Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezərlə birgə müvəqqəti məskunlaşmış qaçqınlarla görüşdə söhbəti - Bakı, Səttarxan adına Neft Maşınqayırma Zavodunun inzibati binası, 12 iyul 2000-ci il


Elşən Orucov (Nərimanov rayonundakı 177 nömrəli məktəbin şagirdi): Cənab Prezident, biz ümid edirik ki, işğal olunmuş torpaqlarımız Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində azad ediləcək və yüzminlərlə qaçqın soydaşlarımız öz el-obasına, doğma yurd-yuvalarına qayıda biləcəkdir. Siz Azərbaycan dövlətçiliyininin möhkəmlənməsinə, onun əbədi və dönməz xarakter almasına çalışırsınız. Bu yolda Sizə uğurlar diləyirik.

Heydər Əliyev: Biz bunların hamısını Türkiyə Cümhuriyyəti ilə bərabər edəcəyik.

Sahib Rəhimov (Dövlətqaçqınkomun sədr müavini): Cənab Prezident, məlumat verərək deyim ki, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunan Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli rayonlarında doğma el-obalarından didərgin salınmış 170 qaçqın ailəsi heç bir şəraiti olmayan bu binada yerləşdirilmişdir. Ümumiyyətlə, tikintisi yarımçıq qalmış 450 belə binada 150 minə yaxın qaçqın və məcburi köçkün müvəqqəti yaşayır. Eyni zamanda köçkünlər sanatoriyalarda, yataqxanalarda da müvəqqəti sığınacaq tapmışlar.

Dilşad Quliyeva (məcburi köçkün): Sizi Türkiyə Cümhuriyyətinin yeni prezidenti seçilməyiniz münasibətilə bütün qaçqınlar adından təbrik edirəm. Azərbaycana, öz doğma qardaş ölkənizə ilk dəfə rəsmi səfərə gəldiyinizə görə Sizə minnətdarıq.

Əhməd Necdət Sezər: Təşəkkür edirəm.

Heydər Əliyev: Siz haradansınız?

Dilşad Quliyeva: Dağlıq Qarabağdan, indiki Xocavənd rayonundanam. 1992-ci ildən qaçqınam. Ermənilər bizi zorla qovublar. Birinci biz qaçmışıq və çox pis vəziyyətdə qaçıb gəlmişik. Burada müvəqqəti məskunlaşmışıq. Hamı bizə hörmət edir. Heydər Əliyevi sağ olsun – necə ki, atəşkəs razılığı əldə edib, elə də bizim böyük ümidimiz var ki, öz torpağımıza qayıdacağıq. Çünki torpağın vurğunuyuq. Bizim üçün burada yaşamaq çətindir. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı bizə hər cür şərait yaradıbdır. Cənab Heydər Əliyev bizə hər cür kömək edir. Amma heç nə torpağımızın yerini vermir. İstəyirik Heydər Əliyevə kömək edəsiniz ki, torpaqlarımız alınsın, biz də öz yerlərimizə qayıdaq.

Əhməd Necdət Sezər: İnşallah, inanıram ki, öz torpaqlarınıza gedəcəksiniz. Hörmətli cümhur başkanı da bunun üçün çalışır, biz də onu dəstəkləyirik.

Dilşad Quliyeva: Bizim Heydər Əliyevə böyük ümidimiz, inamımız var ki, o, bax, bu körpələri öz torpağımıza qaytaracaqdır.

Heydər Əliyev: Türkiyə Cümhuriyyəti ilə bərabər, dostumuz, Türkiyə Cümhuriyyətinin prezidenti ilə bərabər.

Əhməd Necdət Sezər: İnşallah, birlikdə. Biz hörmətli Heydər Əliyevə bütün dəstəyimizi veririk.

Dilşad Quliyeva: İndi özünüz fikirləşin, yeddi baş külfətdir, bu bir otaqda yaşayırıq. Üç ailədir. Oğlum təzə evlənibdir. O şəkildəki də uşaqların rəhmətlik atasıdır. Kömək edirlər, amma ev çox darısqaldır. Nə edək?!

Heydər Əliyev: Bacı, sizin dərdiniz ağırdır, çətindir. Mənim ürəyimi yandırır.

Dilşad Quliyeva: Çox sağ olun. Biz dözürük. Sizə minnətdarıq. Ümidimiz var ki, sizin əlinizlə torpaqlarımıza qayıdacağıq.

Ərtan Gönən (Türkiyənin Qızıl Ay Cəmiyyətinin Baş direktoru): Hörmətli cümhur başkanım, 1990-cı ildən başlanan maddi və humanitar yardımlarımız indiyə qədər davam edir. Ermənistanın təcavüzü nəticəsində yerindən-yurdundan didərgin düşmüş bir milyon soydaşımızın ehtiyaclarını ödəmək üçün 1993-cü ildə Baş nazirin qərarı və Xarici İşlər Nazirliyinin tələbi ilə Bərdə, Ağcabədi rayonlarında və digər yerlərdə çadır şəhərcikləri salınmışdır. Onlara hər cür ərzaq məhsulları verilir və səhiyyə xidmətləri göstərilir. Soydaşlarımızın təhsil almaları üçün də lazımi işlər görülmüş, onlar üçün tikiş kursları açılmışdır. Bəziləri dini məktəblərdə təhsil alırlar. Kişilər və qadınlar üçün dörd hamam tikilmiş, 40 min nəfər tibbi müayinədən keçirilmişdir. Onların bütün ehtiyacları Türkiyədən göndərilən dərmanlar vasitəsilə təmin edilmişdir. Həmin yerlərdə insanların sağlamlığının qorunması nəzarət altındadır. Türkiyədən bir çox cihazlar göndərilmişdir. Orada salınmış məktəblərin 75 sinfində iki min şagird təhsil alır və məktəblərdə çalışanların hamısı azərbaycanlı müəllimlərdir. Təhsil üçün lazım olan əşyalar Türkiyədən göndərilmişdir. Bütün bu işlər Bakıdakı səfirliyimiz vasitəsilə əlaqələndirilir və həyata keçirilir.

Hörmətli cümhur başkanım, 1996-cı ildə yardımlarımız dünya ərzaq təşkilatı çərçivəsində davam etdirilmiş və bu köməkdən Azərbaycan yararlanmışdır. Bu, 1998-ci ilə qədər davam etmiş və hazırda hörmətli prezident Heydər Əliyevin, Azərbaycan hökumətinin xahişi ilə təkrar yardımlar göstərilməyə başlanmışdır. 1998-ci ildə 2018 ailəyə, yəni 8500 insana ərzaq, təhsil və səhiyyə yardımları göstərilmişdir və bu, davam etməkdədir. Belə ki, bu gün zati-alinizin buraya təşrifi ilə əlaqədar iki min ailəyə bir aylıq ərzaq məhsulları paylanacaqdır. Ümumiyyətlə, buraya göndərilən yardımların həcmi 11,5 milyon dollara yaxındır. Biz hökumətimizin və 81 hörmətli Heydər Əliyevin xahişi ilə bu yardımı, təbii ki, davam etdirəcəyik. Bununla bərabər, bu axşam bir qrup səhiyyə işçisi Bakıya gələcəkdir. Onlar Azərbaycanın beş səhiyyə mərkəzində araşdırmalar aparmışlar. Bir az əvvəl dediyim kimi, bu yardımlar hökumətimizin və Azərbaycan hökumətinin tələbləri çərçivəsində davam edəcəkdir. Amma Türkiyənin və ərəblərin saldığı dörd çadır şəhərciyində indi 86 min nəfərə humanitar yardımlar göstərilir, onlar bu yardımlardan faydalanırlar. Azərbaycanın ayrı-ayrı rayonlarında 800 min qaçqın vardır. Onların ehtiyacları hələ də mövcuddur. Təbii ki, məqsədimiz bu ehtiyacların ödənilməsidir. Əslində, Türkiyə çox böyük yardımlar göstərir, amma bu ehtiyacları bütün dünyanın görməsi lazımdır. Çox sağ olun.

Heydər Əliyev: Çox təşəkkür edirəm. Hörmətli cümhur başkanının hüzurunda mən indiyə qədər Azərbaycana göstərilən bu yardımlara görə Türkiyə Cümhuriyyətinə və Qızıl Ay Cəmiyyətinə təşəkkür edirəm. İndi siz məruzə etdiniz. Verdiyiniz məlumatlar hər şeyi göstərir ki, Siz nələr etmisiniz. Bunların hamısına görədir ki, bax, bu ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanlar bizə dua edirlər. Azərbaycan hökuməti, dövləti, mən də Azərbaycan prezidenti olaraq təşəkkür edirəm. Türkiyə Cümhuriyyətinə təşəkkür edirəm. Türkiyə Cümhuriyyətinin prezidentinə təşəkkür edirəm. Türkiyə Cümhuriyyətinin hökumətinə təşəkkür edirəm, Qızıl Ay Cəmiyyətinə təşəkkür edirəm. Ümid edirəm ki, sizin bu yardımınız bundan sonra da davam edəcəkdir. Çünki biz dünən hörmətli prezident ilə, cümhur başkanı ilə bu problemlər haqqında çox geniş danışdıq, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması və bu insanların öz torpağına köçməsi bizim əsas problemimizdir. O vaxta qədər ki, bu insanlar öz torpaqlarına dönməyiblər, o vaxta qədər bizim bu yardıma ehtiyacımız var. Ümidvaram ki, Siz bu yardımların bundan sonra da davam etdirəcəksiniz. Çox sağ olun.

Əhməd Necdət Sezər: Təbii ki, bizim də düşüncəmiz Azərbaycanın torpaq bütövlüyünün qorunmasıdır, qaçqınların öz yurd-yuvalarına dönməsidir. Amma o prosesin nə qədər çəkəcəyi bəlli deyil. O proses içərisində biz də Türkiyə olaraq, imkanlarımız daxilində bu yardımları davam etdirəcəyik. Buna əmin ola bilərsiniz. Ancaq mənim təklifim belədir ki, qaçqınlar öz doğma el-obalarına qayıdana qədər yalnız istehlakçı deyil, həm də istehsalçı olsunlar, öz ehtiyaclarını ödəmək səviyyəsinə çatsınlar. Yəni xalçaçılıq, peşə hazırlığı kimi sahələrə yönəlsələr, hər halda, yükləri daha az olacaq, öz imkanları ilə ayağa dura biləcəklər. Təbii ki, biz də imkanımız daxilində kömək edəcəyik. Hörmətli Əliyev, buna əmin ola bilərsiniz.

Heydər Əliyev: Çox sağ olun.

Həsrət Məmmədova (məcburi köçkün): Cənab Prezident, istəyirik ki, böyük siyasətçi, qayğıkeş insan, əziz prezidentimiz Heydər Əliyevə kömək durasınız. Bizim heç nəyə ehtiyacımız yoxdur. Amma bizim torpaqları alıb özümüzə qaytarasınız.

Əhməd Necdət Sezər: Hörmətli Əliyev də ona çalışır və biz də onun bu işini dəstəkləyirik. Ümidimiz sizin öz torpaqlarınıza dönməyinizdir, evlərinizə, yurdlarınıza qovuşmağınızdır.

Həsrət Məmmədova: Çox sağ olun. Allah hamınızın köməyi olsun. Bizim əlimizdən tutursunuz. Allah Sizi bizə çox görməsin. Bütün qaçqınlar və məcburi köçkünlər adından dərin təşəkkürümüzü bildiririk.

Heydər Əliyev: Əziz bacılar, qardaşlar!

Əziz dostlarımız!

Siz bilirsiniz ki, Türkiyə Cümhuriyyətinin yeni seçilmiş prezidenti, əziz dostumuz Əhməd Necdət Sezər Azərbaycana rəsmi səfərə gəlibdir. Dünən bütün günü Azərbaycan dövləti ilə bir çox məsələlər haqqında danışıqlar aparılıb, müzakirələr aparılıb və Türkiyə–Azərbaycan dostluğunun, qardaşlığının davam etməsi, əbədi olması hər iki tərəfdən təsdiq edilibdir. Bu gün hörmətli prezident sizinlə görüşə gəlibdir. Yəni sizin bu yaşadığınız yeri, ağır vəziyyətdə olduğunuzu öz gözləri ilə görmək istəyibdir. Onun arzusu ilə də biz buraya gəlmişik. Mən bu gün sizin yanınızda, sizin qarşınızda bildirmək istəyirəm ki, Ermənistanın Azərbaycana təcavüzü başlayandan indiyə qədər Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı, Türkiyə dövləti daim Azərbaycanın yanında olub, Azərbaycanla bərabər olub, Azərbaycana yardım edibdir. Həm müharibə gedən illərdə, həm altı ildir ki, biz atəşkəs rejimində yaşayırıq – məsələnin sülh yolu ilə həll olunması sahəsində, bütün beynəlxalq təşkilatlarda, ATƏT-in Minsk qrupunda. Hər yerdə Türkiyə Cümhuriyyəti Azərbaycanı dəstəkləyir və Azərbaycan dövləti ilə bərabər bu məsələnin tezliklə həll olunmasına çalışır. Bu da ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və siz, əziz dostlar, əziz bacılar, qardaşlar, öz torpağınıza, yerinizə-yurdunuza qayıtmalısınız. Biz buna mütləq nail olacağıq. Bütün bu işlərdə Türkiyə Cümhuriyyəti və onun dövləti, onun prezidenti, hökuməti bizə daim yardımçıdır.

Bilirsiniz ki, bu vəziyyət əmələ gələndən indiyə qədər – 1990-cı ildən, xüsusən 1993-cü ildən Türkiyə Cümhuriyyəti qaçqın, köçkün vəziyyətində yaşayan Azərbaycan vətəndaşlarına həm Bakıda, həm müxtəlif bölgələrdə çadırlarda yaşayanlara qida, paltar yardımları, başqa yardımlar edir. Bu dəfə də hörmətli prezidentin Azərbaycana səfəri zamanı belə bir böyük yardım göstərilibdir. Ona görə də mən sizin adınızdan, Azərbaycanda yerindən-yurdundan didərgin düşmüş bir milyondan çox insanların adından, Azərbaycan vətəndaşlarının adından Türkiyə Cümhuriyyətinə, Türkiyə dövlətinə, hökumətinə və Türkiyənin prezidenti, əziz dostumuz, qardaşımız Əhməd Necdət Sezər cənablarına təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da məsələnin sülh yolu ilə həlli uğrunda Türkiyə Azərbaycanla bərabər çalışacaq, biz buna nail olacağıq və siz yerinizə – yurdunuza qayıdana qədər Türkiyənin Azərbaycana yardımı, yəni sizin burada heç olmasa minimal şəraitdə yaşamağınız üçün yardımı davam edəcəkdir.

Hörmətli qardaşım, əziz prezident, mən bir daha, bir daha təşəkkür edirəm.

Əhməd Necdət Sezər: Dəyərli azərbaycanlılar!

Dünən və bu gün məclisdə də söylədiyim kimi, 1918-ci ilin ağır şəraitində Azərbaycana yardım edən Türkiyə bu gün də Azərbaycanı hər sahədə dəstəkləməkdə davam edəcəkdir. Azərbaycana dəstəyimiz hər baxımdan ən yüksək səviyyədə olacaqdır. Ehtiyaclarınız təmin olunacaqdır. Bu yardımlar siz öz yurdlarınıza qayıdana qədər davam edəcəkdir. Biz Türkiyə olaraq, hörmətli cümhur başkanının da dediyi kimi, Azərbaycanın torpaq bütövlüyünün qorunmasının tərəfdarıyıq. Bu bütünlüyü sülh yolu ilə qorumaq bizim də arzumuz və istəyimizdir. Bu sahədə Azərbaycanın cümhur başkanını hər baxımdan dəstəkləyirik. Azərbaycan xalqının qəbul edəcəyi hər hansı bir variantı Türkiyə də qəbul edəcəkdir. Yardımlarımız sizin ehtiyac duyduğunuz müddət ərzində davam edəcəkdir. Bundan əmin olmağınızı xahiş edirəm. Hamınıza təşəkkür  edirəm.