Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Parlament Assambleyasının sədri xanım Helle Den ilə görüşdəki söhbətindən - İstanbul, "Çırağan sarayı", 19 noyabr 1999-cu il


Heydər Əliyev:  Hörmətli xanım Helle Den. ATƏT-in zirvə görüşünün yüksək səviyyədə, uğurla başa çatması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Onu da xüsusi olaraq qeyd edim ki, mən İstanbul sammitində qəbul olunmuş sənədləri yüksək qiymətləndirirəm.

Helle Den:  Səmimi sözlər və mənimlə görüşə vaxt ayırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. İstanbul sammitinin keçirildiyi günlərdə nail olduğum müvəffəqiyyətlərə görə Sizi ürəkdən təbrik edirəm.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün aparılan birbaşa danışıqlardan razıyam və belə danışıqları müsbət qiymətləndirirəm.

Gələn ilin aprel ayında Azərbaycana səfər etmək niyyətindəyəm. ATƏT-in İstanbul zirvə görüşündə Sizin nitqinizi böyük diqqətlə dinlədim və maraqla qarşıladım. Dərin məzmunlu nitqinizdə qaldırdığınız məsələləri və irəli sürdüyünüz təklifləri yüksək dəyərləndirirəm. Keçiriləcək görüşümüzdə Sizinlə bu barədə ətraflı söhbət edəcəyik.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə ATƏT-in Parlament Assambleyası çox böyük maraq göstərir. Cənab prezident, biz münaqişənin tezliklə həll olunması sahəsində Sizə hər cür yardım göstərməyə, dəstək verməyə hazırıq.

Heydər Əliyev:  Hörmətli xanım! Xoş sözləriniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün yeddi il bundan əvvəl yaradılmış Minsk qrupu çərçivəsində müəyyən işlər görülsə də, təəssüf ki, indiyə qədər bir nəticə əldə edilməmişdir.

Azərbaycan və Ermənistan prezidentləri arasında son vaxtlar birbaşa danışıqlar keçirilsə də münaqişənin sülh yolu ilə həllində ATƏT-in köməyinə çox böyük ehtiyac duyulur. ABŞ prezidenti Bill Klintonla, Fransa prezidenti Jak Şirakla, Almaniya kansleri Gerhard Şröderlə, ATƏT-in icraçı sədri Knut Vollobeklə, Norveçin Baş naziri Kiyel Maqne Bondevik ilə keçirdiyim görüşlərdə bu barədə ətraflı fikir mübadiləsi aparılmışdır. ATƏT-in Parlament Assambleyasının da bu məsələyə yaxından kömək göstərməsi vacibdir.

Sizin gələn ilin aprel ayında Azərbaycana səfər etmək niyyətinizi məmnunluqla qarşılayıram. ATƏT-in Parlament Assambleyasının sədri ilə ölkəmizdə bir çox məsələlər barədə ətraflı söhbət aparacağına əminəm.

Həmin səfərə qədər Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə danışıqlar prosesi davam edəcəkdir. Bu prosesdə ATƏT-in Parlament Assambleyasının da təsir göstərməsi olduqca zəruridir.

Helle Den: Sizin, cənab prezident, fikirlərinizlə həmrəy olduğumu bildirirəm. ATƏT-in Parlament Assambleyası bu prosesi irəli aparmaq üçün hər cür yardım göstərməyə hazırdır. Parlament Assambleyası sülh prosesini dəstəkləmək üçün bütün vasitələrdən istifadə edəcəkdir.

Cənab prezident, hökumətlərin bir-biri ilə danışıq apara bilmədiyi bir sıra məsələlərin həllinə Parlament Assambleyası və onun üzvləri kömək etmək iqtidarındadır. ATƏT-in Parlament Assambleyasının sülh prosesinə təsir göstərməsinin vacibliyi barədə Sizin, cənab prezident, fikrinizi bir daha yüksək dəyərləndirirəm.

Mən Sizin ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları ilə İstanbulda keçirdiyiniz çoxsaylı görüşlərdən məmnunam. ATƏT-in Parlament Assambleyasının tədbirlərində iştirak edən Azərbaycan parlamenti üzvlərinin həmin görüşlərdə bu mövzuda geniş məlumat verməsi vacibdir.

Heydər Əliyev: Hörmətli xanım Helle Den. Mən Sizin fikirlərinizlə şərikəm. Azərbaycan Parlamenti deputatlarının belə tədbirlərdə bundan sonra da fəal iştirak edəcəyini bildirirəm.

Helle Den: Cənab prezident, qarşıdakı işlərinizdə Sizə yeni-yeni uğurlar arzulayıram. Sizinlə Bakıdakı görüşümü səbirsizliklə gözləyəcəyəm.

Heydər Əliyev: Xanım Helle Den, Sizə uğurlar diləyir və Sizi Azərbaycanda səbirsizliklə gözləyəcəyəm. Sağ olun.