Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşa Prezidenti Aleksandr Kvasnevski ilə görüşdə söhbətindən - Strasburq, Avropa sarayı, 11 oktyabr 1997-ci il


Aleksandr Kvasnevski: Hörmətli Azərbaycan Prezidenti cənab Əliyev, Sizi səmimiyyətlə salamlayıram və Sizinlə yenidən görüşmək imkanından şad olduğumu bildirirəm.

Heydər Əliyev: Hörmətli cənab Kvasnevski, səmimi sözlərinizə görə təşəkkür edirəm. Yeri gəlmişkən mən də Sizi Avropa Şurasının zirvə görüşündəki məzmunlu çıxışınıza görə təbrik edirəm.

Bu il avqustun axırlarında Polşa Respublikasına ilk rəsmi səfərimdən söhbət açaraq bildirirəm ki, Azərbaycan ictimaiyyəti bu səfərin nəticələrini çox yaxşı qarşılamışdır. Azərbaycan ilə Polşa arasında yaxşı əlaqələr yaranır və bunun daha da genişlənəcəyinə ümid bəsləyirik.

Aleksandr Kvasnevski: Sizin fikirlərinizlə razı olduğumu vurğulayaraq bildirirəm ki, Varşavada imzalanmış sazişlərin reallaşdırılması ilə bağlı məsələlərin konkretləşdirilməsi istiqamətində işlər görülür, o cümlədən Bakıda Polşa səfirliyinin açılması məsələsi həll edilir.

Heydər Əliyev: Müstəqil Azərbaycanın qarşısına çıxan ən cətin problemlərdən biri də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış və ərazimizin iyirmi faizinin erməni hərbi birləşmələri tərəfindən işğalı ilə nəticələnmiş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsidir. Biz bu problemin ATƏT-in Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında həllinə tərəfdarıq. Münaqişəyə sülh yolu ilə son qoyulmasına dair Minsk qrupu həmsədrlərinin son təklifləri də maraq doğurur və ümidvericidir. Bildirirəm ki, vasitəçilər bu məsələnin iki mərhələdə həll olunması təklifini irəli sürürlər. Biz bu təklifləri danışıqların intensivləşdirilməsi üçün əsas kimi qəbul etmişik.

Aleksandr Kvasnevski: Biz də Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılmasını arzulayırıq. Polşa ATƏT-in Lissabon Zirvə toplantısında qəbul olunmuş prinsipləri dəstəkləyir və Minsk qrupunun üzvü kimi bu problemin sülh yolu ilə həllində yaxından iştirak edəcəkdir.

Heydər Əliyev: Ümidvaram ki, Minsk qrupunun üzvü kimi Polşa dövlətinin bu problemin sülh yolu ilə həllində yaxından iştirakı münaqişənin tez bir zamanda aradan qaldırılmasına kömək edəcəkdirə Cənab Kvasnevski, fürsətdən istifadə edərək Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Aleksandr Kvasnevski: Cənab Əliyev, dəvətinizi razılıqla qəbul edirəm.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa