Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Stenli Eskuderonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 19 iyul 1999-cu il


Heydər Əliyev: Sizinlə yenidən görüşürük. Mənə Vəfa Quluzadə dedi ki, sizin buna ehtiyacınız vardır.

Stenli Eskudero: Bəli, cənab prezident, Siz Cenevrədən qayıtdıqdan sonra mən Sizinlə tezliklə görüşmək imkanı əldə etmək istəyirdim. Deməliyəm ki, Siz çox yaxşı görünürsünüz. Çox möcüzədir ki, Siz bu cür cərrahiyyə əməliyyatından sonra tezliklə sağalmısınız. Hətta xarici ölkələrə səfərə çıxa bilirsiniz, görüşlər keçirirsiniz və bütövlükdə o qədər yorğun görünmürsünüz.

Heydər Əliyev: Bəlkə də möcüzədir, amma yəqin mənim orqanizmim belədir və bir də həyat tələb edir. Hər halda müalicədən çox razıyam və müalicədən keçən dövrdə, şübhəsiz ki, böyük bir dövr var. O dövrdə də məndə hər şey normal gedir. Ona görə işləyə də bilirəm, səyahətə də çıxa bilirəm. Lazım olsa, indi Amerikaya da uça bilərəm.

Stenli Eskudero: Cənab prezident, çox gözəl. Amerika haqqında Sizin dediklərinizi nəzərə alaram. Yəqin, Azərbaycanın havasındandır ki, Siz belə tezliklə sağalırsınız.

Heydər Əliyev: Ümumiyyətlə, Azərbaycanda iqlim yaxşıdır. Amma indi hava çox istidir. Mən çoxdandı belə isti görməmişdim. Mənə dedilər ki? bu gün havanın hərarəti 40 dərəcədir.

Stenli Eskudero: Mən elə bir isti hiss etmirəm. Çünki əslində mən Amerika Birləşmiş Ştatlarının isti hissəsindənəm.

Heydər Əliyev: Biz də o qədər hiss etmirik. Biz öz iqlim şəraitimizə öyrənmişik.

Stenli Eskudero: Cənab prezident, hər halda mən Sizi təbrik etmək istəyirəm ki, Siz Ermənistan prezidenti Koçaryanla görüş keçirmisiniz və ümid edirəm ki, bu görüşlərin davamı olacaqdır, bu görüşlər Dağlıq Qarabağ probleminin həllinə gətirəcəkdir. Bilirəm ki, Sizin bundan əvvəl də prezident Koçaryanla görüşləriniz, söhbətləriniz olmuşdu və düşünürəm ki, bundan sonra da bir neçə görüşünüz olacaqdır. Bu, elə bir prosesdir ki, bizim hamımızı ruhlandırır və Qafqazla maraqlanan bütün insanlara bu regiona böyük ümidlə baxmağa imkan yaradır.

Mənə elə gəlir ki, əgər hər iki tərəf bir-birinə güzəştlər edəcəksə, bunu liderlər etsələr, daha asan olar. Bir halda ki, bu proses uzun illər davam edir, bu illər ərzində çoxlu ölənlər, yaralananlar, yerlərindən məhrum edilənlər olubdur, aydındır ki, bu prosesi tezliklə həll etmək o qədər də asan deyildir. Lakin bizi çox ruhlandırır ki, liderlər görüşlərə başlayıblar və bu görüşlər davam etmək üzrədir. Mən elə bilirəm ki, sizin ikinizin bu cür görüşməyiniz hər iki tərəfin liderlərinin sülhə doğru arzusunun ifadəsidir. Mən və ölkəmizin hökuməti çox ümid edirik ki, bütün bu görüşlər ciddi bir nəticəyə gətirəcəkdir.

Heydər Əliyev: Təşəkkür edirəm. Siz bilirsiniz, həqiqətən mən dəfələrlə bildirmişəm və Amerika Birləşmiş Ştatlarında olarkən prezident Klintona, xanım Olbrayta və hökumətin başqa üzvlərinə demişəm ki, bizim üçün Ermənistan-Azərbaycan münaqişəsini, Dağlıq Qarabağ münaqişəsini həll etmək həyati bir məsələdir. Ərazi bütövlüyümüz pozulubdur, torpaqlarımız işğal olunubdur və işğal edilmiş torpaqlardan qaçqın düşmüş vətəndaşlarımız indi bax, bu qızmar istidə o çadırlarda yaşayırlar. Siz təsəvvür edin ki, orada yaşamaq necə çətindir.

Bizim xalqımız çox dözümlü xalqdır, bütün bu əziyyətlərə dözür. Dözürlər, ümid edirlər ki, onlar öz yerlərinə qayıdacaqlar. Dözürlər ondan ötrü ki, sülh olacaqdır. Bizim də vəzifəmiz, şəxsən mənim də vəzifəm bütün bu ümidləri, arzuları doğrultmaqdır.

Bilirsiniz ki, biz indiyə qədər bütün vasitələrdən istifadə etmişik. Həm Minsk qrupu bu barədə fəaliyyət göstərir və 1997-ci ildən biz Minsk qrupu başçılarının - Rusiyanın, Amerikanın, Fransanın səylərindən, həm də bütün başqa vasitələrdən istifadə etməyə çalışırıq. Nəhayət, mən Vaşinqtonda olarkən bir daha sizin hökumətiniz tərəfindən də məsləhətlər olmuşdu ki, birbaşa danışıq, təkbətək danışıqlar bəlkə bir fayda verə bilər. Mən də belə düşünürəm. Əlbəttə, həmişə belə düşünürdüm. Ancaq bunun üçün də şərait olmalıydı.

Vaşinqtonda bizim görüşlərimiz zamanı mən hiss etdim ki, artıq belə bir şərait yaranır. Ona görə də mənim prezident Koçaryanla həm Vaşinqtondakı təkbətək görüşüm, hesab edirəm, səmərəli oldu, həm də Cenevrədəki görüşümü çox əhəmiyyətli hesab edirəm. Hiss olunur ki, biz bir-birimizi anlamağa çalışırıq. Amma bizim bu çalışmalarımız istədiyimiz nəticəyə gətirib çıxaracaqmı? Mən şəxsən istəyirəm ki, gətirib çıxarsın və nəhayət, biz sülhə nail olaq.

Təbiidir, belə bir vəziyyətlə qarşılıqlı kompromissiz irəliyə getmək olmaz. Ona görə də biz hər ikimiz bu axtarışlarla da məşğuluq. Hər halda son görüşümüz məndə belə bir təsəvvür yaradır ki, biz bu görüşləri davam etdirməliyik.

Şübhəsiz ki, bu, Minsk qrupu həmsədrlərinin və Minsk qrupu həmsədrlərinin nümayəndələrinin işini əvəz etmir. Biz bu sahədə işimizi davam etdirməliyik və prezident Koçaryanla belə fikirdə olduq ki, Minsk qrupunun həmsədrləri öz işini gücləndirməlidirlər. Arzu edirəm ki, siz bunu biləsiniz və istərdim ki, həmsədrlər bu işdə fasilə verməsinlər. Çünki bir vasitə o birisini əvəz etmir. Biz gərək bütün vasitələrdən istifadə edək. Ona görə də Minsk qrupu, onun həmsədrləri bu işləri davam etdirməlidirlər. Biz öz tərəfimizdən bu barədə təkliflərimizi verəcəyik.

Ancaq eyni zamanda, prezidentlərin də təkbətək görüşlərinə, birbaşa görüşlərinə, mən hesab edirəm, bunda sonra da ehtiyac olacaqdır. Hər halda mən bu görüşdən razıyam. Hesab edirəm ki, prezident Koçaryan da razı olmalıdır. Çünki söhbətimizi qurtararkən ikimiz də belə fikir söylədik. Ancaq qarşıda hələ böyük yol vardır. Çalışmalıyıq ki, bu yolu tezliklə gedək və sülhə nail olaq.

Stenli Eskudero: Cənab prezident, mən Sizə bu haqda bir neçə dəfə demişəm və indi də demək istəyirəm ki, Sizin sülhə sadiq olmağınıza valehəm. Sizin Dağlıq Qarabağ probleminin həll edilməsi yolunda axtarışlarınıza valeh olmuşam və Siz bunu Koçaryanla görüşlər vasitəsilə, eləcə də Minsk qrupunun həmsədrləri ilə görüşlər vasitəsilə dəfələrlə sübuta yetirmisiniz.

Öz tərəfimizdən onu deyə bilərəm ki, Birləşmiş Ştatlarda, şübhəsiz ki, Sizin məsləhətinizə qulaq asacaqlar və əlbəttə ki, Minsk qrupunun səviyyəsinin artırılması sahəsində öz işlərini gücləndirəcəklər. Əlbəttə, həm Sizdən, həm də prezident Koçaryandan gələn təkliflərə biz diqqətlə baxacağıq - o vaxt ki, Siz də, prezident Koçaryan da bu təklifləri bizə təqdim etmiş olasınız.

"Azərbaycan " qəzeti, 20 iyul 1999-cu il.