Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Naxçıvan, 21 oktyabr 1996-cı il


Hörmətli deputatlar!

Oktyabrın 29-da Hüseyn Cavidin məqbərəsinin təntənəli açılışı mərasimində, oktyabrın 30-da Naxçıvan ictimaiyyəti ilə görüşdə və digər görüşlərdə biz ətraflı söhbət etmişik. Şübhəsiz ki, mənim sizə deməyə ürəyimdə çox sözlərim var. Ancaq çoxunu da demişəm. Hesab edirəm ki, indi əlavə müzakirəyə ehtiyac yoxdur. Mən bu gün günün birinci yarısında getməli idim, çünki Bakıda da işlər çoxdur. Ancaq İranın baş naziri buraya gəldi. Nəzərdə tutulmuşdu ki, bizim qısa görüşümüz olacaq. Lakin mənim onunla görüşüm dörd saat yarım çəkdi. Əvvəlcə nümayəndə heyətlərimizin görüşü, sonra isə bizim təkbətək görüşümüz oldu. Vasif Talıbov yəqin bu görüş barədə sizə ətraflı məlumat verəcəkdir.

İran hökuməti Naxçıvanın vəziyyətini nəzərə alaraq bir çox tədbirlər barədə qərar qəbul edibdir. Bu qərar sizə məlumdur. Güman edirəm ki, bu tədbirlər Naxçıvan Muxtar Respublikasının iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün bir çox imtiyazlar yaradır. Biz Naxçıvanın problemləri - qaz kəmərinin çəkilməsi, sement zavodunun tikilməsi, Naxçıvanın İran ərazisi vasitəsilə Bakı ilə əlaqələrinin sadələşdirilməsi, avtobusların gedib-gəlməsi, Naxçıvandan Təbrizə, Təbrizdən Naxçıvana qatarın işləməsi və digər bir çox məsələlər barədə danışıqlar apardıq. Bunların əksəriyyəti müsbət istiqamətdə həll olundu.

İran hökumətinin Naxçıvana aid qəbul etdiyi qərar böyük əhəmiyyətə malikdir. Yadımdadır, əvvəllər nə qədər çətinliklə razılıq verirdilər, hər rayondan qruplar üçün norma qoyulmuşdu ki, nə qədər adam gedib-gələ bilər. İndi burada muxtar respublikanın əhalisinə pasportlar verdilər. Bu pasportlardan mənə və Vasif Talıbova da verdilər. Naxçıvan Muxtar Respublikasının əhalisi həmin pasportlarla İran İslam Respublikasının istənilən yerinə gedə bilər. Bu, Naxçıvan əhalisi üçün imtiyazdır və digər imtiyazlar da vardır.

Şübhəsiz ki, danışıqlarımız təkcə Naxçıvanla əlaqədar deyildi. Azərbaycan - İran əlaqələrinin yaxşılaşdırılması ilə əlaqədar danışıqlarımız oldu və ona görə də görüş çox vaxt apardı. İndi mən artıq getməliyəm.

Sizə nə demək istəyirəm? Mən sizə son günlər burada dediyim sözləri bir daha bildirmək istəyirəm. Birincisi, mən üç il Naxçıvanda yaşamağımı və sizinlə, muxtar respublikanın əhalisi ilə birlikdə işləməyimi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm. Ona görə də mən nə doğulduğum yeri heç vaxt unuda bilərəm, nə də ki, üç il müddətində burada Naxçıvanın problemlərinin həlli ilə əlaqədar sizinlə birlikdə gördüyümüz işləri, eyni zamanda Azərbaycanın həyatına təsir etdiyimiz işləri unuda bilərəm. Odur ki, mən sizə təşəkkür edirəm.

Biz sizinlə bir yerdə işləmişik, çalışmışıq. Çətinliklərimiz olubdur, bu salonda, o biri salonda müxtəlif danışıqlarımız olub. Bəzi insanlar anlamayıblar, başa düşməyiblər. Bəziləri bizim apardığımız tədbirlərə maneçilik törədiblər. Bilirsiniz ki, Naxçıvanda o vaxt dövlət çevrilişinə cəhd də göstərildi. İndi onun dörd ili tamam oldu. O vaxt, oktyabrın 24-də bu binanın ətrafındakı hadisələr xatirinizdədir. Burada başqa hadisələr də olub. Kim ki, düz yolla gedə bildi, - o, bu gün də bizimlədir, bizimlə bir yerdə gedir. Amma kim ki, anlamadı, başa düşmədi, şübhəsiz ki, onlar özləri məğlub oldular və həyatda da müvəffəqiyyət qazanmadılar.

Bilirsiniz ki, o vaxt mən burada işləyəndə Ali Məclisin tərkibində cürbəcür adamlar var idi. Gənc adamlar var idi ki, həqiqətən, bəlkə də vaxtilə milli azadlıq uğrunda, Azərbaycanın müstəqilliyi uğrunda çalışmışdılar. Ancaq onlar yollarını azdılar. Belə çıxdı ki, onlar təkcə milli mənafeyə görə yox, əksəriyyəti özlərinin şəxsi mənafeləri, məqsədləri üçün, sərvət yığmaqdan ötrü çalışmışlar. Şübhəsiz ki, belələri cəmiyyətdə qala bilməzdilər. Ona görə də itdilər, dağıldılar. Mən buna çox təəssüf edirəm.

Siz bilirsiniz ki, bəziləri ilə mən burada saatlarla söhbət aparırdım. Bəlkə də bunu demək mənim üçün yaxşı deyil, amma bu qədər böyük həyat yolu keçmiş, dünya siyasətini dərk etmiş adam, dünyanın ən böyük fövqəldövləti olan Sovetlər İttifaqı kimi böyük bir dövlətin rəhbərlərindən biri olmuş adam gəlib düşmüşdü Naxçıvana. Ondan istifadə etmək, öyrənmək, təcrübə almaq lazım idi. Ancaq bəziləri burada iddia irəli sürürdülər, hətta gəlib bizə necə yaşamağı, işləməyi öyrətmək istəyirdilər, cürbəcür cılız hərəkətlər edirdilər. Mən bunlara çox heyfsilənirəm.

Bir çoxlarına dəfələrlə demişdim ki, sənin yaşın mənim oğlumun, qızımın yaşındadır. Gəl öyrən, bəlkə sən doğrudan da siyasətçi olacaqsan. Dövlətə xidmət etmək istəyirsənsə, xidmət edə bilərsən, başqa iş görə bilərsən. Ancaq yox, məlum oldu ki, onların hamısı yalnız özlərini düşünürdü. Mən çox heyfsilənirəm. Mən heç kəsin həyatda puç olmasına, yaxud da itib-batmasına razı deyiləm. Yaranan hər bir insan həyatda yaşamalıdır, inkişaf etməlidir, öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır. Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur. Belələri də məğlub oldular.

Ancaq bunlar üç il burada sizinlə birlikdə yaşadığımız dövrün xarakterik cəhəti deyil. Xarakterik cəhəti odur ki, biz sizinlə üç il bir yerdə yaşadıq, Naxçıvanı yaşatdıq, muxtar respublikanı bu günə çıxarmışıq və hesab edirəm ki, bundan da yaxşı günlərə çıxacağıq. Ötən günləri xatırlayanda, indi Naxçıvan demək olar ki, çox gözəl bir vəziyyətdə yaşayır. Yenə də deyirəm, bundan sonra yəqin ki, daha da yaxşı olacaqdır.

Mən Naxçıvandan gedəndən sonra, təəssüf ki, burada vəziyyət bir az hamar getmədi. Çox təəssüf edirəm ki, mən buradan gedəndən sonra Ali Məclisin sədri seçdiyimiz Namiq Həsənov göstərilən etimadı doğrulda bilmədi. Onu heç kim yox, şəxsən mən özüm təqdim etdim, özüm məsləhət bildim və hesab etdim ki, o, təcrübəli, müəyyən qədər dünyagörmüş adamdır. Ancaq görürsünüz, vəzifə insanları necə korlayır, xarab edir. Bax, insanlar gərək bu xəstəlikdən özlərini qorusunlar. Bu adam gəlib burada Ali Məclisin sədri olandan sonra tamamilə dəyişdi, Naxçıvanda özünün əvvəlki hörmətini itirdi. Şübhəsiz ki, mənim də yanımda olan hörmətini itirdi. Amma buna baxmayaraq, mən yenə ona qayğı göstərdim, Bakıya apardım, nazir müavini təyin etdim. İşləsin, əgər öz səhvlərini başa düşüb işləyə bilərsə, yenə də qabaqda yol böyükdür, gedə bilər. Mən hər bir kəsə də tövsiyə edirəm ki, göstərilən etimadı qiymətləndirsin, etimada sədaqətlə xidmət etsin.

Sonrakı dövrdə, xüsusən Azərbaycanın Konstitusiyası qəbul ediləndən, Naxçıvanda seçkilər keçiriləndən, Ali Məclis təşkil olunandan sonra muxtar respublikada işlər normal vəziyyətdədir. Görürəm ki, artıq siz birləşmisiniz, bir yolla gedirsiniz və qısa müddətdə Naxçıvanda çox işlər görülübdür. Gənc olmağına baxmayaraq, Vasif Talıbov, görünür, o gənclərdən oldu ki, başqalarına nisbətən təcrübədən istifadə etməyi bacardı, çalışdı, müəyyən təcrübə topladı və indi muxtar respublikaya rəhbərlik edir. Ali Məclisin sədri kimi bir vəzifəni aparır. Amma təkcə Vasif Talıbov deyil, sizin hamınız keçən günlərdən nəticə çıxarmısınız və yenə də nəticə çıxarmaq lazımdır. 70-ci illərdən də, 80-ci illərdən də, xüsusən 90-cı ildən bəri olan dövrdə də nəticə çıxarmaq lazımdır.

Azərbaycanda gedən proseslər və vəziyyət, apardığımız siyasət və əməli işlər sizə məlumdur. Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır. Azərbaycanda dövlət çevrilişi etmək, müstəqilliyimizə xəyanət etmək cəhdləri zamanı mən xalqa müraciət edərkən Naxçıvan camaatı yenə də ayağa qalxdı, Azərbaycanın müstəqilliyini yenə də qorudular, mənə dayaq oldular. Əminəm ki, bundan sonra da dayaq olacaqlar.

Dünən mən sarayda bir neçə söz də dedim: təəssüf ki, bəzi naxçıvanlılar belə vəziyyətdən sui-istifadə etdilər. Bilirsiniz ki, mən üç il burada olduğum dövrdə Bakıda yaşayan naxçıvanlıların bəzilərinin buraya ayağı da dəyməmişdi, gəlməmişdilər. Vaxtilə gedib Mütəllibova, Vəzirova və digər adamlara qoşulmuşdular, öz şəxsi məqsədlərinə nail olmaq üçün Naxçıvana qarşı xəyanətkar mövqe tuturdular. Xatırlayırsınız, 1991-ci ildə vilayət partiya komitəsini bağlayanda bir qrup deputatı buraya çağırdılar. Bakıya apardılar, orada müşavirə keçirdilər və Naxçıvanı dağıtmaq istədilər. Xatirinizdədir ki, Mütəllibovun apardığı o iclasın protokolunu o vaxt mən ələ keçirdim. Biz onu burada müzakirə etdik, qəzetlərdə dərc etdirdik. Bunları edənlər kimlər idi? Naxçıvanlılar idi.

Sentyabrın 3-də, biz burada Naxçıvanı xilas etdiyimiz bir zaman onlar gedib Mütəllibovun iclasında iştirak etmişdilər və Mütəllibovun səsinə səs vermişdilər. Biz Mütəllibovun prezident seçilməsinin qarşısını alarkən, burada Ali Məclisdə neçə nəfər adam durub bunun əleyhinə çıxdı və hətta buradan teleqram göndərdilər ki, biz Mütəllibova səs veririk. Onlar bəyanat verdilər ki, guya biz düz etmirik. İndi kim düz oldu? Mütəllibova səs verənlər kimlər idi? Buradan, ayrı-ayrı yerlərdən teleqram göndərib səs verənlər (bunlar hamısı qəzetdə dərc olunub) - o yaltaqlar, pozğun adamlar kimlər idi?

Onların bəziləri o vaxt Mütəllibova yaltaqlıq edirdilər, Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra gedib onlara yaltaqlıq etdilər. Nəyə görə? Ona görə ki, vəzifə almaq istəyirdilər. Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır. Belə adamlar naxçıvanlıların nifrətini həmişə qazanıblar və bundan sonra da qazanacaqlar. Ancaq öz əqidəsi, saf amalı, mənəviyyatı ilə yaşayan adamlar bütün çətinliklərdən çıxıblar və çıxacaqlar.

O vaxt bəzilərini televiziyaya çıxardılar, bəziləri gedib bəyanat verdilər ki, Naxçıvan Azərbaycandan ayrıldı. Burada Mütəllibovun seçkisi keçirilməyəndə gedib yazdılar ki, Naxçıvanı Azərbaycandan ayırırlar. Naxçıvanı Azərbaycanda kim ayıra bilər? Bu heç vaxt ola bilməz. Heç kəs belə fikirdə ola bilməz. Amma ayrı-ayrı adamlar bunu etdilər. Təəssüf ki, indi belə adamlar və onlara bənzər adamlar Bakıda özlərini çox azğıncasına aparırlar. Orda-burda "mən naxçıvanlıyam" deyib bildirirlər ki, "mənə heç nə etmək olmaz". Deyirlər ki, "mən naxçıvanlıyam və qanunu poza bilərəm. Naxçıvanlıyam, onu edə bilərəm, bunu edə bilərəm".

Bilirsiniz, saf mənəviyyatlı, qeyrətli, namuslu naxçıvanlıların qarşısında mən həmişə baş əymişəm və baş əyirəm. Bu müqəddəs Naxçıvan torpağı mənim üçün əziz bir yerdir. Mən bu torpağın qarşısında baş əyirəm. Mən xüsusən 1990-cı ildəki o ağır dövrdə buraya gələndən sonra mənə dayaq duran adamlara, mənə kömək edənlərin - bu, naxçıvanlıların tam əksəriyyəti idi - hamısına təşəkkür edirəm və onlara minnətdaram. Ancaq o vaxt mənə də, öz analarına, atalarına da, öz torpaqlarına da, Naxçıvana da xəyanət edənlərə nifrət edirəm. İndi onların bəziləri naxçıvanlılar adından gedib cürbəcür qanunsuz işlər görürlər, Naxçıvanın da, naxçıvanlıların da adını ləkələyirlər və prezident kimi mənə də ləkə gətirirlər. Mən xahiş edirəm ki, belələrinə yol verməyin.

Bilirsiniz, onsuz da naxçıvanlılar özlərinə məxsus ad qazanıblar. Eyni zamanda, nə qədər böyük hörmət qazansan da, gərək başını o qədər aşağı tutasan, o qədər təvazökar olasan, qanun çərçivəsində işləyəsən, yüksək mənəviyyata malik olasan. Haralı olur-olsun - naxçıvanlı, bakılı, şəkili, gəncəli, qarabağlı olsun, - qanunu pozan, vəzifəsindən sui-istifadə edən adamlara mən heç vaxt bəraət qazandırmamışam. Keçmişdə də, 1970-1980-ci illərdə də mənim yolum belə adamlarla bir ola bilməyib. Amma o insanlar ki, sədaqətlidirlər, saf mənəviyyatla, amallarla yaşayırlar, xalqına, millətinə, torpağına xidmət edirlər, dövlətin qanun-qaydalarına tabe olurlar, bu qanun-qaydaları qoruyurlar və onların həyata keçirilməsinə çalışırlar - belə adamlar həmişə mənim silahdaşlarımdır, mənimlə birdilər və mən də bu adamlarla birlikdəyəm. Ona görə də mən sizdən rica edirəm ki, Azərbaycanın başqa yerlərində, xüsusən Bakıda Naxçıvan torpağına ləkə gətirən adamlara yol verməyin. Mən bunu dünən də burada dedim, sizə də deyirəm. Çünki bu, bizim üçün, Azərbaycan üçün çox vacib və lazımlı məsələdir.

Mən əminəm ki, siz bundan sonra daha da yaxşı işləyəcəksiniz. Yaxşı işləmək üçün şərait yaranıbdır. Naxçıvanda iqtisadi vəziyyət get-gedə düzəlir. İqtisadi islahatları həyata keçirirsiniz və keçirməlisiniz. Xüsusən, aqrar sahədə olan islahatlar, özəlləşdirmə və Azərbaycanın qanunları əsasında yerinə yetirilən bütün islahatların həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının iqtisadi vəziyyətini gündən-günə yaxşılaşdıracaqdır.

Baxın, 1992-ci ildə bizim burada - Ali Məclisdə qəbul etdiyimiz qərar Azərbaycanın çox yerində indi həyata keçirilir. O vaxt biz bu qərarları qəbul etdik. İndi Naxçıvanda heyvandarlıq məhsulları sahəsində problem yoxdur. Elədirmi? Ət, süd problemi yoxdur. Burada qısa müddətdə şəkər çuğunduru əkilməyə başlanıbdır. İndi mənə dedilər ki, bu il 20 min ton şəkər çuğunduru istehsal ediləcəkdir. Bu məhsuldan Türkiyədə şəkər istehsal olunub gətiriləcəkdir. İndi sərbəstlik verilib, burada özəl çörəkbişirmə sexləri yaradılıb, çörək problemi aradan götürülübdür. Mənim yadımdadır, vaxtilə çörək mağazaları qarşısında nə qədər növbələr, davalar, qalmaqal olurdu, indi özəl sektorda çörək bişirilir və Naxçıvan çörəklə təmin edilir, qış üçün bütün ehtiyat var, belə bir ehtiyat yaranıbdır. İndi çörək problemi yoxdur. Zavodda bişirilən çörəyin miqdarı nisbətən azalıb. İndi rəqabətdir, - əgər özəl sexlərdə yaxşı çörək bişirilirsə, gedib çörəyi oradan alacaqlar. Əgər onlar bişirə bilməsələr bir müddətdən sonra müflisləşəcəklər. Mən bunu açıq deyirəm. Bu, aydın bir işdir.

Bəli, iqtisadi islahatlar ilk addımdır. Bunlar artıq öz nəticəsini verir və verəcəkdir. Mən əminəm və sizi əmin edirəm ki, Azərbaycanın iqtisadi problemləri iki-üç il içərisində həll olunacaqdır.

Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir. Bu sahədə nə kimi işlər görüldüyü sizə məlumdur. Naxçıvanda artıq televiziya xətti də bərpa edildi. İndi siz Azərbaycan televiziyasının bütün verilişlərinə birbaşa çıxa bilirsiniz. Bu, peyk antenası vasitəsilə edildi. İndi siz telefonla Bakı və başqa yerlərlə rahat danışa bilirsiniz. Elektrik enerjisi məsələlərini həll etmişik. Bakıda və bu gün burada keçirilən danışıqlarda bu məsələlər ətraflı müzakirə edilib həll olundu. Başqa problemlər də həll ediləcəkdir. Yəni Naxçıvan artıq 1991-1992-1993-cü illərdə olan Naxçıvan deyil, Naxçıvan indi tamamilə başqadır. Naxçıvanlılar buna layiqdirlər, Naxçıvanlılar bu haqqı qazanıblar. Naxçıvanlılar özlərinin dəyanəti, dözümlüyü. qüdrəti, cəsarəti və mənəvi saflığı ilə bu haqqı qazanıblar. Ona görə də Naxçıvan bundan sonra da günü-gündən yaxşılaşacaq və çiçəklənəcəkdir.

Əlbəttə, mən istəyirdim ki, burada sizinlə daim yaşayam. Ancaq həyat buna imkan vermədi. Mən getdim, amma ürəyim buradadır.

Hamınıza cansağlığı arzulayıram, işlərinizdə müvəffəqiyyətlər diləyirəm. Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ətrafında sıx birləşin və işi gündən-günə yaxşılaşdırın.

Sağ olun, salamat qalın.

Tarixi arayış