Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Atatürk Sülh Mükafatı Komissiyasının sədri, Atatürk dil və tarix qurumunun rəhbəri, professor Rəşad Gənc ilə görüşdə söhbətindən - 2 noyabr 1999-cu il


Heydər Əliyev:  Rəşad bəy, sizi bir daha salamlayıram. Çox məmnunam.

Rəşad Gənc:  Sayın cümhur başqanım, Sizə hörmət və ehtiramımı bildirirəm. Bir daha xoş gəlmişsiniz! Sizi burada görməkdən həqiqətən çox məmnunam. Bizim iki cümhur başqanımız vardır. İkincisini də burada görmək həqiqətən bizi çox şad etdi. Sizi sağsalamat gördük və yenə də çox sevindik. Sizə Allahdan cansağlığı və çox uzun ömür diləyirəm. Cənab prezident, Beynəlxalq Atatürk Sülh Mükafatımızı aldığınıza görə də Sizə xüsusi təşəkkür edirəm.

Heydər Əliyev:  Çox sağ olun. Siz Azərbaycanın böyük dostusunuz. Biz də sizi çox sevirik. Mən bizim böyük elçi vasitəsilə sizə həmişə salamlarımı yetirmişəm.

Rəşad Gənc: Cənab prezident, Sizin salamınızı həmişə alıram. Mən də Sizə hər zaman hörmət və ehtiramımı bildirirəm.

Heydər Əliyev: Çox təşəkkür edirəm. Atatürk Sülh Mükafatının mənə verilməsi haqqında qəbul etdiyiniz qərar mənim üçün tarixi bir qərardır. Mən bilirəm ki, bu qərarı qəbul etmək o qədər də asan bir iş deyildi. Çünki siz bir çox namizədlərdən birini seçməli idiniz. Sizin bu barədə mənə münasibətiniz də, bu işə səs verməyiniz də çox önəmlidir. Bilirəm ki, sizin bu mükafat komissiyasının başqanı kimi, buna Baş nazir rəhbərlik edir.

Rəşad Gənc: Bəli, cənab prezident. Bu, Atatürk Dil və Tarix Qurumunun qərarı ilə yaradılmış bir mükafatdır. Ona görə də bununla bağlı işləri biz görürük. Nəticədə təkliflərimizi hörmətli Baş nazirin rəhbərlik etdiyi yüksək quruma ərz edirik. Mən də oranın üzvüyəm. Orada da görüşlər keçiririk və nəticədə bir qərar çıxarırıq. Hörmətli cümhur başqanımıza ərz edildikdən, onun təsdiqindən sonra da nəticə tam hasil olur. Mən burada səmimiyyətlə ifadə etmək istəyirəm ki, Sizin bu sülh mükafatını almağınız üçün namizədliyiniz hörmətli Süleyman Dəmirəl tərəfindən verilmişdi. Təbii ki, cümhur başqanımızın namizədi kimi nəticə hökmən belə olmalı idi. Amma nəticə etibarilə biz də hesab edirik ki, həqiqətən bu mükafat layiq olduğu insana verilir. Onu hörmətli cümhur başqanımızın söylədiyi kimi, XX yüzilliyin tarixində mütləq qeyd olunacaq böyük bir dövlət adamının almasına biz çox şadıq, sevinirik. Bu mükafat həqiqətən layiq olan insana verililədir.

Heydər Əliyev: Çox təşəkkür edirəm. Bizim dostluğumuz, qardaşlığımız çox səmimidir. Mən sizi Azərbaycanda görmək istəyirəm. Bilirəm, siz elm adamısınız, böyük elmi işlərlə məşğulsunuz. Amma mən sizi qonağım kimi Azərbaycana dəvət edirəm. Sizin imkanınız olan zaman bizim böyük elçinin vasitəsilə mənə xəbər verərsiniz. Nə proqram lazım olsa, onu da edərik. Orada görüşüb ətraflı söhbətlər edərik. Çünki Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını hər gün irəliyə aparmaq lazımdır. Heç bir şey yerində duranda yaramaz. Hər şey inkişafda olmalıdır. Dostluğumuz, qardaşlığımız bu gün çox yaxşı bir vəziyyətdədir.

Rəşad Gənc: Cənab prezident, bu, Sizlərin sayəsində olmuşdur.

Heydər Əliyev: Sabah bundan da yüksək olmalıdır. Ona görə mən sizi Azərbaycana dəvət edirəm. Sizi orada qonağım kimi görməkdən məmnun olacağam. Türkiyə-Azərbaycan dostluğuna göstərdiyiniz xidmətlərə görə də sizə təşəkkür edirəm.

Rəşad Gənc: Mənim üçün həyatımın ən böyük bəxtiyarlılığı Sizin - dünya miqyasında böyük bir liderin, böyük bir dövlət adamının, hörmətli bir prezidentin dəvətlisi olmaqdır. Bu, həqiqətən böyük şərəfdir. Mən böyük elçinizlə görüşüb münasilə bir vaxtda gələcəyəm. İnşallah, onda Azərbaycanda bir şadlıq vəsiləsi olacaqdır. Bakıda Millətlərarası Beynəlxalq toplantı keçirilən zaman orada Sizi ziyarət etmək mənim üçün böyük bir sevinc, şadlıq olacaqdır. Çox təşəkkür edirəm.