Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Milli Televiziyasının 40 illik yubileyi münasibətilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin və rabitə işçilərinin bir qrup nümayəndəsi ilə görüşdə çıxışı - Prezident Sarayı, 17 fevral 1996-cı il


Bu günlər Azərbaycanın milli televiziyasının 40 illik yubileyini qeyd edirik. Mənə belə müraciət oldu ki, televiziyada uzun müddət çalışan, işləyən, əməkdaşlıq edən televiziya işçiləri ilə görüş keçirək. Mən bu təklifi məmnuniyyətlə qəbul etdim, çünki televiziyada, ümumiyyətlə, bizim mətbuat, informasiya orqanlarında işləyənlərə mən həmişə hörmət etmişəm, onların işini daim qiymətləndirmişəm və qiymətləndirirəm. Ona görə də belə bir görüş şəxsən mənim də ürəyimdən olubdur.

Bu gün bizim ən böyük sarayımızda yubiley mərasimi keçiriləcəkdir, yəqin ki, televiziya barədə sözlər orada deyiləcəkdir. Ancaq sizinlə xüsusi görüşdən istifadə edərək hamınızı təbrik edirəm, Azərbaycan milli televiziyasının 40 illik yubileyi münasibətilə sizə və televiziya sahəsində çalışan bütün şəxslərə uğurlar arzulayıram. Azərbaycan televiziyasının 40 illik həyatı çox zəngindir, məzmunludur, mənalıdır, hətta deyə bilərəm ki, parlaqdır. Özünü bu peşəyə, bu işə həsr edən hər bir kəs, güman edirəm ki, fəxr edə bilər, xüsusən siz fəxr edə bilərsiniz. Mənə dedilər ki, buraya dəvət olunanların ən az stajı 35 ildir. 35 il mütəmadi olaraq televiziyada işləmisinizsə və indiyə qədər işləyirsinizsə, demək, bu sənəti, peşəni həmişəlik seçmisiniz, ona bağlısınız, onu sevirsiniz və bu işə xidməti özünüz üçün hər şeydən üstün tutursunuz. Bu, hər bir insan üçün çox mühüm bir keyfiyyətdir, xüsusən belə ağır, çətin sahədə işləmək, həyatını, fəaliyyətini buna həsr etmək şərəfli işdir. Sizi xüsusi təbrik edirəm.

Mənə verilən məlumata görə televiziya sahəsində 2500-dək adam çalışır. Ancaq siz həm uzun müddət çalışdığınıza görə, həm də ki, mühüm sahələrə rəhbərlik etdiyinizə görə bu isin əsas hissəsini öz üzərinizə götürmüsünüz. Təbrik edirəm, sizə cansağlığı arzulayıram. Ümıdvaram ki, hələ bundan sonra da çalışacaqsınız. 35-40 il belə böyük vaxt deyil, qarşıda hələ çox böyük vəzifələr var.

Azərbaycan televiziyasının keçmişi də çox yüksək qiymətə layiqdir, ancaq gələcəkdə qarşıda duran vəzifələr bundan da əhəmiyyətlidir, vacibdir və bundan da şərəfli olacaqdır. Ona görə də ümidvaram ki, siz bundan sonra da çalışacaqsınız. Əgər 35-40 il bu sənətdən, bu peşədən ayrılmamışsınızsa, bundan sonra da sizi ayırmaq mümkün olmayacaqdır. Siz bu işin həm müsbət cəhətlərindən istifadə etmisiniz, həm də ki, onun əzab-əziyyətinə dözmüsünüz. Güman edirəm, bundan sonra da, ola bilər, əzab-əziyyəti olsun, - dözməlisiniz, dözəcəksiniz, mən deməsəm də dözəcəksiniz, amma mən bunu sadəcə tövsiyə edirəm.

Güman edirəm, müstəqil dövlətimiz nə qədər çox inkişaf edəcəksə, televiziyamız, bütün informasiya orqanlarımız da daha yüksək səviyyələrə qalxacaq və siz öz sənətinizdən, əldə etdiyiniz nailiyyətlərinizdən, zəngin təcrübənizdən daha geniş istifadə etmək üçün imkanlar tapacaqsınız. Ona görə də arzu edirəm ki, bundan sonra daha fədakarlıqla çalışasınız və Azərbaycan televiziyasını daha da yüksəldəsiniz.

Şübhəsiz ki, televiziyanın işində qüsurlar da az deyil, çatışmazlıqlar, nöqsanlar da var. Ola bilər, başqa sahələrə nisbətən ictimaiyyət bu nöqsanları daha da tez görür, hiss edir, çünki sizin işiniz göz qabağındadır. Hər bir televiziya tamaşaçısı verilişlərə baxarkən öz anlayışına görə nöqsanları da, müsbət cəhətləri, nailiyyətləri də görür. Adətən, nailiyyətlərə o qədər fikir vermirlər, ancaq nöqsanları dərhal tuturlar, qeyd edirlər və bəzən şişirtməyə çalışırlar. Belə hal da var. Nöqsanlar məlumdur, özünüz də bilirsiniz. Arzu edərdim ki, bu nöqsanları aradan qaldırasınız və çalışasınız ki, bundan sonra işlərimiz daha da müvəffəqiyyətli olsun və televiziya verilişləri Azərbaycan əhalisi üçün daha xoş, daha ürəyəyatan olsun. Güman edirəm ki, bunun üçün imkanlarınız var və bunlardan istifadə edəcəksiniz.

Mən geniş danışmaq istəmirəm, çünki bu gün bir daha danışmağım lazım olacaqdır. Mənə nə sözünüz, nə arzunuz var, - buyurun, deyə bilərsiniz.

* * *

Çıxışlarda televiziyanın əməkdaşlarına fəxri adlar verilməsi məsələsinə toxunulması ilə əlaqədar demək istəyirəm ki, son illərdə mədəniyyət, elm xadimlərindən də çoxlu müraciətlər olur ki, indi bu adlar nə üçün verilmir. Bəzilərinin fikrincə, bunlar keçmiş sovet quruluşuna xas olan adlardır və indi lazım deyildir. Amma çoxları bunu həyatımızın zərurətindən doğan ənənə sayır və hesab edirlər ki, bunu davam etdirmək lazımdır. Bu işləri tam həll etmək üçün komissiya yaratdıq və tapşırdım ki, bu işə baxsınlar. Komissiyanın rəhbəri Elçin Əfəndiyev bu günlərdə mənə məlumat verdi ki, uzun müzakirələrdən sonra komissiya öz fikrini bildiribdir və hesab edir ki, bu işi davam etdirmək lazımdır. Mən də bu fikirdəyəm. Biz ənənəni davam etdirəcəyik. Əgər Azərbaycan televiziyasının 40 illik fəaliyyəti tariximizin bir hissəsidirsə, mədəniyyətimizin, elmimizin, texnikamızın, iqtisadiyyatımızın böyük bir nailiyyətidirsə, deməli, bizim milli sərvətimizdir, həyatımızın bir hissəsidir. Bunun hansı quruluşda olub-olmamasından asılı olmayaraq milli sərvətimiz olan televiziyanın fəaliyyətini irəliyə aparan adamların aldıqları fəxri adlar, mükafatlar o vaxt olduğu kimi, indi də qiymətlidir... Tariximizin hər səhifəsi, hər günü, hər ayı, ili bizim üçün əzizdir.

Tariximizi, keçmişimizi qiymətləndirməliyik. Qədim keçmişimizi də, 20-ci əsrin əvvəlindən indiyə qədər olan keçmişimizi, o cümlədən 1920-ci ildən sonrakı keçmişimizi də qiymətləndirməliyik. Heç bir şeyi qaralamaq olmaz. Bir daha xüsusi olaraq vurğulamaq istəyirəm ki, fəxri ad alanlar çox mötəbər adamlardır, bu adları fəxrlə daşıyırlar və daşımalıdırlar. Bundan sonra da layiqli adamlar belə fəxri adlar almağa nail ola biləcəklər.

Burada dil haqqında məsələ qaldırılmasından məmnun qaldım. Əlbəttə, Azərbaycan dilinin inkişafı, hər bir azərbaycanlının, vətəndaşın Azərbaycan dilini yaxşı bilməsi və öz fikirlərini səlis ifadə etməsi çox böyük məsələdir. Təəssüf ki, uzun müddət buna fikir verilməmişdir.

Azərbaycanın yeni konstitusiyasının hazırlanması zamanı dillə bağlı mübahisələri tam demokratik şəkildə həll etməyə çalışdım. Geniş və sərbəst müzakirələrin nəticəsində konstitusiyamızda yazdıq ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bunu anlamayan adamlar böyük səhv edirlər, bundan şəxsi, siyasi, çirkin məqsədləri üçün istifadə etməyə çalışanlar xalqımıza, tariximizə, milliliyimizə xəyanət edirlər.

Bəzi qəzetlərdə həmin məsələ indi də hallandırılır, bu dilimizə, mənəviyyatımıza hörmətsizlikdir. Ölkəmiz Azərbaycandır, dünyada on milyonlarla azərbaycanlı yaşayır. Azərbaycan dili dünya azərbaycanlılarını birləşdirmək üçün əsas vasitələrdən biridir. Televiziya verilişlərinin aparıcıları, diktorlar çox səlis danışmalıdırlar. Dilimiz gözəldir, amma bu dildə danışanda sözləri, ifadələri elə tələffüz etməliyik ki, danışığımız cazibədar olsun. Ədəbi dili təbliğ etmək, hamıya öyrətmək televiziyanın vəzifələrindən biridir.

Bakıda tikilən yeni televiziya qülləsi ilə bağlı deyilən fikirlərlə əlaqədar bildirmək istəyirəm ki, əgər vaxtilə bu işə ciddi yanaşsaydılar, qülləni çoxdan tikib istifadəyə vermək olardı. Lakin bir çox başqa obyektlər kimi, bunun da inşasını başlı-başına buraxmışdılar. Amma mənə verilən məlumata görə, qüllənin tikintisi bu il başa çatdırılacaq və bu, Azərbaycan televiziyasının imkanlarını çox genişləndirəcəkdir.

Ölkəmizin qarşılaşdığı iqtisadi çətinliklər var, indi hamı üçün çətindir, lakin Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından qaçqın düşən adamların vəziyyəti daha pisdir. Onların bir qismi çadırlarda yaşayır və yəqin ki, televizorları da yoxdur. Bu adamların televiziya və radionu dinləyə bilmələri üçün imkanlardan maksimum istifadə etməyə çalışmaq lazımdır.

... Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası əhalisinin də vəziyyəti ağırdır. Bir neçə il əvvəl mən Naxçıvanda yaşayarkən orada Azərbaycan televiziyası verilişlərinin qəbul edilib-edilməməsi heç kimi maraqlandırmırdı. Bu barədə olan müraciətlərə də məhəl qoymurdular. İndi vəziyyət dəyişmişdir, Bakıdan oraya Azərbaycan televiziyasının verilişləri yazılmış videokasetlər çatdırılır. Türkiyənin süni peyki vasitəsilə milli televiziyamızın verilişlərinin Naxçıvanda qəbul edilməsi ilə bağlı məsələnin həllini sürətləndirmək lazımdır.

Tarixi arayış