Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 85 illiyi münasibətilə Azərbaycan xalqına müraciəti - Bakı şəhəri, 27 may 2003-cü il


Əziz həmvətənlər!

Bu il xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 85 ili tamam olur. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tarixindəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Mən dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri olduğunu nəzərə alaraq, bu ilin fevral ayında xüsusi sərəncamla 2003-cü ilin sonunadək Bakı şəhərində Xalq Cümhuriyyətinin xatirəsinə abidə ucaldılması haqqında qərar qəbul etdim.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərdi. Məhz buna görə, 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində cümhuriyyət süqut etdikdən sonra da müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. Sovet hakimiyyətinin qurulması ilə Azərbaycanın dövlət müstəqilliyinə faktiki olaraq son qoyulmasına baxmayaraq, xalqımız formal şəkildə olsa da öz dövlətini qoruyub saxladı, müttəfiq respublika kimi SSRİ-ni təşkil edən subyektlərdən birinə çevrildi.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı. İlk illərdə buraxılan kobud səhvlərə baxmayaraq, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi.

Bu gün Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. 90-cı illərin ortalarından başlayaraq, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Müxtəlif ölkələrlə hüquq bərabərliyi və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələr yaradılır. Azərbaycan nüfuzlu beynəlxalq və regional təşkilatlara daxil olaraq dünya birliyinə daha sıx inteqrasiya olunur, bu birlikdə özünəlayiq yer tutur. Ən ağrılı problemimiz olan Ermənistan - Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həll edilməsi, işğal olunmuş torpaqlarımızın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyini əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bu fikri əminliklə söyləməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik.

Əziz həmvətənlər! Hörmətli vətəndaşlar!

28 May - Respublika günü xalqımızın ən əziz milli bayramlarından biridir. Bu bayram münasibətilə Sizin hər birinizi, vətənimizin bütün oğul və qızlarını, Silahlı Qüvvələrimizin şəxsi heyətini, müharibə iştirakçılarını, şəhid ailələrini, qaçqınları və məcburi köçkünləri ürəkdən təbrik edir, xalqımıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 28 may 2003-cü il