Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Ukrayna-Azərbaycan Dövlətlərarası sənədlərin imzalanması mərasimindən sonra mətbuat üçün bəyanat - Kiyev, Mariya Sarayı 24 mart 1997-ci il


Hörmətli cənab prezident!

Möhtərəm xanımlar və cənablar!

Mən və məni müşayiət edən Azərbaycandan gəlmiş şəxslər burada, Ukraynada, Kiyevdə olmağımızla əlaqədar dərin sevinc və məmnunluq hissləri keçiririk. Buraya gəldiyimiz ilk dəqiqələrdən biz böyük qayğı və diqqətlə əhatə olunduq, səmimiyyətlə və qonaqpərvərliklə qarşılandıq. Bu, təbiidir, çünki ölkələrimiz və xalqlarımız arasında son dərəcə xoş münasibətlər, dostluq münasibətləri yaranmışdır və bu münasibətlər Ukrayna prezidenti Leonid Daniloviç Kuçmanın 1995-ci ilin iyul ayında Azərbaycana səfəri zamanı, sonralar müxtəlif beynəlxalq təşkilatlarda görüşlərimiz və danışıqlarımız zamanı daha da inkişaf etdi. Bu münasibətlər Bakıda imzalanmış sənədlərdə və bu gün burada imzalanmış sənədlərdə də öz inkişafını tapmışdır.

Problemlər, ən əvvəl, ölkələrimizin qarşılıqlı münasibətləri ilə bağlı problemlər barəsində, əməkdaşlığımız barədə, eyni zamanda ölkələrimizin istər Avropada, istər dünyada, istərsə də üzv olduğumuz MDB də qarşılaşdığımız problemlər barəsində bu gün Ukrayna prezidenti, möhtərəm Leonid Daniloviçlə mənim aramda çox açıq, səmimi və mehriban söhbət oldu. Mən bütün deyilənlərlə razıyam və Leonid Daniloviçin belə bir fikrinə tam şərikəm ki, bütün məsələlər barəsində baxışlarımız tamamilə uyğun gəlir. Bu isə daha böyük inam verir ki, biz fəal əməkdaşlıq etməli, əməkdaşlığı genişləndirməli və dərinləşdirməliyik.

Ukrayna prezidenti və Azərbaycan prezidenti tərəfindən imzalanmış sənəd Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirmək haqqında bəyannamə də məhz buna xidmət edir. Biz neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında imzalanmış sənədə çox böyük əhəmiyyət veririk. Təbii ki, qalan bütün sənədlər də böyük əhəmiyyətə malikdir və əməkdaşlığımızın uğurla həyata keçirilə bilməsi üçün yaxşı hüquqi zəmin yaradır.

Bu gün imzalanmış çoxsaylı sənədlərlə yanaşı, əvvəlki dövrün də başlıca yekunu bundan ibarətdir ki, Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətləri təşəkkül tapmış və mövcuddur, buna görə də biz bu münasibətləri inkişaf etdirmək və möhkəmlətmək əzmindəyik. Bu münasibətlər ölkələrimizin dövlət müstəqilliyini, ölkələrimizin suverenliyini daha da möhkəmlətməyi və inkişaf etdirməyi, demokratik, hüquqi, sivilizasiyalı dövlətlər qurmağı, habelə keçid dövrü ilə bağlı qarşıya çıxmış sosial iqtisadi çətinlikləri bacardıqca tez bir zamanda aradan qaldırmaq üçün iqtisadi islahatlar aparmağı nəzərdə tutur.

Bütün bu məsələlərdə biz yekdilik, baxış və fikirlərimiz uyğun gəlir və bu gün imzaladığımız sənədlər bizə öz ölkələrimizdə işi daha uğurla aparmağa, dostluq münasibətlərimizi möhkəmlətməyə və inkişaf etdirməyə kömək edəcəkdir.

Leonid Daniloviç, bizim mənim və məni müşayiət edən şəxslərin burada qarşılaşdığımız xoş qəbula, qonaqpərvərliyə, mehribanlığa və səmimiliyə görə Sizə təşəkkür edirəm. Sizi əmin etmək istəyirəm ki, biz bu dostluğa və imzalanmış bütün sazişlərə və sənədlərə sadiq olacağıq.

Sual: Bu qədər dövlətlərarası sənədlər imzalandıqdan sonra Ukrayna ilə Azərbaycan strateji tərəfdaşdırlarmı?

Leonid Kuçma: Xüsusən Heydər Əliyeviçin indiki səfərini nəzərə alaraq Ukrayna ilə Azərbaycanın strateji tərəfdaşlar olduğuna məndə heç bir şübhə yoxdur. Strateji tərəfdaşlıq təkcə iqtisadiyyatda deyil, yəqin ki, ən əvvəl, siyasətdədir. Bizim siyasətimiz isə məhz bundan ibarətdir ki, dövlətlərimizin yalnız deklarativ surətdə deyil, sözün əsl mənasında müstəqil dövlətlər olması üçün biz bir-birimizi bütün mövcud üsul və imkanlarla dəstəkləməliyik. Bundan ötrü isə biz iqtisadi imkanlarımızı sahmanlamalıyıq. Mən razılıq hissi ilə bir daha bildirirəmki, Ukrayna məhz belə də edəcəkdir.

Sual: İmzalanmış sənədlərlə əlaqədar olaraq Azərbaycan nefti vurulmuş ilk eşalon Ukrayna ərazisindən nə vaxt keçəcəkdir?

Heydər Əliyev: Görünür, suala mən birinci cavab verməliyəm... Bildiyiniz kimi, Azərbaycandan ilkin neftin dünya bazarlarına ixracı üçün iki neft kəməri çəkilir. Bir neft kəməri bizim tərəfimizdən, Azərbaycan ərazisindən çəkilmişdir və bu kəmərlə nefti Rusiya Federasiyasının Qara dəniz sahilindəki Novorossiysk limanmadək nəql etmək nəzərdə tutulur. Rusiya tərəfi söz verir ki, yaxın vaxtlarda onlar da öz ərazilərində lazımi tədbirlər görəcəklər və bu neft kəməri işləməyə başlayacaqdır. İkinci neft kəməri Gürcüstan ərazisi ilə çəkiləcək və o da Qara dəniz sahilindəki Supsa limanına gedəcəkdir. Onun inşasına bu ay başlanmışdır. Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri" və "Çıraq" yataqlarında neft hasilatına dair bütün layihəni həyata keçirən beynəlxalq neft şirkətləri konsorsiumu bu boru kəmərinin inşasını 1998-ci ilin sonunadək başa çatdırmağı vəd edir. Boru kəməri hazır olan kimi neft nəql edilməyə başlanacaqdır...

Leonid Kuçma: Heydər Əliyeviç elə ətraflı danışdı ki, mənim nəsə əlavə etməyə sözüm yoxdur. Mən ancaq arzu edərdim ki, Azərbaycanda nəzərdə tutulmuş bütün planlar hökmən həyata keçirilsin. Mən yalnız daha bir məsələni açıqlamaq istərdim. Heydər Əliyeviç onu demədi. Həmin məsələ bundan ibarətdir ki, Azərbaycan tərəfi Xəzər bölgəsinin böyük imkanlarını nəzərə alaraq Ukrayna tərəfini gələcək layihədə bilavasitə iştiraka dəvət edir.

Təşəkkür edirəm.