Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə təkbətək görüşdəki söhbətindən - İstanbul, "Ceylan interkontinental" oteli, 14 fevral 1998-ci il


Süleyman Dəmirəl: Mənim əziz dostum, qardaşım Heydər Əliyev. Sizinlə bir daha görüşməyimə çox şadam.

Bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Türkiyə Azərbaycanın problemlərinə həmişə böyük diqqət göstərir, bunları öz problemləri sayır. Türkiyə qardaş, dost Azərbaycan cümhuriyyəti ilə bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etməsi və dərinləşməsi üçün səylərini əsirgəməyəcəkdir. Ölkənizin ən çətin problemi Ermənistan-Azərbaycan münaqişəsidir. Bu məsələdə Türkiyənin mövqeyi dəyişməzdir, yəni Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından çəkilməli, qaçqın düşmüş qardaş və bacılarımız öz yurdlarına qayıtmalı, Azərbaycanın ərazı bütövlüyü təmin edilməlidir. Bizimlə qonşu olan Qafqazda, o cümlədən Azərbaycanda möhkəm sülhün bərqərar olması bölgənin bütün xalqlarının rifahı üçün ən önəmli şərtdir. Türkiyə Azərbaycanın qarşılaşdığı münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində, Lissabon prinsipləri əsasında, danışıqlar yolu ilə həllini dəstəkləyir və Minsk qrupunun üzvü kimi bu məsələdə bütün imkanlarından istifadə edəcəkdir.

Heydər Əliyev: Çox hörmətli prezident, əziz dostum və qardaşım Süleyman Dəmirəl.

Mən dost Türkiyəyə hər bir ziyarətimi yüksək qəymətləndirirəm. Ölkələrimizin qarşılıqlı əlaqələrinin daha da inkişafı üçün fikir mübadiləsi aparmaq baxımından belə görüşlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Türkiyə ilə dostluq, qardaşlıq münasibətləri bizim üçün müqəddəsdir. Bu münasibətlər əbədidir və heç bir qüvvə bunu sarsıda bilməz. Biz bütün məsələlərdə, o cümlədən ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan munaqişəsinə sülh yolu ilə son qoyulması sahəsində görülən işlərdə qardaş Türkiyənin dəstəyini daim hiss etmişik və indi də hiss edirik. Bu dəstəyə, yardıma görə biz Türkiyə dövlətinə və xalqına minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikası qonşu Ermənistan barəsində sülhsevər siyasət yeridir. Biz Ermənistanla olan bu müharibəyə son qoymaq, xalqımızı bu müharibədən xilas etmək istəyirik. Ümidvaram ki, Ermənistanın daxilində gedən proseslər, yəni hakimiyyət dəyişikliyi qanun çərçivəsində nəticələnəcəkdir və Ermənistan xalqı öz prezidentini seçəcəkdir. Güman edirəm ki, bu məsələlər həll olunandan sonra Ermənistan öz daxili problemlərini həll edəcək və münaqişənin aradan qaldırılması ilə bağlı danışıqlara yenidən başlamaq mümkün olacaqdır. Azərbaycan məsələnin yalnız dinc vasitələrlə həllinə tərəfdardır və möhkəm sülh əldə edilənədək öz tərəfindən atəşkəs rejimini qoruyub saxlayacaqdır.

Süleyman Dəmirəl: Biz hazırda Azərbaycan və Türkiyə arasında yaranmış əlaqələri yüksək qiymətləndirir, eyni zamanda gələcək işlərimiz haqqında da düşünürük. Biz Turkiyə-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsində Avrasiya nəqliyyat dəhlizinin əhəmiyyətini, xüsusilə Xəzərin Azərbaycan sektorundakı neftin və qaz yataqlarının müştərək işlənməsini yüksək qiymətləndiririk.

Heydər Əliyev: Əziz dostum Süleyman Dəmirəl mən bu gün bir daha Azərbaycanın Xəzər dənizi sektorundakı yataqlardan çıxarılan neftin ixrac olunması üçün böyük neft borusunun Bakı-Ceyhan marşrutu ilə çəkilməsini dəstəkləyirəm. Bu, həm Türkiyə üçün, həm də Türkiyədən sonra Avropa üçün, digər ölkələr üçün çox əhəmiyyətlidir.

Süleyman Dəmirəl: Dəyərli qardaşım Heydər Əliyev, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox genişdir. Hazırda Azərbaycandakı xarici firmalar arasında Türkiyənin iş adamlarının nümayəndələri sayca üstün yer tutur. Bununla belə, onların Azərbaycana daha çox investisiya qoymaları hər iki ölkənin iqtisadiyyatı üçün fayda gətirərdi.

Heydər Əliyev: Əziz dostum, qardaşım Süleyman Dəmirəl. Onu da xüsusi vurğulamaq istəyirəm ki, ölkəmizdə xarici iş adamlarının fəaliyyəti, investisiyaların qorunması üçün hər cür imkan yaradılmışdır. Azərbaycanda iş görmək üçün əsas şərtlərdən biri Azərbaycanın içində olan sabitlikdir. Azərbaycanda ictimai-siyasi vəziyyət sərbəstdir, sabitlik yaranıbdır. Bütün qanunlar var, bu gün olmayan qanunlar da sabah olacaqdır və birlikdə iş aparacağıq.