Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiya Milli Neft Korporasiyasının Prezidenti Yoşiro Kamata başda olmaqla korporasiyanın nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 25 iyul 2000-ci il


Heydər Əliyev: Hörmətli Prezident, hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda salamlayıram, bilirəm ki, siz artıq bir neçə görüş keçirmisiniz və zənnimcə, bu görüşlərdən razısınız.

Biz şadıq ki, artıq neçə illərdir Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən də iqtisadi sahədə sıx, yaxşı münasibətlər yaranmışdır və inkişaf edir. Bu baxımdan ilk addımları Yaponiyanın neft şirkətləri atmışlar və biz bunu fəal surətdə dəstəklədik. İndi Yaponiyanın neft şirkətləri Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının işlənilməsi sahəsində Azərbaycanda görülən işdə böyük paya malikdirlər. Bizim aramızda yaxşı dövlətlərarası münasibətlər qurulmuşdur. 1998-ci ildə mənim Yaponiyaya səfərim, həm Yaponiya imperatoru ilə, baş nazirlər və bir çox nazirlərlə, həm də bir çox şirkətlərin rəhbərləri ilə, yəni Yaponiyanın işgüzar aləmi ilə görüşlər istər dövlət xətti ilə, istərsə də biznes xətti ilə Yaponiya-Azərbaycan münasibətlərinin inkişafına təkan vermişdir.

Nəhayət, Yaponiya Azərbaycanda öz səfirliyini açdı və mən bu yaxınlarda Yaponiyanın Azərbaycanda ilk səfirinin etimadnaməsini qəbul etdim. Bu da çox mühüm hadisədir və ölkələrimiz arasında münasibətlərin daha yüksək pilləyə qalxdığını göstərir. İndi Azərbaycanda Yaponiya səfirliyi daim işləyir, fəaliyyətdədir. Sizin Azərbaycana səfəriniz, Yaponiyanın Milli Neft Korporasiyasının nümayəndə heyətinin səfəri də çox böyük əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu, neft və qaz sənayesi sahəsində münasibətlərimizin inkişafı üçün daha bir addımdır. Mən sizi salamlayıram.

Yoşiro Kamata: Hörmətli zati-aliləri, cənab Prezident!

Çox məşğul olmağınıza baxmayaraq, nümayəndə heyətimizi qəbul etməyə vaxt tapdığınıza görə çox sağ olun.

Mən Yaponiya Milli Neft Korporasiyasına 1998-ci ilin iyununda rəhbərlik etməyə başlamışam. Bundan sonra mən Sizin dövlətinizə gəlmək imkanını çox gözləmişəm, çünki hesab edirik ki, Azərbaycan bizim neft korporasiyası üçün ən öncül və Yaponiya müəssisələrinin gələcək sərmayələri üçün mühüm dövlətdir. Bu gün ölkənizdə olarkən Sizin güclü rəhbərliyiniz altında dövlətinizin necə dinamik inkişaf etdiyini öz gözlərimlə gördükdə çox şad və dərindən məmnun oldum. Bu yaxınlarda ölkənizdə Yaponiya səfirliyinin açılması faktı bizim üçün də sevindirici hadisədir. Yaponiyanın ilk səfiri cənab Xirose buraya gəlmişdir və bu bizə qarşılıqlı münasibətləri daha da möhkəmlətməyə ümid verir.

1998-ci ilin fevralında Sizin Yaponiyaya rəsmi səfərinizi xatırlayırıq. Onda imperatorumuzla, habelə o vaxtkı Baş nazir cənab Haşimoto ilə görüşləriniz oldu. Siz Yaponiyanın siyasi, iqtisadi və sənaye dairələrinin bir sıra rəhbərləri ilə də görüşdünüz və bununla da ikitərəfli münasibətlərin gələcək sıçrayışlı inkişafının möhkəm bünövrəsini qoydunuz. Odur ki, rəhbərliyinizə görə öz dərin minnətdarlığımızı və hörmətimizi bildirmək istərdik.

Biz fürsətdən istifadə edərək, dövlətinizin ərazisində işləyən Yaponiyanın neft və neft kəşfiyyatı şirkətlərinə daim dəstək verdiyinizə və qayğı göstərdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkürümüzü bildirmək istərdik. Sizin dəstəyiniz sayəsində onlar bir sıra layihələri uğurla həyata keçirirlər. Hökumət orqanlarından biri olaraq milli neft korporasiyamız dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin genişlənməsi və möhkəmlənməsi üçün bundan sonra da əlindən gələni etməyə çalışacaqdır.

Heydər Əliyev: Çox gözəl, təşəkkür edirəm. Bizim rəylərimizin uyğun gəlməsi məni sevindirir. Bir sözlə, biz sizə yaxşı iş şəraiti yaratmışıq, siz isə burada fəaliyyətinizi gücləndirirsiniz. Zənnimcə, bu gün bizim Dövlət Neft Şirkətində bu məsələləri təfərrüatı ilə müzakirə etmisiniz. Mən Azərbaycanda Yaponiya şirkətlərini dəstəkləmişəm və dəstəkləyəcəyəm, nəzərə alın ki, Yaponiya ilə Azərbaycan arasındakı münasibətlərin bizim üçün çox böyük əhəmiyyəti var.

Biz minnətdarlıqla deyirik ki, Yaponiya kreditləri bizə yeni elektrik stansiyaları tikməyə, köhnə elektrik stansiyalarını bərpa etməyə imkan verir. Biz yeni kreditlərə ümid bəsləyirik, Asiya Bankında Yaponiyanın Azərbaycanı dəstəkləyəcəyinə ümid bəsləyirik, biz artıq bu bankın üzvüyük. Düşünürəm ki, Yaponiyanın işgüzar dairələri, Yaponiyanın Milli Neft Korporasiyası Azərbaycanda işləyərək, təbii ki, özləri üçün çox yaxşı nəticələrə malik olacaqlar.

Mənim keçmişdə yaponlarla əməkdaşlıq sahəsində təcrübəm var. 1973-75-ci illərdə burada, Azərbaycanda biz Yaponiyanın "Toşiba" firması ilə çox iri məişət kondisioneri zavodu tikdik. Bu, maraqlı əməkdaşlıq idi və şübhəsiz ki, "Toşiba"nın prezidenti xüsusilə yadımda qalmışdır. Məncə, cənab Doku həm də bütün yapon şirkətlərinin Direktorlar Şurasının sədri idi. O, artıq dünyasını dəyişmişdir, o vaxt, 1975-ci ildə onun 80 yaşı vardı, lakin o çox fəal insan idi. O burada, Azərbaycanda olmuşdu, mən onunla Moskvada görüşmüşdüm. Baxın, tarix necədir. Mən Moskvada işləyərkən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü olarkən Yaponiyanın bir çox dövlət nümayəndə heyətləri ilə görüşürdüm.

Beləliklə, mənim Yaponiya ilə münasibətlərimin kifayət qədər böyük və zəngin tarixi var. Odur ki, bu tarixi, mənim tarixi əlaqələrimi müsbət qiymətləndirərək bu gün müstəqil Azərbaycan dövlətinin prezidenti olaraq, Yaponiya ilə daha sıx əməkdaşlıq etmək istəyirəm. İnanıram ki, əməkdaşlığımız gələcəkdə daha uğurlu olacaqdır.

Yoşiro Kamata: Mən ölkəmizin ünvanına söylədiyiniz xoş sözlərdən çox məmnunam. Haqqında burada danışdığınız tarixi - ölkəmizlə necə münasibətlərə və əlaqələrə malik olmağınızı və bunların əsasında indi Siz dövlətimizlə əlaqələrin möhkəmlənmsi üçün təşəbbüs göstərməyinizi bilərək və təcrübənizə bələd olaraq, biz Sizə daha böyük səmimi hörmət bəsləyirik. Çox gözəl bilirik ki, indi Sizin güclü rəhbərliyiniz altında ölkənizdə sabitlik mövcuddur. Siz həm də paralel siyasət - bir tərəfdən, xarici sərmayələrin cəlb edilməsi üçün, digər tərəfdən isə, sənayenin, iqtisadiyyatın yüksəlişi üçün açıq qapı siyasəti aparırsınız. Sizin səyləriniz sayəsində xarici sərmayədarlar üçün, böyük sərmayələr üçün ölkənizdə əlverişli şərait yaranmışdır. Əgər Avrasiyanın, habelə Qafqazın müxtəlif dövlətlərinə nəzər yetirsək, görərik ki, Azərbaycan hüquqi əsasların və digər dövlət sistemlərinin yüksək dərəcədə şəffaflığı ilə güclü şəkildə fərqlənir. Bu isə xarici sərmayədarlara öz sərmayələrini arxayınca qoymağa imkan verir. Biz əslində neft-qaz sektorunda yataqların kəşfiyyatı, işlənilməsi, mənimsənilməsi sahəisndə işləyirik. Lakin ürəkdən inanırıq ki, layihələrimiz müsbət nəticələr verdikdə, biz Azərbaycan sənayesinin digər sahələrinə də Yaponiya müəssisələrinin ciddi sərmayə qoymağa başlamasına güclü təkan verə bilərik.

Biz həmçinin ürəkdən arzulayırıq ki, Yaponiya ilə Azərbaycan arasında səmimi və xeyirxah əlaqələr, etibarlı münasibətlər möhkəmlənsin.

Heydər Əliyev: Ölkəmiz haqqında xoş sözlərə görə və bizdəki vəziyyət barədə obyektiv qiymətə görə sağ olun. Həqiqətən, biz sabit ictimai-siyasi vəziyyət - bu, xarici sərmayələrin cəlb edilməsi üçün olduqca böyük əhəmiyyətə malikdir - habelə, dediyiniz kimi, xarici sərmayədarların fəaliyyəti üçün bütün lazımi, kifayət qədər əlverişli şəraiti yarada bilmişik. Mən 1998-ci ildə Tokioda olarkən biz bütun bunlar barəsində çox ətraflı danışdıq. Yeri gəlmişkən, mən bu səfərimi böyük məmnuniyyətlə və böyük səmimiyyətlə xatırlayıram. Baş nazir cənab Haşimoto, sonralar Baş nazir olmuş Xarici İşlər naziri cənab Obuti, bir çox digər dövlət xadimləri ilə görüşlər və danışıqlar çox faydalı, çox xoş, yaxşı idi. Lakin cənab Obutinin həyatdan belə tez getməsindən bir çox kədərləndik. Yaponiya imperatoru ilə görüş, Tokio və qədim paytaxt Kioto ilə tanışlıq və çay dəsgahı da çox xoş idi. Çay dəsgahı böyük sənətdir. Gördüyünüz kimi, nə qədər xatirələr var və bütün bunlar, əlbəttə, əməkdaşlığımız üçün yaxşı zəmindir.

Yoşiro Kamata: Həqiqətən, Siz 1998-ci ildə öz rəsmi səfərinizlə Yaponiya ilə Azərbaycan arasında geniş körpü saldınız. Biz hamımız bu səfərə görə Sizə çox minnətdarıq. Onun sayəsində indi biz ölkənizlə sıx əməkdaşlıq edirik.

Heydər Əliyev: Bizi daha bir böyük layihə birləşdirir - bu, tarixi İpək yolunun bərpası layihəsidir. Yaponiya bu layihənin həyata keçirilməsi sahəsində çox böyük fəallıq göstərir. Bildiyiniz kimi, Azərbaycan bu baxımdan Şərqlə Qərb arasında, Asiya ilə Avropa arasında mühüm mövqe tutur. Bir baxın, qarşıda hələ nə qədər işlər durur və bütün bu işləri biz sizinlə birlikdə yerinə yetirəcəyik.