Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şəki Dövlət Dram teatrı meydanında şəhər sakinləri ilə görüşdə çıxışı - 9 noyabr 2002-ci il


Əziz şəkililər!

Əziz dostlar!

Əziz bacı-qardaşlar!

Mən sizin hamınızı salamlayıram. Sizə öz dərin hisslərimi bildirmək istəyirəm. Mən bu gün sizin doğma şəhərinizdəyəm, Azərbaycanın gözəl şəhərlərindən biri Şəkidəyəm. Bilirsiniz, ola bilər bəziləriniz də iştirak etmisiniz, biz burada böyük Olimpiya idman kompleksi açdıq. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə gözəl bir kompleks tikilibdir. Bu, şəkililərə Milli Olimpiya Komitəsi tərəfindən, İlham Əliyev tərəfindən böyük bir hədiyyədir. Bu kompleks şəkililər üçün, gənclər üçün böyük imkanlar yaradacaq ki, onlar idmanla məşğul olsunlar, öz güclərini sınasınlar, yaxşı idmançı, sağlam insanlar olsunlar, fiziki cəhətdən möhkəm olsunlar və Azərbaycanın dəyərli, sədaqətli vətəndaşları olsunlar.

Biz orada, kompleksdə böyük bir mitinq keçirdik. Mən indi «Şəki–İpək» Açıq Tipli Səhmdar Cəmiyyətinə gedirəm. Təsəvvür edə bilməzdim ki, bu gözəl, çox uzun küçədə, prospektdə bu qədər adam toplaşıbdır. Ümumiyyətlə, mən bilirəm ki, Şəkidə çox adam yaşayır, amma bu qədər əhalinin yaşadığını bilmirdim. Sizə təşəkkür edirəm ki, buraya yığışmısınız, mənimlə görüşmək istəyirsiniz. Mən də sizinlə görüşmək istəyirəm. Ancaq sadəcə, sizə əziyyət vermək istəmirdim ki, küçəyə yığılasınız. Amma siz özünüz yığılmısınız. Çox sağ olun, hamınıza təşəkkür edirəm.

Bilirsiniz, mən bu küçə ilə, prospektlə gələrkən gördüm ki, adam çoxdur. Avtomobili bir az asta sürürdülər, baxırdım və əl edirdim. İnsanları gördüm – gənclər, uşaqlar, qadınlar, kişilər, yaşlı adamlar, lap yaşlı qadınlar, kişilər – hamısı öz münasibətlərini nə qədər böyük məhəbbətlə, sevgi ilə göstərirdilər. Mən bunu çox yüksək qiymətləndirirəm. Mən bunu sizin, şəkililərin Azərbaycanın müstəqil dövlətinə, dövlətçiliyinə olan münasibətiniz və sədaqətiniz kimi qiymətləndirirəm.

Sizin şəxsən mənə olan münasibətiniz kimi qiymətləndirirəm. Siz mənə doqquz il bundan öncə etimad göstərmisiniz, Azərbaycanın prezidenti seçmisiniz. Mən doqquz ildir sizinlə bərabər çalışıram. Sizin dəstəyinizlə, köməyinizlə əlimdən gələni etmişəm və edirəm ki, müstəqil Azərbaycan inkişaf etsin.

Bugünkü bu görüşləri – həm idman kompleksində, həm də bu meydanda – sizin mənə göstərdiyiniz etimadınız kimi qəbul edirəm. Güman edirəm ki, əgər mən sizin etimadınızı indiyə qədər doğrultmasaydım, siz bu qədər hissiyyatlarla küçələrə çıxmazdınız. Əmin olun, mən xalqın yolunda, müstəqil Azərbaycanın inkişafı yolunda, millətimizin gələcəyi yolunda çalışacağam. Sizə arxalanaraq, daim dəstəyinizi hiss edərək çalışıram və çalışacağam. Əmin olun ki, sizin mənə göstərdiyiniz etimadı bundan sonra da doğruldacağam.

Çox sağ olun, təşəkkür edirəm. Burada mahnı ifa edən qız o qədər gözəl oxuyurdu ki, istəyirəm o, bir mahnı da oxusun və biz birlikdə qulaq asaq. Mən də onun yanında duracağam.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış