"Türkiyə Prezidenti Süleyman Dəmirəlin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi " (Ankara, 5 may 1997-ci il) sənədinə tarixi arayış


1993-cü ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin yürütdüyü xarici siyasət ‎nəticəsində Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək mərhələsinə çatıb. Heydər Əliyev ‎‎1994-cü ilin fevralında Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin dəvətilə bu ‎ölkəyə rəsmi səfər edib. Səfər zamanı prezidentlər iki ölkə arasında dostluq, qarşılıqlı anlaşma və ‎hərtərəfli əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Azərbaycanla Türkiyə arasında daha ‎sonra iqtisadiyyat, səhiyyə, maliyyə, təhsil, mədəniyyət və s. sahələrdə qarşılıqlı əməkdaşlıq ‎haqqında 16 müqavilə imzalanıb. Heydər Əliyevin bu ölkəyə etdiyi növbəti səfərlər, eləcə də ‎Türkiyə rəsmilərinin Azərbaycana səfərləri ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə ‎səbəb olub.‎

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev növbəti dəfə Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəvətilə 5-8 may 1997-ci il tarixində Türkiyədə rəsmi səfərdə olub.

Rəsmi səfərin gedişində Azərbaycanın dövlət başçısı Türkiyə Prezidenti, bu ölkənin Baş naziri, xarici işlər naziri, Baş nazirin müavini və başqa şəxslərlə görüşüb və Türkiyə-Azərbaycan əlaqələri haqqında geniş danışıqlar aparıb. Dövlətlər arasında ikitərəfli əlaqələri inkişaf etdirməyə dair bir sıra sənədlər imzalanıb. Ən əhəmiyyətli sənədlərdən biri prezidentlərin imzaladığı "Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında" bəyannamə olub. Heydər Əliyev Azərbaycan ilə Türkiyə arasında imzalanan sazişlərin ikitərəfli əlaqələrin normativ-hüquqi bazasını daha da genişləndirdiyini, gücləndirdiyini bildirib. Dövlət başçısının fikrincə "Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında" bəyannamə isə əlaqələrin yeni bir mərhələyə, səviyyəyə çatdığını göstərir.

Türkiyə Böyük Millət Məclisinə baş çəkən Heydər Əliyev millət vəkilləri qarşısında çıxış edib. Ölkə rəhbəri demokratik, dünyəvi dövlət olan Türkiyənin bütün başqa türkdilli dövlətlər üçün örnək olduğunu qeyd edib.

Səfərin gedişində respublika prezidenti çoxsaylı mühüm tədbirlərə qatılıb. Dövlət başçısı Azərbaycan səfirliyinin yeni binasının təməlinin qoyulması, Ankaradakı küçələrdən birinə "Azərbaycan" prospekti adının verilməsi mərasimində, "Bakı" parkının və "Heydər Əliyev" bulvarının açılışında iştirak edib. Prezident həmçinin iqamətgahları Ankarada yerləşən və Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin səfirləri, Türkiyənin iş adamları, Türkiyənin hərbi və mülki məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Heydər Əliyev Türkiyədə olduğu müddət ərzində Türkiyənin "Samanyolu", NTV televiziyalarına müsahibə verib. Respublika prezidenti Türkiyədə bu ölkənin yüksək dövlət mükafatı - Ali Dövlət nişanı ilə təltif edilib, Doqquz Eylül, Fatih universitetləri tərəfindən bu ali təhsil ocaqlarının fəxri doktoru adına layiq görülüb.

Rəsmi səfərin gedişində, mayın 5-də Türkiyə Prezidenti Süleyman Dəmirəlin adından Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət verilib. Heydər Əliyev tədbirdə çıxış edərək istiqlaliyyət əldə edən Azərbaycanın müstəqilliyini dünyada ilk dövlət olaraq Türkiyənin tanıdığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövründə ikitərəfli münasibətlər daha da inkişaf edib.

13-15 aprel 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə ilk rəsmi səfəri olub. Səfər zamanı aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Əhməd Necdət Sezərin təkbətək görüşü keçirilib. Görüşdən sonra ikitərəfli sənədlərin imzalanma mərasimi olub.

25 iyun 2007-ci ildə növbəti dəfə Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev İstanbulun Çırağan sarayında Türkiyə Prezidenti Əhməd Necdət Sezərlə görüşüb. Prezidentlər dost və qardaş ölkələrimiz arasında münasibətlərin davamlı inkişafından məmnunluqlarını bildiriblər, bu əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini vurğulayıblar.

24 iyul 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Qars şəhərində olub. Qarsda Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim sürətlə inkişaf etməsindən məmnunluqlarını ifadə edərək, Azərbaycan və Türkiyənin qlobal layihələrdə birgə iştirakının qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, habelə regional əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini vurğulayıblar. Prezidentlər Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi səciyyələndiriblər. Bildirilib ki, bu dəmir yolu ümumən regionda iqtisadi əməkdaşlığın genişlənməsi baxımından çox önəmli layihədir. (http://www.azerbaijan.news.az/) 

15 oktyabr 2008-ci il Prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev ilk rəsmi səfərini də məhz 5-6 noyabr 2008-ci il tarixində Türkiyəyə edib. Ankarada Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü olub. Görüşdə dost və qardaş ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daim genişlənməsindən məmnunluq ifadə olunub, Azərbaycan Prezidentinin növbəti seçkilərdəki qələbəsindən sonra da ilk rəsmi səfərini Türkiyəyə etməsi ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının yaxşı nümunəsi kimi qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və bütün sahələrdə daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin həm iki ölkə, həm xalqlarımız üçün, həm də regionda sülhün və sabitliyin təmin olunması baxımından böyük önəm daşıdığı vurğulanıb. 

6 noyabr 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə rəsmilərilə birgəAnkaranın Batıkənd məhəlləsində Heydər Əliyev küçəsinin açılış mərasimində iştirak edib. Dövlət başçısına məlumat verilib ki, küçəyə 2008-ci ilin iyununda ulu öndər Heydər Əliyevin adı verilib. Ətrafda Heydər Əliyev adına ibtidai məktəb, ümummilli liderin adını daşıyan park, yaşayış evləri, ofislər və inzibati binalar yerləşir.

Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinə gəlib və orada nitq söyləyib. Daha sonra isə İlham Əliyev Ankarada Heydər Əliyev parkında və Heydər Əliyev adına ibtidai məktəbdə olub. (http://www.president.az/)

Tarixi arayış 7 noyabr 2008-ci ildə yeniləşdirilib.