Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Süleyman Dəmirələ - Bakı şəhəri, 28 oktyabr 1999-cu il


Hörmətli cənab prezident!

Əziz dostum və qardaşım!

Türkiyə Respublikasınının milli bayramı - Cümhuriyyət elan edilməsinin 76-cı ildönümü münasibətilə Sizi və qardaş Türkiyə xalqını ürəkdən təbrik edirəm.

Sizin Azərbaycana bu yaxınlardakı səfəriniz zamanı olan görüşləri məmnuniyyətlə xatırlayıram. Onlar Azərbaycan ilə Türkiyə Respublikası arasında həmrəyliyin, dostluq və mehribanlığın güclü və sarsılmaz olduğunu bir daha sübut etdi.

Türkiyə Cümhuriyyəti 76 il ərzində şərəfli yol keçmiş və xalqınız böyük Mustafa Kamal Atatürkün ideyalarına daim sədaqət nümayiş etdirərək milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamaqla Türkiyəni dünyanın iqtisadi сəhətdən inkişaf etmiş qüdrətli bir ölkəsinə, demokratik vətəndaş cəmiyyətinin bərqərar olduğu dünyəvi və hüquqi dövlətə çevirmişdir. Türkiyə Cümhuriyyətinin yüksək nailiyyətləri ilk növbədə türk xalqının qəhrəmanlığı, fədakarlığı, öz dövlətini inkişaf etdirmək əzmi ilə bağlıdır. Türkiyənin bugünkü nailiyyətləri bizi çox sevindirir və qəlbimizdə iftixar hissi doğurur.

Sizin keçdiyiniz yol gənc müstəqil dövlət olan Azərbaycan üçün təcrübə məktəbidir, böyük örnəkdir. Türkiyə ilə Azərbaycanın əlaqələri bütün sahələrdə sürətlə inkişaf edir. Mən ölkələrimizin tarixi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin getdikcə genişlənməsini və möhkəmlənməsini yüksək qiymətləndirirəm.

Əminəm ki, eyni mədəniyyətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrə malik olan xalqlarımız həmişə bir-birinə dayaq olduqları kimi, bundan sonra da birgə addımlayacaqlar.

Əziz dostum və qardaşım!

Siz Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində və regionda sülh yaradılmasında misilsiz xidmətlər göstərirsiniz. Əminəm ki, birgə səylərimiz və şəxsi münasibətlərimiz sayəsində ölkələrimizin uğurla inkişaf edən mehriban dostluq əlaqələri və işbirliyi bundan sonra da kökü, dili və amalı bir olan xalqlarımızın rifahının yüksəlməsinə, regionda sülhün və əmin-amanlığın möhkəmlənməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək mən qardaş Türkiyənin məruz qaldığı zəlzələ ilə əlaqədar dərdinizə şərik çıxdığımı bir daha bildirir və fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Cümhuriyyət bayramının ildönümündə Sizə, Azərbaycan xalqının və dövlətinin sınanmış dostuna dərin hörmət və ehtiramımı bildirirəm, Türkiyə xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram.

Səmimiyyətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.