Azərbaycan Prezidenti Heydər Əliyevin "Mobil" şirkətinin prezidenti Bill Skolins ilə görüşdə söhbətindən - Hyüston, "Vinham Varvik" oteli, 3 avqust 1997-ci il


Hörmətli cənab Bill Skolins!

ABŞ prezidenti cənab Bill Klintonun dəvəti ilə ölkənizə ilk rəsmi səfərə gəlməyimə, səfərin uğurla keçməsinə, Vaşinqtonda Ağ evdə "Mobil" şirkəti ilə ARDNŞ arasında imzalanmış müqaviləyə verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkür edirəm.

Mən hazırda xarici ölkədə səfərdə olan "Mobil" Şirkəti Direktorlar Şurasının sədri cənab Noto ilə görüşlərimi də məmnunluqla xatırlayıram.

Bilirsiniz ki, əvvəllər biz müqavilələri konsorsium təşkil edib bir neçə şirkətlə imzalayırdıq. İndi isə Azərbaycan Dövlət Neft Şirkəti və "Mobil" şirkəti bir yataqda müştərək iş görmək üçün müqavilə imzalayıblar. Bunun çox böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, həmin müqavilə Vaşinqtonda Ağ evdə imzalanıbdır. Mən bilirəm ki, "Mobil" çox böyük şirkətdir, dünyanın əksər ölkələrində iş görür. Amma güman edirəm ki, siz Ağ evdə heç vaxt müqavilə imzalamamışdınız (cənab Skolins bildirir ki, 150 illik tarixə malik olan "Mobil" şirkəti indiyədək Ağ evdə həqiqətən müqavilə imzalamamışdır). Imzalanan müqavilənin tezliklə əməli surətdə həyata keçirilməsi çox vacibdir.

... Siz "Oğuz" yatağında geofiziki işlərin artıq başa çatdığı, tezliklə qazma işlərinə başlanacağı barədə məlumat verdiniz. Bu bir daha göstərir ki, "Mobil" şirkətinin imkanları çox genişdir. Biz birinci mərhələni keçdik, müqavilə imzalandı, buna Ağ evdə xeyir-dua verildi. ABŞ-ın vitse-prezidenti Albert Qor və mən müqavilələrin imzalanması mərasimində nitq söylədik. Biz sizə yol açmışıq, indi əməli işə başlayın. Əgər sizin burada işləriniz yaxşı getsə, fəaliyyət dairəniz daha da genişlənə bilər.

Əminəm ki, gələcəkdə əməkdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək, bu əməkdaşlıq bütün sahələri əhatə edəcək, "Mobil" şirkəti öz imkanlarından istifadə edərək respublikamızın qarşılaşdığı problemlərin həlli, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, ABŞ Konqresinin vaxtilə qəbul etdiyi ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi sahəsində səylər göstərilməsi işinə daha fəal qoşulacaqdır.