Azərbaycan Prezidenti Heydər Əliyevin Bakıda rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Klaus Kinkelin şərəfinə ziyafətdə nitqi - Prezident iqamətgahı, 22 dekabr 1995-ci il


Hörmətli cənab nazir!

Hörmətli qonaqlar, möhtərəm xanımlar və cənablar!

Sizi Azərbaycan torpağında səmimi salamlayır və dərindən məmnun olduğumu bildirirəm ki, nazir, vitse-kansler cənab Klaus Kinkel başda olmaqla Almaniya Federativ Respublikasının belə mötəbər və böyük nümayəndə heyəti müstəqil Azərbaycana gəlmişdir. Bu, Almaniya Federativ Republikası xarici işlər nazirinin müstəqil Azərbaycan Respublikasına ilk səfəri və Almaniyadan Azərbaycana gələn ilk belə böyük nümayəndə heyətidir.

Bu səfər inandırıcı şəkildə göstərir ki, Almaniya-Azərbaycan dövlətlərarası münasibətləri inkişafdadır, Azərbaycanın və Almaniyanın münasibətlərimizin daha da inkişaf etdirilməsi prosesini sürətləndirməyə nail olmaq niyyəti əməli surətdə həyata keçirilir. Biz bunu alqışlayırıq. Hörmətli qonaqlar, sizi əmin etmək istəyirəm ki, Almaniya ilə Azərbaycan arasında bütün istiqamətlərdə münasibətlərin sürətlə inkişafını təmin etmək üçün var qüvvəmizlə səy göstərəcəyik.

Almaniya Avropanın ən böyük ölkəsidir və mədəniyyət, elm, incəsənət sahəsində zəngin ənənələrə, zəngin demokratik ənənələrə, geniş iqtisadi və intellektual potensiala malik ən böyük dünya ölkələrindən biridir. Alman xalqı bəşər tarixinə, bəşər sivilizasiyası tarixinə öz dahi nailiyyətləri ilə olduqca böyük töhfə vermişdir. Bu gün Almaniya Federativ Respublikası Yer kürəsində bütün proseslərdə mühüm rol oynayır və təbii olaraq, beynəlxalq məsələlərin həllində Almaniyanın mövqeyindən çox şey asılıdır.

Böyük faciə keçirmiş və təxminən əlli il ərzində parçalanmış olan Almaniya indi öz ərazi bütövlüyünü tamamilə bərpa etmişdir və alman xalqı qarşısında və Almaniya qarşısında duran vəzifələrin həyata keçirilməsi yolunda ciddi addımlar atır. Bu yaxınlarda biz alman xalqını Almaniyanın birləşməsinin beşinci ildönümü münasibətilə ürəkdən alqışlamaq və təbrik etmək imkanına malik olduq. Biz buna istər Avropada, istərsə də bütün dünyada sabitliyin çox mühüm amili kimi baxırıq. Dünyanın digər ölkələrinin xalqları kimi biz də dünya proseslərində, dünya iqtisadi inteqrasiyasında və müasir mərhələdə bəşəriyyəti narahat edən bir çox qlobal problemlərin həllində Almaniyanın yaxından iştirakına böyük ümidlə baxırıq.

Almaniya ilə Azərbaycan arasında, ölkələrimizin xalqları arasında səmimi münasibətlərin kifayət qədər sanballı tarixi var. XX əsrin hələ əvvəllərində Azərbaycan Almaniyaya böyük miqdarda neft və neft məhsulları göndərirdi və əldə olan statistik məlumata görə, o illərdə Almaniyanın neft məhsullarına və ağ neftə tələbatının 20 faizi Azərbaycandan göndərilən məhsullar hesabına ödənilirdi. Hələ əsrin əvvəllərində Almaniya şirkətləri Azərbaycanın təbii sərvətlərinə, burada birgə fəaliyyət göstərmək imkanlarına böyük maraqla yanaşırdılar və birgə fəaliyyət kifayət qədər uğurla həyata keçirilirdi.

Keçmişdə Azərbaycanda xeyli miqdarda alman əhalisi yaşayırdı. İndiyədək xalqımız Azərbaycandakı alman mədəniyyətinin və birgə yaşayışımızın birgə nişanələri olan nə varsa hamısını qayğı ilə qoruyur. Tarixə çevrilən əlli illik dövrün bütün çətinliklərinə baxmayaraq, hazırda Azərbaycanda alman millətindən olan 700-dək ailə yaşayır, bizim keçmiş əlaqələrimiz və xüsusən Almaniya ilə Azərbaycan arasında yaranmış olan xoş, dostcasına dövlətlərarası münasibətlər ölkələrimizin uğurlu əməkdaşlığı üçün və bütün istiqmətlərdə münasibətlərimizin inkişafı üçün yaxşı zəmindir.

Bildirirəm ki, biz bu əməkdaşlığı inkişaf etdirmək və möhkəmlətmək əzmindəyik və Almaniya tərəfindən Azərbaycan Respublikasına yetirilən diqqəti yüksək qiymətləndiririk. Almaniya Avropa İttifaqında, bütün beynəlxalq təşkilatlarda mühüm rol oynayır. Buna görə də indi mən minnətdarlıq hissi ilə demək istəyirəm ki, Azərbaycanla bağlı məsələlərə beynəlxalq təşkilatlarda baxılarkən, xüsusən Avropa İttifaqı tərəfindən Azərbaycana yardım göstərilməsinin mümkünlüyünə baxılarkən Almaniya müsbət mövqe tutur.

Almaniyanın töhfəsinin böyük olduğu Avropa İttifaqından Azərbaycanın aldığı yardıma görə, xüsusən bir milyon nəfərdən çox qaçqının ərzağa olan tələbatının ödənilməsi üçün aldığı yardıma görə Almaniyaya və sizin hamınıza, əziz qonaqlarımız, ayrıca təşəkkür etmək istəyirəm. Almaniya ilə dostıuq münasibətləri olan müstəqil Azərbaycan Respublikası bütün beynəlxalq təşkilatlarda Almaniyanın mövqelərini dəstəkləyir və onları ədalətli mövqelər hesab edir.

Hörmətli nazir, hörmətli qonaqlar! Biz Azərbaycanda dörd il bundan əvvəl dövlət müstəqilliyi əldə etdik və hüquqi demokratik, sivilizasiyalı dövlət qururuq, Azərbaycan üçün müstəqilliyin dörd illik yolu çox çətin və bir çox mürəkkəb xarici və daxili siyasi proseslərlə əlaqədar gərgin olmuşdur. Lakin bizim üçün ən ağır problem Ermənistan Respublikası tərəfindən Azərbaycana qarşı təcavüzdür. Bu hərbi təcavüz artıq yeddi ildir davam edir və onun nəticəsiundə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizindən çoxunu işğal etmişdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı didərgin salınmışdır. Hazırda onlar ağır iqtisadi şəraitdə yaşayırlar.

Ötən illərdə vəziyyətimiz bir də bununla ağırlaşmışdır ki, Azərbaycanın özündə çox ciddi proseslər getmiş, dövlət çevrilişi cəhdləri olmuşdur, saysız-hesabsız silahlı qruplaşmaların və quldur dəstələrinin hərəkətləri ölkədə sabitliyi pozmuşdur. Bu isə 93-cü ildə respublikamızı vətəndaş müharibəsi təhlükəsi qarşısında qoymuşdur. Biz daxili problemləri həll etmişik və edirik. Biz Azərbaycanda siyasi sabitliyi təmin etmişik. Biz müxtəlif cinayətkar qrupların, silahlı quldur dəstələrinin fəaliyyəti ilə bağlı çətinlikləri aradan qaldırmışıq. Biz sabit vəziyyət yaranmasına nail olmuşuq. Bu isə bizə cari il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etməyə və demokratik Azərbaycan Respublikasının parlamentinə ilk seçkiləri, demokratik seçkiləri keçirməyə imkan vermişdir. Parlamentimiz artıq təşkil olunmuşdur və fəaliyyət göstərir.

Biz keçid dövrü ilə, bir sosial sistemdən digərinə keçidlə əlaqədar daxili çətinliklər keçiririk. Burada biz iqtisadiyyatı demokratikləşdirmək, bazar islahatları aparmaq üçün qəti mövqe tutmuşuq və bu yolla da gedirik. Lakin bu, təbii olaraq, iqtisadiyyatda böhran halları da yaradır. Biz bütün bu çətinlikləri dəf edirik, onlara baxmayaraq, Azərbaycanın müstəqilliyi və suverenliyi mövqelərində, respublikamızda bütün sahələrdə demokratiyanın inkişaf etdirilməsi, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə birləşdirilməsi mövqelərində möhkəm dururuq.

Qarşımızda Ermənistanın hərbi təcavüzündən xilas olmaq və Azərbaycanın ərazi bütövlüyünü, respublikamızın tam suverenliyini təmin etmək vəzifəsi durur. Biz həm də sülhsevər mövqe, konstruktiv mövqe tutmuşuq. Biz müharibə istəmirik, biz sülh istəyirik. Biz bütün qonşu dövlətlərlə, o cümlədən də Ermənistanla mehriban qonşuluq istəyirik. Biz Ermənistan - Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli mövqelərində durmuşuq. Biz əməli addımlar atırıq, güzəştlərə gedirik. 1994-cü il mayın 12-də, 19 ay bundan əvvəl biz Ermənistanla barışıq haqqında, atəşkəs haqqında saziş imzalamışıq və artıq 19 aydır ki, atəşkəs rejiminə əməl edirik, müvəqqəti barışıq şəraitində yaşayırıq. Biz hərbi əməliyyatlara yenidən başlanılmasını istəmirik, biz vəziyyətin dincliklə nizamlanmasını istəyirik və ATƏT-in Minsk qrupunun fəaliyyətinə, dünya birliyinin köməyinə və həyanlığına, dünyanın iri dövlətlərinin köməyinə və həyanlığına böyük ümidlər bəsləyirik.

Almaniya ATƏT-in Minsk qrupunda fəal iştirak edir və Almaniyanın Minsk qrupundakı nümayəndəsi, səfir cənab Lambax bizim problemlərimizlə yaxından məşğul olur. Lakin ümidvaram ki, Almaniyanın federal xarici işlər nazirinin özü Ermənistanda da olduqdan, Azərbaycanda da olduqdan və bölgəmizdə vəziyyəti öyrəndikdən sonra problemimizin dincliklə tənzimlənməsi, ədalətlə tənzimlənməsi üçün Almaniya tərəfindən səylər artacaqdır.

Mən biznesmenlərin, Almaniya Federativ Respublikası parlamenti üzvlərinin, dövlət orqanlarının digər nümayəndələrinin böyük bir qrupunun Azərbaycana gəlməsini alqışlayıram və buna Almaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına diqqət yetirilməsi kimi baxıram.

Azərbaycan böyük təbii ehtiyatlara, iri sənaye potensialına, iqtisadi potensiala, intellektual potensiala malikdir və ölkəmiz xarici firmalarla əməkdaşlıq üçün açıqdır, gələcəkdə birgə iqtisadi fəaliyyət üçün açıqdır. Mən Almaniyanın işgüzar dünyasının nümayəndələrini, Almaniyanın maliyyə mərkəzlərinin, bank mərkəzlərinin nümayəndələrini Azərbaycanla əməkdaşlığa dəvət edir və əmin edirəm ki, sərmayələr qoyulması üçün, fəal əməkdaşlq üçün hər cür əlverişli şərait yaradılacaqdır.

Biz alman xalqının uğurlarına, Almaniya Federativ Respublikasının uğurlarına sevinirik, bilirik ki, Almaniya elmi-texniki tərəqqinin, mədəniyyətin yüksək səviyyəsinə nail olmuşdur və təbii olaraq, iqtisadiyyatda yüksək inkişaf sürətinə malikdir. Ölkədə vətəndaşların firavan həyatı üçün çox əlverişli şərait yaradılmışdır. Ümid edirik, şəxsən mən ümid edirəm ki, Almaniya öz imkanlarından istifadə edərək, müstəqil inkişaf yoluna qədəm qoymuş və bununla da demokratiya yolu ilə, bazar islahatları yolu ilə gedən gənc dövlətlərə daha fəal kömək göstərəcəkdir. Biz fəal əməkdaşlığa ümid bəsləyirik. Biz Almaniya tərəfindən fəal köməyə və həyanlığa ümid bəsləyirik.

Almaniya Federativ Respublikasının şərəfinə, alman xalqının şərəfinə, Almaniyanın daha da tərəqqisi şərəfinə, Almaniyanın federal kansleri cənab Helmut Kolun şərəfinə, Almaniyanın prezidenti cənab Roman Hersoqun şərəfinə, Almaniyanın xarici işlər naziri, vitse-kansleri cənab Klaus Kinkelin şərəfinə, hörmətli qonaqlarımızın şərəfinə, hörmətli qonaqlarımız sizin sağlığınıza.


"Müstəqilliyimiz əbədidir", V cild, səh 203.