Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstana və Rumıniyaya rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında mətbuat üçün bəyanatı - 29 iyul 1995-ci il


Bolqarıstan və Rumıniya Şərqi Avropa, Balkan ölkələridir və dünyada gedən proseslərdə onların özünəməxsus yeri var. Həmin dövlətlərdə ictimai-siyasi proseslər, dəyişikliklər gedir. Keçmiş Varşava Müqaviləsinin üzvü olmuş bu ölkələrdə də indi sosialist quruluşundan və iqtisadi modelindən yeni formalara keçid dövrüdür. Ona görə də bu ölkələrdə gedən dəyişikliklər və onların təcrübəsi bizim üçün əhəmiyyətlidir.

Bolqarıstan prezidenti cənab Jelyu Jelev və Rumıniya prezidenti cənab İon İliyesku çoxdandır ki, məni öz ölkələrinə rəsmi səfərə dəvət ediblər. İndi imkan tapdığıma görə onların dəvətini yerinə yetirirəm, həm Bolqarıstana, həm də Rumıniyaya rəsmi səfərə gedirəm. Eyni zamanda Buxarestdə Qara Dəniz Hövzəsi Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin rəhbərlərinin görüşü olacaqdır. Bu da çox əhəmiyyətli toplantıdır, həmin təşkilatın üzvü olan ölkələrin dövlət və hökumət başçılarının İkinci Zirvə toplantısıdır. Birinci Zirvə toplantısı iki il bundan əvvəl İstanbulda keçirilmişdir. Fikrimcə, Azərbaycanın iqtisadi problemlərini həll etmək üçün Qara dəniz hövzəsində olan ölkələrlə əməkdaşlıq böyük imkanlar verir.

Şübhəsiz ki, Azərbaycanın həm Bolqarıstan, həm də Rumıniya ilə keçmişdə geniş iqtisadi əlaqələri olubdur. Həmin əlaqələri bərpa etmək, inkişaf etdirmək, möhkəmləndirmək bizim üçün əlverişlidir. Hesab edirəm ki, bu səfərlər Azərbaycan üçün çox əhəmiyyətli olacaqdır.

Buxarest Zirvə toplantısında Qara dəniz hövzəsi ölkələrinin dövlət başçıları ilə ümumi görüşdən əlavə, ikitərəfli görüşlər də olacaqdır. Artıq bir neçə belə görüş planlaşdırılmışdır. Bunlardan Azərbaycanın həmin ölkələrlə əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün istifadə ediləcəkdir. Bir daha qeyd edirəm ki, bu səfər əhəmiyyətlidir və mən onu böyük məmnuniyyətlə həyata keçirirəm.

Sual: Rumıniya ilə Azərbaycan arasında neft sahəsində əməkdaşlıq mümkündürmü?

Cavab: Rumıniya və Azərbaycan neft ölkələridir. Vaxtilə 50-ci illərdə Azərbaycan neftçiləri Rumıniyanın neft sənayesinin inkişafına kömək etmişlər. Bu əlaqələri də bərpa etmək lazımdır.


"Azərbaycan" qəzeti, 30 iyul 1995-ci il.