ayrı formaları başqa ölkələrdə də elə bu cür tətbiq olunsun.

Öz inkişafının müxtəlif mərhələlərində, səviyyələrində olan ölkələr dünyada çoxdur. Təbiidir ki, hər bir ölkə öz inkişaf yolunu buna uyğun olaraq qurur və qurmalıdır. Buna heç kim qarışmamalıdır. Bax, bu baxımdan Çin öz müstəqilliyinə nail olmuşdur. Mən bu sözü daha geniş anlamda deyirəm. Yəni, Çin həmişə böyük dövlət olmuşdur. Lakin 1949-cu ildən sonra Çinin suverenliyi və müstəqilliyi Çin xalqının müasir maraqlarına cavab verən yeni forma kəsb etmişdir. Ancaq Çin oraya ixrac olunanları təqlid etməyə başlamamışdır, öz yolu - milli maraqlara, üstünlük verilən milli cəhətlərə uyğun gələn islahatlar yolu ilə getmiş və nəticələrə nail olmuşdur.

Çin Xalq Respublikasının 50 illiyi günündə Çin xalqını bu böyük uğurlar münasibətilə ürəkdən təbrik edirəm və Çin Xalq Respublikasının rəhbərliyinə, Çin Xalq Respublikasının sədri hörmətli Tszyan Tszeminə bu yolda yeni-yeni uğurlar arzulayıram.

Böyük məmnunluqla demək olar ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Çin Xalq Respublikası ilə ölkəmiz arasında dostluq münasibətləri yaranmışdır. Biz bunu çox qiymətləndirir, buna böyük əhəmiyyət veririk. Biz bunu istəyirdik və indi buna malikik.

Bəli, ölkələrimiz coğrafi baxımdan bir-birindən uzaqdır. Lakin orta əsrlərdə və daha əvvəllər İpək Yolu Çindən, Yaponiyadan tutmuş Avropanın ən ucqar nöqtəsinədək bu yolun üstündə yerləşən bütün ölkələri birləşdirirdisə, indi - XX əsrin sona yetdiyi, bəşəriyyətin texnika sahəsində çox böyük tərəqqiyə nail olduğu dövrdə bu məsafənin heç bir əhəmiyyəti yoxdur.

Əməkdaşlığımızı uğurlu hesab edirəm. Əlbəttə, biz istərdik ki, əməkdaşlığımız daha səmərəli olsun. Biz buna çalışırıq. Deyə bilərəm ki, Çin Xalq Respublikası tərəfindən də bu cür istək olduğunu hiss edirik. Amma razılaşmaq lazımdır ki, hər şey birdən-birə hasil olmur. Bundan ötrü vaxt gərəkdir. Belə düşünürəm ki, zaman, şübhəsiz, bizim əməkdaşlığımızın daha sıx və yaxın olmasına xidmət edəcəkdir.

Çində, Pekində artıq çoxdan Azərbaycan səfirliyinin olması sübut edir ki, Azərbaycan Çin Xalq Respublikası ilə dostluq münasibətləri saxlamaq istəyir. Məlumdur ki, gənc dövlət olan Azərbaycanın bütün ölkələrdə, dünya ölkələrinin əksəriyyətində səfirliyə malik olmaq üçün böyük vəsaiti və imkanları yoxdur. Biz bunu çox istəyirik, amma imkanlar yol vermir. Ancaq belə bir şəraitdə biz hələ beş il, hətta altı il əvvəl Çində Azərbaycanın səfirliyini açmaq haqqında qərar qəbul etdik, nəzərə alırdıq ki, bu, uğurlu əməkdaşlığımıza təkan verəcəkdir. Xoşdur ki, Çin Xalq Respublikası da Azərbaycana diqqət göstərərək, burada öz səfirliyini açmışdır. Bu səfirlik çoxdan və müvəffəqiyyətlə fəaliyyət göstərir. Bütün bunlar bir daha və bir daha onu göstərir ki, biz əməkdaşlıq edirik və edəcəyik.

Cənab səfir, sizin kimi, biz də hesab edirik ki, hər bir ölkə - həm çox böyük, həm də kiçik ölkə öz yolu ilə getməli, bütün digər ölkələrin, o cümlədən Çinin yoluna hörmət etməlidir. Buna görə də arzu edirik ki, bizə də bu cür hörmətlə yanaşsınlar.

Ərazi bütövlüyü prinsipi ən mühüm məsələdir və siz, cənab səfir, onu xatırlatdınız. Bu, bizim məsələmiz deyildir, sizin məsələniz deyildir. Bu, beynəlxalq hüququn məsələsidir, Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərindən biridir. Ona görə də biz istəyirik ki, hər bir ölkənin, - bizim ona münasibətimizdən asılı olmayaraq, - öz ərazi bütövlüyünü, ərazi toxunulmazlığını saxlamağa imkanı olsun. Biz bunu Çinə də arzulayırıq və çalışırıq ki, Azərbaycanın da ərazi bütövlüyü saxlanılsın və möhkəmlənsin.

Erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın bəzi rayonlarının işğal olunması ilə əlaqədar 1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr bizim yadımızdadır. Çin Xalq Respublikasının da daimi üzvü olduğu Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin yekdilliklə qəbul etdikləri həmin qətnamələrdə Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Amma təəssüf ki, bu qətnamələr yerinə yetirilməmiş qaldı.

Bu gün biz Çinə minnətdarıq ki, o dövrdə Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisinin işğalı məsələsinin müzakirəsi zamanı Çin işğalçı qüvvələrin oradan qeyd-şərtsiz çıxarılmasının lehinə səs vermişdi. Bununla yanaşı, biz arzu edərdik ki, Çinin daimi üzvü və həlledici səsə malik olduğu Təhlükəsizlik Şurası öz qətnamələrinin, öz qərarlarının yerinə yetirilməsinə nail olsun. Təəssüflə demək olar ki, bu baxımdan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında, görünür, çox şey çatışmır. İndiki halda mən bunu Təhlükəsizlik Şurasının bu və ya digər üzvünə aid etmirəm, ümumən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına öz münasibətimizi deyirəm.

Biz hesab edirik ki, Çin də öz ərazi bütövlüyünü tamamilə bərpa etməlidir, eləcə də, zənnimcə, Çin Xalq Respublikası Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa olunması mövqelərində durur və durmalıdır.

Mən 1994-cü ildə Çinə rəsmi səfərimi, çoxsaylı görüşləri və danışıqları, xüsusən də Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszemin ilə olan görüşümü və danışıqlarımı, imzaladığımız dövlətlərarası sənədləri, Şanxaya getməyimizi, islahatların gedişi ilə tanışlığı böyük səmimiyyətlə xatırlayıram. Bütün bunlar mənə çox böyük təsir bağışladı. Əlbəttə, Çinin tarixi, gedib görmək imkanına malik olduğum böyük Çin səddi güclü təsir bağışlayır.

Bir sözlə, hesab edirəm ki, 1994-cü ildən sonra bizim aramızda daha sıx münasibətlər yaranmışdır. Mən bu münasibətləri qiymətləndirirəm. ÇXR sədri cənab Tszyan Tszeminlə mənim aramda yaranmış şəxsi münasibətləri qiymətləndirirəm və bu münasibətlərin müvəffəqiyyətlə inkişafı üçün hər şeyi edəcəyəm.

Sizi bayram münasibətilə bir daha təbrik edirəm!

Böyük Çin xalqına bir daha uğurlar, səadət, sülh və firavanlıq arzulayıram!

"Azərbaycan" qəzeti, 1 oktyabr 1999-cu il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya