Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Dövlət Naziri Rəşad Doğrunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş - Prezident sarayı, 19 avqust 2002-ci il


Azərbaycan prezidenti Heydər Əliyev hörmətli qonaqları salamlayaraq, onların ölkəmizə gəlməsindən məmnun qaldığını bildirdi və dedi ki, siz burada çox faydalı işlər görmüsünüz, bir neçə nazirlə görüşmüsünüz, bizim kənd təsərrüfatına yardımlar etmisiniz. Buna görə çox sağ olun, təşəkkür edirəm.

Dövlət naziri Rəşad Doğru səmimi qəbula görə minnətdarlığını bildirdi, nümayəndə heyətinin üzvlərini prezident Heydər Əliyevə təqdim etdi. O, Bakıda türk iş adamı tərəfindən tikilmiş ticarət mərkəzinin açılışı, ayrı-ayrı nazirlərlə keçirdikləri görüşlər barədə danışdı. Xaçmaz və Quba rayonlarına səfərini xatırlatda, Türkiyə İqtisadi İnkişaf Agentliyi (TİKA) vasitə silə Azərbaycana 15 ədəd kənd təsərrüfatı maşını verildiyini vurğuladı. Azərbaycanın Baş nazirinin müavini Abid Şərifovla görüşdə uzunmüddətli iqtisadi işbirliyinə dair müzakirələr aparıldığını bildirən Rəşad Doğru dedi: Cənab Prezident, mən dövlət naziri kimi çalışdığım 6 ay ərzində Azərbaycana hər dəfə gələndə daha gözəl işlər görülməsinin şahidi olur və bundan böyük sevinc duyuram. Azərbaycanda gedən çox gözəl inkişaf 70 milyonluq türk xalqını məmnun edir.

O, Naxçıvana ziyarətini, oradakı görüşlərini də xatırlatdı, prezident Heydər Əliyevin təşəbbüsü ilə beynəlxalq hava limanının tikiləcəyindən məmnun qaldığını söyləyərək vurğuladı ki, biz hər zaman Azərbaycanın, qardaşlarımızın yanındayıq. Sizin «Biz bir millət, iki dövlətik» müdrik sözünüz bizim üçün örnəkdir. Biz bu istiqamətdə çalışırıq və bütün sahələrdə Sizinlə bərabər olacağıq. Prezident Heydər Əliyev xoş sözlərə görə qonağa təşəkkür etdi, nümayəndə heyətinin səfərinin səmərəli olduğunu bildirərək dedi: Bu işlər həm məni, həm sizi, həm də görüşdüyünüz insanları sevindirir. Türkiyə–Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yardım edir. Biz hər görüşdə bunun üçün bir addım atırıq. Sizin bu işlə məşğul  olmağınız məni sevindirir. Siz bu vəzifəyə gələndən Azərbaycana qayğı, diqqət göstərməyinizi görürəm. Bilin ki, bu qayğıya, diqqətə Azərbaycanda yüksək qiymət veririk və sizin bu cür dost münasibətinizi şəxsən mən yüksək qiymətləndirirəm. Dövlət naziri kimi, Rəşad Doğrunun ilk dəfə birbaşa Türkiyədən Naxçıvana getdiyini, orada çox işlər gördüyünü də bilirəm və bunu yüksək dəyərləndirirəm.

Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikasına səfərindən bəhs etdi, Naxçıvandan Türkiyəyə meyvə aparılması üçün müəyyən edilmiş kvotanın az olması barədə orada jurnalistin verdiyi sualı yada salaraq dedi: Gərək bizim aramızda kvota olmasın. Körpünü tikmişik ki, xalqımız o tərəf-bu tərəfə rahat gedib gəlsin. Mən Naxçı vanda işləyəndə, o körpünün tikilməsində nə qədər zəhmət çəkdiyimi bilirlər. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Baş nazir idi. O çox zəhmət çəkdi. 1992-ci il mayın 28- də, yəni bizim istiqlaliyyət günündə o körpünü təntənə ilə açdıq. Biz ona «Həsrət», «Ümid» körpüsü deyirik. Ondan Naxçıvan əhalisi çox istifadə edir. Çünki bilirsiniz ki, Naxçıvan blokadadadır. Azərbaycan prezidenti Naxçıvanın bol, ləzzətli meyvələrinin Bakıya gətirilməsinin çətin olduğunu və bunun Türkiyəyə aparılması üçün daha yaxşı şərait yaradılmasının zəruriliyini söyləyərək bildirdi ki, Naxçıvana yardım etmək lazımdır. Çünki Naxçıvan qapalıdır. Mən sizin yardımınızı qiymətləndirirəm. Oradan elektrik enerjisi verirsiniz, başqa yardımlar edirsiniz. Amma bu məsələyə də baxın.

Prezident Heydər Əliyev cənab Rəşad Doğrunun türkdilli dövlətlər üzrə dövlət naziri vəzifəsində işgüzar adam olduğunu vurğuladı və dedi ki, mən təkcə Azərbaycan üçün yox, bütün türkdilli dövlətlər üçün bunun əhəmiyyətini bilirəm. Çünki türkdilli dövlətləri Türkiyənin ətrafında daha da yaxınlaşdırmaq lazımdır. Bu da şəxsiyyətdən çox asılıdır. Rəşad Doğru Naxçıvandan gediş-gəlişin asanlaşması üçün çox işlər gördüyünü, bəzi problemlərin aradan qaldırıldığını bildirdi, adambaşına məhsulların aparılmasının 200 kiloqramdan 400 kiloqrama çatdırılacağını söylədi.

Türkiyənin dövlət naziri Rəşad Doğru prezident Heydər Əliyevə xatirə hədiyyəsi təqdim etdi.