Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyanın energetika, sənaye və istehsal nazirinin müavini Mario Valduççi ilə görüşü - Prezident sarayı, 4 iyun 2002-ci il


Qonağı səmimiyyətlə salamlayan Azərbaycan Prezidenti Heydər Əliyev Bakıda keçirilən beynəlxalq neft-qaz sərgisinə İtaliya hökumətinin münasibətinin diqqətəlayiq olduğunu vurğuladı, «Eni» şirkəti ilə yaxşı əməkdaşlığın davam etməsini və bu şirkətin Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin inşasına qoşulmasını yüksək qiymətləndirdi. Böyük gələcəyə malik bu layihədə iştirakın düzgün qərar olduğunu bildirən Prezident Heydər Əliyev İtaliya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələrindən də söhbət açaraq dedi ki, biz bu əlaqələrə xüsusi əhəmiyyət veririk və daha da genişlənməsini istəyirik.

Səmimi qəbula görə respublikamızın rəhbərinə təşəkkür edən cənab Mario Valduççi Prezident Heydər Əliyevə İtaliyanın Baş naziri cənab Berluskoninin xoş arzularını və sərgi münasibətilə təbriklərini yetirərək bildirdi ki, İtaliya hökuməti Azərbaycanla həm iqtisadi, həm də siyasi sahədə əlaqələri möhkəmləndirmək, genişləndirmək fikrindədir.

Qonaq «Eni» şirkətinin ARDNŞ ilə yaxşı əlaqələr qurduğunu vurğuladı, bu şirkətin Bakı–Tbilisi–Ceyhan layihəsinə qoşulmasını təqdirəlayiq hal kimi dəyərləndirdi. Bakıda İqtisadi İnkişaf naziri ilə keçirdiyi görüşü xatırladan qonaq dedi ki, İtaliyanın iqtisadi modelini, yəni kiçik və orta biznesin fəaliyyətinə əsaslanan modeli öyrənmək məqsədi ilə nazir Fərhad Əliyev İtaliyaya gələcək və orada sənəd imzalanacaqdır. Azərbaycan təbii-coğrafi şəraitinə görə digər qonşu ölkələrə bənzəmir.

Ona görə burada iqtisadiyyatın daha da inkişafı üçün real imkanlar var və kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik ölkə kimi, İtaliyanın şirkətləri bu işdə yardımçı ola bilərlər. İtaliya şirkətləri üçün yaxşı şərait yaradılarsa, onlar Uzaq Şərqə getməkdənsə, Azərbaycanı üstün tutub burada işləyərlər.

Prezident Heydər Əliyev qonağın fikri ilə razılaşaraq vurğuladı ki, kiçik və orta biznesin inkişaf etdirilməsi Azərbaycan üçün ən düzgün, doğru yoldur. Bu baxımdan İtaliyanın iqtisadi modeli bizim üçün çox uyğundur. Azərbaycanın kənd təsərrüfatı, iqtisadiyyatın başqa sahələri İtaliyadakına bənzərdir, yaxındır. Buna görə də İtaliya modelinin Azərbaycanda tətbiq olunması, hesab edirəm, çox zəruridir və siz bunu tamamilə düz buyurursunuz. Bizim İqtisadi İnkişaf nazirinin İtaliyaya səfəri olacaqsa, sizinlə əməkdaşlıq haqqında saziş imzalaya bilərik.

Mən çox şad olardım ki, İtaliyanın kiçik və orta biznes nümayəndələri Azərbaycana gəlsinlər, fəaliyyət göstərsinlər və İtaliya modelinin tətbiqinə yardım etsinlər. Belə olanda onların Uzaq Şərqə getməsinə ehtiyac yoxdur.

Dövlətimizin başçısı dedi ki, ölkələrimizin iqlimi də, insanların bəzi xüsusiyyətləri də bir-birinə bənzərdir. Siz bu modeli bizə çox inamla təklif edirsiniz. Mən bu modeli qiymətləndirirəm. Əgər onun Azərbaycanda tətbiqi mümkündürsə, bu bizim üçün çox böyük hadisə olacaqdır. Neft-qaz sektorunda əməkdaşlığımız var və bunu genişləndirmək də mümkündür.

Həm «Eni», həm də o qrupa daxil olan başqaları çox etibarlı şirkətlərdir.