Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyədən Azərbaycana qayıdarkən jurnalistlərə bəyanatı - 10 yanvar 2000-ci il


Dəyərli mətbuat nümayəndələri, xanımlar, cənablar!

Əziz qardaşım, dostum, Türkiyənin cümhur başqanı Süleyman Dəmirəlin dəvəti ilə mən dünən Ankaraya, Türkiyəyə gəlmişəm və indi də artıq yola düşürəm, Bakıya dönürəm. Mən bu dəvətə görə və burada mənə göstərilən çox böyük dostluq, mehribanlıq, qardaşlıq münasibətinə görə dostum, qardaşım, cümhur başkanı Süleyman Dəmirələ təşəkkürümü bildirirəm.

Türkiyəyə hər dəfə gəlmək mənim üçün böyük bir hadisədir, yəni böyük bir sevinc hadisəsidir. Bu dəfə mən Türkiyəyə mübarək Ramazan bayramı günü gəlmişəm. Mən bir tərəfdən rahatsız idim ki, Ramazan bayramı zamanı - insanlar bayram edib, istirahət etdiyi zaman mən buraya gəlib bu istirahətə mane olacağam. Amma eyni zamanda düşündüm ki, bu Ramazan bayramını Türkiyədə çox gözəl keçirirlər. Bizdə, Azərbaycanda Ramazan bayramı 7-8 il bundan öncə bərpa olunubdur. Ondan öncə, Sovetlər Birliyi dövründə Azərbaycanda din qadağan, yasaq olunduğuna görə, Ramazan bayramı da dini bayram olduğuna görə bu, qadağan idi. İndi isə insanlar çox qısa bir zamanda öz dinini dəstəklədi, aldı və Ramazan bayramı da keçirilir. Amma Türkiyədəki kimi yox.

Mən televiziya vasitəsilə baxdım: insanlar nə qədər sevinirlər, mahnılar söyləyirlər, rəqslər edirlər. Mən bu gün 10 dəqiqə televiziyaya baxdım. Bir azəri mahnısını çox gözəl oxudular və rəqs etdilər. Mənim ürəyim sevindi. Ona görə də məhz bu gün - Ramazan bayramı günü burada olmağım məni daha da sevindirmişdir.

Ancaq təbiidir, mənim ziyarətim gəzmək üçün, istirahət üçün deyil. Mənim ziyarətim hər dəfə işlər görmək üçündür və dostum, qardaşım Süleyman Dəmirəl də elədir, - gecə də, gündüz də çalışır. Onun üçün bayram da yoxdur, bazar da yoxdur, başqa genlər də yoxdur. Ona görə biz dünən də, bu gün də görüşüb çox dəyərli söhbətlər, danışıqlar apardıq. Mənim ən əsas danışıqlarım, söhbətlərim hörmətli cümhur başqanı Süleyman Dəmirəl ilə oldu. O, bəyan etdiyi kimi, biz ölkələrimiz üçün vacib olan bir neçə məsələləri ortaya qoyduq, fikir mübadiləsi apardıq. Bunların içində birinci növbədə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi və Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması, köçkünlərin, qaçqınların öz yerinə qayıtması məsələsidir. Biz bu məsələni noyabr ayında ATƏT-in İstanbul zirvə görüşündə də çox geniş müzakirə etmişdik - həm hörmətli Süleyman Dəmirəl ilə, həm də prezident Klinton ilə, prezident Şirak ilə, digərləri ilə. Ancaq yenidən tələbat var idi ki, Türkiyə ilə Azərbaycan bu gün bu məsələni bir daha dəyərləndirsinlər, bu məsələ haqqında nə ediləcəkdir - eyni fikirdə olsunlar.

Məmnunam ki, həmişə olduğu kimi, indi də Türkiyə Azərbaycanı dəstəkləyir. Biz bu barədə eyni fikirdəyik və fikrimiz də bundan ibarətdir ki, bu il, yəni 2000-ci ildə mütləq sülh yaransın, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi sülh yolu ilə həll olunsun. Mən bu danışıqlardan çox məmnunam və çox məmnunluqla Bakıya dönürəm.

Bakı-Ceyhan boru xəttinin yaranması haqqında biz beş il çalışdıq, beş il vuruşduq - birlikdə, Azərbaycan-Türkiyə. Nəhayət, ortaya gətirdik, nail olduq və İstanbul zirvə görüşü zamanı bu anlaşma çox böyük təntənə ilə imzalandı. Bu, dünyada böyük bir hadisə kimi qiymətləndirilibdir. Ancaq indi biz bir mərhələni keçdik. İkinci mərhələ praktiki işlər, yəni bu boru xəttinin inşasına başlanmasıdır. Biz bu barədə də danışdıq, fikir mübadiləsi apardıq.

Bizim heyətlər görüşüblər və bu ayın 21-22-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan heyətləri görüşəcəklər və güman edirəm, inanıram ki, orada bütün məsələlər həll olunacaq, çözüləcəkdir və biz işə başlayacağıq. Bunu etmək lazımdır. Çünki nə qədər ki, Bakı-Ceyhan boru xətti haqqında, neft kəməri haqqında hazırlıq gedən zaman bizlərə çox əngəl edənlər var idisə, indi də var. Bunlar indi tükənməyiblər. Bəziləri də belə şayiə yayırlar ki, "imzalandı, amma həyata keçirilmir. Bu, real deyil, filan deyil". Amma mən bu gün də bəyan edirəm ki, imzalanan anlaşma həyata keçiriləcəkdir və bu əsrin böyük boru xəttini biz yaradacağıq. Buna heç şübhə yoxdur.

Başqa ikitərəfli münasibətləri də danışdıq, müzakirə etdik. Burada heç bir problem yoxdur. Kiçik məsələlər meydana çıxır: hansısa məmur nəsə etmədi, ya etdi, filan. Amma əsas ondan ibarətdir ki, Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri hər gün, günü-gündən genişlənir, inkişaf edir və insanların bunu inkişaf etdirməsi nə qədər önəmlidirsə, o qədər də dövlətlərin, hökumətlərin bu işi həmişə əlində saxlaması, daha da çox dəstək verməsi və öz tərəflərindən lazımi tədbir görməsi vacibdir. Biz Azərbaycanda bunu edirik. Türkiyə də edir. Amma bir çox məsələləri daha da sürətlə irəliyə aparmaq üçün görüşmək lazımdır, danışmaq lazımdır.

Mən bu gün hörmətli baş nazir Bülənd Ecevit ilə də görüşdüm. Bu barədə, dediyim sözlər, məsələlər haqqında çox ətraflı söhbət etdik. Sonra baş nazirin müavini hörmətli Dövlət Baxçəli ilə görüşdük. Onunla da məsələlər ətrafında çox geniş söhbətlər apardıq. Silahlı Qüvvələrin Baş Qərargahının rəisi hörmətli Hüseyn Kıvrıkoğlu ilə görüşdük. Onunla da bizim iş birliyimiz haqqında danışıqlar apardıq.

Mən bütün bu görüşlərdən, danışıqlardan çox məmnunam. Hesab edirəm ki, bu, Azərbaycan üçün faydalıdır. Düşünürəm ki, Türkiyə üçün də faydalıdır və Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı üçün də faydalıdır.

Mən Sizə, əziz dostum, bir daha təşəkkür edirəm və üzr diləyirəm ki, mən Sizə bu bayram günü bir az əziyyət verdim. Sağ olun.

"Azərbaycan" qəzeti, 11 yanvar 2000-ci il.