Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin türk dünyasının görkəmli oğlu, dünya şöhrətli alim, Azərbaycan xalqının böyük dostu İhsan Doğramacı və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbətindən - Prezident sarayı, 24 aprel 2000-ci il


Əziz dostum, qardaşım İhsan Doğramacı!

Əziz bacım Ayser xanım!

Əziz dostlarımız, qardaşlarımız!

Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz! Mən sizin hamınızı səmimi-qəlbdən salamlayıram və bu gün sizinlə Azərbaycanda görüşdüyümə görə çox məmnun olduğumu bildirmək istəyirəm. Təbiidir ki, bugünkü hadisə həm sizin, həm də bizim üçün, mənim üçün və xalqımız, müstəqil Azərbaycan üçün çox əlamətdar bir hadisədir. Azərbaycan xalqının böyük dostu, mənim şəxsi dostum, qardaşım İhsan Doğramacının 85 yaşı tamam olur. Biz bu münasibətlə, onun 80 yaşı tamam olanda danışmışdıq ki, İhsan Doğramacının 85 illiyini Azərbaycanda qeyd edəcəyik, keçirəcəyik. Buna görə də mən qardaşım İhsan Doğramacını ailəsi, dostları ilə birlikdə Azərbaycana dəvət etdim. Məmnunam ki, siz hamınız dəvəti qəbul etmisiniz, Azərbaycana gəlmisiniz.

Proqram məlumdur. Bu gün biz Azərbaycanın ən möhtəşəm salonu olan Respublika sarayında hörmətli İhsan Doğramacının 85 illik yubileyi münasibətilə böyük bir mərasim keçirəcəyik. Hörmətli İhsan Doğramacı mənim fərmanımla müstəqil Azərbaycanın ən yüksək mükafatı - "İstiqlal" ordeni ilə təltif olunubdur. Mən bu "İstiqlal" ordenini - Azərbaycanın ən yüksək mükafatını böyük şərəf hissi ilə hörmətli İhsan Doğramacıya təqdim edəcəyəm.

Bilirsiniz ki, orada müəyyən təbriklər olacaqdır. Azərbaycanın incəsənət ustaları, xadimləri bu münasibətlə bir konsert hazırlayıblar. Bu konsert məhz sizin üçün - İhsan Doğramacı üçün, sizin 85 illik yubileyinizə həsr olunmuş konsertdir. Həmin salonda 2500 yer vardır. Azərbaycanın çox görkəmli insanları orada iştirak edəcəklər.

Sonra axşam yenə də bərabər olacağıq. Siz sabah da, o birisi gün də buradasınız, Azərbaycanla daha da yaxından tanış olacaqsınız. Sizlərdən kimsə bəlkə də Azərbaycana ilk dəfədir gəlir. Hesab edirəm ki, Azərbaycanın bugünkü gününü görmək onlar üçün daha maraqlı olacaqdır. Amma kimsə buraya ilk dəfə deyil gəlir. Bu səfər onlar üçün də maraqlı keçəcəkdir, çünki respublikamızdakı dəyişiklikləri görəcəklər.

Məsələn, kimsə buraya 1990, 1991, 1992-ci illərdə gəlibsə, indi bu gün - 2000-ci ildə görəcəkdir ki, Azərbaycanda nə qədər böyük dəyişikliklər olubdur, tərəqqi, inkişaf vardır. Onlar bunu görəcəklər. Baxmayaraq ki, bizim problemlərimiz də vardır. Bilirsiniz ki, Ermənistan ilə Azərbaycan arasında olan hərbi münaqişə hələ sona çatmayıbdır. Biz 1994-cü ildə atəşi dayandırmışıq ki, atəş olmasın. Ancaq o vaxta qədər Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Həmin torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı zorla çıxarılıbdır. Onlar çadırlarda ağır şəraitdə yaşayırlar.

Biz münaqişəni sülh yolu ilə həll etmək üçün danışıqlar aparırıq. Ancaq bu danışıqlar hələ son nəticəyə gətirib çıxarmayıbdır. Bu, bizim ən böyük, ən ağır problemimizdir. Təsəvvür edin, indi səkkiz milyon əhalisi olan ölkənin vətəndaşlarının səkkizdə bir hissəsi, yəni bir milyonu qaçqın vəziyyətində çadırlarda, ağır şəraitdə yaşayır.

Başqa problemlərimiz də vardır. Biz 70 il sovet hakimiyyəti dövründə, tamamilə sosialist quruluşunda yaşamışıq. İnsanların şüuru da, psixologiyası da, xarakteri də, iş üslubu da - hər şey bu 70 ildə həmin ideologiyanın, sosialist quruluşunun, sisteminin qanunları, tələbləri əsasında formalaşıbdır, yaranıbdır.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyi əldə edəndən sonra biz həmin sistemdən, kommunist ideologiyasından, sosialist sistemindən imtina etdik, Qərbdə, Türkiyədə, dünyanın inkişaf etmiş ölkələrində olan sistemə - həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən - keçdik. Amma bu elə deyil ki, çayın bu tərəfinə gəldin, körpü də olmasa, yaxşı tullana bilirsənsə, o tərəfə keçə bilərsən. Bu, elə deyil.

Biz çay deyirik, siz nə deyirsiniz,- İhsan Doğramacı bizim dilimizi, yəni şivəmizi, ləhcəmizi yaxşı bilir. Yəqin siz də bilirsiniz,- amma bu çay çox geniş və dərindir. Onu keçmək üçün zaman lazımdır. Bunu keçmək üçün təkcə zaman yox, iradə lazımdır, bir sıra böyük islahatları, dəyişiklikləri həyata keçirmək lazımdır. Biz bunları edirik. Məhz bunların nəticəsidir ki, ölkəmiz artıq inkişaf edir, irəli gedir.

Vaxtınızı çox almaq istəmirəm. Ölkəmizin bir sıra problemləri vardır,- yəqin siz bunları bilirsiniz. Ancaq bu problemlərlə yanaşı, bizim çox yaxşı nailiyyətlərimiz də vardır. Azərbaycanda bazar iqtisadiyyatı inkişaf edir, insanlara sərbəstlik, azadlıq verilibdir. Ölkəmizdə siyasi plüralizm təmin olunubdur.

Biz dünyanın böyük neft şirkətləri ilə bir sıra mühüm müqavilələr imzalamışıq. Bu müqavilələr artıq öz nəticəsini verir. Bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. Ancaq biz indi Azərbaycanın neft yataqlarının, sərvətlərinin demək olar ki, "ikinci nəfəs"indən istifadə edirik. Həkimlər bu "ikinci nəfəs" məsələsini yaxşı bilirlər. Bəzən görürsən ki, bir şey tükənir, amma "ikinci nəfəs" əmələ gəlir. Biz Xəzər dənizinin Azərbaycana məxsus sektorunda böyük neft yataqları aşkar etmişik. Amma bu, indinin işi deyildir. Həmin neft yataqlarının hamısını məhz Azərbaycan alimləri, neftçiləri, geoloqları 1950-1960-1970-ci illərdə axtarıblar, tapıblar. Biz bu yataqlardan bir qismini sovet hakimiyyəti dövründə işlətmişik. Məsələn, burada əfsanəvi Neft Daşları adası vardır. Vaxtilə sahildən 100 kilometr məsafədə, Xəzər dənizinin içində bəzi daşlar olduğu müşahidə edilibdir. Orada axtarış işləri aparılanda neft tapılıbdır və neft hasil olunubdur. Gətirib həmin daşların üzərində - biz estakadalar deyirik - dəmirdən platformalar qurublar. 50 il bundan öncə orada bir şəhər yaradılıbdır. Yəni Azərbaycanda Xəzər dənizindən 50 il bundan əvvəl ilk neftin hasil edilməsinə başlanıbdır. Bilin ki, dünyada ilk dəfə dənizdən, yəni suyun dərinliyindən neftin hasil olunmasına Azərbaycanda başlanıbdır.

Ötən 50 il müddətində Azərbaycanın alimləri, geoloqları, neftçiləri Xəzər dənizinin başqa hissələrində də araşdırmalar aparmışlar, çoxlu neft yataqları aşkar etmişlər. Onların bir qismindən Sovetlər İttifaqı vaxtında istifadə etmişik, amma çox hissəsi qalıbdır. Biz indi dünyanın böyük neft şirkətlərini dəvət edərək həmin yataqları işlətməyə çalışırıq. Biz 1994-cü ildə ilk müqavilə imzalamışıq. Bu müqaviləyə "Əsrin müqaviləsi" deyirlər. O vaxtdan Türkiyədə çox məşhur olan Bakı-Ceyhan əsas ixrac neft kəməri işi ilə məşğuluq. Şükürlər olsun ki, onu da başa çatdırırıq. Keçən ilin noyabr ayında - siz ona kasım ayı deyirsiniz - ATƏT-in İstanbul zirvə görüşü keçirilən zaman biz son sazişi imzaladıq. İndi onun bəzi kommersiya, iqtisadi məsələləri həll olunur. Güman edirəm ki, bir-iki aydan sonra biz Bakı-Ceyhan əsas ixrac neft kəmərinin inşasına başlayacağıq, Xəzər dənizindən hasil edilən neft Türkiyənin Ceyhan limanına çatdırılacaqdır.

Azərbaycanda neft həddindən artıq çoxdur. Biz 1994-cü ildə ilk müqaviləni imzalayanda proqnoz verilmişdi, yəni bildirilmişdi ki, həmin üç yataqdan - "Azəri", "Çıraq" yataqlarından və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindən bir ildə 60 milyon ton neft hasil olunacaqdır. Ona görə də biz o vaxt Bakı-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi haqqında qərar qəbul etmişdik.

Biz ondan sonra 18 müqavilə imzalamışıq. İndi təsəvvür edin, nə qədər neft hasil olunacaqdır. Bilirdik ki, "Şahdəniz" adlanan yataqda xeyli qaz var, amma neft də çoxdur. Biz həmin yataqda müəyyən işlər apardıq.

Məlum oldu ki, bu yataqda həddindən çox qaz var. İndi biz düşünürük ki, dünya bazarına neftlə bərabər qaz da çıxarmalıyıq. Biz bunu birinci növbədə Türkiyəyə çıxarmaq istəyirik. Çünki Türkiyənin qaza ehtiyacı vardır.

Biz bu işləri görmüşük və onlar Azərbaycana böyük mənfəətlər gətiribdir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatı ilə bağlanıbdır. Biz bununla da gələcək üçün çox böyük təməl yaratmışıq. Təsəvvür edin, 2005-2010-cu illərdə Azərbaycanda hasil ediləcək neftin və qazın miqdarı o qədər olacaqdır ki, bu, təkcə Azərbaycanı yox, bir çox ölkələri də təmin edəcəkdir.

Bu işlərlə yanaşı, başqa işlər də vardır. Mən qısaca olaraq demək istəyirəm ki, bizim problemlərimiz, çətinliklərimiz vardır. Amma gözəl işlərimiz də çoxdur. Bunların hamısının üstündə elm, mədəniyyət, təhsil durur. Keçmiş Sovetlər İttifaqına məxsus olan, indi müstəqillik qazanmış ölkələrin hər birində keçid dövründə problemlər vardır. Həmin problemlərdən biri də təhsil, elm, mədəniyyət məsələsidir. Həqiqəti bildirmək lazımdır ki, Sovetlər İttifaqı zamanı bu sahələrə dövlət büdcəsindən çoxlu vəsait ayrılırdı. Bütün təhsil pulsuz idi. Elmin nəticəsi olsa da, olmasa da bu sahəyə çox böyük vəsait ayrılırdı. Mədəniyyət xadimlərinə çox böyük vəsait ayrılırdı. O vaxt Azərbaycanda teatr, balet, musiqi sahəsində çalışan adamlar, yazarlar, ədəbiyyatla məşğul olan insanlar ən zəngin insanlar idilər. Amma bu keçid dövründə onlara tələbat azalıbdır, ona görə onların maddi vəziyyəti də əvvəlki kimi deyildir. Bu məsələdə əsas ağırlıq dövlətin üzərinə düşübdür və dövlət də lazımi tədbirlər görür. Biz mədəniyyətimizi inkişaf etdiririk. Böyük alim, böyük insan, böyük şəxsiyyət İhsan Doğramacının 85 illik yubileyinin

Azərbaycanda keçirilməsi elmə, mədəniyyətə, təhsilə nə qədər yüksək diqqət göstərilməsinin gözəl nümunəsidir, təzahürüdür.

Beləliklə, istərdim ki, siz Azərbaycanı, Bakını - Azərbaycanın hər yerini görə bilməyəcəksiniz - mümkün qədər çox görəsiniz. Siz ölkəmizi nə qədər çox görsəniz, o qədər də çox inanacaqsınız ki, Azərbaycan müstəqil hüquqi, demokratik, dünyəvi - biz "dünyəvi" deyirik, siz "laiq" deyirsiniz - dövlətdir. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir. Siz buna "piyasa ekonomisi", yəni "iqtisadiyyat" əvəzinə "ekonomi", "bazar" əvəzinə "piyasa" deyirsiniz. Azərbaycan dünyanın iqtisadi, siyasi cəhətdən inkişaf etmiş ölkələri ilə - Qərb, Şərq ölkələri, Amerika ilə əlaqələrini genişləndirir. Azərbaycan-Türkiyə əlaqələri bunların arasında xüsusi yer tutur, əhəmiyyət daşıyır.

Biz belə hesab edirik ki, dünyanın bir çox ölkələri ilə Azərbaycanın çox yaxşı əlaqələri vardır. Amma Türkiyə-Azərbaycan əlaqələri səviyyəsində bizim heç bir ölkə ilə əlaqəmiz yoxdur. Bu da təbiidir. Çünki biz bir kökdənik, bir dinə, dilə, mədəniyyətə mənsubuq, bir millətik. Təbiidir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir-birimizə qovuşan zaman biz həm insani nöqteyi-nəzərdən, həm də ki, dövlət nöqteyi-nəzərindən daha tez yaxınlaşmışıq. Ona görə də Türkiyə ilə əlaqələrimiz xüsusi xarakter daşıyır. Siz bunların hamısını - Türkiyəyə, Türkiyə Cümhuriyyətinə olan münasibəti burada görəcəksiniz.

Mən sizin hamınızı bir daha salamlayıram. Əziz dostum, çox məmnunam ki, sən bu il də çox gəncsən. 80 yaşında da belə idin, ötən beş ildə heç dəyişməmisən. Dəyişmisən, - bir az da gəncləşmisən, gözəlləşmisən.

İhsan Doğramacı: Hörmətli prezident!

Öz adımdan və Azərbaycana gəlmiş nümayəndə heyəti adından Sizə təşəkkür edirəm. Bizi buraya dəvət etdiyiniz və qəbul etdiyiniz üçün təşəkkür edirik. Siz buyurdunuz ki, biz bir millətik. Əlbəttə, Türkiyə də, Azərbaycan da, hətta digər türkdilli ölkələr də ayrılıqda müstəqil dövlətlərdir. Ancaq hamımız bir millətik. Buna heç bir şübhə yoxdur. Mən özüm bu fikirdəyəm. Məncə, buradakı dostlarım, həmkarlarım, həmvətənlərim və burada olmayan milyonlarla həmvətənim də mənimlə həmrəy olar ki, Türkiyə ən çox Azərbaycana yaxındır.

Bundan beş il əvvəl, 1995-ci ildə mənim 80 illik yubileyim müxtəlif yerlərdə qeyd edildi. Siz bu yubileyin Azərbaycanda da qeyd olunmasını istədiniz. Azərbaycana gəldik, yubiley Opera və Balet Teatrında böyük təntənə ilə qeyd edildi. Həmin il heç bir yerdə Bakıdakı kimi möhtəşəm, təntənəli yubiley tədbiri olmadı. O zaman siz öz nitqinizdə arzuladınız ki, mən 100 il yaşayım. Mən də sizin əmrinizi yerinə yetirmək üçün, 100 il yaşamaq üçün çalışıram.

Bundan sonra mən Türkiyədə və çoxlu dostlarım olan xarici ölkələrdə 85 illik yubileyimin keçirilməsini xahiş etdim. Onlar da hamısı bu xahişimi qəbul etdilər. Siz burada yenə istisna oldunuz. Dediniz ki, 100 ilə hələ çox var, biz hər beş ildən bir bunu qeyd edək. Ona görə də indi buradayıq.

Həqiqətən də, Sizin buyurduğunuz kimi, elmdə, mədəniyyətdə irəliləmək bir ölkənin müvəffəqiyyəti üçün birinci şərtdir. Mən həyatım boyunca bütün vaxtımı, işlərimi və fəaliyyətimi iki şeyə həsr etdim: insan, uşaq sağlamlığına və təhsilə, maarifə. İndi, bu yaşımda da bütün günü bu işlərlə məşğul oluram.

Mən təxminən 25 il Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri vəzifəsini daşımışam. Orada gördüm ki, bu təşkilatın bir çox regional bölmələri var: Avropa, Amerika, fransızdilli ölkələr regionu, ərəb regionu və sair.

Mən də bundan istifadə edərək, həmin cəmiyyətin türkdilli ölkələr üzrə regionunu yaratdım. Zənnimcə, bu, çox faydalı oldu. Çünki beləliklə, türkdilli region da beynəlxalq miqyasda öz yerini tutmuş oldu. Bu münasibətlə hər il bir türkdilli ölkədə uşaq həkimlərinin iştirakı ilə tədbir keçiririk. Bu işə Ankarada başladıq, sonra Daşkənddə, Almatıda, Bişkekdə və əlbəttə, Bakıda Sizin rəhbərliyiniz altında toplaşdıq. Bununla da eyni dilə və dinə, eyni kökə və mədəniyyətə mənsub olan bu millətləri yalnız diplomatiya səviyyəsində deyil, həm də xalq səviyyəsində, həkimlər səviyyəsində bir yerə toplamağa nail olduq. Bunun sayəsində mənim həmkarlarım, yəni uşaq həkimləri gördülər ki, aramızda çox yaxınlıq var və bir-birimizdən çox şeylər öyrənə bilərik.

Mən sovet dövründə də Bakıda olmuşdum - təxminən 20 il bundan əvvəl. Ondan sonra da bir neçə dəfə Bakıya gəlmişəm. 3-5 illik fasilə bir yana, hər il əvvəlki ildən daha çox inkişaf olduğunu şəxsən görmüşəm. Buna da inanıram ki, Sizin liderliyinizlə bu gözəl ölkə daha çox xoşbəxtliyə nail olacaqdır.

Bayaq dediniz ki, mənə bu gün "İstiqlal" ordeni təqdim edəcəksiniz. Bu, əslində bir insanın əldə edə biləcəyi ən yüksək şərəfdir. Bu səviyyədə olmasa da mənə bəzi ordenlər verilibdir. Ancaq bu ordenin mənə öz millətimin təmsilçisi, prezidenti tərəfindən verilməsi həmin ordenin qiymətini dəfələrlə artırır. Bizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirəm. Əminəm ki, yanımdakı dostlarım, həmkarlarım mənim bu hisslərimi paylaşırlar. İmkan olsaydı, buraya bəlkə də min adam gələ bilərdi.

Heydər Əliyev:  Gərək gələydi. Bizim qəlbimiz genişdir.

İhsan Doğramacı: Onu bilirəm. Ancaq orada işlər dayanardı. Ona görə də buradakı nümayəndə heyətinə daxil olanlar onların təmsilçiləridir. Bunlar hazırda rektor olanlar və ya vaxtilə rektor işləmiş insanlardır. Biz onlara "köhnə rektorlar" deyirik.

Heydər Əliyev:  Siz onlara "əski rektor" deyirsiniz. Biz "köhnə rektor" deyirik.

İhsan Doğramacı: Bundan beş il əvvəl buraya gələrkən qrupumuzda həm rektorlar, həm də əski rektorlar vardı. Mən əski rektorları kiminləsə tanış edəndə deyirdim: "Əski rektor filankəs". Deyirdilər: "Hə, köhnə rektor". Mən isə deyirdim: "Yox, canım, köhnə deyil, sağlam rektordur".

Heydər Əliyev:  İhsan bəy, biz köhnə rektora "köhnə" demirik, "keçmiş rektor" deyirik.

İhsan Doğramacı: Mən onları təqdim edəndə bu ifadə çox xoşumuza gəldi. Anladıq ki, "köhnə" pis bir söz deyil. Ondan sonra Ankaraya getdik, istəyirsiniz inanın, istəyirsiniz yox, - orada "köhnə rektorlar klubu" yaratdıq. O vaxt mənimlə birlikdə Bakıda olan həmkarlarım, yəni köhnə rektorlar 2-3 aydan bir həmin klubda toplaşaraq, beş il əvvəlki Bakı xatirələrini dilə gətirirlər. Bundan sonra hazırda iş başında olan bəzi rektorlar "Biz nə vaxt köhnə olub sizə qoşula bilərik?" deyə soruşdular. Mən də onlara dedim ki, gərək biz toplaşıb elə bir qərar qəbul edək ki, hər kəs bu şərəfə nail ola bilməsin.

Hörmətli prezident!

Sizə öz dərin minnətdarlığımı ərz edirəm. Biz Azərbaycanda olduğumuz vaxt ərzində çox xoş təəssüratlar əldə etdik və Türkiyəyə dolu ürəklə qayıdacağıq. Buna tam qayıtmaq demək olmaz, çünki ürəyimizin bir parçası burada qalacaq. Sağ olun.

Heydər Əliyev:  Sağ olun, təşəkkür edirəm.

İhsan Doğramacı: Möhtərəm prezidentim! Biz Sizə xatirə olaraq bəzi kiçik hədiyyələr gətirmişik. Mənim dostlarım dedilər ki, bunu axşam adamlar çox olan zaman verməyin, burada, daha səmimi şəraitdə təqdim edin. İcazə versəniz, onları Sizə təqdim edərdim.

Heydər Əliyev:  Yox, burada sizin yubileyiniz keçirilir, ona görə də bütün hədiyyələr sizin olmalıdır.

İhsan Doğramacı: Sağ olsunlar, dostlarım buraya gəlməzdən əvvəl mənə iki hədiyyə verdilər.

Mənim əsl doğum günüm aprelin 3-dür. Aprelin 3-də xeyli hədiyyə aldım. Biz hər hansı bir yubiley tədbiri keçirmədik. Ancaq yenə də hədiyyələr gəldi. Bu dəfə "biz bilməmişik, sən demə, doğum gününüz aprelin 24-ü imiş" deyə, yenə hədiyyələr verdilər. Mən hədiyyələrimi iki dəfə qəbul etmişəm. Bunlar elə də böyük şey deyil, izn versəniz, Sizə təqdim edərdim.

Heydər Əliyev:  Buyurun, bir halda ki, israr edirsiniz...

İhsan Doğramacı: Əfəndim, bu, Osmanlı Xanədanının tuğralarıdır.

Heydər Əliyev:  Tuğra nədir?

İhsan Doğramacı: İzah edim: tuğra o zamanın möhürüdür. Hər padşahın öz möhürü vardı. Bunların birincisində osmanlıca ərəb hərfləri ilə "Heydər Əliyev" yazılıb. İkincisində isə müasir türkcə ilə "Heydər Əliyev əl-Müzəffər daima" yazılıbdır. Çünki vaxtilə Osmanlı padşahlarının daim müzəffər olması, zəfər qazanması arzulanıbdır.

Heydər Əliyev:  Çox sağ olun. Bunları göstərin, qoy televiziyada görsünlər. Bu hədiyyələrə görə çox sağ olun. Onlar çox gözəldir.

İhsan Doğramacı: Hörmətli prezident, indi müxtəlif qruplar Sizə öz hədiyyələrini təqdim edəcəklər.

Heydər Əliyev: İhsan bəy, sənin yubileyindir, mənə hədiyyə nə lazımdır? Yaxşı, sən verə bilərsən, amma heç istəməzdim ki, başqaları bunu etsinlər.

İhsan Doğramacı: Bu, Bilkənd universitetinin Sizə hədiyyəsidir.

Əli Doğramacı (Bilkənd universitetinin rektoru): Hörmətli prezident, su həyatdır. Siz Azərbaycanın istiqlalına, inkişafına həyat bəxş etdiniz. Bu su qabı Sizin Azərbaycana gətirdiyiniz həyatın rəmzidir. Mən onu Bilkənd universiteti adından hörmətlə Sizə təqdim edirəm.

Heydər Əliyev: Sağ olun.

İhsan Doğramacı: Hörmətli prezident, indi isə İstanbul qrupu adından köhnə rektorlarımızdan Möhtəşəm Giray Sizə öz hədiyyəsini təqdim edəcəkdir.

Möhtəşəm Giray: Hörmətli prezident, bu lövhədə Mustafa Kamal Atatürkün 1933-cü ildə söyləmiş olduğu nitqdən bir parça yazılıbdır. İcazə versəniz, onu oxuyardım.

Heydər Əliyev: Buyurun, oxuyun.

Möhtəşəm Giray (mətni oxuyur): "Bu gün Sovetlər Birliyi dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız vardır. Fəqət sabah nə olacağını heç kim bilə bilməz. Eynən Osmanlı kimi, eynən Avstriya-Macarıstan kimi parçalana, dağıla bilər. Bu gün əlində möhkəm-möhkəm tutduğu millətlər ovuclarından qaça bilərlər. Dünya yeni bir tarazlığa çata bilər. Bax, o zaman Türkiyə nə edəcəyini bilməlidir. Bu dostlarımızın hakimiyyəti altında bizim dili bir, inancı bir, özü bir olan qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq yalnız susub o günü gözləmək deyildir. Hazırlaşmaq lazımdır. Millətlər buna necə hazırlaşır? Mənəvi körpülərini sağlam şəkildə quraraq. Dil bir körpüdür, inanc bir körpüdür, tarix bir körpüdür. Biz köklərimizə qayıtmalı və hadisələrin yaratdığı tariximizin içində bütövləşməliyik. Xarici ölkələrdə yaşayan türklərin bizə yaxınlaşmasını gözləməməliyik, biz onlara yaxınlaşmalıyıq".

Cənab prezident, mən Mustafa Kamal Atatürkün kitabını da Sizə təqdim etmək istəyirəm.

Heydər Əliyev: Mustafa Kamal Atatürk çox böyük şəxsiyyətdir. O, Türkiyə kimi bir cümhuriyyət qurub yaratdı. O, eyni zamanda, çox uzaqgörən bir insan idi. Siz oxuduğunuz bu sözlər mənə məlumdur. Ancaq Atatürkün nitqindən bir parçanı burada bir daha səsləndirməyiniz, təkrar etməyiniz onu göstərir ki, Atatürk çox uzaqgörən bir insan olubdur. O, hələ 1933-cü ildə 1991-ci ildə baş verə biləcək hadisələri görüb və nə etmək lazım olduğunu türk xalqına söyləyibdir. Mən bu hədiyyədən çox məmnunam. O, ən qiymətli hədiyyədir. Sağ olun.

İhsan Doğramacı: Cənab prezident, Mərmərə Universitetinin rektoru da Sizə bir hədiyyə təqdim etmək istəyir.

Turay Yardımcı (Mərmərə universitetinin rektoru): Cənab prezident, inşallah, Azərbaycan və Türkiyə universitetləri arasındakı əməkdaşlıq davam edəcəkdir. Bu hədiyyə İstanbuldakı universitetlər adındandır.

Heydər Əliyev: Çox sağ olun.

Biz hamımız bir saatdan sonra Respublika sarayında olmalıyıq. Ona görə də mən Sizi burada çox saxlamaq istəmirəm. Sizin bir saat vaxtınız vardır. Bilirəm, yol gəlmisiniz, Ankaradan buraya gəlmisiniz, iki saat on dəqiqə havada olmusunuz, yorulmusunuz. Dincəlin, saat 6-da yenidən bərabər olacağıq. Sağ olun.