Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Demokratik Respublikasının yaranmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində nitqi - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, 19 may 1998-ci il


Gürcüstan parlamentinin sədri hörmətli cənab Zurab Jvaniya!

Gürcüstanın Azərbaycana gəlmiş hörmətli nümayəndələri!

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

İlk Azərbaycan Demokratik Respublikasının yaranmasının 80 illik yubileyi münasibətilə son aylar ölkəmizdə müxtəlif mərasimlər keçirilir. May ayının 28-də bu münasibətlə təntənəli zirvə mərasimi olacaqdır. Biz ilk Azərbaycan Demokratik Respublikasının yaranmasını və onun gördüyü işləri böyük minnətdarlıq hissi ilə xatırlayırıq və onları yüksək qiymətləndiririk. Eyni tədbirlər qardaş Gürcüstanda da keçirilir.

Məlumdur ki, həm Gürcüstan, həm də Azərbaycan öz dövlət müstəqilliklərini 1918-ci ildə eyni vaxtda əldə ediblər, eyni zamanda demokratik respublikalarını yaradıblar. Bu il mayın 5-6-da Gürcüstanda ilk Azərbaycan Demokratik Respublikasının yaranmasının 80 illiyinə həsr olunmuş təntənəli görüşlər, mərasimlər keçirilmişdir. Azərbaycan nümayəndə heyəti Gürcüstanda bu mərasimlərdə iştirak etmişdir. Bu günlərdə isə ilk Gürcüstan Demokratik Respublikasının yaranmasının 80 illiyi münasibətilə Azərbaycanda təntənəli mərasimlər keçirilir. Bunlar dünən də, bu gün də bir çox görüşlərdə öz əksini tapmışdır. Biz Gürcüstanın nümayəndə heyəti ilə birlikdə bu münasibətlə bu gün buraya - Azərbaycanın çox mötəbər salonu olan Dövlət Akademik Opera və Balet Teatrının salonuna toplaşmışıq. Bir-biri ilə qonşu, qardaş olan Gürcüstanda və Azərbaycanda belə mərasimlərin eyni zamanda, sinxron şəkildə keçirilməsi təbiidir. Bunların səbəbləri də, əsasları da sizə məlumdur. Bu günlər bu barədə çox deyilibdir. Ancaq onu da qeyd etmək istəyirəm ki, bu, eyni zamanda qeyri-adidir.

Gürcüstan prezidenti cənab Eduard Şevardnadze və Azərbaycan prezidenti xalqlarımızın istək və arzularını ifadə edərək Gürcüstanda Azərbaycan Demokratik Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında, Azərbaycanda isə Gürcüstan Demokratik Respublikasının 80 illik yubileyinin keçirilməsi barədə xüsusi qərarlar qəbul etmişlər. Bunlar hamısı onu göstərir ki, biz tarixin bütün mərhələlərində, 1918-ci ildə də bir yerdə olmuşuq, bu gün də bir yerdəyik və öz bayramlarımızı bir yerdə qeyd edirik.

Gürcü xalqını, qardaş Gürcüstanın bütün vətəndaşlarını ilk Gürcüstan Demokratik Respublikasının yaradılmasının 80 illik yubileyi münasibətilə böyük hörmət və ehtiramla, səmimi qəlbdən təbrik edirəm, qardaş gürcü xalqına səadət, sülh, əminamanlıq və firavanlıq arzu edirəm. Mən əziz dostum, qardaşım, Gürcüstan prezidenti Eduard Şevardnadzeyə hərarətli bayram təbrikimi göndərirəm. Gürcüstan parlamentinin sədri hörmətli Zurab Jvaniya başda olmaqla Gürcüstan Respublikasının yüksək səviyyəli mötəbər nümayəndə heyətinin Azərbaycana gəlməsini və bu günlərdə keçirilən görüşləri yüksək qiymətləndirirəm, bunun bizim dostluğumuzun, qardaşlığımızın gözəl bir rəmzi olduğunu bildirirəm və Azərbaycana gəlmiş qonaqlara təşəkkür edirəm.

Bu günlərdə Gürcüstanda da, Azərbaycanda da biz keçmiş tariximizə öz hörmət və ehtiramımızı bildiririk. Biz gürcü və Azərbaycan xalqlarının XX əsrdə keçdiyi yolu təhlil edirik, ona nəzər salırıq və bu illərdə xalqlarımızı böyük fəlakətlərdən keçirərək yaşadıb bu günə gətirən insanlara öz hörmət və ehtiramımızı bildiririk. Gürcüstan, Azərbaycan, bütün Zaqafqaziya xalqlarının tarixində 1918-ci il xüsusi bir yer tutur. O il, o aylar Gürcüstanın və Azərbaycanın görkəmli siyasi xadimləri, dəyərli mütəfəkkir insanları öz xalqlarının milli azadlığı və müstəqilliyi uğrunda çalışmışlar, ilk demokratik respublikaların yaranması ilə tarixi xidmət göstərmişlər, böyük qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər. Gürcüstanda da, Azərbaycanda da yaranmış müstəqil demokratik respublikalar, hökumətlər az yaşasalar da çox iş görmüşlər və xalqlarımızın müstəqillik, istiqlaliyyət, azadlıq arzularını nümayiş etdirmişlər, onların əsasını qoymuşlar. Biz Gürcüstanda və Azərbaycanda ilk demokratik respublikaların yaranmasının 80 illik yubileyini təntənəli şəraitdə qeyd etməklə, bu yubileylər münasibətilə bir çox elmi konfranslar, görüşlər, müzakirələr keçirməklə və bugünkü həyatımızla, gördüyümüz bütün işlərlə 1918-ci ildə bizim xalqlarımızın istiqlaliyyətini elan edən görkəmli şəxsiyyətləri böyük minnətdarlıqla yad edirik və onlara öz hədsiz hörmət və ehtiramımızı bildiririk.

Xalqlarımızın taleləri bir-birinə nə qədər bənzər olsa da, 1918-ci ildə istiqlaliyyətimizi eyni vaxtda əldə etmişdiksə də, ondan sonrakı dövrdə keçirdiyimiz yollar da bir-birinə nə qədər bənzərdirsə və nəhayət, 1991-ci ildə müstəqilliyimizi eyni vaxtda bərpa edib, onu əbədi etmək yolunda eyni şəkildə çalışsaq da biz bu gün buraya Gürcüstan Demokratik Respublikasının 80 illik yubileyinə toplaşmışıq. Mən bütün Azərbaycan xalqı adından bu münasibətlə səmimi dostuq, qardaşlıq hissləri ilə deyə bilərəm ki, gürcü xalqı XX əsrdə böyük, keşməkeşli, şanlı bir yol keçmişdir. Gürcü xalqı 1918-ci ildə müstəqilliyini əldə edib, öz demokratik respublikasını yaradıb, onu qısa müddətdən sonra itirmişdir. Ondan sonrakı dövrdə də gürcü xalqının həyatında böyük nailiyyətlər olmuş, gürcü xalqı inkişaf etmiş, dünyada daha da məşhurlaşmış, eyni zamanda böyük itkilər də vermiş, böyük fəlakətlərlə də üzləşmiş, çətinliklərə rast gəlmişdir. Bu yolun son nəticəsi ondan ibarətdir ki, gürcü xalqı 1991-ci ilin sonunda Sovetlər İttifaqı kimi böyük bir ölkənin dağılması ilə əlaqədar öz istək və arzusuna nail olmuş, milli azadlığını əldə etmiş, dövlət müstəqilliyini elan etmiş, müstəqil dövlət yaratmış və bu müstəqil dövlət artıq 7 ildir ki, yaşayır, gürcü xalqını dünyada tanıtdırır.

XX əsr çox mürəkkəb əsrdir. Güman edirəm ki, gələcək nəsillər bu əsrin hər bir ilini xüsusi təhlil edəcək və ona qiymət verəcəklər. Ancaq biz - XX əsrdə yaşayan insanlar çox şeyi öz gözlərimizlə görürük, bir çox proseslərin içərisindəyik, onların iştirakçısıyıq. Biz bunları görərək, bütün bu çətinlikləri ötüb keçərək, həm gürcü xalqının, həm də Azərbaycan xalqının 1991-ci ildə əldə etdiyi milli azadlığın, dövlət müstəqilliyinin nə qədər əvəzsiz və nə qədər qiymətli olduğunu dərk edirik. Gürcü və Azərbaycan xalqlarının 1991-ci ildən sonra rastlaşdıqları vəziyyət və bu xalqların başına gələn bəlalar, bu xalqların öz müstəqilliyini qoruyub saxlamaq üçün apardığı mübarizələrin hamısı bir-birinə oxşayır, bir-birinə bənzərdir, bir-birinin eynidir. Gürcüstanın da ərazi bütövlüyü pozuldu, Gürcüstan-Abxaziya münaqişəsi başlandı və o hələ indiyədək sona çatmayıbdır. Azərbaycanın da ərazi bütövlüyü pozuldu, Ermənistan-Azərbaycan münaqişəsi başlandı. Azərbaycanın torpaqlarının bir qismi işğal olunubdur. Bu münaqişə də hələ indiyə qədər sona çatmayıbdır, aradan qaldırılmayıbdır. Gürcüstanın daxilində də cürbəcür qüvvələr, siyasi dəstələr hakimiyyət mübarizəsinə qalxıb öz milli mənafelərinə böyük zərbələr vurdular, vətəndaş müharibəsi apardılar. Azərbaycanda da ayrı-ayrı silahlı dəstələr, cinayətkar qruplar hakimiyyət uğrunda mübarizə aparıb hakimiyyəti devirmək, yıxmaq istədilər və ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardılar. Bizim xalqlarımızın taleyindəki, tarixindəki bənzərlik və eynilik bu illərdə də özünü əks etdirir. Biz bu illər böyük itkilər vermişik. Ölkələrimizə, xalqlarımıza böyük zərbələr dəyibdir. Ancaq bu gün iftixar hissi ilə deyə bilərik ki, Gürcüstan da, gürcü xalqı da, Azərbaycan da, Azərbaycan xalqı da daxili ictimai-siyasi vəziyyəti sabitləşdirib, hər iki ölkədə iqtisadi islahatlar, demokratik proseslər, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla həyata keçirilir.

Fürsətdən istifadə edərək mən gürcü xalqını, Gürcüstanın bütün vətəndaşlarını XX əsrdə əldə etdikləri bütün nailiyyətlər və xüsusən, son illər dövlət müstəqilliyi yolunda inamla irəliləyərək qazandıqları böyük müvəffəqiyyətlər münasibətilə təbrik edirəm. Mən gürcü xalqına, Gürcüstana bu yolda yeni-yeni uğurlar arzulayıram.

Bizim ölkələrimiz arasındakı əlaqələr o qədər sıxdır, biz birbirimizə o qədər yaxınlıq ki, Gürcüstanda nə varsa onu Azərbaycanda, Azərbaycanda nə varsa onu Gürcüstanda yaxşı bilirlər. Buna görə də yaxşı bilirik ki, Gürcüstanda son illər böyük işlər görülür, demokratik, hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər əldə edilibdir, bir çox çətinliklərin qarşısı alınıbdır, iqtisadiyyatda dirçəliş mövcuddur. Ən əsası ondan ibarətdir ki, bütün sahələrdə islahatlar həyata keçirilir və Eduard Şevardnadze başda olmaqla, Gürcüstan dövləti və hökuməti müstəqilliyin möhkəmləndirilməsi üçün inamla irəliləyirlər və çox böyük nailiyyətlər əldə ediblər. Bütün bunlar bizi sevindirir. Çünki, birincisi, biz qardaş, dost gürcü xalqının əldə etdiyi nailiyyətlərə görə sevinirik, ikincisi isə, əgər Gürcüstanda işlər yaxşı gedirsə, bizim qonşumuz, bizə dost, dayaq olan ölkədə inkişaf varsa, insanların yaşayışı günü-gündən yaxşılaşırsa, demək, bunların hamısı həm dostluğumuzu möhkəmləndirir, həm də, eyni zamanda, Azərbaycana öz təsirini göstərir.

Mən şübhə etmirəm ki, Gürcüstanın həyatında gedən müsbət dəyişikliklər günü-gündən genişlənəcək, Gürcüstan bu yol ilə gedərək yeni zirvələrə qalxacaq, bir neçə ilin içərisində Gürcüstan mövcud olan problemləri həll edib çətinlikləri aradan qaldıracaq və xalqın rifah halını yaxşılaşdıracaqdır. Şübhə etmirəm ki, xarici düşmənlər də, daxili düşmənlər də gürcü xalqının bu iradəsini sındıra bilməyəcəklər. Nə terror, nə təxribatlar gürcü xalqını bu yoldan çəkindirə bilməyəcək və gürcü xalqı, Gürcüstan mənim dostum Eduard Şevardnadzenin rəhbərliyi altında yeni-yeni nailiyyətlər əldə edəcəkdir.

Gürcüstanın həyatında mövcud olan müsbət hadisələrdən biri də Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətidir. Biz Azərbaycanda buna xüsusi əhəmiyyət veririk və bunu, yəni Gürcüstanda olan azərbaycanlıların vəziyyətinin bugünkü səviyyəsinin yaxşılaşmasını yüksək qiymətləndiririk. Gürcüstanda yaşayan azərbaycanlılar müstəqil Gürcüstan dövlətinin bərabərhüquqlu vətəndaşlarıdır. Bəlkə də tarixdə ilk dəfədir ki, onlar belə bərabər hüquqa nail ola biliblər. Mən ümidvaram ki, Gürcüstanda yaşayan azərbaycanlılara bundan sonra Gürcüstan hökumətinin, dövlətinin qayğısı, diqqəti də artacaq və onlar nəinki hüquqi nöqteyi-nəzərdən bərabərhüquqlu vətəndaş kimi orada yaşayacaqlar, həm də özlərinin maddi, iqtisadi vəziyyəti nöqteyi-nəzərdən Gürcüstanın bütün vətəndaşları kimi bərabər səviyyədə yaşamağa nail olacaqlar. Mən eyni zamanda əminəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan dövlətinə həmişə sədaqətlə xidmət edəcəklər, Gürcüstanda dövlət tərəfindən həyata keçirilən və Gürcüstanın prezidenti tərəfindən həyata keçirilən bütün tədbirlərin fəal iştirakçısı olacaqlar, bugünkü Gürcüstan dövlətini və onun dövlət başçısını həmişə dəstəkləyəcəklər, onu müdafiə edəcəklər və bununla da Gürcüstanla Azərbaycanın, gürcü və Azərbaycan xalqlarının dostluq və qardaşlıq əlaqələrini daha da yüksəklərə qaldıracaqlar. Mən şübhə etmirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar indi müstəqil Gürcüstan dövlətinə və dövlət başçısına vaxtilə gürcü padşahına sədaqətlə xidmət etmiş borçalılardan da sədaqətlə xidmət edəcəklər.

Azərbaycanda yaşayan gürcülər həmişə Azərbaycan xalqının qayğısı altında olublar. Onlar heç vaxt azərbaycanlılardan seçilməyiblər və mən böyük iftixar hissi ilə deyə bilirəm ki, keçmiş zamanlarda da, bu gün də Azərbaycanda yaşayan hər bir gürcü Azərbaycanın bütün imkanlarından istədiyi qədər istifadə edib və bundan sonra da istifadə edəcəkdir. Mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycanda yaşayan gürcülər müstəqil Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Onlar Azərbaycanda vətəndaşlar üçün yaranmış bütün imkanlardan sərbəst istifadə etməlidirlər və dövlət, hökumət orqanları bunun üçün lazım olan şəraitləri yaratmalıdırlar. Mən əminəm ki, Azərbaycanda yaşayan gürcülər də Azərbaycanın ictimai, siyasi, iqtisadi həyatında gedən proseslərin fəal iştirakçısı olacaqlar və Azərbaycan dövlətini, dövlətçiliyini bundan sonra da müdafiə edəcəklər. Son günlər həm Gürcüstanda, həm də Azərbaycanda keçirilən cürbəcür mərasimlər, tədbirlər, deyilən sözlər, fikirlər və bu salonda hökm sürən əhval-ruhiyyə bir daha onu sübut edir ki, gürcü və Azərbaycan xalqlarının dostluq və qardaşlığı xüsusi xarakter daşıyır. Bu gün Gürcüstan və Azərbaycan dövlətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələri xüsusi xarakter daşıyır. Biz bununla fəxr edə bilərik və fəxr etməliyik. Amma eyni zamanda biz bunu hər iki xalqın, dövlətin böyük sərvəti hesab etməliyik və bu əlaqələri daim yüksəklərə qaldırmalıyıq, onları qoruyub saxlamalıyıq.

Bu dostluğumuzun, qardaşlığımızın gözəl bir rəmzini də biz Bakıda birgə yaratdıq. May ayının 9-da əziz dostum, qardaşım Eduard Şevardnadzenin Bakıya, Azərbaycana qısamüddətli səfəri zamanı Bakının gözəl bir guşəsində gürcü heykəltəraşı, çox böyük və istedadlı sənətkar, Gürcüstanın əməkdar rəssamı Georgi Caparidzenin yaratdığı at heykəli və Azərbaycanın əməkdar memarı Elbəy Qasımzadənin onunla birlikdə yaratdığı monumental kompleks bir tərəfdən atda olan gücü, - necə ki, gürcü xalqında və Azərbaycan xalqında olan gücü – nümayiş etdirir və o at heykəlinin yanında atəşi ifadə edən memarlıq nümunələri də bizim xalqlarımız arasında olan dostluğun və qardaşlığın nə qədər hərarətli və atəşə bənzər olduğunu göstərir. O monument bir tərəfdən bizim xalqlarımızın atda olan enerji kimi gücünü nümayiş etdirir, eyni zamanda yerin təkindən, yerin altından çıxan atəşin, enerjinin bu gün də, gələcəkdə də bizim xalqlara xidmət etdiyinin simvoludur. Bu, bizim dostluğumuzun, qardaşlığımızın əbədi olduğunu bir daha nümayiş etdirdi və hu hadisəni mən bu gün xüsusi qeyd edirəm.

Azad, müstəqil Gürcüstan, azad, müstəqil Azərbaycan və bizim dövlətlərimizin həyata keçirdikləri siyasət Qafqazda, bütün bölgədə sülhün, əmin-amanlığın yaradılmasına xidmət göstərir. Qısa bir müddətdə bu sahədə xeyli iş görmüşük. Ancaq bizim birgə fəaliyyətimiz gələcəkdə nəinki Qafqazda, bütün bölgəmizdə həm sülh, əmin-amanlıq, həm də iqtisadi inkişaf yaratmaq üçün böyük bir təminatdır. Bizim ölkələrimizin, dövlətlərimizin üzərinə böyük bir tarixi missiya düşübdür: Avropa ilə Asiyanı birləşdirmək, Qafqazda sülhü, əmin-amanlığı yaratmaq və bu bölgədə, bu bölgənin ətrafında Şərqlə Qərb arasında iqtisadi inkişafı təmin edən imkanları yaratmaq missiyası. Mən bu gün iftixar hissi ilə deyə bilərəm ki, bu missiyanın həyata keçirilməsində biz xeyli iş görmüşük və gələcəkdə də bizim gördüyümüz işlər gözəl nəticələr verəcəkdir. Gürcüstan və Azərbaycan demokratik respublikalarının 80 illik yubileylərini birlikdə qeyd edərək, birlikdə bayram mərasimlərini keçirərək biz dostluğumuzu, qardaşlığımızı daha da möhkəmıəndiririk və qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün böyük imkanlar yaradırıq.

1918-ci ildə Gürcüstanda və Azərbaycanda ilk dəfə demokratik, müstəqil respublikaları yaradan adamlar öz tarixi xidmətlərini göstərmişlər. Gürcüstanda və Azərbaycanda indiki nəsillərin, bizim tarixi xidmətlərimiz ondan ibarət olacaqdır ki, biz həm Gürcüstanda, həm də Azərbaycanda əldə olunmuş milli azadlığı, dövlət müstəqilliyini qoruyub saxlayaq və əbədi edək. Mən bu gün bəyan edirəm ki, biz buna qadirik və heç bir qüvvə bizi bu yoldan çəkindirə bilməz. Gürcü və Azərbaycan xalqlarının sarsılmaz dostluğu, bizim iradəmiz bu dövlət müstəqilliyini yaşadacaqdır və bu gün mən bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir. Mən əminəm ki, Gürcüstanın da dövlət müstəqilliyi daimidir, əbədidir. Beləliklə, biz XXI əsrə bərabər, böyük uğurlarla daxil olacağıq və ölkələrimizi daha da yüksəklərə qaldırıb xalqımıza xoşbəxt gələcək bəxş edəcəyik.

Yaşasın müstəqil Gürcüstan!

Yaşasın müstəqil Azərbaycan!

Gürcü və Azərbaycan xalqlarının sarsılmaz dostluğuna eşq olsun!

* * *

Yubiley konserti qurtardıqdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Gürcüstan parlamentinin sədri Zurab Jvaniya konsertin ifaçıları ilə görüşdə çıxışı

Gözəl konsertə görə sizə, bütün ifaçılara təşəkkür edirəm. Biz artıq bu günlərin əhəmiyyətindən danışmışıq. Bu günləri siz öz yaradıcılığınızla, sənətinizlə, gözəl səslərinizlə, musiqinizlə, heyrətamiz rəqslərinizlə rövnəqləndirdiniz. Bu, çox gözəldir. Mən salonda əyləşərkən bir daha sevindim ki, xalqlarımızın dostluğu son dərəcə möhkəmdir. Dünyada belə dostluq bəlkə də yoxdur. Xalqlarımızın incəsənətinin də birləşməsi, mədəniyyət xadimlərimizin də birlikdə çıxış etməsi isə dostluğumuzu daha yaxşı nümayiş etdirir. Hər şey - Azərbaycan və gürcü mahnıları da, musiqisi də, rəqsləri də gözəl idi. Sağ olun.

Mən salonda əyləşərkən düşünürdüm: Biz həyatımızın çətinliklərindən, mürəkkəbliyindən, iqtisadi sosial problemlərdən düzgün olaraq danışırıq. İndi ağır zəmanədir, çox hadisələr baş verir. Bilirsiniz ki, Gürcüstan və Azərbaycan hərbi münaqişələrdən hələ qurtarmayıb, Eduard Şevardnadzeni və Heydər Əliyevi cismən məhv etmək istəyən terrorçular öz alçaq fəaliyyətlərini hələ dayandırmayıblar. Gürcüstanda və Azərbaycanda hakimiyyəti dəyişdirmək üçün zorakılıq yolu ilə nə isə edə biləcəkləri barədə düşünən adamlar hələ də var. Bütün bunlar mövcuddur və bütün bunlar Gürcüstanın və Azərbaycanın həyatını səciyyələndirən mənzərəni təşkil edir. Bununla belə, bir baxın, uşaqlar böyüyürlər, siz gözəl gorünürsünüz. Əgər siz belə yaxşı rəqs edir, mahnı oxuyursunuzsa, deməli, ovqatınız yaxşıdır. Deməli, pis yaşamırsınız. Bizim - Gürcüstan və Azərbaycan rəhbərlərinin məqsədi, vəzifəsi isə elə etməkdir ki, adamlarımız yaxşı yaşasınlar. Biz bundan ötrü yaşayırıq. Eduard Şevardnadzenin də, mənim də həyatda başqa məqsədlərimiz yoxdur. Əgər xalq bizə belə yüksək etimad göstəribsə, onda elə etməliyik ki, adamlar daha yaxşı yaşasınlar, hər cür çətinliklərdən qurtarsınlar, onların həyatı yaxşılaşsın, onlar sabahkı gündən arxayın və əmin olsunlar.

Bir baxın, indi Azərbaycanda da, Gürcüstanda da necə sakit şərait var. Mənim gürcüstanlı dostlarım Bakıda baş verən dəyişikliklər barədə bu gün öz təəssüratlarını danışdılar. Eyni dəyişikliklər Tbilisidə də baş verir. Xalq rahat yaşayır. Məgər beş il bundan əvvəl belə mənzərəni görmək mümkün idimi? Xeyr, mümkün deyildi. Bax, bu mənzərə daha yaxşı olacaqdır. İndi biz Azərbaycanda və Gürcüstanda ilk demokratik respublikaların yaranmasının 80 illiyini qeyd edirik və sizinlə birlikdə daha da irəli gedəcəyik. Gözəl çıxışa görə çox sağ olun. Siz hamınız gözəlsiniz və hamınız gözəl ifa edirsiniz.