Türkdilli dövlətlərin başçılarının VII zirvə görüşünün açılışında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin çıxışı - 26 aprel 2001-ci il


Hörmətli cənab sədr!

Hörmətli dövlət başçıları!

Xanımlar və cənablar!

2000-ci ilin aprel ayında, düz bir il əvvəl Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş VI zirvə görüşünün təşkilatçısı və ev sahibi kimi sizi dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbulda, qonaqpərvər Türkiyə torpağında türk dilli dövlətlərin başçılarının VII zirvə görüşünün işə başlanması münasibətilə səmimi qəlbdən salamlayıram.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, əsası 1992-ci ildə Ankarada qoyulmuş bu zirvə görüşümüz artıq gözəl bir ənənəyə çevrilmişdir.

Mən belə görüşlərin daimi xarakter almasını ürəkdən alqışlayıram və əmin olduğumu bildirmək istəyirəm ki, indiki zirvə görüşünün bizim çoxtərəfli əməkdaşlığımızın inkişafı, regionumuzda sülhün, sabitliyin, təhlükəsizliyin və etimadın möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyəti olacaqdır.

VII zirvə görüşünün hazırlanması və təşkilində Türkiyə Respublikasının prezidenti hörmətli Əhməd Necdət Sezərin böyük zəhmətini yüksək qiymətləndirirəm.

Ümumiyyətlə, 1992-ci ildən başlayaraq harada keçirilməsindən asılı olmayaraq Türkiyə Cümhuriyyəti zirvə görüşlərimizin təşkilində mühüm rol oynayır və türkdilli dövlətləri yaxınlaşdırmaq baxımından öz üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirir. Bunun üçün Türkiyə dövlətinə və xalqına səmimi təşəkkürümü bildirirəm.

Ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın inkişafına göstərdikləri diqqət və qayğıya görə Qazaxıstan Respublikasının prezidenti Nazarbayevə, Qırğızıstan Respublikasının prezidenti hörmətli Əsgər Akayevə, Özbəkistan Respublikasının prezidenti hörmətli İslam Kərimova, Türkmənistan Respublikasının prezidenti hörmətli Saparmurad Niyazova minnətdarlığımı bildirirəm.

Məlumdur ki, görüşlərimizin əsas məqsədi xalqlarımızın sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyini həyata keçirməkdir. Eyni coğrafi regionda yaşamağımız, eyni köklərə malik olmağımız bizi bir-birimizə daha da yaxınlaşdırır, strateji əməkdaşlığımızı zərurətə çevirir.

2001-ci il türkdilli dövlətlərin başçılarının zirvə görüşünün üzvü olan ölkələrdən beşi üçün xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Azərbaycan dövlət müstəqilliklərinin 10 illik yubileyini qeyd edirlər. Mən bu böyük tarixi hadisə münasibətilə qardaş ölkələrin başçılarını və xalqlarını ürəkdən təbrik edir, onlara daim sülh, sabitlik, tərəqqi və çiçəklənmə arzulayıram.

Müstəqilliyimizin əldə edilməsindən sonra Türkiyə və Azərbaycan arasında əlaqələr genişlənməkdə davam edir. Biz artıq Türkiyə-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndiririk.

Ancaq xalqlarımız arasında əlaqələrin tarixi çox qədimdir və onlar bizim üçün çox dəyərlidir. Çünki biz eyni kökə mənsub xalqlarıq, eyni milli-mənəvi dəyərləri, eyni dili, eyni dini paylaşırıq. Keçmişimiz bir olduğu kimi, gələcəyə aparan yollarımız da eynidir. Bütün bunlar bizi yaxınlaşdırır, doğmalaşdırır.

Biz Türkiyənin nail olduğu inkişafdan və onun dünya birliyindəki nüfuzundan böyük məmnunluq duyuruq və inanırıq ki, Türkiyə bundan sonra da Atatürk yolu ilə, demokratiya, insan haqlarının qorunması, hüquqi dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə uğurla irəliləyəcəkdir.

Biz XX əsrin son yetmiş ilini bir dövlət tərkibində yaşadığımız qardaş Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla ikitərəfli və çoxtərəfli əlaqələrimizi daha da genişləndirmək, müstəqilliyin yaratdığı imkanlardan faydalanaraq daha böyük iş birliyi qurmaq əzmindəyik.

VII zirvə görüşü bir daha təsdiq edir ki, tarixi mənşəyimiz, qarşımızda duran məqsəd və problemlərin oxşarlığı, milli mənafelərimizin birliyi bizim strateji əməkdaşlığımızın etibarlı təməlidir və gələcəyimizə nikbin baxmağa əsas verir.

Mən zirvə görüşünün işinə bir daha uğurlar arzu edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 27 aprel 2001-ci il.