Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının yeddinci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti - Bakı şəhəri, 25 fevral 1999-cu il


Əziz həmvətənlər!

Bəşər tarixinə öz vəhşiliyinə və cəza üsullarının ağlasığmaz qəddarlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımının törədilməsindən yeddi il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsində Ermənistan hərbi birləşmələri keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın köməyi və bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan etmiş, günahsız dinc əhaliyə, o cümlədən uşaqlara, qocalara, qadınlara divan tutmuş, misli görünməmiş vəhşilik aksiyası həyata keçirmişdir. Erməni millətçilərinin və onların havadarlarının insanlıqla bir araya sığmayan mürtəce mahiyyəti Xocalı soyqırımında bütün çılpaqlığı ilə üzə çıxır.

Xocalı faciəsinin baş verməsində Azərbaycanın o vaxtkı rəhbərliyi, hakimiyyət orqanları da məsuliyyət daşıyırlar. Uzun müddət mühasirədə qalan Xocalının əhalisi şəhəri mərdliklə qorusa da, hər bir vətəndaşın müdafiəsini təmin etməyə borclu olan respublika rəhbərliyi faciənin baş verməsi dövründə tam fəaliyyətsizlik və xalqın əleyhinə biganəlik göstərərək, nəinki şəhərin müdafiəçilərinə kömək göstərmədi, hətta dinc əhalini mühasirədən çıxarmaq imkanlarından da lazımınca istifadə etmədi. Bu, azmış kimi, o vaxtkı rəhbərlik erməni qəsbkarlarının ağır cinayətinin nəticələrini ört-basdır etməyə, xalqdan və dünya ictimaiyyətindən gizlətməyə cəhd göstərdi. Xocalı hadisələrinin baş verməsində respublikada o dövrdə hökm sürən siyasi hərc-mərclik və hakimiyyət uğrunda gedən mübarizə də öz mənfi rolunu oynadı. Ən acınacaqlısı odur ki, sonralar da Xocalı faktoru erməni terrorçularının vəhşi əməllərinin mahiyyətini ifşa etmək istiqamətində deyil, siyasi çəkişmələrdə istifadə olundu.

Əslində Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkarlıq siyasəti Xocalı soyqırımının törədilməsi ilə bitmədi. Təxminən beş il bundan əvvəl atəşkəs haqqında razılığa əsasən hərbi əməliyyatlar dayandırılsa da, müharibənin nəticələri aradan qaldırılmamışdır. Mötəbər beynəlxalq qurumların və Azərbaycan Respublikasının bütün səylərinə baxmayaraq münaqişənin dinc yolla həlli uğrunda atılan addımlar lazımi səmərəsini verməmişdir. Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımız azad edilməmişdir, bu torpaqlardan didərgin düşmüş bir milyondan artıq azərbaycanlı, o cümlədən Xocalı qaçqınları öz dədə-baba yurdlarına qayıtmaq həsrəti ilə qaçqın düşərgələrində ağır şəraitdə yaşayırlar.

Bu gün şəhidlərimizin ruhu işğal olunmuş torpaqlarımızın düşmən tapdağından təmizlənməsi, qaçqın və köçkün soydaşlarımızın öz yurdlarına qayıtması uğrunda mübarizədə hər birimizi daha sıx birlik və əzmkarlıq göstərməyə səsləyir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan dövləti xalqımızın bu müqəddəs amallarının gerçəkləşməsi yolunda var qüvvəsini sərf edəcək, soydaşlarımıza qarşı törədilmiş qanlı cinayətlərin, o cümlədən Xocalı faciəsinin bütün günahkarlarının lazımınca cəzalandırılması üçün hər tədbiri görəcəkdir.

Bu milli matəm günündə günahsız Xocalı qurbanlarının müqəddəs ruhu qarşısında baş əyirəm, onların ailələrinə və yaxınlarına, bütün xalqımıza başsağlığı verirəm və şəhidlərimizə ulu Tanrıdan rəhmət diləyirəm!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 fevral 1999-cu il.