Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin əlahiddə tapşırıqlar üzrə səfiri V.Kazimirovla görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 31 yanvar 1994-cü il


Ümumən danışıqlarımız, demək olar, hər gün intensiv gedir və bunlar nəinki görüşlərdir, həm də müxtəlif məlumat, telefon danışıqları mübadiləsidir. Aydınlıq üçün demək istəyirəm ki, hər halda, son beş-altı ayda Azərbaycan tərəfi atəşin, hərbi əməliyyatların dayandırılması, münaqişəyə səbəb olmuş bütün məsələlərin ədalətlə həll olunması uğrunda daim çıxış etmişdir. Mən Azərbaycan dövləti adından bu bəyanatları Sizinlə, Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinlə, xarici işlər naziri Andrey Kozırevlə görüşlərim zamanı aşkar şəkildə vermişəm, əlbəttə, bunu Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanla görüşlərimdə də bildirmişəm. Onunla dekabrın 23-24-də Aşqabatda axırıncı görüşümüz zamanı mən bu təşəbbüslə bir daha çıxış etmişəm. MDB dövlətləri başçılarının görüşündə mənim bəyanatım yəqin ki, yadınızdadır - bu sənəd rəsmi şəkildə yayılmışdır. Həmin bəyanatda hərbi əməliyyatları dayandırmağı, danışıqlara başlamağı təklif etmişdik, amma bir şərtlə ki, erməni silahlı birləşmələri işğal olunmuş ərazilərdən dərhal çıxarılsın.

Təəssüf ki, bəzi informasiya orqanlarının yaydıqları birtərəfli informasiyalar ucbatından əsl vəziyyət barəsində heç də həmişə düzgün təsəvvür yaranmır. Halbuki müharibə Azərbaycan ərazisində gedir, Azərbaycan ərazisi olan Dağlıq Qarabağ tamamilə erməni silahlı birləşmələrinin nəzarəti altındadır, üstəlik, onlar Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən yeddi rayona da nəzarət edirlər.

Sizin vasitəçiliyinizlə biz barışıq haqqında dəfələrlə saziş bağlamışıq. Hər dəfə də bu sazişlər onunla nəticələnmişdir ki, erməni tərəfi sazişi pozmuş və yeni-yeni rayonları işğal etmiş, məsələni öz mənafeyi naminə zor mövqeyindən həll etmək üçün daha da irəliləməklə hədələmişdir. Bu gün mən sizə bildirmək istəyir və bunu Rusiya Federasiyasının rəhbərliyinə çatdırmağı xahiş edirəm ki, biz hərbi əməliyyatların dayandırılmasına, bu qanlı müharibəyə son qoyulmasına tərəfdarıq. Lakin müəyyən şərtlərlə. Bu şərtlər də şıltaqlıq deyildir, onlar real surətdə yaranmış vəziyyətdən irəli gəlir.

Son vaxtlar hərbi əməliyyatların yenidən başlanmasına gəldikdə, deməliyəm ki, bu da bizim təşəbbüsümüzlə deyil, erməni silahlı birləşmələrinin təşəbbüsü ilə başlanmışdır. Onlar, hədə-qorxu gəldikləri kimi, öz planlarını həyata keçirməyə, Azərbaycanın yeni-yeni rayonlarını işğal etməyə can atırlar ki, öz şərtlərini daha sərt şəkildə irəli sürsünlər. Amma bu dəfə belə cəhdlər baş tutmamış, ermənilər Azərbaycan Silahlı Qüvvələrinin layiqli müqavimətinə rast gəlmiş, çoxlu itkilərə məruz qalmışlar. Müharibə getdiyi şəraitdə itkilər labüddür, hər iki tərəf itkilərə məruz qalır, lakin dediyiniz kimi, hücuma keçən tərəf daha böyük itkilərə məruz qalır. Bəli, hücum edən tərəf ermənilərdir. Buna görə də onlar daha böyük itkilər verirlər. Bunu siz də bilməlisiniz. Erməni mənbələri ictimaiyyəti aldadaraq iddia etməməlidir ki, guya beş min azərbaycanlı həlak olmuşdur. Görəsən, onlar bunu necə hesablamışlar? Bu, doğru deyildir. Bir halda ki, onlar hücum edir, deməli, daha çox itkilərə də onlar məruz qalırlar. Biz tərəfdən də itkilər var. Lakin bu gün mən sizə açıq bildirirəm: biz ədalətli müharibə aparırıq, ona görə ki, öz ərazimizdəyik, biz istəyirik ki, öz torpağımızı işğalçılardan, Ermənistan silahlı qüvvələrindən dinc vasitələrlə baş tutmasa, hərbi yolla təmizləyək. Adamlarımız öz Vətənini müdafiə edərək həlak olur, özü də qəhrəmancasına həlak olurlar. Bəs ermənilər bizim torpağımızda - Füzuli, Ağdam, Kəlbəcər, Ağdərə rayonlarında və müharibə gedən digər rayonlarda nə üçün həlak olurlar? Mən də bilmirəm ki, bu itkilər erməni xalqının xeyrinədirmi?

Fürsətdən və kütləvi informasiya vasitələri nümayəndələrinin burada olmasından istifadə edərək, erməni xalqına müraciət etmək istəyirəm: bu müharibəyə son qoymaq lazımdır. Erməni və Azərbaycan xalqları əsrlər boyu yanaşı yaşayıblar və yanaşı yaşayacaqlar. Tale onları qonşu edib və deməli düşmənçilik həmişə davam edə bilməz. Ermənistanın müxtəlif rayonlarından erməni gəncləri zorla Azərbaycan ərazisinə göndərilir və onlar Kəlbəcərdə, Füzulidə, digər yerlərdə həlak olurlar. Məgər bu, erməni xalqına lazımdırmı? Bu barədə bizim çoxlu sübutlarımız var. Hərbi əsirlərin, hətta mötəbər adamların ifadələri var. Məsələn, onlardan biri də Ermənistanın Qukasyan rayonunun sabiq partiya komitəsinin birinci katibidir. O, vaxtilə Bakı Ali Partiya Məktəbində təhsil almışdır. Bu adamlar bildirirlər ki, onları müharibəyə zorla göndərir, onlara və ailələrinə hədə-qorxu gəlirlər. Buna görə də onların çarələri qalmır: ya orada həlak olmalıdırlar, ya da burada.

Son hərbi əməliyyatlar həqiqətən fəal surətdə aparılır, bu əməliyyatların şiddətlənməsinə səbəb isə erməni silahlı birləşmələrinin hücumudur. Lakin onlar bu dəfə yanılmışlar, çünki indi Azərbaycan Ordusu bir neçə ay bundan əvvəlki ordu deyildir. İndi o, müdafiə olunmaq, öz torpaqlarını qorumaq və Azərbaycanın işğal edilmiş rayonları ərazisində döyüş əməliyyatları aparan erməni silahlı birləşmələrinə layiqli cavab vermək iqtidarındadır.

Buna görə də mən erməni xalqına və Ermənistan rəhbərliyinə müharibəyə son qoymaq çağırışı ilə müraciət edirəm. Bilmək lazımdır ki, güc mövqeyindən yeridilən siyasət bir nəticə verməyəcəkdir. Biz Azərbaycan Respublikası üçün, Azərbaycan xalqı üçün hər hansı təhqiramiz sazişə heç cür yol verməyəcəyik. Öz suveren respublikamızı, onun ərazisini qorumaq üçün bizim kifayət qədər qüvvə və imkanlarımız var.

Siz fevralın 1-dən barışıq təklif edir və bunu ATƏM-in Minsk qrupunun yeni sədrinin öz vəzifəsinə başlaması ilə bağlayırsınız. Mən yeni sədri salamlayıram. Lakin bununla yanaşı, xatırlatmaq istəyirəm: Minsk qrupunun sabiq sədri cənab Raffaelli ötən ilin iyulunda Bakıda olmuşdu, biz onunla görüşdük və çox fəal əməkdaşlıq etdik. O, sonra Ağdamda oldu. Biz onun gətirdiyi sənədlə - qoşunların Kəlbəcər rayonundan çıxarılması cədvəli ilə tamamilə razılaşdıq. Lakin o, Azərbaycandan çıxıb getməmiş, erməni silahlı qüvvələri Ağdam rayonunu qəsb etdilər. Biz Minsk qrupuna, onun sabiq və indiki rəhbərlərinə hörmətimizi bildirərək Minsk qrupunun yeni sədri cənab Eliassonun fəaliyyətə başlamasını yeni sülhsevər addımla əlamətdar etməyə hazırıq. Bəs erməni tərəfi buna hazırdırmı? Faktlar bunun əksini göstərir. Axı Ermənistan Minsk qrupunu da, Raffaellinin özünü də təhqir etmişdir. Zənnimcə, Ermənistan Rusiya Federasiyasının xüsusi nümayəndəsi Vladimir Nikolayeviç Kazimirovu da təhqir etmişdir. O, xoş məramla, burada beş gün ərzində üzərində işlədiyimiz sazişin layihəsi ilə Qazaxdan Ermənistana gedərkən atəşə tutulmuş və yalnız möcüzə nəticəsində sağ qalmışdır. O vaxtlar Rusiya Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Nazirlər Soveti layiqli bəyanat vermiş, amma erməni tərəfi heç üzr də istəməmişdir. Lakin biz bunu unuda bilmərik. Belə düşünürəm ki, bunu siz də unutmamalısınız. Hər halda, biz razılaşa bilmərik ki, Ermənistan öz hökmünü yeritsin. Bu tərəfdaşla sülh dilində danışmaq olduqca çətindir və buna siz özünüz də şahidsiniz. Siz Ermənistanda, Dağlıq Qarabağda, Xankəndidə olmusunuz, lakin bilmirəm onlar dalda-bucaqda sizdən üzr istəyiblər, ya yox. Əslində isə onlar rəsmi surətdə üzrxahlıq etməmişlər. Bu isə beynəlxalq praktikada görünməmiş faktdır.

Sizin buraya gəlişinizi və təşəbbüslərinizi böyük məmnunluqla qarşıladım. Fürsətdən istifadə edərək, erməni xalqına, Azərbaycan vətəndaşları olan Dağlıq Qarabağın erməni sakinlərinə üz tutub, onları ağıl-kamala çağırıram, çünki bu çoxillik müharibə heç nə verməmişdir. Mənə söylədilər ki, Martuni rayonundan olan əsir düşmüş bir gənc demişdir: "biz müharibə etmək istəmirik, biz burada yaşamışıq və azərbaycanlılarla dostcasına yaşamaq istəyirik, onlara qarşı heç bir iddiamız yoxdur. Lakin bizi məcbur edir, oraya zor gücünə göndərirlər. Elə adamlar var ki, bizi bu müharibəyə təhrik edirlər".

Mən Dağlıq Qarabağın bütün sakinlərinə müraciət edərək onları silahı yerə qoymağa çağırıram, Azərbaycan Respublikasının prezidenti kimi, Dağlıq Qarabağda yaşayan bütün ermənilərin Azərbaycanın bərabərhüquqlu vətəndaşları tək tam təhlükəsizliyinə təminat verirəm. Biz bu şərtlərlə hərbi əməliyyatları dayandıra bilərik, barışıq müqaviləsi bağlaya, saziş əldə edə bilərik.

"Azərbaycan" qəzeti, 1 fevral 1994-cü il.