Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - ülyahəzrət kraliça II Yelizavetanın ad günü münasibətilə İngiltərənin Bakıdakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Hyatt-Recensi-Naxçıvan" mehmanxanası, 20 iyun 1996-cı il


Hörmətli səfir, hörmətli xanımlar və cənablar!

Mən sizi Böyük Britaniya Krallığının milli bayramı - kraliça Yelizavetanın anadan olması günü münasibətilə təbrik edir, Böyük Britaniya Krallığının bütün xalqlarına səadət, xoşbəxtlik arzulayıram. Böyük Britaniya ilə Azərbaycan Respublikası arasında əlaqələr son illər sürətlə inkişaf edir və artıq öz konkret bəhrələrini verir. Xüsusən iqtisadi əməkdaşlığımız sahəsində çox əhəmiyyətli nəticələr əldə olunubdur. Bildiyiniz kimi, Böyük Britaniyanın "Britiş Petroleum" şirkəti bir neçə ildir ki, Azərbaycanda bizimlə əməkdaşlıq edir, bu əməkdaşlıq nəticəsində 1994-cü ildə və bu il iyunun 4-də imzalanmış neft müqavilələrinin çox böyük iştirakçısıdır.

Bununla yanaşı, Azərbaycanda müştərək iş görməyə Böyük Britaniyanın bir çox digər şirkətləri də maraq göstəriblər. Məhz bunların nəticəsidir ki, indiyədək Azərbaycanda Böyük Britaniyanın 45-dən çox şirkəti və firması öz ofisini açıb və respublikamızla müştərək iş görürlər.

İyunun 4-də Bakıda açılmış beynəlxalq neft-qaz sərgisində Böyük Britaniya şirkətləri geniş təmsil olunmuşdular. Onların təqdim etdikləri eksponatlarla, Azərbaycanda gördükləri işlərlə tanış olarkən bir daha belə nəticəyə gəlmək olar ki, bizim əməkdaşlığımız müvəffəqiyyətlə irəliləyir.

1994-cü ilin fevralında Böyük Britaniya hökuməti ilə Azərbaycan Respublikası arasında bir çox sazişlər imzalanmışdır. Bu gün məmnuniyyətlə deyə bilərik ki, həmin sazişlər əməli surətdə həyata keçirilir və müsbət nəticələrini verir. İyunun 4-də Bakıda keçirilmiş beynəlxalq neft-qaz sərgisinin iştirakçısı, Böyük Britaniyanın

energetika və sənaye naziri cənab Timoti Eqqar ilə apardığımız danışıqlar və fikir mübadiləsi onu göstərdi ki, əməkdaşlığımız doğrudan da yüksək səviyyədədir və onu bundan sonra da genişləndirmək üçün yaxşı imkanlar var.

Böyük Britaniya ilə Azərbaycan arasında olan əməkdaşlıq ölkəmizin problemlərinin beynəlxalq aləmdə həll edilməsi üçün də faydalıdır. Bu baxımdan aprel ayında Lüksemburqda Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlıq haqqında saziş imzalanarkən Böyük Britaniyanın xarici işlər naziri cənab Rifkindlə xüsusi görüşümüz zamanı bu əlaqələri bir daha təhlil və müzakirə etdik, bir çox məsələlərdə eyni mövqedə, eyni fikirdə olduğumuzu bəyan etdik. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində ölkəmizin siyasəti ilə və beynəlxalq aləmdə gördüyümüz işlərlə, tədbirlərlə əlaqədar Böyük Britaniyanın rəsmi dairələri ilə daim məsləhətləşirik və bu, həmin məsələlərin həllində bizə kömək edir. Bunlar hamısı bir daha göstərir ki, ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir. Bu əlaqələrin inkişafı, xüsusən Böyük Britaniyanın iqtisadi imkanlarının Azərbaycanda təmsil olunması üçün biz öz tərəfimizdən səylərimizi bundan sonra da davam etdirəcəyik. Biz bu dostluq, əməkdaşlıq əlaqələrindən razıyıq və onların gələcək perspektivlərinə də çox nikbin baxırıq.

Milli bayram münasibətilə sizi bir daha təbrik edir, səadət, xoşbəxtlik, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.