"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransada təhsil alan soydaşlarımızla görüşdə söhbətindən (3 mart 2001-ci il)" sənədinə tarixi arayış


Heydər Əliyevin hakimiyyəti illərində gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi, bir sıra fərman və sərəncamların imzalanması Azərbaycan gəncliyini daha fəal olmağa çağırıb.

1996-cı il fevralın 2-də keçirilən gənclərin I Forumu Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi olub. 1997-ci ildə Heydər Əliyevin imzaladığı sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edilib. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Gənclər siyasətinin mühüm həlqələrindən biri isə Azərbaycan gənclərinin dünyanın qabaqcıl ali məktəblərində təhsil almalarının təmin olunmasıdır. Heydər Əliyevin səyi ilə 1970-1980-ci illərdə gənclərin kütləvi şəkildə SSR İ-nin müxtəlif ali məktəblərinə göndərilməsi yüksəkixtisaslı mütəxəssislərlə təminat baxımından respublikanın qabaqcıl mövqeyə çıxmasına yeni imkanlar yaradıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2006-cı il 19 oktyabr tarixli sərəncamla “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramını” imzalayıb. Proqram istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədlərinə xidmət edir.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.182