Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin "Hürriyyət" qəzetinə təbriki - Bakı şəhəri, 22 iyun 1998-ci il


Hörmətli Hürriyyətçilər!

Sizi qəzetinizin 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, bütün işlərinizdə yaradıcılıq uğurları diləyirəm.

"Hürriyyət" Türkiyə Cümhuriyyətinin ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynamış bir qəzetdir. İlk sayı 1948-ci ildə işıq üzü görən bu qəzet sonrakı illərdə böyük Atatürk ideyalarına sədaqətlə xidmət edərək Türkiyə həyatının ayrılmaz hissəsinə çevrilmiş, ölkədə söz, mətbuat və informasiya azadlığının yaranması, demokratiyanın inkişafı üçün önəmli xidmətlər göstərmişdir. "Hürriyyət"in ən böyük xidmətlərindən biri dünya xalqlarının ümumbəşəri dəyərlərinin Türkiyədə yayılması və milli dəyərlərlə sintezinin yaradılması olmuşdur. Eyni zamanda türk xalqlarının tarixi-mədəni irsinin, adət-ənənələrinin dünya ictimaiyyətinə çatdırılması, Türkiyənin dünya birliyinə inteqrasiya olunması sahəsində də bu qəzet mühüm rol oynamışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra "Hürriyyət" qəzeti respublikamızda geniş yayılmış, iki dost və qardaş ölkə olan Türkiyə və Azərbaycan arasında möhkəm təmas yaratmışdır. Xalqlarımızın intensiv informasiya mübadiləsində, elmi, mədəni və ictimai əlaqələrinin inkişafında diqqətəlayiq xidmətlər göstərmişdir. Arzu edirəm ki, "Hürriyyət" bundan sonra da xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı üçün öz imkanlarını əsirgəməsin.

Sizə dərin hörmətlə

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MEDİA