Tacikistan Respublikası Ali Sovetinin sədri İmaməli Rəhmanov cənablarına - 9 sentyabr 1993-cü il


Hörmətli cənab prezident!

Azərbaycan xalqı adından və şəxsən öz adımdan sizi və bütün qardaş Tacikistan xalqını istiqlaliyyət günü münasibətilə təbrik edirəm. Əminəm ki, ölkələrimizin suverenliyi kimi tarixi nailiyyət Azərbaycan-Tacikistan münasibətlərini keyfiyyətcə daha yüksək səviyyəyə qaldıracaq, bu münasibətləri daha səmərəli və zəngin edəcəkdir. Bunun üçün əsas xalqlarımızın çoxəsrlik qardaşlıq telləridir, mədəni və dini ənənələrinin yaxınlığıdır.

Bu gün dövlətlərimizin ərazi bütövlüyü, dinc inkişafı və əmin-amanlığı ciddi təhlükəyə məruz qalmaqdadır. Lakin şübhəm yoxdur ki, Azərbaycan və tacik xalqlarının müdrikliyi və iradəsi ölkələrimizə nəinki zamanın sınaqlarına layiqincə cavab verməyə, müstəqil və mütərəqqi inkişaf yoluna çıxmağa, həm də bütün Avrasiya məkanında sülhün və təhlükəsizliyin etibarlı təminatçıları olmağa kömək edəcəkdir.

Fürsətdən istifadə edib, sizə uğurlar və möhkəm cansağlığı, tacik xalqına tərəqqi və əmin-amanlıq arzulayıram.

Heydər Əliyev, 
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri.

"Azərbaycan" qəzeti, 10 sentyabr 1993-cü il.