Ümumdünya İslam Xalq Rəhbərliyi idarə heyətinin növbəti toplantısı iştirakçılarına - 24 mart 1996-cı il


Mərhəmətli, rəhmli Allahın adı ilə!

Hörmətli toplantı iştirakçıları!

Sizi - nüfuzlu Beynəlxalq İslam Təşkilatının nümayəndələrini bütün Azərbaycan xalqı adından səmimi qəlbdən salamlayıram.

Dünyanın tanınmış din xadimlərinin müstəqil Azərbaycanın paytaxtı Bakıda keçirilən bu ilk böyük toplantısı islam aləminin ayrılmaz bir hissəsi olan ölkəmizin həyatında əlamətdar hadisədir. Məlumdur ki, qonşu Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan səkkiz ildir ki, ağır müharibə şəraitində yaşayır. Bu müharibədə Azərbaycan 20 mindən artıq şəhid vermiş, yüz minə qədər azərbaycanlı yaralanmış, torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, milyondan artıq vətəndaşımız yurd-yuvasından didərgin düşmüşdür. İşğal olunmuş torpaqlar viran olmuş, evlər, məktəblər, sosial və inzibati binalar, təsərrüfat obyektləri, məscidlər və məbədlər dağıdılmış, müsəlman qəbristanlıqları təhqirə məruz qalmış, Qurani-Kərim nüsxələri yandırılmış, qədim islam mədəniyyəti abidələri yerlə yeksan edilmişdir. Təbii ki, xalqımızın belə ağır gündə müsəlman qardaşlarının, bütün xeyirxah insanların yardımına və mənəvi dəstəyinə böyük ehtiyacı vardır. Buna görə də toplantınızı Azərbaycanda keçirdiyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm. Ümidvaram ki, respublikamızda olduğunuz günlər ərzində hər şeyi öz gözlərinizlə görüb real vəziyyətlə tanış ola biləcəksiniz və xalqımızın haqq işinin beynəlxalq miqyasda müdafiə olunması yolunda əlinizdən gələni əsirgəməyəcəksiniz.

Sizin bu toplantınız xalqımızın gözəl bayramlarından biri olan Novruz bayramı günlərində keçirilir. Mən şadam ki, sosial-iqtisadi vəziyyətin ağırlığına baxmayaraq müstəqil Azərbaycanın gələcəyinə böyük inam və nikbinliklə baxan xalqımızın bu Bahar bayramı şənliklərindəki sevincinə siz də şərik olacaqsınız.

Azərbaycan xalqı bütün çətinliklərə və əngəllərə baxmayaraq öz dini dəyərlərini qoruyub saxlamış, yüksək islam ideallarına sədaqətini daim nümayiş etdirmişdir. O, ürəklərimizi bir-birinə birləşdirərək bizə qardaşlıq nemətini bəxş etmiş yenilməz qüvvət və hikmət sahibi Allahın bu fəzilətini həmişə əziz tutmuş və bütün müsəlmanların qardaşlığı naminə əlindən gələni etmişdir. Əminəm ki, sizin bu toplantınız da müsəlman xalqlarının qardaşlığı və həmrəyliyi işinə öz layiqli payını verəcəkdir.

Əziz toplantı iştirakçıları!

Sizi və sizin şəxsinizdə bütün müsəlman qardaşlarımızı bir daha salamlayır, Allah-Təaladan sizə cansağlığı, xoşbəxtlik və nəcib işlərinizdə uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyənatlar, məktublar, müsahibələr), 6-cı cild səh.19.