Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə silahlı qüvvələri baş qərargahının sabiq rəisi, ordu generalı İsmayıl Haqqı Qaradayı ilə görüşdəki söhbətindən - Ankara, Gülhanə Tibb Akademiyası, 23 yanvar 1999-cu il


İsmayıl Haqqı Qaradayı: Əziz dostum, dərin hörmət bəslədiyim Heydər Əliyev! Səhhətinizdən xəbər tutmaq üçün buraya gəldim. Səhhətinizin yaxşı olmasından, Sizi Türkiyədə görməyimdən məmnunluq duyduğumu vurğulayıram. Tez-tez soruşub məlumat alıram. Öyrəndim ki, vəziyyətiniz, maşallah, çox yaxşıdır, buraya gəlsəm, Sizi narahat etmiş olmaram. Ona görə də Sizi ziyarət etməyi qərara aldım. Bu gün aldığım xəbər daha yaxşı idi və Sizi görəndə qənaətim möhkəmləndi.

Sizə Türkiyə Silahlı Qüvvələrində də böyük hörmət var.

Heydər Əliyev: Çox sağ olun, hörmətli dostum Qaradayı. Mən sizin bu diqqət və qayğınızı çox yüksək qiymətləndirirəm. Bilirəm ki, buraya gəldiyim gündən mənim səhhətimlə maraqlanır, mənə bir daha öz dostluq münasibətinizi göstərirsiniz. Mən sizinlə dostluğumu çox qiymətləndirir və hesab edirəm ki, Türkiyə-Azərbaycan dostluğunun inkişafında bunun da çox xidməti olmuşdur. Bura həqiqətən çox gözəl xəstəxanadır. Mən həyatımda bir dəfə xəstəxana görmüşəm. 1987-ci ildə Moskvada Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini olarkən məndə ürək sıxıntısı əmələ gəldi. Onda Sovetlər Birliyinin ən yüksək xəstəxanasında iki-üç ay oldum. Başqa heç bir xəstəxana görməmişəm. İşlədiyim zaman gedib xəstəxanalara baxırdım, amma özüm xəstəxanalardan istifadə edim, bu olmamışdı. İndi müqayisə etmək imanım var ,bura həqiqətən çox gözəl xəstəxanadır. Hər şey yüksək dərəcədədir, ancaq ən önəmlisi odur ki, çox bilikli, təcrübəli həkimlər var. Buranın rəisi çox qayğıkeş bir insan, çox bilikli həkim, professordur. Bakıya gəldi və məni gecəynən buraya gətirdi. Hər gün buradadır. Mən çox məmnunam ki, Türkiyənin belə gözəl xəstəxanası, akademiyası var və burada çox gözəl işlər görülür. Mən çox sevinirəm ki, bu xəstəxana tibb sahəsində dünyanın ən yüksək səviyyəsinə gəlib çatmışdır.

Şübhəsiz, mən işdən ayrılmağımdan narahat oldum, gəlmək istəmirdim. Dostum Süleyman Dəmirəl telefon edib dedi ki, mütləq gəlməlisən. İndi gəlməyimdən çox məmnunam. Burada çox gözəl müalicə aparırlar. Həm də ki, on ilə yaxındır mən həkimsiz yaşamışam, ona görə də müayinə lazımdır. Burada da deyirlər ki, baxdıq, hər şey yaxşıdır.

İsmayıl Haqqı Qaradayı: Hesab edirəm ki, tibb sahəsində əməkdaşlığın, o cümlədən Türkiyə və Azərbaycanın səhiyyə ocaqları arasında əlaqələrin genişləndirilməsinin böyük əhəmiyyəti var. Sizə bir daha möhkəm cansağlığı diləyir, tezliklə sağalmağınızı arzulayıram.