Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Rəisi, Korpus Generalı Köksal Karabayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 15 iyun 2001-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Sizin bu günlərdə Azərbaycanda olmağınızdan çox məmnunam. Mən bilirəm ki, siz bu günlər Azərbaycan Silahlı Qüvvələrinin, ordumuzun bəzi hissələrində olmusunuz. Buna görə təşəkkür edirəm. Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri bütün sahələri əhatə edir, Allaha şükürlər olsun ki, bütün sahələrdə inkişaf edir. Mən bu ilin mart ayında Türkiyədə rəsmi səfərdə olarkən bir çox görüşlər keçirdim. Təbiidir ki, hörmətli prezident Əhməd Necdət Sezərlə, Baş nazir hörmətli Bülənd Ecevitlə, Baş nazirin müavinləri ilə, Baş Qərargah rəisi hörmətli Hüseyn Kıvrıqoğlu ilə və digərləri ilə görüşlər keçirdim. Böyük Millət Məclisində nitq söylədim. Mən orada da, başqa görüşlərimizdə də Azərbaycanın Türkiyə ilə əlaqələrinə nə qədər qiymət verdiyimizi və bu əlaqələrin bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etdim. Yəni, bəlkə bunları təkrar etməyə o qədər də ehtiyac yoxdur. Çünki Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bizim Türkiyə ilə əlaqələrimiz xüsusi xarakter, prioritet xarakter daşıyır. Yəni bu, strateji əməkdaşlıq xarakteri daşıyır. Amma eyni zamanda, bunları vaxtaşırı deməklə, insanlara, cəmiyyətə, millətimizə çatdırmaqla biz bu dostluğu, qardaşlığı daha da möhkəmləndiririk.

Bizim Türkiyə ilə əməkdaşlığımızın bir sahəsi də budur ki, siz artıq bir neçə ildir Azərbaycan Silahlı Qüvvələrinə təlim məsələsində yardım edirsiniz. Mən bunu çox yüksək qiymətləndirirəm. Yəni biz bu sahədə ancaq Türkiyə ilə əməkdaşlıq edirik. Başqa heç bir ölkə ilə bu sahədə əməkdaşlığımız yoxdur. Hesab edirəm ki, sizin həm Baş Qərargah rəisinin, həm də ondan aşağı vəzifələrdə olan, çalışan insanların vaxtaşırı Azərbaycana gəlməsi, buradakı işlərin vəziyyəti ilə tanış olması bizim üçün çox əhəmiyyətlidir. Ona görə təşəkkür edirəm və çox məmnunam ki, siz buradasınız və mən də sizinlə görüşürəm.

Köksal Karabay: Hörmətli Cümhur başqanım, sağ olun. Mən bugünkü böyük bayramınızı ürəkdən təbrik edirəm. İnşallah, bu bayram illərlə yaşayacaqdır.

Cənab Prezident, Sizin çox gözəl bir kəlamınız var: Biz bir millət, iki dövlətik. Biz hər şeyi bu şəkildə düşünürük və işbirliyimiz də bu çərçivədə həyata keçirilir. Mən beş il bundan öncə, Engin Paşa burada attaşe olarkən Bakıya gəlmişdim. Beş ildən sonra, indi Azərbaycanda istər iqtisadi, istər siyasi sahədə, istərsə də silahlı qüvvələrdə çox böyük inkişaf gördüm. Türkiyə və Azərbaycan vətəndaşları Sizin söylədiyiniz kimi, böyük bir millət olaraq, birgə çox gözəl çalışmışlar, böyük inkişaf əldə etmişlər. Türkiyə ilə Azərbaycanın qardaşlığı hər zaman davam edəcəkdir.

Cənab Prezident, mən hörmətli Baş Qərargah rəisimizin salamlarını, hörmət və ehtiramını Sizə çatdırıram. Çox sağ olun. Mən bizə göstərilən qonaqpərvərlik və səmimi qəbul üçün də Sizə dərin minnətdarlığımızı bildirirəm.

Heydər Əliyev: Çox təşəkkür edirəm. Sizin bu fikriniz mənim üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan bir müstəqil dövlət kimi, gəncdir və ordumuz da, silahlı qüvvələrimiz də gəncdir. Siz bilirsiniz ki, Azərbaycan keçmişdə Sovetlər Birliyində olanda heç bir cümhuriyyətin - Sovetlər Birliyinə 15 cümhuriyyət daxil idi, o cümlədən Azərbaycan - öz ordusu yox idi. Bir ordu var idi - sovet ordusu. Azərbaycanın da hansı ki, orduda xidmət etmək yaşına çatan vətəndaşları gedib orada xidmət edirdilər. Amma bəzi azərbaycanlılar da hərbi məktəblərdə, akademiyalarda təhsil alıb, sovet ordusunun müxtəlif yerlərində xidmət edirdilər. Biz ildə 60-70 min gənci sovet ordusuna göndərirdik. Onda orduda iki, üçillik xidmət müddəti var idi. Ancaq hərbi ali məktəblərdə oxumaq və peşəkar hərbçi olmaq, xidmət etmək - azərbaycanlılarda buna maraq o qədər də çox deyildi. Məsələn, burada, Azərbaycanda sovet ordusunun bir çox böyük hissələri dururdu. Amma hamısında başqa millətlərin nümayəndələri xidmət edirdi, içində bir-iki nəfər azərbaycanlı var idi.

Məsələn, indi görürsünüz, general Ağahüseynov çox az-az insanlardan biridir ki, o vaxtlar orduda müxtəlif yerlərdə xidmət etmişdir. Sonra da Berlində, Stalinqradda hava hücumundan müdafiə qüvvələrində xidmət edibdir. Sonra mən Azərbaycana rəhbərlik edən zaman dedim ki, bir azərbaycanlı da gəlsin. Ondan öncə bizim həmin o sahə üzrə bir generalımız vardı - Hüseyn Rəsulbəyov, o da burada hava hücumundan müdafiə qüvvələrində xidmət edirdi. Bunlar çox az idilər. Elə bizim Müdafiə nazirimiz də o azlıqların içində olan bir adamdır ki, gedib Moskvada Hərbi Akademiyanı bitirmişdi, haradasa xidmət edirdi. Mən o vaxt Azərbaycana rəhbərlik edəndə çox düşünürdüm ki, nə üçün azərbaycanlılardan elm adamları var, mədəniyyət adamları var, alimlər var, mühəndislər var, yəni bütün sahələrdə - sənayedə, başqa sahələrdə çalışan çox dəyərli insanlarımız var, amma orduda yoxdur? Ona görə də çalışırdım ki, bizim Azərbaycanın gənc insanlarını hərbi məktəblərə daha çox cəlb edim. Çünki birincisi, onların özündə o qədər həvəs yox idi. İkincisi, bir neçə çətinliklər də var idi. Hərbi məktəbdə oxumaq üçün gərək rus dilini biləydin. Rus dilini isə bizdə bilənlər çox idi, amma bilməyənlər də çoxdu. Demək, əgər rus dilini bilmirsə, o, hərbi məktəbə girə bilməzdi. Siz bilirsiniz ki, gərək fiziki hazırlıq olsun. Orada komissiyalar, filanlar baxırdılar. Üçüncüsü də, bəziləri rus dilini az-çox bilirdi, fiziki hazırlığı da var idi, amma bizimkiləri o qədər də qəbul etmirdilər. Mən bu işlərlə çox məşğul olurdum.

İndi mənə dedilər, siz hərbi liseydə, Naxçıvanski adına Hərbi Məktəbdə olmusunuz. Mən onu 70-ci illərdə yaratdım. O vaxtlar bu, Sovetlər Birliyində ilk lisey idi. Moskvadan mənə çox iradlar tutdular ki, bu nəyə lazımdır, nə istəyirsən? Yəni bunlar hamısı Sovetlər Birliyinin Müdafiə Nazirliyinin tərkibində olmalıdır. Amma mən bunu Müdafiə Nazirliyinin xaricində yaratdım. Onlar da dedilər ki, bu qanunsuzdur. Moskvadan bir neçə dəfə gəldilər, araşdırdılar. Məni məcbur edirdilər ki, bunu bağlayım. Dedim, olmaz. Bunu nə üçün etdim? Çünki onillik məktəbdir, məqsədim yeddinci sinifdən sonra buraya gələn uşaqlara üç il ərzində həm rus dilini öyrətmək, həm də hərbi peşəyə həvəs oyatmaq, onları fiziki cəhətdən hazırlamaq, sonra isə hərbi ali məktəblərə göndərmək idi. Burada iki hərbi məktəb var idi. Biri ümumkomandirlər məktəbi, biri də hərbi dənizçilik məktəbi idi. Hərbi dənizçilik məktəbi Sovetlər Birliyində öz səviyyəsinə görə ikinci yerdə duran məktəb idi. Biri Leninqradda idi, ikincisi burada. Başqa yerlərdə də var idi. Amma bu çox güclü bir məktəb idi. Mən o məktəblərə getdim, görüm burada nə qədər azərbaycanlı var. Ümumkomandirlər məktəbinə ildə 350 nəfər daxil olurdu. Neçə azərbaycanlı qəbul olunurdu - 15-20 nəfər. Qalanları kim idi - SSRİ-nin digər millətlərindən. Sonra hərbi donanma məktəbinə getdim ki, görüm oraya ildə neçə azərbaycanlı qəbul olur. Bir, ya iki nəfər. Bəs müəllimlərdən kim var? İki-üç nəfər. Dedim ki, belə şey olmaz, gərək azərbaycanlılar da daxil olsunlar. Amma mənə deyirdilər ki, azərbaycanlılar imtahan verə bilmirlər. Ona görə də mən bu liseyi yaratdım ki, bundan gələcəkdə istifadə edək. Amma burada çalışdığım son illərdə - mən Moskvaya 1982-ci ildə getdim - artıq buradakı hərbi məktəblərin kursantlarının 50 faizindən çoxu azərbaycanlılar idi. Hətta Moskvadan şikayət edirdilər ki, siz bu məktəbləri əlinizə keçirmisiniz. Şikayət edirdilər.

Təbiidir, mən o vaxtlar, birincisi, istəyirdim ki, azərbaycanlılar hər yerdə olsun. İkincisi də, düşünürdüm ki, nə vaxtsa bizə öz milli ordumuz lazım olacaqdır. Ona görə də mən bu işləri etdim. İndi görünür ki, bunları düz etmişəm. İndi bunlar lazımdır. Bizim milli ordu yarananda kadrlarımız olmamışdır. O kadrlar, hansılar ki, Rusiyanın məktəblərində oxumuşlar, gəlmişlər, amma bir qismi də gəlməmişdir. Sonra bilirsiniz ki, Azərbaycanda sabitlik olmamışdır. Ermənistan ilə savaş gedirdi. Ona görə də bu dövr çox çətin, ağır bir dövr idi. Amma indi biz sizin yardımınızla bu işlərlə məşğul oluruq. Mənə belə gəlir ki, siz həmin hərbi məktəblərdə oldunuz, gördünüz. Hər halda, indi beş ildən sonra gəlib dəyişiklikləri görürsünüz, sizin qiymətiniz mənim üçün çox əhəmiyyətlidir, önəmlidir. Çünki mən çox sıxılıram. Nazirə də deyirəm, bunu etmədin, onu etmədin. Amma siz gəlib deyəndə ki, beş il müddətində inkişaf var, bu məni sevindirir. Amma mən yenə də narazıyam. Yenə də hesab etmirəm ki, bu yetərlidir. Yetərli deyil, hələ çox iş görmək lazımdır.

Köksal Karabay: Hörmətli Cümhur başqanım, biz Müdafiə Nazirliyinizlə çox gözəl işbirliyi həyata keçiririk. Hər şeyi bir gündə etmək mümkün deyil, insanı yetişdirməyin özü zaman, vaxt tələb edir. Amma bu gün Azərbaycanın ordusu var. Dünya standartlarına uyğun hərbi məktəbi var, bu il ilk məzunları olacaqdır. Hərbi məktəblərdə Azərbaycanın özünün müəllimləri var. Bu, gələcəkdə daha da gözəl olacaqdır. Azərbaycanın hərbi akademiyası var. Ali təhsilli hərbçilər yetişdirir. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin akademiyası var. İnşallah, bu il Azərbaycanda piyadalar, topçular, tankçılar üçün məktəblər yaradacağıq. Bunlar daxili qoşunlar, sərhəd qoşunları və Müdafiə Nazirliyinə bağlı hərbi hissələr üçün də olacaqdır. Azərbaycanın komandirləri var, gözəl silahlı qüvvələri var. Ümumiyyətlə, hər şey bəllidir. Sizin söylədiyiniz müstəqil ordu quruldu. Amma təbii ki, inkişafın sərhədi yoxdur. Ona görə də biz bu gözəl işbirliyimizi davam etdirəcəyik. Amma indi Sizin söylədiyiniz kimi, Azərbaycan hər şeyə milli ordusu, məktəbləri ilə başladı. Biz də bundan böyük iftixar, qürur duyuruq. Mən burada olarkən qardaş ölkədəki gözəl inkişafdan çox sevindim, məmnun oldum.

Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Əldə etdiyimiz bütün bu nailiyyətlərə görə, bizə göstərilən yardıma görə mən Türkiyə Cümhuriyyətinə təşəkkür edirəm. Türkiyə ordusuna, xüsusən, Baş Qərargah rəisinə, sizlərə, burada çalışan müdavimlərinizə, generalınıza - hamısına təşəkkür edirəm. Güman edirəm ki, bu işbirliyi bundan sonra daha da sürətlə davam edəcəkdir.

Dediniz ki, bu gün bayram günüdür. Bəli, bu da tarixi bir gündür. Səkkiz il bundan öncə mənim Azərbaycana rəhbərlik, başqanlıq etməyim günüdür. Doğrudur, mən hesab etmirəm ki, bu, böyük bir hadisədir. Çünki mən keçmişdə də, sovet vaxtında Azərbaycana 14 il rəhbərlik etmişdim. Ancaq 1993-cü ildə Azərbaycan dağılırdı. Bunu bilirsiniz. Dağılırdı, parçalanırdı. Ola bilərdi ki, Azərbaycan olmasın. Amma xalq məni tələb etdi, gəldim. Çox böyük imtahanlardan keçdik, sınaqlardan keçdik. İndi Azərbaycan müstəqil bir dövlət kimi, ayaq üstə möhkəm dayanır. Siz dediyiniz kimi, iqtisadi cəhətdən inkişaf edir, hər şey inkişaf edir. Bundan sonra da inkişaf edəcəkdir.