Azərbaycan - İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) münasibətləri


İqtisadi Əməkdaşlıq Təşkilatının yaranma tarixi: İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyənin təşəbbüsü ilə yaradılıb. İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamı kimi nəzərdə tutulub.

İƏT-in Nazirlər Şurası iştirakçı ölkələrin xarici işlər nazirlərindən ibarət qurumdur. Nazirlər Şurası İƏT-in əsas ali orqanıdır. Nazirlər Şurasının iclasları ildə 1 dəfə növbə ilə iştirakçı ölkələrin birinin ərazisində keçirilir.

İƏT-in Katibliyi Tehranda yerləşir. Onun rəhbəri 4 ildən bir üzv-ölkələr arasından növbə ilə seçilən Baş Katibdir.

İƏT 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında BMT-də, 1994-cü ildə isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu alıb. Azərbaycan Respublikasının İƏT-lə ilk münasibətləri 1991-ci ilin fevralında qurulub. 1992-ci ildə Tehran sammitində Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan təşkilata daxil olublar. 2002-ci ildə Əfqanıstan quruma üzv qəbul olunub. Bundan sonra 7 üzv-dövlətin xarici işlər nazirləri İƏT-ə qəbul olunmaqları barədə Akt imzalayıblar. 3 sentyabr 1993-cü ildə bu Akt və İzmir Müqaviləsi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilib. İƏT üzv-dövlətlərdə həyat səviyyəsini və yaşayış standartlarını yüksəltmək, regiondaxili və regionlararası ticarəti genişləndirmək, inkişaf etməkdə olan ölkələrə tətbiq olunan əlverişsiz ticarət siyasətini aradan qaldırmaq, üzv-dövlətlərin dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmək və s. istiqamətləri prioritet hesab edir.

Heydər Əliyevin İƏT-in fəaliyyətində rolu: Ümummilli lider Heydər Əliyevin müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsi istiqamətində apardığı siyasət İƏT-lə münasibətlərin inkişafını zəruri edib. Ancaq 1992-1993-cü illər hadisələri bu istiqamətdə aktiv siyasət yeridilməsini nisbətən ləngidib. Ancaq İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) ilə əlaqələr ölkə başçısının daim diqqət mərkəzində olub. 1993-cü ilin 5-7 iyulunda İstanbulda İƏT ölkələri dövlət başçılarının II görüşü keçirilib. Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının II görüşünün iştirakçılarına müraciət ünvanlayıb. Görüşdə Azərbaycanı Baş nazirin müavini təmsil edib. Sammitdə İƏT-in uzunmüddətli inkişafına dair İstanbul bəyannaməsi qəbul edilib. Sənəddə İƏT-in iqtisadiyyat, elm və mədəniyyət sahələrində başlıca vəzifələri və fəaliyyət istiqamətləri müəyyənləşib. İstanbulda sammit iştirakçıları erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərinə hücumlarını pisləyib, Ermənistandan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağı və BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsini yerinə yetirməyi tələb ediblər. 1995-ci il mart ayının 13-də İslamabadda İƏT-in III sammiti öz işinə başlayıb. Azərbaycan sammitdə xarici işlər naziri səviyyəsində təmsil olunub. Sammitdə tranzit ticarəti, İƏT ölkələri iş adamlarına viza verilməsi prosedurunun sadələşdirilməsi, İƏT gəmiçilik şirkətinin, İƏT hava şirkətinin və onların nizamnamələrinin təsis olunması barədə sazişlər imzalanıb. 13-14 may 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Aşqabadda İƏT-in IV sammitində iştirak edib. Görüşdə nəqliyyat və kommunikasiyanın inkişafına dair (1998-2007-ci illər) proqram qəbul olunub. İƏT-in üzvü olan ölkələrin dövlət başçılarının dördüncü zirvə toplantısı ilə əlaqədar böyük məmnunluq hissi keçirdiyini bildirən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çıxış edib: "...Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Məhz buna görə də təşkilatımızda fəal iştirak etmək təkcə iqtisadi maraqlarda deyil, həm də tarixi köklərin, ənənələrin, mədəniyyətin eyniliyi ilə bağlı olduğumuz qardaş ölkələrlə sıx əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətinin üstün istiqamətidir...". 1996-cı ildə dövlət başçıları səviyyəsində zirvə toplantılarının iki ildən bir keçirilməsi qərara alınıb. 10-11 may 1998-ci ildə Qazaxıstanın paytaxtı Almatı şəhərində İƏT-in V sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasını Baş nazir təmsil edib. Görüş iştirakçıları Almatı bəyannaməsini qəbul ediblər. Sənəddə nəqliyyat və telekommunikasiya, ticarət rejimlərinin liberallaşdırılması, kənd təsərrüfatı və sənaye sahəsində tərəfdaşlığın dərinləşdirilməsi, ticarət bankının yaradılması və s. öz əksini tapıb. İƏT-in növbəti zirvə görüşü 9 iyun 2000-ci ildə Tehranda keçirilib. Sammitdə Əfqanıstandakı durum və bir sıra iqtisadi məsələlər müzakirə olunub. Sammitdə Pakistan prezidenti Pərviz Müşərrəf Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymaq üçün ölkəsinin hər cür yardım göstərməyə hazır olduğunu bəyan edib. Prezident Heydər Əliyev region iqtisadiyyatının inkişaf etdirilməsi üçün Böyük İpək yolunun bərpa olunmasının gərəkliliyini diqqətə çatdırıb. 17 fevral 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əbdülrəhim Qəvahi ilə görüşüb. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. 18 oktyabr 2002-ci ildə İstanbulda İƏT-in VII zirvə görüşü keçirilib. Zirvə görüşündə Prezident Heydər Əliyev iştirak edib. Sammitdə Əfqanıstana Yardım Fondu təsis olunub, Türkmənistandan Pakistana qaz kəmərinin çəkilişinin vacibliyi qeyd edilib. Əfqanıstanda baş verən müsbət dəyişiklikləri alqışlayan Azərbaycan Prezidenti zirvə görüşündə geniş nitq söyləyib: "...350 milyona yaxın insanın yaşadığı regionu əhatə edən İqtisadi Əməkdaşlıq Təşkilatı yoxsulluğun azaldılması üçün xüsusilə dövlətlərarası əməkdaşlığı inkişaf etdirməli və birgə layihələrin həyata keçirilməsini təşviq etməlidir...".

İlham Əliyevin İƏT-in fəaliyyətində rolu: Azərbaycan Reaspublikasının Prezidenti İlham Əliyev İƏT-lə əlaqələrin genişlənməsini xarici siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlayıb. 2004-cü ilin 13-14 sentyabrında İƏT-in Düşənbədə növbəti-VIII sammiti baş tutub. Azərbaycan sammitdə Baş nazir səviyyəsində təmsil olunub. Görüş iştirakçıları 2015-ci ilədək İƏT məkanında azad ticarət zonasının yaradılmasının vacib olduğunu bildiriblər. 2006-cı ilin mayında Bakıda İƏT-in IX zirvə toplantısı keçirilib. Bakı sammiti İƏT tarixində vacib və əhəmiyyətli görüşlərdən biri kimi qiymətləndirilir. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Həmid Kərzai, İran Prezidenti Mahmud Əhmədinejad, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Baş naziri Danial Axmetov, Pakistanın Baş naziri Şövkət Əziz, Tacikistanın Baş naziri Akil Akilov, Özbəkistan parlamenti Qanunvericilik Palatasının sədri Erkin Xəlilov, Qırğızıstan Baş nazirinin müavini Almanbet Matubraimov, Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələsi üzrə dövlət müəssisəsinin rəhbəri Xoşgəldi Babayev, İƏT-in baş katibi Asxat Orazbay iştirak ediblər. Bakıda keçirilmiş IX zirvə görüşündən etibarən İƏT-də sədrlik Azərbaycana keçib. Azərbaycan Prezidenti, İƏT-in IX zirvə toplantısının sədri İlham Əliyev nitq söyləyib. Azərbaycanın regional əməkdaşlıq məsələlərinə çox böyük önəm verdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti bildirib: "... Biz bir neçə beynəlxalq, regional layihələrin iştirakçısı, təşkilatçısıyıq və çox istəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də konkret layihələr daha çox olsun. Biz konkret məsələlər ətrafında diskussiya apararaq və praktik addımların atılması üçün lazım olan bütün tədbirləri görməliyik..." 8 fevral 2007-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xurşid Ənvəri qəbul edib. Görüş zamanı baş katib Pakistan xalqının Ermənistanın Azərbaycana təcavüzünü qəti şəkildə pislədiyini bir daha bəyan edib. 2009-cu il martın 11-də Tehranda İƏT-in X Zirvə görüşü öz işinə başlayıb. Prezident İlham Əliyev Zirvə toplantısında iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib: "...Son üç il ərzində bizim sədrliyimiz altında İqtisadi Əməkdaşlıq Təşkilatında müxtəlif təşəbbüslər irəli sürülmüşdür. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə bölgədə enerji, nəqliyyat və digər sahələrdə çox önəmli addımlar atılmışdır. Azərbaycan enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verməkdə davam edir...". Sammitin sonunda Tehran bəyannaməsi qəbul olunub. Bəyannamədə regional münaqişələrin sülh yolu ilə və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi vurğulanıb. 2012-ci ildən İƏT-də baş katiblik Azərbaycana keçəcək.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan olkələrin strateji coğrafi məkanlarda yerləşməsi, Qərblə Şərqi birləşdirən ən qısa və səmərəli nəqliyyat dəhlizinə malik olmaları, təbii sərvətlərlə zənginliyi bu təşkilatın əhəmiyyətini artıran amillərdəndir. Qeyd olunan keyfiyyətlər baxımından Azərbaycan bu təşkilatda xüsusi çəkiyə malikdir. Azərbaycan İƏT-də islahatların aparılmasında və bu təşkilatın səmərəliliyinin artırılmasında maraqlı olan ölkələrdəndir.

Ümumi tarixi arayış 1 iyul 2010-cu il tarixdə tərtib olunub.