Türkiyənin Kocaeli universitetində yeni dərs ilinin başlanmasına həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 1 noyabr 1999-cu il


Mən bu gün burada və buraya gəlməmişdən öncə Kocaeli Universiteti haqqında çox müfəssəl bilgilər aldım. Mən çox universitetlərin yaranmasının və inkişaf etməsinin tarixini bilirəm. Ancaq 1992-ci ildə yaranmış və çox az bir zamanda bu qədər böyümüş və inkişaf etmiş Kocaeli Universitetində görülmüş işlər məni heyran etdi, təəccübləndirdi və sevindirdi. Mən bu böyük nailiyyətləriniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu gün bizim burada toplaşmağımızın əsas məqsədi 17 avqust zəlzələsindən sonra çəkdiyi zərərlərə, fəlakətə görə Kocaeli Universitetində dərs ilinə başlanmasının gecikməsi və bu dərs ilinin bu gün başlanması münasibətilədir. Mən sizi- universitetin professorlarını, doktorlarını, dosentlərini, müəllimləri, tələbələri, gəncləri - hamınızı bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə, universitetinizə bütün işlərinizdə uğurlar arzulayıram.

17 avqust Türkiyə üçün, eyni zamanda Azərbaycan üçün böyük bir fəlakət, faciə gətirdi. Həqiqətən, tarixdə az görünən zəlzələlərdən biri burada - Türkiyədə, Kocaelidə, İzmitdə, bu bölgədə baş verdi. Bu fəlakət, faciə türk xalqını nə qədər iztiraba saldısa, Azərbaycan xalqını da bir o qədər iztiraba saldı. Siz nə qədər dərdə, qəmə, qüssəyə qapandınızsa, o qədər də biz dərdə, qəmə, qüssəyə qapandıq. Çünki bizim xalqlarımız qardaşdır, dostdur, bir kökə, bir mədəniyyətə, bir dilə, bir dinə mənsub olan millətlərdir. Biz bir millətik. Ona görə də sizin dərdiniz bizim də dərdimizdir. Mən böyük öndər Atatürkün çox gözəl kəlamlarını, sözlərini daim xatırladaraq deyirəm ki, Türkiyənin ələmi Azərbaycanın ələmidir, Türkiyənin sevinci Azərbaycanın sevincidir.

Bizim xalqlarımızın dostluğu, qardaşlığı böyük sınaqlardan çıxıbdır, böyük tarixi yol keçibdir. Ancaq bu fəlakətlə əlaqədar son günlərdə Türkiyə və Azərbaycan xalqlarının, dövlətlərinin nə qədər yaxın, dost olduqları bir daha dünyaya nümayiş etdirildi.

Əsas ondan ibarətdir ki, bizim xalqımız bu dərdə, qəmə, qüssəyə sizinlə birlikdə qapandı. Biz o günlər əlimizdən gələn yardımı etdik. Mən dərhal buraya gəlmək istəyirdim. Əziz dostum, qardaşım hörmətli cümhur başqanı Süleyman Dəmirəl mənə dedi ki, bunu sonra etmək lazımdır. Biz yardımlar göndərdik. Mən çox məmnunam ki, bizim yardımımız və köməyə göndərdiyimiz insanlar İzmitdəki neftayırma zavodunda yanğının söndürülməsində xidmətlərini göstərdilər. Bu təbiidir, burada təəccüblü bir şey yoxdur. Bu, belə də olmalıdır və bundan sonra da belə olacaqdır. Ancaq yenə də deyirəm, bu fəlakət türk xalqını nə qədər sarsıtdısa da, onun iradəsini sındırmadı, qırmadı. Çünki türk xalqı qəhrəman xalqdır, iradəli xalqdır. Türk xalqı böyük tarixi imtahanlardan, sınaqlardan keçmiş xalqdır. Türk xalqı böyük Atatürkün yolu ilə gedən xalqdır. Bu xalq bu sınaqdan da, bu çətin yollardan da müvəffəqiyyətlə çıxacaq və bu bölgələrdə olan dağıntıların hamısı bərpa ediləcəkdir. Ola bilər ki, əvvəlki binalardan, evlərdən daha da gözəlləri tikiləcəkdir. Bunu türk xalqı, Türkiyə dövləti, Türkiyə hökuməti tikəcəkdir. Dünya birliyinin göstərdiyi yardımlar bu işdə sizə kömək göstərəcəkdir.

Mən bu fəlakət münasibətilə sizə, Kocaeli sakinlərinə, universitetə, bütün türk xalqına, əziz dostum, qardaşım hörmətli prezident Süleyman Dəmirələ bir daha "keçmiş olsun" deyirəm, başsağlığı verirəm. Həlak olanların hamısına Allahdan rəhmət diləyirəm. Yaralananların, xəsarət alanların hamısının tezliklə sağalmasını diləyirəm. Tam əminəm ki, türk xalqı, Türkiyə Cümhuriyyəti bu ağır sınaqdan çox uğurla çıxacaqdır və gələcəyə doğru uğurla gedəcəkdir.

Universitetinizin gördüyü işlər həqiqətən yüksək qiymətə layiqdir. Sizin universitetin yaranması, qısa bir zamanda keçdiyi yol, əldə etdiyiniz nailiyyət Türkiyə Cümhuriyyətinin elm, təhsil, mədəniyyət sahəsində son onilliklərdə nə qədər böyük məsafə qət etdiyini, yüksəldiyini, inkişaf etdiyini göstərir. Hesab edirəm ki, bu müvəffəqiyyətlər, nailiyyətlər Türkiyə Cümhuriyyətinin bütün sahələrində - iqtisadiyyatda və başqa sahələrdə əldə etdiyi nailiyyətlərdən daha da qiymətlidir, əzizdir. Çünki insanlar, vətəndaşlar gərək təhsil alsınlar, mədəniyyətə, elmə qovuşsunlar, çağdaş dünyamızın düşüncəli vətəndaşları olsunlar. Bunların hamısını təhsil vasitəsilə etmək olar. Mən çox məmnunam ki, Türkiyədə bu universitet kimi böyük universitetlər vardır. Bunlar hamısı bu gün türk xalqının elm, mədəniyyət səviyyəsinin nə qədər yüksək olduğunu göstərir.

Məni sevindirən budur. Siz burada bəyan etdiniz ki, universitetiniz dünyanın böyük universitetləri ilə yarışa girir və onların səviyyəsinə qalxmağa çalışır. Bu, çox sevindirici haldır. Belə bir fikirlə, əzmlə yaşayan universitetin professorları, doktorları, müəllimləri, şübhə yoxdur ki, buna nail olacaqlar. Mən bu yolda sizə uğurlar arzulayıram.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrində təhsil, elm, mədəniyyət sahəsi xüsusi yer tutur. Bizim bir çox universitetlərimiz, elmi araşdırma mərkəzlərimiz, professorlarımız Türkiyənin müvafiq təşkilatları ilə sıx əlaqədədirlər, onlarla birlikdə işlər görürlər və Türkiyənin təcrübəsindən istifadə edirlər, eyni zamanda Azərbaycanın da əldə etdiyi təcrübəni bölüşürlər. Bunlar hamısı xalqlarımızın bərabər inkişafını təmin etmək üçün önəmli hallardır.

Əziz dostlar, mən bu gün səhərdən burada, Kocaelidəyəm. Əziz dostum, qardaşım prezident Süleyman Dəmirəllə bərabər biz zəlzələdən zərər çəkmiş insanları çadırlarda, yaxud müvəqqəti qurulmuş yığma evlərdə gördük. İnsanlar nə qədər həyəcanlı, sevincli və inamlıdırlar. Bu insanların üzünü, əhval-ruhiyyəsini görərkən, bu insanlarda olan coşğunluğu görərkən düşünürsən - türk milləti, türk xalıq həqiqətən nə qədər qüdrətli, nikbin, gələcəyə inamlı xalqdır. Ona görə də şübhə yoxdur ki, Türkiyə xalqı bütün bu çətinliklərdən uğurla çıxacaqdır.

Əziz dostlar, qardaşlar, bacılar!

Bu gün mənim üçün çox əziz və əlamətdar gündür. Ona görə ki, mən Türkiyə torpağındayam. Ona görə ki, mən zəlzələdən zərər çəkmiş yerləri görə bildim. Ona görə ki, mən zəlzələdən zərər çəkmiş insanlarla görüşə bildim. Ona görə ki, mən Azərbaycan xalqının böyük dostu, türk dünyasının lideri, Türkiyə Cümhuriyyətinin prezidenti, mənim əziz qardaşım Süleyman Dəmirəllə bir yerdəyəm.

Bu gün hörmətli prezident Süleyman Dəmirəlin doğum günüdür. Onun 75 yaşı tamam olur. O, 76 yaşa qədəm qoyur. Bu, hər bir insan üçün əziz gündür. Eyni zamanda bu, dost, qardaş üçün də çox əziz gündür.

Mən Azərbaycan xalqı, milləti, dövləti adından dostumuz, qardaşımız hörmətli prezident Süleyman Dəmirəli doğum günü, bu doğum gününün 75-ci ili münasibətilə ürəkdən təbrik edirəm. Ona cansağlığı, uzun ömür arzu edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, əziz dostumuz Süleyman Dəmirəl hələ on illər bundan sonra da Türkiyə xalqına, cümhuriyyətinə, bütün türk dünyasına böyük xidmətlər göstərəcəkdir.

Şübhəsiz ki, 75 il hər bir insan üçün böyük nailiyyətdir. Amma insanların nə qədər yaşaması onların özündən o qədər də asılı deyildir. Bu, Allahın işidir - kimin alnına nə yazılıbsa, o da olacaqdır. Ancaq bu illəri necə yaşamaq, xalqa, millətə bu illərdə nə fayda vermək - əsas bundan ibarətdir.

Əziz dostum, qardaşım, Türkiyə Cümhuriyyətinin prezidenti, bu gün türk xalqının böyük lideri Süleyman Dəmirəl 75 illik yaşının 50 ilindən çoxunu xalqına, dövlətinə xidmətə həsr etmişdir. O, böyük işlər görmüş, böyük dövlət işləri aparmış , siyasət aləmində olmuş, demək olar ki, canını xalqının, millətinin yolunda fəda etmişdir. Ona görə də türk xalqının, eyni zamanda bütün türk dünyasının böyük hörmət - ehtiramını və məhəbbətini qazanmışdır.

Süleyman Dəmirəl türk xalqı üçün çox əziz bir insandır. O, Azərbaycan xalqı üçün də eyni dərəcədə əziz bir insandır. Çünki bizim xalqlarımızın ona gələcəkdə də böyük ehtiyacı vardır. Onun təcrübəsinə, biliyinə, ağlına, zəkasına, siyasi fəaliyyətinə və Türkiyə Cümhuriyyəti qarşısında onun hələ çox işlər görməsinə həm türk xalqının, həm də Azərbaycan xalqının böyük ehtiyacı vardır. Ona görə də mən əminəm ki, əziz dostum Süleyman Dəmirəl bu gün 75 illiyini çox gümrah, gənc şəkildə keçirdiyi kimi, bundan sonra da gənc, gümrah, enerjili olacaqdır və Türkiyə üçün, Azərbaycan üçün, bütün türk dünyası üçün bundan da böyük işlər görəcəkdir.

Əziz dostlar, bu gün Türkiyə ilə Azərbaycan arasında böyük tarixə malik olan dostluq, qardaşlıq salnaməsinə qızıl hərflərlə daha bir yeni səhifə yazıldı. Bu gün biz bütün dünyaya bir daha nümayiş etdirdik ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bütün dünya xalqları içərisində dostluq və qardaşlıq üçün örnəkdir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk, bu dostluğu özümüz üçün böyük dayaq kimi qəbul edirik. Əmin ola bilərsiniz ki, Azərbaycan xalqı bu dostluğa, qardaşlığa əbədiyyətə qədər sadiq olacaqdır.

Mən sizi eyni zamanda, böyük Mustafa Kamal Atatürkün qurub yaratdığı və uğurla inkişaf edən cümhuriyyətin 76-cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm. 76 il ərzində böyük öndər Mustafa Kamal Atatürkün yolu ilı gedən türk xalqı böyük nailiyyətlər əldə edibdir. Şübhə yoxdur ki, bu qədər il yaşayan cümhuriyyət və böyük qüdrətə malik, dünyada özünə yüksək bir yer tutan, dünya miqyasında, beynəlxalq aləmdə böyük hörmət qazanan bir dövlət yaşayacaq, quracaq, inkişaf edəcəkdir. Bunların hamısının əsası ondan ibarətdir ki, Türkiyə böyük Atatürkün vəsiyyətlərinə sadiqdir, Türkiyə böyük Atatürkün yolu ilə gedir.

Türk xalqına eşq olsun!

Türkiyə-Azərbaycan dostluğuna eşq olsun!

Yaşasın Türkiyə Cümhuriyyəti!

Yaşasın Türkiyə!

"Azərbaycan" qəzeti, 2 noyabr 1999-cu il.