Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfərə həsr olunmuş mətbuat konfransında bəyanatı - Bonn, 3 iyul 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Bu gün məni buraya, sizin şəhərin mətbuat mərkəzinə, jurnalistlər evinə dəvət etdiyinizə görə təşəkkür edirəm.

Bildiyiniz kimi, mən Almaniya Federativ Respublikası hökumətinin dəvəti ilə iyulun 1-də Almaniyaya rəsmi səfərə gəlmişəm. Bu, müstəqil Azərbaycan Respublikasının dövlət başçısının, prezidentinin Almaniyaya ilk səfəridir.

Dünən səhər tezdən burada, Almaniyada bizim görüşlərimiz başlayıbdır. Mən Almaniyanın federal prezidenti cənab Roman Hersoq, federal kansler cənab Helmut Kol və Almaniyanın digər hökumət nümayəndələri ilə, eyni zamanda Bundestaqın rəhbərliyi və deputatları ilə görüşlər keçirmişəm. Çox ətraflı müzakirələrimiz, danışıqlarımız olubdur. Hesab edirəm ki, bu görüşlər, danışıqlar nəticəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf etdirilməsi üçün səmərəli iş görmüşük.

Azərbaycan Respublikası gənc müstəqil dövlətdir, öz müstəqilliyinin beşinci ilini yaşayır və müstəqil dövlət kimi Dünya Birliyində özünə layiq yer tutmaq istəyir. Bu məqsədlə Azərbaycan Respublikası dünyanın bütün ölkələri ilə ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr qurur.

Həmin ölkələr içərisində Almaniya Federativ Respublikası Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Almaniya iqtisadiyyat sahəsində böyük nailiyyətlər əldə etdiyinə, demokratik ölkə, dövlət və demokratik cəmiyyət olduğuna görə, dünya siyasətində və iqtisadiyyatında görkəmli yer tutduğuna, dünyanın böyük dövlətlərindən biri olduğuna görə Azərbaycan Almaniya ilə münasibətlərinə və əlaqələrinə xüsusi fikir verir. Son illərdə bu əlaqələr yaranıb, biz bunları inkişaf etdirməyə çalışmışıq. Almaniyaya səfərimdən məqsədim bu əlaqələri daha yüksək səviyyəyə qaldırmaq və onların daha da dərinləşməsi və genişlənməsi, inkişaf etməsi üçün yeni tədbirlər görməkdir.

Dünən Almanyanın dövlət, hökumət başçıları və rəsmi dairələri ilə apardığımız söhbətlərdə, hesab edirəm ki, Azərbaycan - Almaniya əlaqələrinin inkişaf etməsi üçün yaxşı əsas yaranıbdır. Mən bu görüşlərdən və danışıqlardan məmnun olduğumu söyləmək və bildirmək istəyirəm ki, bizə - mənə və məni müşayiət edənlərə çox yüksək qonaqpərvərlik, diqqət və qayğı göstərilir. Bunlara görə də alman xalqına, Almaniya hökumətinə təşəkkür edirəm.

Apardığımız danışıqlarda iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadiyyat sahəsində əməkdaşlığın daha da sürətləndirilməsi problemi mərkəzi yer tutur. Bu sahədə böyük imkanlar var və biz çalışırıq ki, bunlardan səmərəli istifadə edək. Bu gün səhər Köln şəhərində - ölkənin iqtisadiyyat, sənaye mərkəzində Almaniyanın iş adamlarının çoxsaylı nümayəndələri, şirkətlərin rəhbərləri və nümayəndələri ilə görüşmüşəm. Hesab edirəm ki, bu görüş zamanı Azərbaycanın Almaniya ilə əməkdaşlıq etmək imkanlarını geniş açıb söyləyə bilmişəm.

Bilirsiniz ki, Azərbaycan Avropaya daxildir. Avropanın Asiya ilə birləşdiyi bölgədə yerləşir, Azərbaycanın çox əhəmiyyətli coğrafi-siyasi mövqeyi var. Ölkəmizin təbii sərvətləri, Qafqazda tutduğu mövqe, Avropa ilə Asiya arasındakı yolların kəsişdiyi yerdə olması, ümumiyyətlə, Avropa ölkələrinin marağını cəlb edir, o cümlədən bütün bunlar Almaniya üçün də maraqlıdır. Güman edirəm ki, indiyədək keçirdiyimiz görüşlər və bu gün, sabah da nəzərdə tutulan görüşlərimiz Azərbaycan - Almaniya əlaqələrini, xüsusən iqtisadi əlaqələrimizi genişləndirəcək. Biz bu əməkdaşlığın daha da yüksəklərə qaldırılmasına tərəfdarıq.

Mən sizə təşəkkür edirəm və suallarınıza cavab verməyə hazıram.

Sual: Cənab prezident, siz görüşlərinizdə deyirsiniz ki, Ermənistan -Azərbaycan münaqişəsinin aradan qaldırılması çox çətin məsələlərdən biridir və beynəlxalq təşkilatlar, qurumlar bu işdə yardımçı ola bilərlər. Siz həmin yardımı nədə görürsünüz və bu çətin məsələnin həll olunması perspektivinə necə baxırsınız?

Heydər Əliyev: Bəli, Ermənistan - Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ ilə əlaqədar olan münaqişənin aradan qaldırılması çətin məsələdir. Bu münaqişə səkkiz il öncə, 1988-ci ildə başlayıbdır və deyə bilərəm ki, dünyada olan bütün münaqişələr arasında həm ən uzun çəkən, həm də çox mürəkkəb münaqişədir. Bu münaqişə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində başlayıbdır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək məqsədi ilə hərbi təcavüz etmiş və bunun nəticəsində döyüşlər başlanmışdır. Həmin döyüşlər nəticəsində müəyyən səbəblərə görə Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikası ərazisinin 20 faizini işğal edə bilibdir. Bu ərazilərdən bir milyondan artıq Azərbaycan vətəndaşı zorla çıxarılıb, yerindən-yurdundan didərgin düşərək Azərbaycanın başqa bölgələrində ağır vəziyyətdə, qaçqın vəziyyətində, əksəriyyəti çadırlarda yaşayır.

Münaqişə nəticəsində Azərbaycana böyük zərbələr dəyib, ölkəmiz böyük itkilər veribdir, insanlar tələf olubdur. Azərbaycan xalqının indi işğal olunmuş torpaqlarda əsrlər boyu qurduğu, yaratdığı hər şey - yaşayış evləri, tarixi abidələr, istehsal müəssisələri - fabriklər, zavodlar, elektrik stansiyaları, eləcə də xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları dağıdılıb, viran edilibdir. Bütün bu zərbələrə, itkilərə baxmayaraq Azərbaycan Respublikası, onun dövləti məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Məhz buna görə də iki il öncə Ermənistan ilə Azərbaycan arasında hərbi əməliyyatların, atəşin dayandırılması haqqında saziş imzalanıbdır. İki ildir ki, atəş yoxdur, biz atəşkəs rejimində yaşayırıq. Ancaq eyni zamanda tam sülh də yoxdur.

Biz sülh istəyirik, yenidən döyüşlərin, atəşin başlanmasının tərəfdarı deyilik. Ona görə də sülhə nail olmaq üçün öz tərəfimizdən çox ciddi və konstruktiv addımlar atırıq. Siz dediniz, mən də təsdiq etdim ki, bu məsələnin həll olunması çətindir. Ancaq məsələni həll etmək üçün sadəcə şərtlər var. Şərtlər də ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyü, beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı təmin edilməlidir. Belə olan şəraitdə Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərin, - orada yüz minədək erməni yaşayır, - təhlükəsizliyinin təmin olunmasını öz üzərinə götürür, eyni zamanda Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa müasir dünya təcrübəsində mövcud olan ən yüksək muxtariyyət statusu verməyə hazırdır.

Bu şərtlər sadədir, ədalətlidir. Əgər bu şərtlər mövcud olduğu halda məsələ indiyə qədər həll edilmirsə, buna Ermənistan tərəfi maneçilik törədir. Təəssüf ki, Ermənistan tərəfi məsələnin həllinə ədalətsiz yanaşır. Dağlıq Qarabağı müstəqil etmək, yəni ona "dövlət müstəqilliyi" statusu almaq istəyir. Ona görə də bu şərtlər həyata keçirilmir. Mən isə bəyan edirəm ki, Dağlıq Qarabağa heç vaxt "dövlət müstəqilliyi" statusu verilə bilməz. Azərbaycanın ərazi bütövlüyünün saxlanması beynəlxalq hüquq normalarına uyğun olan tələbdir. Hər bir ölkə öz ərazisinin bütövlüyünü qorumalıdır. İndiki halda isə məsələnin həll edilməsi, şübhəsiz ki, ləngiyir.

Məsələnin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur. Minsk qrupu çox danışıqlar aparır, görüşlər keçirir. Biz bütün bu təkliflərimizi Minsk qrupuna veririk. Ancaq güman edirəm ki, Minsk qrupu da məsələnin ədalətlə həll olunması üçün hələ lazımi qərar qəbul edə bilməyibdir. Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi lazımdır, biz bunu istəyirik. Eyni zamanda, dünyanın böyük dövlətləri - Minsk qrupunun üzvü olan və olmayan dövlətlər də bu məsələnin həlli üçün səylərini artırmalıdır. Minsk qrupuna daxil olan ölkələrdən biri kimi Almaniya da bu məsələnin həll edilməsində çox təsirli iş görə bilər. Ümidvaram ki, bu məsələ sülh yolu ilə həll olunacaqdır. Biz yenə də - yenə də sülh istəyir, məsələnin sülh yolu ilə həll edilməsini istəyirik.

Sual: Cənab prezident, siz Azərbaycanda hüquqi demokratik dövlətin qurulmasından danışdınız. Lakin seçkiləri müşahidə edən ekspertlərin fikrincə, Azərbaycanda seçkilər demokratik keçirilməyib, müxalifət partiyaları qadağan olunub, qəzetlərin hamısı bağlanıb, jurnalistlər dustaqxanalarda yatırlar. Belə bir ölkədə demokratiyadan necə danışmaq olar?

Heydər Əliyev: Güman edirəm ki, cənab Manuçaryanın sualı onun Azərbaycana qarşı nə qədər qərəzli olduğunu göstərir. Birincisi, onu demək istəyirəm ki, cənab Manuçaryanın dediyi sözlərin hamısı yalandır, heç biri həqiqətə uyğun deyildir. Güman edirəm ki, o, bunların hamısını özü uydurur.

Həqiqət isə bundan ibarətdir: Azərbaycanda 30-dan çox siyasi partiya rəsmi qeydiyyatdan keçibdir. Bu partiyalar sərbəst fəaliyyət göstərir və onların əksəriyyəti müxalifətdə olan partiyalardır. Ötən ilin noyabrındakı parlament seçkiləri həm majoritar, həm də proporsional sistem əsasında keçirilirdi və seçkilərdə 8 siyasi partiya iştirak edirdi. Bu seçkilər nəticəsində parlamentə müxalifət partiyalarından həm proporsional sistem əsasında, yəni partiyaların siyahıları ilə, həm də majoritar sistem əsasında deputatlar seçilibdir. İndi Azərbaycan parlamentində 8 partiyanın nümayəndələri təmsil olunubdur. Bəzi deputatlar barışmaz müxalifət partiyalarının nümayəndələridir.

Azərbaycanda siyasi plüralizm, mətbuat azadlığı tamamilə təmin olunubdur. Mən qəzetlərin sayını-hesabını deyə bilmərəm, bir neçə yüzdən artıq qəzet buraxılır. Budur, deyirlər ki, 560 qəzet çıxır. Bunların böyük əksəriyyəti müxalifət partiyalarına, siyasi təşkilatlara məxsus olan qəzetlərdir. Heç bir senzura yoxdur. Hansı jurnalist nə istəyirsə, onu da yazır. O cümlədən Azərbaycandakı iqtidar da çox ciddi tənqid olunur və məqalələrdə bəzən cənab Manuçaryan kimi, iqtidarın adına yalanlar, uydurmalar da söylənilir. Mən bunların hamısını normal hesab edirəm. Cənab Manuçaryanın sualını da, ümumiyyətlə, sual kimi normal hesab edirəm, əgər yalan danışmasaydı. Mən açıq deyirəm ki, Azərbaycanın həbsxanalarında bir nəfər də olsun jurnalist yoxdur. Bir il bundan öncə bir neçə gənc jurnalist yazılarında Azərbaycan prezidentini təhqir etdiyinə görə həbs olunmuşdu. Bundan sonra onlar mənə müraciət etmişdilər ki, əfv edim. Bu hadisəni biləndən sonra mən onları əfv etdim və həbsxanadan azad olundular.

Aprel ayında Bakıda Türkiyədən gəlmiş bir jurnalist həbs olunmuşdu. O, jurnalistliyinə görə yox, gecə vaxtı cinayətkarlarla birlikdə tutulduğuna görə həbs edilmişdi. Ancaq baxmayaraq ki, o, həqiqətən cinayət etmişdi. Türkiyənin İqdır vilayəti nümayəndələrinin mənə müraciətindən sonra onu da əfv etdim, həbsxanadan azad olundu, öz vətəninə - Türkiyəyə qayıtdı.

Azərbaycanda həqiqətən demokratik hüquqi dövlət qurulur, insan hüquqları qorunur. Keçən ilin noyabrında qəbul olunmuş ilk demokratik konstitusiyanın maddələrinin üçdə biri insan haqlarının qorunmasına həsr edilibdir. Mən sizin sualınıza ümumi sözlərlə yox, faktlarla cavab verdim. Amma eyni zamanda mənə bu sualı verdiyinizə görə təşəkkür edirəm. Çünki bu, mənə imkan yaratdı ki, Azərbaycanda gedən demokratik proseslər haqqında burada olan jurnalistlərə ətraflı məlumat verim.

Sual: Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə əlaqədar bir neçə vasitəçilik missiyası cəhdləri olmuşdur. Siz Rusiyanın indiki rəhbərliyinin bu işə köməyini necə qiymətləndirirsiniz və vəziyyətin normal hala salınması üçün Moskva daha nə edə bilər?

Heydər Əliyev: Məsələnin sülh yolu ilə həll edilməsi üçün səkkiz il müddətində vasitəçilik rolu oynayan dövlətlər, ayrı-ayrı siyasi qurumlar həqiqətən olubdur. Şübhəsiz ki, hər bir vasitəçilik təşəbbüsü müəyyən mərhələdə bu məsələnin həll olunmasına müəyyən kömək edibdir. Amma ümumən məsələnin həllinə nail olmaq mümkün olmayıbdır.

Mən dedim ki, artıq dörd ildən çoxdur məsələnin həlli ilə bilavasitə ATƏT-in Minsk qrupu məşğul olur. 1994-cü ilin dekabrından Minsk qrupuna iki ölkə - Rusiya və Finlandiya həmsədrlik edir. Minsk qrupu çərçivəsindən əlavə, Rusiya dövləti müstəqil vasitəçilik təşəbbüsləri də göstəribdir. Eyni zamanda dünyanın böyük ölkələri - Amerika Birləşmiş Ştatları, Türkiyə və başqa ölkələr də müstəqil təşəbbüslər ediblər və vasitəçilik təklifləri veriblər. Rusiya və onun dövlət başçısı cənab Boris Yeltsin bu məsələni mənimlə bir neçə dəfə müzakirə edib və məsələnin həlli üçün bundan sonra da təşəbbüs, lazımi səylər göstərəcəkləri haqqında bəyanatlar veribdir.

Amerika Birləşmiş Ştatları da bu sahədə təşəbbüslər göstərir. Bu barədə ABŞ prezidenti cənab Bill Klintonla da görüşlərim, danışıqlarım olubdur.

Əgər sualınıza konkret cavab istəyirsinizsə ki, Rusiya bu sahədə nə edə bilər, - deyirəm ki, çox şey edə bilər və bu məsələnin həll olunmasına çox güclü təsir göstərə bilər. Prezident seçkilərindən sonra Rusiya bu məsələyə bəlkə daha da fəal qoşulacaqdır.

"RİA-Novosti": Mən də sizə bir sual vermək istəyirəm: Rusiyada prezident seçkiləri haqqında nə məlumatınız var?

Müxbir: Zənnimcə, seçkilər sakit keçir.

Heydər Əliyev: Sakit keçir? Çox gözəl.

Sual: Cənab prezident, deyə bilərdinizmi, Almaniyada görüşləriniz zamanı konkret olaraq hansı müqavilələri imzalamısınız?

Heydər Əliyev: Keçən ilin dekabrında Almaniyanın xarici işlər naziri, federal kanslerin müavini cənab Kinkel Azərbaycanda olarkən Almaniya ilə Azərbaycan arasında bir neçə müqavilə imzalanıbdır. Dünən də Azərbaycanın nümayəndələri cənab Kinkel ilə və iqtisadiyyat naziri ilə bir neçə müqavilə imzalayıblar. Bu müqavilələrin hamısı Azərbaycan ilə Almaniya arasında iqtisadi məsələlərin həllinə həsr olunubdur. Hesab edirəm ki, bu sənədlər iqtisadi sahədə əməkdaşlıq etməyimiz üçün yaxşı hüquqi-müqavilə əsasları yaradır.

Sual: Cənab prezident, federal kansler ilə görüşünüz zamanı Azərbaycan üçün hansı üstün məsələlər müzakirə olunmuşdur?

Heydər Əliyev: Dünən cənab Helmut Kol ilə danışıqlarımız əvvəldən axıra qədər üstünlük verdiyimiz məsələlərlə əlaqədar olmuşdur. Çünki danışıqlarda üstünlük daşımayan heç bir məsələ müzakirə edilməyibdir. Şübhəsiz ki, danışıqlarda əsas diqqətimiz və müzakirəmiz iqtisadi əlaqələrin inkişaf etdirilməsinə yönəldilmişdi.

Almaniyanın şirkətləri, konsernləri Azərbaycanda hələlik zəif təmsil olunublar. Eyni zamanda dünən və bu gün də qeyd etdik ki, Almaniyanın "Simens" və "Mannesmann" şirkətləri XX əsrin birinci illərindən Azərbaycanda fəaliyyət göstəriblər. İndi Almaniyanın iş adamlarının, şirkətlərinin Azərbaycanda iş görmələri üçün böyük imkanlar açılıbdır, xüsusən neft sənayesi, metallurgiya, energetika, maşınqayırma, kimya sənayesi sahəsində və bir çox başqa sahələrdə. Biz bu məsələləri cənab Helmut Kol ilə müzakirə etdik və belə fikrə gəldik ki, konkret layihələr təqdim edilərkən federal kansler bunların həyata keçirilməsinə kömək edəcəkdir.

Federal kansler ilə Transqafqaz nəqliyyat magistralı haqqında da çox geniş danışıqlar apardıq. Artıq dörd ölkə - Özbəkistan, Türkmənistan, Gürcüstan və Azərbaycan belə bir magistralın yaranması üçün saziş imzalayıbdır. Transqafqaz magistralı Orta, Mərkəzi Asiyanı Avropa ilə birləşdirir, Orta Asiyadan, Xəzər dənizindən, Azərbaycandan, Gürcüstandan Qara dənizə, oradan isə Avropaya, xüsusən Dunay çayı ilə Almaniyaya qədər uzana biləcək magistraldır. Bu da üstün məsələ kimi müzakirə olunmuşdur.

Şübhəsiz ki, Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsi danışıqlarımızın mərkəzində durmuşdu. Qafqaz regionu, bu regionda olan ölkələr, Almaniyanın onlarla əlaqələri də üstün məsələlər kimi müzakirə edilmişdir. Görürsünüz, üstünlük daşımayan məsələlər yoxdur.

Sual: Cənab prezident, Rusiya barədə sual vermək istəyirəm. Boris Yeltsinin xəstələnməsi ilə bağlı qayğılarınız varmı?

Heydər Əliyev: Mən bilmirəm, Boris Yeltsin xəstələnib, yaxud xəstələnməyib. Mənə belə gəlir ki, xəstələnməyib. Əgər xəstələnmiş olsa, Moskvada çox yüksək səviyyəli həkimlər, tibb xidməti var. Vaxtilə Moskvada bir çox illər yaşamış və işləmişəm. Oradakı həkimlərin və tibb xidmətinin çox yüksək səviyyədə olduğunu bilirəm. Əgər Boris Yeltsin xəstələnmiş olsa, ona mütləq lazımi yardım göstərərlər və mənim qayğıma ehtiyac yoxdur.

Sual: Cənab prezident, biz bilirik ki, Azərbaycanda demokratiya inkişaf edir, ancaq İslam Partiyası adı altında ölkənin müstəqilliyinə qarşı fəaliyyət göstərənlər də var. Siz buna necə baxırsınız?

Heydər Əliyev: Hesab edirəm ki, bütün ölkələrdə demokratiya bərqərar olmalıdır. Son illərdə dünyada gedən ictimai-siyasi proseslər bunu sübut edir. Bizim müstəqilliyimizi isə heç kəs əlimizdən ala bilməz, bundan narahat olmayın.

Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, səh.55-62