"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İllinoys ştatının ən varlı və elitar ailələrindən biri olan Pritskerlərlə görüşdə söhbətindən" (ABŞ, Çikaqo, 3 avqust 1997-ci il) sənədinə tarixi arayış


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 27 iyul 5 avqust 1997-ci ildə ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə Amerika Birləşmiş Ştatlarında ilk rəsmi dövlət səfərində olub. Dövlət başçısının rəsmi səfəri ABŞ-ın Nyu-York, Vaşınqton, Çikaqo və Hyüston şəhərlərini əhatə edib. Bu səfər zamanı Heydər Əliyev ABŞ-ın həm rəsmi dövlət, həm də işgüzar dairələrinin nümayəndələri ilə yüzdən çox görüş keçirib, danışıqlar aparıb.

Belə görüşlərdən biri də İllinoys ştatının Çikaqo şəhərində 3 avqust 1997-ci ildə ştatın ən zəngin ailələrindən biri olan və müstəqqiliyin ilk illərindən başlayaraq Azərbaycanla iqtisadi əməkdaşlıq münasibətləri quran Pritskerlər ailəsinin nümayəndələri ilə olub.

Görüşdə bu ailəyə məxsus "Hyyat" korporasiyasının prezidenti Tomas Pritsker, "Hyyat develon hant"ın prezidenti Nikolas Pritsker, "Hyyat internəşnl" korporasiyasının prezidenti Beri Koringen, "Bakı otel" şirkətinin prezidenti Paolo Pərviz və digər şəxslər iştirak edib.

Hazırda Pritsker ailəsinə məxsus şirkətin investisiyası əsasında Bakıda nəinki daxili bazarın, həm də bir sıra region ölkələrinin tələbatını ödəmək potensialına malik Bakı Poladtökmə Zavodu, müasir tələblərə tam cavab verən mehmanxana şəbəkəsi istifadəyə verilib və Bakıda yeni avtovağzal kompleksinin tikintisinin layihəsi və əsas konstruksiyası da bu ailəyə məxsus şirkət həyata keçirib. Məlumat üçün qeyd edilməlidir ki, "Hyyat" korporasiyası Azərbaycan iqtisadiyyatına qeyri-neft sektoruna iri investisiya qoyan ilk ABŞ şirkətlərindən biridir.

Görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev "Hyyat" korporasiyasının Azərbaycanda fəaliyyət dairəsini daha da genişləndirmək təkliflərini məmnuniyyətlə dəstəklədiyini və əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib.

Qeyd edək ki, "Hyyat" korporasiyası bu gündə Azərbaycanda öz fəaliyyətini davam etdirməkdədir. Təsadüfi deyil ki, 2008-ci ilin yanvarının sonlarında Davos iqtisadi forumunda iştirak etmək məqsədilə İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın "Global Hyatt" şirkətinin sədri və sahibi Tomas Pritskeri qəbul edib. 25 yanvar 2008-ci ildə reallaşan görüşdə Azərbaycanda iqtisadi sahədə gedən proseslər, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən xidmət sektorunda əldə edilmiş uğurlar, həmçinin adı çəkilən şirkətin indiki və gələcək planlar barədə fikir mübadiləsi aparılıb. (http://www.president.az/)

Tarixi arayış 15 may 2008-ci ildə yeniləşdirilib.