Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin yubileyinə xarici ölkələrdən gəlmiş ali qonaqların-dövlət və hökumət başçılarının şərəfinə Türkiyə Prezidenti tərəfindən verilmiş rəsmi ziyafətdən sonra Süleyman Dəmirəllə söhbətindən - Ankara, Çankaya köşkü, 28 oktyabr 1998-ci il


Süleyman Dəmirəl: Mənim dəvətimi qəbul edib, Türkiyə Cümhuriyyətinin 75-ci ildönümünə həsr olunan şənliklərdə iştirak etdiyinizə görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sayın Heydər Əliyev, Sizi xalqın iradəsi ilə yenidən Azərbaycanın prezidenti seçilməyiniz münasibətilə təkrar-təkrar təbrik edirəm. Sizə uğurlar diləyirəm. Mən Azərbaycan Cümhuriyyətinin də 75-ci ildönümünün qeyd olunmasını arzulayıram.

Heydər Əliyev: - Əziz dostum, qardaşım Süleyman Dəmirəl. Mən buraya sizin dəvətinizlə gəlmişəm. Türkiyə Cümhuriyyətinin 75-ci ildönümü bayramına onu təbrik etmək üçün gəlmişəm. Mən bütün Azərbaycan xalqının qəlbində olan ən gözəl, yaxşı duyğuları, ən səmimi hissiyyatları Türkiyə xalqına çatdırmaq üçün gəlmişəm və bunu da sizin vasitənizlə, Azərbaycan xalqının böyük dostu, qardaşı, mənim şəxsi dostum, qardaşım, cümhur başqanı, Türkiyənin prezidenti əziz Süleyman Dəmirəlin vasitəsilə bütün Türkiyə xalqına çatdırıram. Bizim təbriklərimizi qəbul edin.

Mən bu təbrik məktubunu və Mustafa Kamal Atatürkün muncuqdan düzəldilmiş, portretini Sizə təqdim edirəm. Mən ürək sözlərimi, xoş arzularımı, təbriklərimi bu namədə yazmışam. Bütün sözlər bunun içərisindədir. Bu, Azərbaycan xalqının qəlbindən gələn sözlərdir. Bünları mən sizə təqdim edirəm. Bu isə Azərbaycan xalqının hədiyyəsidir. Bu, böyük öndər Mustafa Kamal Atatürkün Azərbaycan rəssamının muncuqlardan toxuduğu, yaratdığı bir portretidir, əl işidir. Arxasında hamısı yazılıbdır. Bunun pasportu da vardır. Bu, çox nadir bir sənət əsəridir. Pasporta bunun bütün təfsilatı yazılıbdır. Böyük öndər Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətini qurub-yaradıb və 75 ildir ki, bu cümhuriyyət yaşayır. Bu cümhuriyyəti Atatürkdən sonra yaşadan insanlar onun silahdaşları, onun işinin davamçılarıdır. Onlardan da ən birincisi, ən yüksəyi mənim dostum, qardaşım Süleyman Dəmirəldir. Ona görə də rica edirəm ki, bu hədiyyəni qəbul edəsiniz. Bu, bütün Azərbaycan xalqının hədiyyəsidir, müstəqil Azərbaycan Cümhuriyyətinin hədiyyəsidir.

Süleyman Dəmirəl: Sayın cümhur başqanı, çox sağ olun. Bu, çox gözəl bir hədiyyədir. Üzərində Atatürkün portreti olan belə bir dəyərli sənət əsərini çox qiymətli hədiyyə kimi qəbul edirəm. Biz bundan çox böyük şərəf duyduq. Siz bununla azərbaycanlı qardaşlarımızın hissiyyatım bizə göstərdiniz. Bu, bizi çox məmnun və şərəfli etdi. Ötən illərdə əldə etdiyiniz nailiyyətlər kimi, Sizə yeni prezidentlik dövrünüzdə də uğurlar arzulayıram. «Azərbaycanın sevinci bizim sevincimizdir, dərdi bizim dərdimizdir» demişik. Türk millətinin, türk qardaşlarımızın hissiyyatı bundan daha gözəl ifadə edilə bilməz. Böyük Ataturkün qurduğu Türkiyə Cümhuriyyətinin əbədi olaraq yaşayacağını nəzərə çarpdırıram. Mən böyük məmnunluq hissi ilə Cümhuriyyətin 75 illik yubileyi münasibətilə hazırlanmış xatirə medalını Sizə təqdim edirəm.

Heydər Əliyev: Əziz dostum, qardaşım Süleyman Dəmirəl Türkiyə Cümhuriyyətinin 75 illik yubileyi münasibətilə mənə təqdim etdiyiniz xatirə medalı Azərbaycan prezidenti kimi mənim üçün, Azərbaycan xalqı üçün çox dəyərli bir töhfədir. Mən bunu çox yüksək qiymətləndirir və öz tərəfimdən söz verirəm ki, ölkələrimiz və qardaş xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi naminə bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.

Süleyman Dəmirəl: Sayın Heydər Əliyev. Türkiyə Cümhuriyyəti müstəqil Azərbaycanın daha da inkişaf etməsi yolunda atılacaq addımların uğurlu olması, qarşılıqlı maraq doğuran məsələlərin müvəffəqiyyətlə həll olunması üçün həmişə Sizinlə birlikdə çalışacaqdır.

Heydər Əliyev: Sizə dərin təşəkkürümü bildirirəm. Xəzər neftinin dünya bazarına ixrac olunması, Bakı-Ceyhan neft kəməri marşrutunun həyata keçirilməsi məsələlərini və başqa maraqlarımızı sözsüz ki, birlikdə həll edəcəyik. Bir daha Sizə dərin təşəkkürümü bildirirəm.