Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Baş naziri Bülənd Ecevit ilə təkbətək görüşdəki söhbətindən - Ankara, Çankaya köşkü, 2 noyabr 1999-cu il


Bülənd Ecevit:  Cənab prezident, xoş gəlmişsiniz. Sizinlə görüşümdən son dərəcə məmnunam. Fürsətdən istifadə edərək Sizi Atatürk Sülh Mükafatı almağınız münasibətilə təbrik edirəm.

Heydər Əliyev:  Təşəkkür edirəm. Azərbaycan ilə Türkiyə arasında dostluq sarsılmazdır. Bütün Azərbaycan xalqı qardaş Türkiyədə baş verən zəlzələnin müsibətli nəticələrinin tezliklə aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır. Mən dostum, qardaşım Süleyman Dəmirəllə zəlzələnin mərkəzində - Kocaelidə, İzmitdə oldum.

Çadırlarda müvəqqəti məskunlaşdırılmış insanlarla görüşdüm. Ağır fəlakətlə üzləşmiş bu insanların iradəsinə, vətənpərvərlik və dözümünə heyran oldum.

Bülənd Ecevit: Cənab prezident, yeri gəlmişkən Azərbaycanın Türkiyəyə göstərdiyi humanitar yardıma görə, Sizə minnətdarlığımı bildirirəm. Biz həmişə olduğu kimi, ağır günümüzdə də dost Azərbaycanın qayğı və məhəbbətini, dəstəyini hiss etdik, onun əməli köməyini gördük.

Heydər Əliyev: Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək üçün həm Azərbaycan, həm Türkiyə həmişə birlikdə çalışır və bundan sonra da çalışacaq. Biz Xəzər neftinin dünya bazarlarına çıxarılması üçün çəkiləcək Bakı-Ceyhan əsas neft kəmərinin tikintisi ilə əlaqədar bütün məsələlərin uğurla həll olunması üçün əlimizdən gələni etməliyik.

Bülənd Ecevit: Bəli, biz bütün məsələləri hərtərəfli müzakirə etməli, fikirlərimizi bir-birimizlə bölüşdürməliyik. Azərbaycan xalqı bu gün Qarabağ faciəsini yaşayır. Sizin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizama salınması sahəsində Azərbaycan prezidenti kimi gördüyünüz işləri, etdiyiniz səyləri biz də çox qiymətləndiririk, Sizi dəstəkləyirik.

Heydər Əliyev: Çox sağ olun. Dost Azərbaycan və Türkiyənin qardaş xalqları ölkələrini maraqlandıran bütün məsələləri həll etməyə çalışırlar. Mən Sizi, cənab Baş nazir, Azərbaycana rəsmi səfərə dəvət edirəm. Bizi maraqlandıran bütün məsələləri birlikdə həll edəcəyik.

Bülənd Ecevit: Dəvətiniz üçün təşəkkür edir, məmnuniyyətlə qəbul edirəm, cənab prezident.