Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayının iştirakçılarına təbrik - 20 oktyabr 1994-cü il


Hörmətli qurultay iştirakçıları!

Türk xalqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının keçirilməsi münasibətilə Sizi ürəkdən salamlayır və uğurlar arzulayıram.

Türk xalqları tarixin ağır sınaqlarından çıxmış, elmi, mədəni, iqtisadi və siyasi əlaqələrini inkişaf etdirərək qədim dünyanın və orta dövr tarixinin mühüm hərəkətverici qüvvələrindən olmuşdur. Həmin dövrlərdə tarixə türk xalqlarının adından yazılmış bir çox qəhrəmanlıq salnamələri və bəşəri nümunələr ümumdünya sivilizasiyasının şanlı səhifələrinə və bütün dünyanın iftixar mənbəyinə çevrilmişdir.

Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir.

Ümidvaram ki, türk xalqlarının növbəti qurultayı bu ülvi arzuya yeni təkan verəcəkdir. Bu günlərdə öz müstəqilliyinin üçüncü ildönümünü qeyd etmiş müstəqil Azərbaycan Cümhuriyyəti türk xalqlarının qardaşlıq ailəsinin möhkəmləndirilməsi üçün əlindən gələni edəcəkdir. Tarixi inkişafın yeni yoluna qədəm qoymuş türk xalqlarının sarsılmaz dostluğunun bundan sonra daha da möhkəmlənəcəyinə heç bir şübhəm yoxdur. Ulu Tanrıdan bütün türk xalqlarına sülh, əmin-amanlıq və rifah arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.