Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin respublikanın şəhər və rayon icra hakimiyyəti başçılarının iştirakı ilə keçirilən müşavirədə giriş sözü - Prezident sarayı, 14 iyul 1998-ci il


Bu gün siz burada aparatda işləmisiniz, Ramiz Mehdiyev mənə məlumat verdi ki, prezident seçkiləri ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının vəzifələri barəsində fikir mübadiləsi aparılıb və lazım olan izahatlar verilibdir. Mən sadəcə sizinlə qısa müddətdə görüşmək və sizin vəzifələriniz haqqında öz fikirlərimi demək istəyirəm.

Prezident seçkiləri haqqında respublikamızda qanun qəbul olunubdur. Qəbul edilmiş qanun Azərbaycanda prezident seçkilərini sərbəst, azad, ədalətli keçirmək üçün özündə bütün tələbləri əks etdirir. Bu qanun ümumi demokratik prinsiplərə uyğundur və onlara cavab verir. Hesab edirəm ki, bu qanun əsasında Azərbaycanda prezident seçkilərini yüksək səviyyədə, demokratiyanın tələblərinə uyğun səviyyədə keçirmək mümkündür.

Ancaq sizə məlumdur ki, biz seçkilərin keçirilməsinə xüsusi əhəmiyyət verərək və demokratik prinsiplərin Azərbaycanda ardıcıl surətdə tətbiq edilməsini özümüz üçün mühüm vəzifə hesab edərək, qanun müzakirə olunarkən ATƏT-in Demokratiya İnstitutu ilə məsləhətləşmələr aparmışdıq, onların rəyləri verilmişdir. Amerika Birləşmiş Ştatlarının Demokratiya İnstitutundan da müəyyən tövsiyələr, fikirlər alınmışdır. Qanun qəbul olunan zaman onların əksəriyyəti nəzərə alınmışdır və qəbul edilmiş qanunda öz əksini tapmışdır.

Ancaq biz öz işimizi daha da etibarlı tutmaq üçün, qanun qəbul olunandan sonra onu ATƏT-in Demokratiya İnstitutuna göndərdik ki, onlar bir də baxsınlar, rəylərini versinlər. Amerika Birləşmiş Ştatlarının Demokratiya İnstitutu da qəbul olunmuş qanunu aldı. Onlar bəzi tövsiyələr verdilər. Verilmiş tövsiyələrdə göstərilmişdir ki, bu tövsiyələr Mərkəzi Seçki Komissiyasının qanunu həyata keçirmək üçün qəbul edəcəyi təlimatlarda, nizamnamələrdə öz əksini tapa bilər. Bu müddətdə Azərbaycanın siyasi partiyalarından da təkliflər alınmışdır.

Bunların hamısını nəzərə alaraq, mən belə fikrə gəldim ki, əgər bu tövsiyələri, yəni demokratiya institutlarının tövsiyələrini və siyasi partiyaların təkliflərini təlimatlarda əks etdirə biləcəyiksə, yaxşı olar ki, onlar da qanun səviyyəsinə qaldırılsın. Buna görə də qəbul olunmuş qanuna müəyyən dəyişikliklər, əlavələr edilməsi haqqında Milli Məclisə təkliflər göndərdim. Bir neçə gün bundan öncə, iyul ayının 10-da bu təkliflər Milli Məclisdə müzakirə olundu. Müzakirə zamanı da bəzi təkliflər irəli sürülmüşdü, onlar da nəzərə alındı. Beləliklə, qanuna dəyişikliklər və əlavələr edilib və qanun bu dəyişikliklər və əlavələrlə Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün yaxşı əsas yaradır.

Vəzifə bu qanunun həyata keçirilməsindən ibarətdir. Qanuna görə prezident seçkilərini Mərkəzi Seçki Komissiyası aparır. Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin gününü təyin edibdir. Qanunu da Mərkəzi Seçki Komissiyası və onun yaradacağı ərazi, məntəqə seçki komissiyaları həyata keçirməlidirlər.

Bu, prezident seçkilərinin sərbəst, ədalətli, azad, demokratik şəraitdə keçirilməsi üçün əsas şərtdir. Azərbaycanın hakimiyyət orqanları, icra orqanları seçkilərin keçirilməsinə, seçki komissiyalarına yardım etməlidirlər. Ancaq seçkilərə qarışmamalı, müdaxilə etməməlidirlər. Bu da ən əsas şərtlərdən biridir. Yardım nə cür, hansı məsələlər barəsində olmalıdır. Mənə verilən məlumata görə, bu gün artıq bu barədə ətraflı danışmısınız.

Ancaq mən də istərdim ki, mənim iştirakımla bizim şöbənin müdiri Şahin Əliyev burada bir daha qısaca desin - icra hakimiyyəti orqanları nəyi edə bilməzlər və hansı məsələlərə qarışmamalıdırlar, nələr qadağan olunur və seçkilərin keçirilməsinə yardım etmək üçün hansı işləri görməlidirlər.

Yekun nitq

Hörmətli müşavirə iştirakçıları!

Biz Azərbaycanda ardıcıl surətdə demokratik dövlət quruculuğu prosesini həyata keçiririk. Məmnuniyyətlə qeyd edirəm ki, bu sahədə artıq xeyli nailiyyətlərimiz var. Azərbaycanda demokratiyanın, siyasi və iqtisadi islahatların həyata keçirilməsi ardıcıl surətdə təmin olunur. Bunlar təkcə siyasi, ictimai nəticələr yox, eyni zamanda, Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması və respublikamızın iqtisadiyyatının inkişaf etməsi, insanların rifah halının tədricən yaxşılaşması kimi nəticələr veribdir.

Bu, bizim tutduğumuz strateji yoldur. Bu, Azərbaycanın 1995-ci ildə qəbul etdiyi Konstitusiyasında öz əksini tapıbdır. Konstitusiya bizim əsas qanunumuzdur, ali qanunumuzdur. Bundan başqa bizim ayrı əsas qanunumuz yoxdur, başqa bir ideologiyamız, kitabımız yoxdur. Əsas kitab, əsas qanun, əsas ideologiya - hamısı Azərbaycanın Konstitusiyasındadır. Konstitusiyanı yerinə yetirmək, ardıcıl surətdə həyata keçirmək də bizim tarixi vəzifəmizdir.

Qeyd etdiyim kimi, bu sahədə çox işlər görülmüşdür. Azərbaycanda son illər ictimai-siyasi sabitlik əldə olunubdur. Ümumiyyətlə, ictimai-siyasi ab-hava, iqlim, mühit tamamilə dəyişilibdir. İnsanlar azad, sərbəst yaşayır, demokratiyanın cəmiyyətimizə verdiyi bəhrələrdən istifadə edir, aparılan islahatların nəticəsindən istifadə edirlər. Bunlar hamısı bizim ölkəmizi inkişaf etdirir.

1995-ci ildə ilk dəfə parlament seçkilərinin keçirilməsində də biz demokratiya yolunda böyük bir addım atdıq. Demokratik prinsiplər, çoxpartiyalı sistem əsasında parlament seçdik. Milli Məclisimiz - ali qanunvericilik orqanımız seçilibdir. Qanunvericilik orqanı bu müddətdə bizim üçün lazım olan çoxsaylı qanunlar qəbul edibdir. Bu qanunlar da bütün sahələrdə fəaliyyətimizi təmin edir və onun həyata keçirilməsində bizə kömək edir.

İndi biz demokratiya sahəsində daha bir güclü addım atırıq. Bu da qəbul etdiyimiz Konstitusiya əsasında ilk prezident seçkiləridir. Bu prezident seçkiləri Azərbaycanda demokratiyanın daha da yüksəyə qalxmasını nümayiş etdirməlidir. Ona görə yox ki, biz ölkəmizdə, ya da ölkəmizdən xaricdə kiməsə sadəcə göstərmək istəyirik ki, demokratiya yolu ilə gedirik. Yox! Demokratiya bizim üçün həyatımızda yeni bir amildir. O mənada ki, dünya demokratiyası əsasında bunu bir ilə, iki ilə, üç ilə mənimsəmək və demokratiya sahəsində inkişaf etmiş ölkələrin, dövlətlərin səviyyəsinə çatmaq mümkün deyildir. Ancaq biz bu yolda nə qədər cürətlə, inamla, sürətlə getsək, o qədər də tez həmin səviyyəyə çatacağıq.

Məqsəd bundan ibarətdir. Məqsəd ondan ibarət deyildir ki, kiməsə göstərək ki, biz demokratik seçkilər keçiririk. Məqsəd ondan ibarətdir ki, Azərbaycanda demokratiya həm bu gün üçün, həm də gələcək üçün kök salsın. Elə kök salsın ki, gələcəkdə onu heç kəs laxlada bilməsin, tərpədə bilməsin, Azərbaycanda heç kəs başqa bir rejim, başqa bir sistem qurmağa nail ola bilməsin. Çünki Azərbaycanın vətəndaşı və dövlət başçısı kimi mən inanıram ki, xalqımızın gələcəyi üçün Azərbaycanda demokratiyanın tam bərqərar olması əsas şərtdir. Bu, xalqımızın həm daxili həyatını, həm də xaricdən Azərbaycanın müdafiəsi üçün çox əsas şərtlərdən biridir.

Ona görə də prezident seçkilərinin keçirilməsində qəbul olunmuş qanuna riayət edilməli və onun həyata keçirilməsi yüksək səviyyədə, professionallıqla, ağılla olmalıdır. Bir də qeyd edirəm ki, qəbul olunmuş qanun və bu qanuna edilmiş əlavələr, - hamısı bir yerdə qanun kimi hesab edilir, - Azərbaycanda prezident seçkilərini keçirmək, demokratiyanın inkişafında böyük bir irəliləyiş əldə etmək üçün çox güclü əsasdır.

Ancaq ikinci hissəsi - bu seçkilərin keçirilməsi, qəbul olunmuş qanunun icra edilməsidir. Mənim arzum-istəyim və bu münasibətlə bütün Azərbaycan xalqına müraciətim ondan ibarətdir ki, hər kəs qəbul olunmuş qanunun hər bir müddəasının doğru-düzgün həyata keçirilməsinə xidmət göstərsin. Hər kəs çalışsın ki, qəbul olunmuş qanunun həyata keçirilməsində səhvlər buraxılmasın, qanun pozuntusuna yol verilməsin, təhrif olmasın, işimizə ziyan verən başqa hallar olmasın.

Sizə isə bu barədə birbaşa tapşırıq verirəm. Siz - buraya toplaşanlar Azərbaycanın icra hakimiyyətinin rəhbər vəzifəli şəxslərisiniz. Ona görə həm mərkəzdə, Bakıda, həm də yerlərdə, bütün sahələrdə sizin fəaliyyətinizdən çox şey asılıdır. Bu qanunun həyata keçirilməsi hər bir vətəndaşın fəaliyyətindən asılıdır. Hər şey ən çox yaranacaq seçki komissiyalarından asılıdır, Mərkəzi Seçki Komissiyasından asılıdır. Ancaq Azərbaycanın bütün mərtəbələrdə olan icra hakimiyyəti orqanlarından da çox şey asılıdır.

Mən burada deyilənləri təkrar etmək istəmirəm. O şeyi ki, etmək olmaz, onu etməyin. O şeyə ki, qanun yol vermir, qadağan edir, onu etməyin. Eyni zamanda o vəzifələr ki, sizin üzərinizə düşür - qanunun həyata keçirilməsinə kömək etmək, - onu edin. Səmimiyyətlə, ürəkdən, anlayaraq edin ki, siz bununla Azərbaycanda bu qanunun həyata keçirilməsində öz xidmətinizi göstərirsiniz, öz payınızı verirsiniz və ümumi işimizə, yəni Azərbaycanda demokratiyanın daha da irəliyə getməsinə xidmət edirsiniz. Bu, şərəfli işdir, çox şərəfli vəzifədir. Güman edirəm ki, siz bunları edəcəksiniz.

Narahat edən nədir? Keçmişin adət-ənənələri, keçmişdə olan bəzi qanun-qaydalar, yəni qanun-qaydalar deyil, yaranmış təcrübə desək, bu, daha düzgün olar. Təəssüflər olsun ki, bəziləri keçmişdə yaranmış bu mənfi təcrübədən çətin ayrılır, yaxud da ayrıla bilmirlər.

Ümumiyyətlə, mən uzun illər dövlət işində işlədiyim zaman müşahidələrdən əldə etdiyim nəticə bir də bundan ibarətdir ki, bəziləri həmişə belə edirlər. Soruşursan ki, niyə belə etmisən, axı bunu belə etmək lazım deyildir. Deyirlər ki, "biz həmişə belə edirdik, keçmişdə də belə edirdik, ona görə belə edirik". Belə hadisələrə təkcə indi yox, on il, iyirmi il bundan öncə də rast gəlmək olardı: "biz həmişə belə etmişik, belə də edirik".

Bu, hamıya məlumdur. Ancaq bir daha qeyd etmək istəyirəm ki, keçmişin bizim üçün, bu günümüz, gələcəyimiz üçün faydalı təcrübəsindən istifadə etməliyik. Amma bu günün tələblərinə uyğun olmayan, ona zidd olan və bugünkü işimizə zərər gətirən keçmişin təcrübələrindən imtina etməliyik, onların bu gün təkrar olunmasına yol verməməliyik.

Bu, mənim bütün sahələrə aid ümumi fikrimdir. Ancaq konkret bu sahəyə gəldikdə, - keçmişdə, sovet hakimiyyəti vaxtında seçkilər keçirilibdir, bir çoxlarınız o vaxtlar da işləmisiniz, seçkiləri nə cür keçirmisiniz, bilirsiniz, - təəssüflər olsun ki, o əhval-ruhiyyə, görülən işlər indi bəzən təkrar olunur. Mən sizə qəti olaraq bildirmək istəyirəm: kim keçmişdə olan mənfi təcrübədən bu gün bu və ya digər miqyasda istifadə edəcəksə, yaxud tətbiq edəcəksə, o, çox ciddi cəzalanacaqdır. Çox ciddi cəzalanacaqdır! Qanunda qoyulmuş qadağanları kim pozacaqsa, o, ciddi cəzalanacaqdır. Ona görə də keçmişdə olan, bu gün üçün zidd olan əhval-ruhiyyələrdən tam uzaqlaşmaq lazımdır, bu seçkilərdə onlardan istifadə edilməsinə yol verilməməlidir. Hər bir kəs, - mən birinci növbədə icra orqanlarının işçilərini nəzərdə tuturam, - yalnız və yalnız bu qanun çərçivəsində hərəkət etməlidir.

Demək, əsas şərt ondan ibarətdir ki, icra orqanları seçki komissiyalarının işinə qarışmasınlar, seçki işinə qarışmasınlar, heç bir müdaxilə etməsinlər. Seçki prosesinin təşkil edilməsi üçün yardım, kömək ancaq deyilən çərçivədə olmalıdır. O çərçivədən çıxmaq lazım deyildir.

Mən bu gün bir neçə dəfə demişəm ki, seçkilər azad, sərbəst, ədalətli keçirilməlidir. Ona görə də prezidentliyə namizədliyini irəli sürmüş hər bir Azərbaycan vətəndaşı siyasi mənsubiyyətindən asılı olmayaraq, qanunun ona verdiyi bütün imkanlardan tamamilə istifadə etmək imkanı əldə etməlidir. Heç kəsi heç bir yerdə məhdudlaşdırmaq olmaz.

Bəzi siyasi partiyalar cürbəcür bəyanatlar verirlər, seçkilərin saxtalaşdırılacağı haqqında, yerli icra orqanlarının bu işə qarışacaqları barədə əvvəldən fikirlər söyləyirlər. Şübhəsiz ki, bunlar qərəzli fikirlərdir. Siz gərək bütün işlərinizi elə qurasınız ki, hətta ən qərəzli bir fikir heç vaxt ümumi işimizə zərər gətirə bilməsin.

Seçki prosesində hər bir namizəd eyni hüquqa malikdir və bütün imkanlardan eyni dərəcədə istifadə etməlidir. Şübhəsiz ki, siz də bu işə qarışmayaraq, eyni zamanda əlinizdə olan hakimiyyətə görə kiməsə bu imkanları çox, kiməsə az yaratmaq kimi işlərə gərək yol verməyəsiniz. Hamı sizin üçün eynidir, hansı partiyaya mənsubdur, hansı seçki birliyinə mənsubdur - bunun əhəmiyyəti yoxdur. Bu da demokratiya üçün əsas şərtlərdən biridir, bəlkə də ən əsas şərtdir.

Azərbaycanda seçicilər sərbəst surətdə, kimə istəyirlərsə ona səs verməlidirlər. Şübhəsiz ki, qanun çərçivəsində, Mərkəzi Seçki Komissiyasının tutduğu təqvim əsasında təbliğat-təşviqat işləri aparılacaqdır. Hər bir namizəd öz namizədliyinin prezidentliyə daha da layiq olmasını sübut edəcəkdir. Bunların hamısı üçün imkan yaradılmalıdır. Qanun çərçivəsində, qanunun verdiyi imkanlar yaradılmalıdır. Siz kənardan bu imkanları yaratmalısınız, amma bu işlərə qarışmamalısınız. Heç bir işə qarışmamalısınız.

Burada bir məsələ də vardır və mən bu barədə öz fikrimi bildirmək istəyirəm. Mənə olan müraciətlərdən, gələn məktublardan, radio-televiziya vasitəsilə aldığım məlumatlardan görürəm ki, bir çox yerlərdə mənim yenidən prezident olmağımı arzu edirlər. Bir müddət öncə də demişəm, bu gün də deyirəm, - mən bu ağır vəzifəni beş il vicdanla, namusla aparmışam və səlahiyyətim başa çatan günə qədər aparacağam. Hesab edirəm ki, millətimiz, xalqımız üçün çox işlər görmüşəm. Ancaq mən öz namizədliyimi irəli sürməmişəm və sürmürəm. Olan müraciətlərə cavab da, razılığımı da verməmişəm. Bu, gələcəyin işidir. Ona görə də mənim haqqımda bu barədə təbliğat aparmağa ehtiyac yoxdur. Əgər gələcəkdə mən də prezident seçkilərində prezidentliyə namizəd kimi qeydə alınsam, onda, bütün başqa namizədlərə nə imkanlar veriləcəksə, mənə də o imkanlar çərçivəsində münasibət göstərilməlidir, bir damcı da artıq olmamalıdır.

Azərbaycan televiziyasına artıq göstəriş vermişəm ki, dövlət başçısı, prezident kimi mənim fəaliyyətim mətbuatda, informasiya orqanlarında şübhəsiz ki, lazımi səviyyədə, yalnız bu keyfiyyətdə öz əksini tapmalıdır, ancaq "Heydər Əliyev yenidən prezident olmalıdır, biz onu təbliğ edirik, istəyirik" - belə verilişlər televiziyada, radioda, mətbuatda tamamilə kəsilməlidir.

Birinci, - mən sizinlə səmimi danışıram, - mənim belə bir təbliğata ehtiyacım yoxdur. Mənim beş ildə gördüyüm işlər hər bir vətəndaşın lazımi qərar qəbul etməsi üçün əsas verir. Əlbəttə, bu işləri qiymətləndirməyənlər vardır. Elələri var ki, bəyan edirlər ki, "prezident kimi Heydər Əliyev heç bir iş görməyibdir, vəzifəni apara bilməyibdir və apara bilmir". Onlar gəlib prezident olmaq, Azərbaycanı daha da yaxşı inkişaf etdirmək istəyirlər. Bu təbiidir, buna heç kəs təəccüblənməməlidir. Əgər biz siyasi plüralizmdən, söz, fikir azadlığından söhbət aparırıqsa, hər insan öz fikrini düşündüyü kimi ifadə edir. Onu başqa cür düşünməyə məcbur etmək lazım deyildir. Bu, keçmişdə qalıbdır.

Mən belə fikirləri təbii hesab edirəm. Onlar məni incitmir, narahat etmir. Çünki, birincisi, bilirəm ki, hələ keçmişdəki qalsın, bu beş il müddətində mən nə işlər görmüşəm. İkincisi də, mən bilirəm ki, belələri azlıq təşkil edir. Azərbaycan vətəndaşlarının çoxu həmin bəd sözləri deyənlərlə razı deyillər. Bu, artıq məlumdur. Ona görə də əlavə təbliğat aparıb sübut etmək ki, Heydər Əliyev kimdir, Heydər Əliyevin xidmətləri nədən ibarətdir, - buna ehtiyac yoxdur.

Bu gün iyul ayının 14-dür. Bu, dünya üçün əlamətdar bir gündür - Fransa inqilabı, Bastiliyanın alınması günüdür. Bu gün Fransanın milli bayramıdır. Amma bu, mənim üçün də əlamətdar gündür. Çünki düz 29 il bundan öncə - 1969-cu il iyul ayının 14-də mən Azərbaycan Respublikasının başçısı seçilmişəm. Bu 29 il göz qabağındadır. İndi bəziləri nəyisə unudur. Bunu unudanlar var, amma unutmayanlar çoxdur. Ola bilər ki, kimsə hafizəsində bunu unutsun, amma Azərbaycanda bu tikilənləri, yaradılanları unutmaq mümkün deyildir. Bunlar hamısı göz qabağındadır. Bu 29 il içərisində yaşamış, böyümüş, təhsil, elm almış insanlar - bunlar hamısı göz qabağındadır. Ona görə də mənim təbliğata ehtiyacım yoxdur.

O adamlar ki, hələ heç bir şey etməyiblər, amma hesab edirlər ki, Azərbaycanda prezident olsalar daha da yaxşı işləyə bilərlər, sübut etməlidirlər ki, nə cür ola bilər, onlar daha yaxşı işləyərlər? Onlar bunu sübut etməlidirlər.

Sizə bunları deyərək bir daha bildirmək istəyirəm ki, indi məni təbliğ etməyə ehtiyac yoxdur. Belə hərəkətlər bizim ümumi işimizə ancaq zərər verir. Xahiş edirəm, bunu nəzərə alasınız. Mən Prezident Aparatına bu barədə göstəriş verirəm ki, bu işlərə nəzarət olunsun. Mənim dediyim sözlər, verdiyim göstərişlər haradasa pozulursa, bu barədə lazımi ölçülər götürəcəyəm.

Bir daha qeyd edirəm, prezidentliyə hər bir namizədə bütün imkanlar yaradılmalıdır. Qanun çərçivəsində iclas keçirilməlidir, - keçirsin, adam imza toplamalıdır, - toplasın. Qanun ona nə imkan verirsə onu da etsin. Lazımdırsa, hər bir kəsə də bu barədə kömək edin. Amma mane olmayın və onlara əziyyət verməyin.

Mən bu gün bəyan edirəm ki, Azərbaycanda demokratiya inkişaf edir. Bu üç ay müddətində - Azərbaycan prezidentinin seçilməsi prosesində demokratiya daha da sürətlə inkişaf edəcəkdir və hər bir vətəndaşın hüququ qorunacaqdır. Hər bir siyasi partiyanın öz fəaliyyətini həyata keçirməsi üçün bütün imkanlar yaranıb və bundan sonra da yaranacaqdır. Hər bir vətəndaşın da özünü prezidentliyə namizəd göstərməsi, hüquqlarından istifadə etməsi üçün bütün imkanlar yaranacaqdır. Bir prezident kimi bunu mən təmin edirəm. Mən icra orqanları olduğunuza görə bunu təmin etməyi sizə tapşırıram.

Mən inanıram ki, məsuliyyətimizi hamımız birlikdə dərk edirik. Məsuliyyətimiz Azərbaycanda demokratik dövlət quruculuğu sahəsində yeni bir güclü addım atmaqdan, Azərbaycanda prezident seçkilərini müasir tələblərə, demokratik prinsiplərə uyğun keçirib xalqın istədiyi adamın prezident seçilməsini təmin etməkdən ibarətdir. Xalq kimə səs verəcəksə, o da prezident olacaqdır. Xalqın iradəsi hər bir şeydən üstündür. Hər birimiz də xalqın iradəsinə hörmətlə yanaşmalıyıq. Bu, sizin vəzifənizdir.

Bugünkü müşavirədən istifadə edərək, bu məsələdən əlavə bir-iki məsələyə də toxunmaq istəyirəm.

Birincisi, bilirsiniz ki, cənub bölgəmizdə zəlzələ olubdur. Lerik, Astara, Lənkəran, Yardımlı, Masallı, Biləsuvar, İmişli rayonlarında zəlzələ hiss olunubdur. Zəlzələ nəticəsində dağıntılar ən çox Lerik, Lənkəran, Astara, Yardımlı rayonlarda baş veribdir. Mən səlahiyyətli nümayəndələrimizi dərhal yerlərə göndərdim, lazımi tədbirlər gördük. Fövqəladə hallar üzrə dövlət komissiyasının sədri Abid Şərifov bütün başqa vəzifəli şəxslərlə birlikdə yerlərdə oldu, danışdı. Onlar rayon icra hakimiyyəti başçıları ilə birlikdə işlər görüblər. Mən Lerik, Lənkəran, Astara, Yardımlı rayon icra hakimiyyəti başçıları ilə telefonla əlaqə saxladım, danışdım. Aldığımız məlumata görə, vəziyyət əvvəlki günlərə nisbətən daha da ağırdır. Hətta bu gün mənə məlumat veriblər ki, Lerik rayonunun ən ucqar kəndindəki 150 evdən 100-ü tamamilə dağılmışdır. Xoşbəxtlikdən insan tələfatı yoxdur. Müəyyən xəsarət almış bəzi adamlara tibbi yardım göstərilir.

Mənim göstərişimlə hazırlanmış sərəncamı bu gün imzalamışam, onu artıq mətbuata verdim. Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, zəlzələdən zərər çəkmiş insanlara yardım edilməsi ilə əlaqədar bu sərəncamda lazımi göstərişlər vermişəm və müvafiq tədbirlərin həyata keçirilməsini tələb etmişəm. Mən sərəncam vermişəm ki, büdcənin ehtiyat fondundan - onu da deməliyəm ki, bizim ehtiyat fondumuz çox məhduddur, bilirsiniz ki, - büdcədə vəziyyət çox gərgindir, bunun müəyyən səbəbləri vardır - 5 milyard manat vəsait ayrılsın və bu məqsədlər üçün istifadə edilsin.

Mən eyni zamanda, müvafiq nazirliklərə tapşırıqlar vermişəm ki, onlar öz imkanlarından istifadə edərək lazımi tədbirlər görsünlər. Siz sərəncamda bunları oxuyacaqsınız. Həmin sərəncam mətbuatda dərc olunacaqdır. Sizdən - yerli icra hakimiyyəti orqanlarından tələb edirəm ki, siz hər bir rayonda bütün təşkilatların - həm dövlət, həm də özəl təşkilatların imkanlarını səfərbər edəsiniz ki, zəlzələnin vurduğu ziyan tezliklə aradan qaldırılsın. Bu ziyan əsasən insanların yaşadığı yerlərə dəyibdir. Bunlar aradan qaldırılmalıdır və insanların yaşayış yerləri qısa müddətdə bərpa olunmalıdır ki, onlar normal yaşaya bilsinlər.

Rayon icra hakimiyyəti başçılarından xahiş edirəm ki, zəlzələdən zərər çəkmiş bütün vətəndaşlarımızın hamısına mənim salamımı çatdırasınız. Bildirəsiniz ki, onların həyatı ilə bağlı olan bugünkü və gələcək bütün işlər mənim şəxsi nəzarətimdədir, qayğım altındadır.

Güman edirəm ki, yerli icra orqanlarının imkanları çoxdur, bunlardan sadəcə olaraq səmərəli istifadə etmək lazımdır.

Bu gün mən Yardımlı rayonunun icra hakimiyyəti başçısı ilə telefonla danışdım. Mən maraqlandım ki, Yardımlı rayonunda iqtisadi vəziyyət necədir. Çünki mən islahatların, xüsusən aqrar sektorda islahatların necə həyata keçirilməsi və nə cür nəticələr verməsi ilə yaxından maraqlanıram. Məlumdur, hamınız bilirsiniz ki, mən bu məlumatları mütəmadi olaraq alıram. Bizim iqtisadi islahatlarımız öz gözəl nəticələrini verir. Hesab edirəm, iqtisadiyyat, xüsusən də insanların rifah halı yaxşı inkişaf edir. Ancaq mən işin üstündə duran adamlardan hər dəfə məlumat almaq istəyirəm. Şübhəsiz ki, mən Prezident Aparatından, Nazirlər Kabinetindən, nazirliklərdən, Statistika Komitəsindən verilən məlumatlara inanıram. Ancaq mən hər dəfə istəyirəm ki, yerlərdən də məlumat alım.

Məsələn, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı rayonun iqtisadi göstəriciləri haqqında mənə bir neçə rəqəm dedi və bu məni sevindirdi. Çünki mən Yardımlı rayonunu yaxşı tanıyıram. Keçmişdə biz çox çalışırdıq ki, rayonda kənd təsərrüfatı müəyyən qədər inkişaf etsin, insanlar yaxşı yaşaya bilsinlər. Ancaq onu istənilən səviyyəyə qaldıra bilmirdik. Lakin rayon icra hakimiyyətinin başçısı bu gün mənə çox yaxşı rəqəmlər dedi.

Düzdür, iqtisadi islahatların gedişi ilə əlaqədar bu gün müzakirələr aparmağa mənim vaxtım yoxdur. Mən Yardımlı rayon icra hakimiyyətinin başçısını 5-6 dəqiqəlik dinləmək istəyirəm ki, o, bu məsələləri desin, - çoxlarınız bu işlə məşğulsunuz, - həm siz, həm də burada oturan başqa vəzifəli rəhbər şəxslər biləsiniz.

Əli Quliyev (Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı): Hörmətli cənab prezident!

Dünyada tanınmış, seçilmiş bir şəxsiyyət, ağsaqqal kimi, Sizin qarşınızda çıxış etmək mənim üçün bir qədər çətindir.

Mən bütün müşavirələrdə bir daha dərk etmişəm ki, Siz kənddə gedən proseslər haqqında dəqiq məlumat almaq istəyirsiniz. Amma biz bunu Sizə çox vaxt dəqiq çatdıra bilməmişik.

Ayın 9-da təbii fəlakət baş veribdir. Daha ağır fəlakət gözlənilirdi. Azərbaycanın cənub bölgəsində bəlkə də son yüz ildə belə böyük təkanla zəlzələ olmamışdır. Allaha şükür olsun ki, insan tələfatı baş vermədi. Mən vaxtınızı çox almaq istəmirəm, rayonumuz haqqında qısa məlumat verəcəyəm.

İyulun 9-da saat 20.23 dəqiqədə zəlzələ baş verdi. Bu, təxminən 30-35 saniyə çəkdi. Çox həyəcanlı bir vəziyyət idi. Biz bu barədə rəhbərliyə məlumat verdik. Cənab prezident, Sizin tapşırığınızla fövqəladə hallar üzrə dövlət komissiyası cənub bölgəsinə dərhal öz nümayəndələrini göndərdi. İyulun 10-da biz fövqəladə hallar üzrə dövlət komissiyasının üzvləri ilə birlikdə kəndlərə xüsusi nümayəndələr göndərdik və dəymiş ziyanı müəyyənləşdirməyə başladıq.

Cənab prezident, mən Yardımlı camaatının, əhalisinin minnətdarlığını Sizə çatdırmağı özümə borc bilirəm. Doğrudur, təbii fəlakətin qarşısını almaq mümkün deyil. Amma dövlət başçısının camaata diqqəti, qayğısı təbii fəlakətin ağır nəticələrini unutdurur. Əhali təskinlik tapır ki, bizim dövlətimiz və dövlət başçımız vardır.

Mən təbii fəlakət haqqında Sizə məlumat vermişəm. Bütün əlaqədar təşkilatların bu barədə məlumatı vardır. Mən telefon danışığımız zamanı da dedim, indi çıxışımda bir daha deyirəm ki, xalqın Sizə olan inamı və respublikada yaratdığınız birlik nəticəsində biz təbii fəlakətin vurduğu ziyanları Allah qoysa, tezliklə aradan qaldıracağıq. Hər şey bərpa ediləcək, işlər qaydasına düşəcəkdir. Doğrudur, müəyyən çətinliklər olacaq, ancaq mən əminəm ki, bütün problemlər öz həllini tapacaqdır.

Cənab prezident, respublika rəhbərliyinin və rayonların icra hakimiyyəti başçılarının iştirak etdiyi bugünkü müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Naxçıvan camaatına öz minnətdarlığımı bildirirəm. Onlar qonşu rayonlarla eyni anda bizə öz kömək əllərini uzatdılar. Bunu bütün Yardımlı camaatı bilir. Bu, bizə çox böyük mənəvi dayaq oldu.

Cənab prezident, mən rayonumuz haqqında Sizə məlumat vermək istəyirəm.

Heydər Əliyev: Bəli, mən sənə ona görə söz verdim ki, islahatların nəticələri haqqında məlumat verəsən.

 

Əli Quliyev: Mənə elə gəlir ki, vəzifədə işləyən adamların hamısının Yardımlı haqqında təsəvvürü vardır. Bu rayon 1930-cu ildə sovet hakimiyyəti vaxtında yaradılıb. Yardımlı 1930-cu ildən 1993-cü ilin ikinci yarısına qədər dövlətdən həmişə asılı vəziyyətdə olubdur. Rayonun tarixində iki dəfə iqtisadi dönüş baş veribdir. Rayonun iqtisadiyyatının əsasını əkinçilik, heyvandarlıq, tütünçülük təşkil edir. 1975-ci ildə təkcə Yardımlının yox, respublikanın bütün dağlıq rayonlarının iqtisadiyyatının yüksəldilməsi barədə Azərbaycan KP MK-nın qərarı oldu. Həmin qərar əsasında Yardımlı rayonunda da üzüm bağları salındı. Bunun da nəticəsində uzun illər təsərrüfatda işləyib əmək haqqı almayan adamların vəziyyəti yaxşılaşdı. Bunlar hamısı tarixi faktlardır, onu heç kəs inkar edə bilməz.

Cənab prezident, mən torpaq islahatının həyata keçirilməsi ilə əlaqədar onu bildirmək istəyirəm ki, respublikamızın bütün rayonlarında olduğu kimi, Yardımlıda da torpaq inventarizasiya edildi, əmlak uçota alındı, konkret planlar hazırlandı. Biz həmin plan əsasında da torpağı ayrı-ayrı ailələrə verdik. Nəticə göz qabağındadır.

Mən bir-iki rəqəmi misal gətirmək istəyirəm. 1985-1986-cı illərdə Yardımlıda kənd təsərrüfatı üçün bütün lazımi texnika olduğu halda, 2000-2500 hektar torpaqda əkin aparılırdı. Son nəticədə hər hektardan 180-200 kiloqram taxıl götürürdük. Qoyulan xərcin hamısı itib-batırdı, camaat əliboş qalırdı. Amma 1996-cı ildə Yardımlı rayonunun şəxsi təsərrüfatları, yəni torpaq alan ailələr 13 min hektar sahədə əkin apardılar və 19 min ton taxıl götürdülər.

Rayonumuzda 48 min əhali yaşayır. Keçən il Yardımlıda adambaşına 480 kiloqram taxıl istehsal olunubdur. Ötən il rayonumuzda 5 min tona qədər kartof, 15 min ton paxlalı bitkilər, bostan-tərəvəz məhsulları istehsal edilibdir. Bütün bunlar isə camaatımızın süfrəsinə daxil olubdur.

Mən daha bir neçə rəqəmi Sizin nəzərinizə çatdırmaq istəyirəm. 1996-cı ildə rayonumuzun ümumi gəliri 17 milyard manat olubdur. Lakin 1997-ci ildə ümumi gəlir 47 milyard manata çatıbdır. Bunun hamısı torpaq islahatının və özəlləşdirmə proqramının həyata keçirilməsi nəticəsində əldə edilibdir.

Cənab prezident, müxalifət qüvvələrinin nümayəndələri elə danışırlar ki, onlar guya bir iş görən adam olublar. Amma onların etdiklərinin hamısı göz qabağında idi. Təkcə bir fakt demək istəyirəm ki, 1993-cü ilin əvvəlində mən məcburiyyət qarşısında qalıb Dağıstandakı dostlarımın yanına adam göndərdim. Onlar gedib Dağıstandan 5 ton un gətirdilər, mən onu yardımlılar arasında kiloqram-kiloqram böldüm. İndi Yardımlı əhalisinin 98 faizi çörəyə pul vermir. Camaat yağla, ətlə, digər kənd təsərrüfatı məhsulları ilə özü-özünü təmin edir. Görəsən müxalifətin nümayəndələri hakimiyyətdə olsaydılar nə edəcəkdilər? Axı biz onların nə etdiklərini gördük. Görünür, aralarında elə bir ağıllı adam yoxdur, onları başa sala bilsin ki, axı haqqı danmaq olmaz.

Cənab prezident, mən başa düşürəm ki, aşağı pillədə müəyyən adamlar müxtəlif vəzifələrdə işləməlidir. Amma Siz çox əzab çəkirsiniz.

Heydər Əliyev: Mənim əzab çəkməyimlə sənin işin yoxdur. Mən sənə ona görə söz vermişəm ki, rəqəmlərdən danışasan. Burada başqa söz demək lazım deyil, mənim vaxtım yoxdur.

Deyirsən ki, vaxtilə 2000 hektar əkilib, indi isə 13 min hektar sahə əkilir. Sonra dedin ki, 19 min ton taxıl götürmüsünüz. Elədirmi?

Əli Quliyev: Bəli. Rayonda mal-qaranın sayı 20 minə çatıbdır.

Heydər Əliyev: 19 min ton taxıl götürülübdür, mal-qaranın sayı 20 minə çatıbdır? Əvvəl nə qədər idi?

Əli Quliyev: Əvvəllər mal-qaranın sayı 13-14 min idi. Qoyun-keçinin sayı qabaqlar 35-40 min idisə, hazırda 70 mindir.

Heydər Əliyev: Deməli, əvvəllər 35-40 min, indi isə 70 min qoyun-keçi, 20 min iribuynuzlu qaramal vardır. Keçən il 19 min ton taxıl götürmüsünüz. Rayonun ümumi gəliri 1996-cı ildə 17 milyard manat, keçən il isə 47 milyard manat olubdur. Axı Yardımlıda belə göstəricilər heç vaxt olmayıbdır.

Mən Yardımlını yaxşı tanıyıram. Ona görə də bu gün sən telefonda bu rəqəmləri mənə deyəndə dedim ki, mən sənə çıxış üçün söz verəcəyəm. Mən sənə bu rəqəmləri demək üçün söz vermişəm, təbliğat aparmaq üçün yox.

Əli Quliyev: Cənab prezident, qoy müxalifətdə olanlar da bilsinlər ki, burada nə kolxoz sədrinin, nə də sovxoz direktorunun fəaliyyətindən söhbət getmir. Rayonun ümumi əhalisinin zəhməti üzərinə kölgə salmaq olmaz.

Heydər Əliyev: Başqa bir rəqəm varsa de, təbliğat aparma.

Əli Quliyev: Söhbət açılası rəqəmlər də var, sözüm də çoxdur. Amma mən vaxt məhdudiyyətini nəzərə alıram. Təkcə onu demək istəyirəm ki, 1993-cü ilin yanvarında rayonumuzda müxtəlif markalı 56 şəxsi minik avtomobili olubdur. Amma bu gün rayonda 3500-ə qədər traktor, kombayn və digər kənd təsərrüfatı maşınları, "Mersedes", digər markalı minik avtomobilləri vardır.

Əvvəllər Yardımlıda mişar daşını yalnız evlərin tinini düzəltmək üçün alırdılar. Ancaq indi rayonumuzda ildə 200-250 ailə mişar daşından çox müasir tipli, qəşəng evlər tikilir.

Vaxtilə özümə ev tikdirdim, məni partiyadan çıxarmaq istədilər. Amma bu gün Yardımlıda elə evlər tikirlər ki, mənim evim onların yanında heç nədir.

Heydər Əliyev: Çünki o vaxtlar dövlətli adam hesab olunurdun, ona görə də partiyadan çıxarmaq istəyirmişlər. İndi tikilən evlər ondan yaxşıdırmı?

Əli Quliyev: Bəli, çox-çox yaxşıdır. O vaxt bəlkə istəsəm də bu gün rayonda tikilənlər kimi ev tikə bilməzdim.

Cənab prezident, Siz bizim, Azərbaycanın ağsaqqalısınız. Siz Azərbaycan üçün zəhmət çəkirsiniz, cəfakeşlik göstərirsiniz.

Heydər Əliyev: Əyləş, təbliğat aparma.

Bu rəqəmlər özü-özlüyündə göstərir ki, bizim iqtisadi siyasətimiz nə qədər düzgündür və onun necə gözəl nəticələri vardır. Ola bilər, burada əyləşənlərin bəziləri Yardımlı rayonunu tanıyır, çoxları isə o qədər tanımır. Amma mən Yardımlı rayonunu yaxşı tanıyıram. Mən Yardımlı rayonunda ilk dəfə 1960-cı ildə olmuşam. Yardımlı və Lerik o vaxt Azərbaycanın ən kasıb dağlıq rayonlarından idi. Ona görə də mən Azərbaycana rəhbərlik edərkən çox çalışırdım ki, iqtisadi cəhətdən ən geridə qalmış rayonların iqtisadiyyatını inkişaf etdirim. 1970-1980-ci illərdə kənd rayonlarının əksəriyyətinin iqtisadiyyatı çox yüksəldi.

Burada düzgün qeyd edildi ki, 1975-ci ildə dağlıq rayonların sosial-iqtisadi problemlərinin həll olunması ilə əlaqədar böyük bir qərar qəbul etdik. Həmin qərara əsasən bu rayonların inkişaf etdirilməsi üçün çox iş görüldü. Lerik, Yardımlı rayonları üçün nəzərdə tutulan xüsusi bir tədbir də ondan ibarət idi ki, biz orada üzümçülüyü geniş tətbiq etməyə başladıq. O vaxt Azərbaycanda üzümçülüyün tətbiq olunması tarixi bir hadisə idi. Biz üzümçülüyü dövlətin, sovet hakimiyyətinin bu sahəyə ayırdığı vəsait hesabına tətbiq edirdik. O dövrdə uzun müddət zəhmət haqqı ala bilməyən adamlara üzüm bağlarını şumlamaq, əkmək, becərmək üçün hələ məhsul götürmədən beş il ərzində yüksək əmək haqqı verilirdi. Mən dediyim bu beş il üzüm bağlarının məhsul verməsi müddətidir. Amma bizim saldığımız bağlar əslində o vaxt üç ildən sonra bəhrə verirdi, məhsul gətirirdi. Yenə də deyirəm, amma üzümçü məhsul götürmədən beş il müddətində məvacibini alırdı. Bilirsiniz ki, bu, rayonların çoxunda inkişafa səbəb oldu, nə qədər insan özü üçün ev tikdi, rayonlar abadlaşdı.

Mən fikirləşirdim ki, bəs bu dağlıq rayonlar necə olsun? Rəhmətlik akademik Həsən Əliyev bu işlərlə çox məşğul olurdu. O, bir neçə dəfə təklif verdi ki, Lerik, Yardımlı rayonlarında üzüm bağları salmaq olar. Doğrusu, çoxları buna inanmırdı, mən də inanmırdım. Çünki Lerik, Yardımlı dağlıq rayonlardır.

Bilirsiniz ki, dağlıq rayonlarda, adətən, üzüm bağları olmur. Üzüm bağları əsasən bizim aran rayonlarında, yaxud aran və dağlıq rayonların qovuşuğunda olur. Ancaq o, gəlib bizə sübut elədi ki, yox, mən təcrübə aparmışam, bu rayonlarda üzüm bağları salmaq və yaxşı nəticə əldə etmək olar. Biz Lerikdə və Yardımlıda üzüm bağları saldıq. O vaxt Yardımlı rayonunda 8 min ton üzüm məhsulu alınmışdı. Bu, rayon üçün böyük bir nəticə idi. Lerik rayonunda bundan da çox alınmışdı.

Yerdən səs: Cənab prezident, 14 min ton.

Heydər Əliyev: Bəli, Lerikdə 14 min ton üzüm istehsal edilmişdi. Həmin rayon üçün bu, böyük bir iş idi. Ancaq hətta o da bugünkü iqtisadi nəticəni vermirdi. Çünki şübhəsiz ki, istehsal edilən məhsuldan gəlir əldə olunurdu, insanların həyat şəraiti yaxşılaşırdı. Amma axı indi bir çox sahələrdən gəlir götürülür. Əgər vaxtilə Yardımlıda cəmi 2 min hektar sahədə taxıl əkilirdisə, indi 13 min hektar əkilir.

Bilirsiniz, əgər 47 min əhalisi olan rayonda 19 min ton məhsul götürülübsə, görün hər bir adama nə qədər taxıl düşər. Mən onu da xatırlayıram, vaxtilə sovet hökuməti - bilirsiniz ki, o vaxt mən həm burada, həm də Moskvada işləyəndə bu hökumətin rəhbər orqanlarında idim - ərzaq proqramı hazırlamışdı. Sovet İttifaqında bu proqramı həyata keçirməklə adambaşına bir ton taxıl götürmək qarşıya məqsəd qoyulmuşdu, amma heç kəs inanmırdı ki, ona nail olmaq mümkündür. Beləliklə, 300 milyon əhali var idi, demək, 300 milyon ton taxıl istehsal etmək qarşıya məqsəd qoyulmuşdu. Ancaq sovet hökuməti dövründə ən yaxşı vaxtda ildə 200-210 milyon ton taxıl götürülürdüsə, bu, böyük bir hadisə hesab olunurdu. Elə illər də olurdu ki, cəmi 160, 170, 180 milyon ton məhsul götürülürdü. Sovet İttifaqı əhalisini çörəklə təmin etmək üçün xarici ölkələrdən ildə təxminən 50-60 milyon ton taxıl alınırdı. Neft satılırdı, əvəzində xarici ölkələrdən - Amerikadan, Kanadadan taxıl alınırdı ki, camaat çörəksiz qalmasın.

Yəni, vaxtilə ən yüksək səviyyəli alimlərin və Rusiyanın çox yüksək taxıl məhsulu verən taxılçılıq vilayətlərinin cəlb edildiyi məqsədə indi Yardımlı rayonu iki ildə nail olubdur. Əgər Yardımlı adambaşına 500 kiloqram taxıl götürübsə, görün nə qədər imkanlar var. Bu, nəyin nəticəsidir? O vaxtlar biz nə qədər çalışırdıqsa, bu qədər məhsul ala bilmirdik. Orada taxıl əkilirdi, ancaq hər hektardan 7-8 sentnet məhsul götürülürdü, ondan artıq alınmırdı. Məsələn, biz respublikada taxılın məhsuldarlığını orta hesabla 23-24 sentnerə çatdırmışdıq. Amma Yardımlıda ən yüksək nəticə 9 sentnerə çatırdı, bundan çox olmurdu. Lakin indi onlar heç özləri də hesablamırlar, hər hektardan nə qədər taxıl götürüblər ki, 19 min ton məhsul olur. Qaramalın sayı qısa müddətdə 5 min baş artıbdır. Bilirsiniz, biz bu nəticəni əldə etməyə nə qədər çalışırıq? İribuynuzlu mal-qaranı orada-burada oğurlayırdılar, deyirdilər ki, bala olmadı, filan olmadı. Hər qoyundan, inəkdən neçə bala alanda qəhrəman olurdular və sair, - canımız artıq bunlardan qurtarıbdır.

Bəli, sən evlərin tikilməsi haqqında söhbət açdın. Mən 1960-cı ildə o rayona ilk dəfə gəlmişdim. Orada evlərə baxdım, hamısı palçıqdan idi, heç kərpicdən də deyildi. Mən ora gedəndə Rayon Partiya Komitəsinin sınıq-salxaq bir binası var idi. O vaxt Milli Təhlükəsizlik Komitəsində işləyirdim, rayon şöbəsinin iki otaqdan ibarət binası var idi. Havalar soyuq idi, şaxtadan dondum, orada otura bilmədim. Amma deyirsən ki, indi Yardımlıda mişar daşından evlər tikilir. Yəqin ki, mişar daşı Bakıdan aparılıb. Bakıdan mişar daşı aparasan, ev tikəsən, - bu, çox yaxşı haldır.

Bütün bunlar bizim həyata keçirdiyimiz iqtisadi islahatların nəticələridir. Mən bu gün iqtisadi islahatların nəticələrini müzakirə etmək fikrində deyiləm. Sadəcə olaraq, bununla onu təsdiq edirəm ki, iqtisadi islahatları ardıcıl surətdə həyata keçirmək lazımdır. Mən əminəm ki, bu il, gələn il bütün sahələrdə, o cümlədən, aqrar sektorda, kənd təsərrüfatında bizim iqtisadi göstəricilərimiz daha da yüksək olacaqdır.

Mən çox sevinirəm ki, yardımlılar indi belə yaxşı yaşayırlar. Çünki vaxtilə Yardımlı, Lerik və başqa dağlıq rayonların vəziyyəti üçün mənim ürəyim ağrıyırdı. İndi isə mən çox sevinirəm. Məndən həm yardımlılara, həm leriklilərə, həm də bütün rayonların əhalisinə salam çatdırın. Qoy belə işləsinlər, belə də nəticələr əldə etsinlər.

Bugünkü müşavirəmizin əsas məqsədi ondan ibarətdir ki, qarşıda olan bu böyük siyasi tədbirin həyata keçirilməsində sizin hər biriniz öz vəzifənizi layiqincə yerinə yetirəsiniz. Mən ümidvaram ki, bugünkü danışığımız sizə kömək edəcəkdir. Bu sahədə əsas məsələləri həll edən Mərkəzi Seçki Komissiyasının sədri Cəfər Vəliyevdir. Siz bu məsələləri onunla birlikdə həll edəcəksiniz. Sağ olun.

Tarixi arayış