Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın Şotlandiya məsələləri üzrə dövlət naziri Brayan Vilsonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 7 iyun 2000-ci il


Heydər Əliyev: Cənab nazir, mən çox məmnunam ki, siz ilk dəfə Azərbaycana gəlmisiniz və xalq sərgi və konfransının açılış mərasimində iştirak etmisiniz. Siz orada çıxış etdiniz və bu gün də görüşürük.

Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən şirkətləri çoxdur. Onlar ölkəmizdə neft-qaz sahəsində çox mühüm işlər görürlər. Biz əsas məsələləri birgə həll etmişik. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ndə, "Şahdəniz" yatağının birgə işlənilməsi barədə müqavilədə Böyük Britaniya şirkətləri əməliyyatçı rolunu oynayır, başqa sahələrdə də mühüm işlər görürlər. Bizim işimizin əsas nəticələri daha çox "Britiş Petroleum" şirkətinin fəaliyyət göstərdiyi sahələrdədir. Ona görə də sizin Azərbaycanı ziyarət etməyiniz çox vacibdir. Güman edirəm ki, siz ölkəmizlə və Bakı şəhəri ilə yaxşı tanış ola biləcəksiniz.

Brayan Vilson: Cənab prezident, vaxt tapıb məni qəbul etdiyinizə görə çox sağ olun. Mən bilirəm ki, Siz bu həftə çox məşğulsunuz. Mənə vaxt ayırdığınıza görə Sizə minnətdarlığımı bildirirəm. Biz dünən görüşsək də, bu gün bir daha, yenidən görüşürük.

Deməliyəm ki, ümumiyyətlə, ölkələrimiz arasında əlaqələr hazırda əla səviyyədədir. Ümid edirəm ki, nazirlər səviyyəsində qarşılıqlı səfərlər siyasət, ticarət və digər sahələrdə ölkələrimizin əməkdaşlığının möhkəmləndirilməsinə daha çox töhfə verəcəkdir.

Mən sərgi keçirilən sarayda bu gün səhər bir daha oldum, oranı gəzdim, Böyük Britaniya şirkətlərinin təşkil etdikləri stendlərə baxdım, şirkətlərimizin nümayəndələrinin hər bir ilə ayrı-ayrılıqda söhbət etdim. Onların əhval-ruhiyyəsi çox yaxşıdır. Həmin şirkətlərin nümayəndələri Azərbaycandakı fəaliyyətlərindən çox razıdırlar. Ən vacibi isə budur ki, onların fikrincə, burada öz imkanlarının artması üçün böyük potensial vardır.

Əlbəttə, mən vətənə qayıdarkən burada gördüklərim barədə ətraflı söhbət açacağam. Böyük Britaniyanın neft və qaz sahəsində fəaliyyət göstərən ən kiçik və ən böyük şirkətlərini inandırmağa çalışacağam ki, onlar Azərbaycana gəlsinlər, buraya sərmayə qoysunlar, tərəfdaşlığı daha da genişləndirsinlər.

Britaniya ilə Azərbaycan arasında əlaqələr hər iki tərəf üçün faydalıdır. Əlbəttə, biz britaniyalılar Azərbaycanda sənayenin uğurla inkişaf etməsi üçün bir çox işlər görürük. Ancaq Azərbaycan da bizim ölkədə sənayenin inkişaf etməsi üçün çox işlər görə bilər. Şimal dənizində çalışan şirkətlərimizin çox zəngin təcrübəsi vardır. Bizim şirkətlər orada uzun müddətdir ki, işləyirlər. Mənə elə gəlir ki, onlar Azərbaycana gəlməklə həm biliklərini, həm də təcrübələrini buraya gətirirlər, eyni zamanda yerli mütəxəssislərdən də kifayət qədər öyrənirlər.

Yenə də deyirəm, Böyük Britaniya şirkətləri buraya gələrək öx biliklərini, təcrübələrini bölüşürlər. Eyni zamanda, Britaniyanın buradakı şirkətlərində çoxlu azərbaycanlı çalışır, yerli kadrlar öz təcrübələrini ildən - ilə daha da artırırlar.

Azərbaycanda keçirilən "Xəzərneftqaz-2000" beynəlxalq sərgi və konfransında mənim ölkəmin nazir səviyyəsində təmsil edilməsi onu göstərir ki, biz dünyanın bu bölgəsində ticarətə böyük əhəmiyyət veririk. Mənim fikrimcə, bu sərgi ölkələrimizin əlaqələrinin daha da inkişafına kömək göstərəcəkdir.

Heydər Əliyev: Mən sizin dediklərinizlə tamamilə razıyam. Birincisi, mən də hesab edirəm ki, Böyük Britaniya ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə olan əlaqələr yüksək səviyyədədir. Biz buna çox yüksək qiymət veririk və bu əlaqələrin daha da genişlənməsinə çalışırıq.

Xatırlayıram ki, mən 1998-ci ildə Londonda rəsmi səfərdə olarkən baş nazir cənab Toni Bleyr ilə, bir çox nazirlərlə bu barədə çox ətraflı danışıqlar apardım. Həm Britaniya tərəfi, həm də Azərbaycan tərəfi eyni fikirdə oldu ki, Azərbaycan çox vacib coğrafi-strateji əhəmiyyətə malik bir ölkədir, onun böyük təbii sərvətləri vardır. Böyük Britaniyanın Azərbaycana və bütövlükdə bölgəyə olan maraqları ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsini tələb edir.

Xatirimdədir, xarici işlər naziri cənab Robin Kukla söhbətimiz zamanı o, mənə dedi ki, biz Azərbaycanda öz səfirliyimizi genişləndirəcəyik, işçilərin sayını artıracağıq. Çünki həm Azərbaycan, həm də Azərbaycana yaxın olan Mərkəzi Asiya ölkələri Böyük Britaniyanı çox maraqlandırır. Mən bu fikirlərlə tam razı olduğumu bildirdim. Bu, doğrudan da həqiqətdir.

1994-cü ildən sonra imzaladığımız neft müqavilələri Böyük Britaniya ilə Azərbaycanın uzunmüddətli əməkdaşlığının əsasını qoymuşdur. Əgər imzalanmış hər bir müqavilənin 30 illik müddəti vardırsa, hesab edirəm, həmin müqavilələrin tamamilə həyata keçirilməsi üçün bundan iki qat artıq vaxt tələb ediləcəkdir. Bu, təkcə bizim yox, bizdən sonra gələn bir neçə nəslin də vəzifəsi olacaqdır. Ona görə də Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr uzunmüddətli, bəlkə də daimi xarakter daşıyır. Biz bunu bu cür anlayırıq və ona çox böyük əhəmiyyət veririk.

Mən bildirdim ki, "Əsrin müqaviləsi", "Çıraq" yatağından neftin hasil olunması, ixrac edilməsi, "Azəri" və"Günəşli" yataqları - bütün bunlar böyük perspektivə malikdir. "Britiş Petroleum" şirkəti orada operatorluq edir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri barədə sazişin imzalanması, danışıqlar aparılması və bu neft kəməri barədə sazişin Azərbaycanın və Gürcüstanın parlamentlərində təsdiq edilməsi - o, bu yaxınlarda Türkiyə parlamentində də təsdiq olunacaq - bizim müştərək işimiz üçün daha böyük yol açır.

Dünən Bakıda açılmış "Xəzərneftqaz-2000" sərgisindəki stendlərdə "Şahdəniz" yatağının nə qədər böyük potensiala malik olduğu nümayiş etdirildi. Orada bəyan olundu ki, 2002-ci ildə Türkiyəyə 5 milyard kubmetr qaz vermək mümkündür. Hesab edirəm, bu, yaxşı fikirdir. Gərək biz bu iş üzərində birlikdə işləyək və onu həyata keçirək. Ola bilər, bu işdə müəyyən maneələr ortaya çıxsın, amma biz bu işi görməliyik.

Azərbaycanda böyük neft yataqları ilə yanaşı, zəngin qaz yataqları da aşkar edilir. "Şevron" şirkətinin nümayəndələri dünən bəyan etdilər ki, onlar "Şahdəniz" yatağından da çox qaz ehtiyatlarına malik olan "Abşeron" yatağından yaxın zamanlarda böyük nəticələr gözləyirlər. Bütün bunlar onu göstərir ki, bu sərvətlərin, məhsulların dünya bazarına çıxarılması haqqında tədbirləri indidən görməliyik və biz birlikdə çalışmalıyıq.

Mən Böyük Britaniyanın həm neft və qaz sahəsində, həm də digər sahələrdə fəaliyyət göstərən şirkətlərini dəfələrlə Azərbaycana dəvət etmişəm. Onlar burada işləyirlər. Siz dünən dediniz ki, onların bəziləri Azərbaycanı tərk edirlər. Bu, mənə məlum deyildir. Mən baş nazirə göstəriş vermişəm ki, bunu araşdırsın, bu barədə mənə məlumat versin. Güman edirəm, belə bir hal varsa, onlar yalnız özlərinə şərait yarada bilməyən kiçik şirkətlərdir. Hər halda, mən bu məsələyə diqqət yetirmişəm və lazımi göstərişlər vermişəm.

Bir sözlə, Azərbaycan ilə Böyük Britaniya arasında bütün sahələrdə əməkdaşlıq genişləndirilməlidir. Güman edirəm ki, dövlət naziri kimi siz də Azərbaycanın bugünkü reallığını, "Xəzərneftqaz-2000" sərgisindəki əhval-ruhiyyəni görüb bu sahədə öz xidmətlərinizi əsirgəməyəcəksiniz.

Brayan Vilson: Cənab prezident, mən Böyük Britaniyanın baş naziri Toni Bleyrin şəxsi salamlarını və minnətdarlığını Sizə çatdırmaq istəyirəm. Siz ona göndərdiyiniz məktubda oğlu olması münasibətilə onu təbrik etmisiniz.

Heydər Əliyev: Bəli, onun dördüncü oğlu olubdur. O, çox zəngin adamdır. Hesab edirəm ki, o, çox sevindi. Amma bu, bir insan kimi məni də sevindirdi. Ona görə də mən onu təbrik etdim.

Ümumiyyətlə, Sizin baş naziriniz çox mehriban adamdır. Mənim ona böyük hörmətim var. Hiss edirəm ki, bu hörmət ikitərəflidir.

Brayan Vilson: Bəli, mən də bilirəm ki, o, çox gözəl bir insandır.

Cənab prezident, Sizin dediklərinizin hamısı ilə tam razıyam. Qeyri-neft sahəsində əməkdaşlığımızın genişləndirilməsi barədə Sizin dedikləriniz məni xüsusən çox ruhlandırdı. Buraya gəlməzdən əvvəl biz ticarət naziri ilə nahar etdik və bu barədə söhbət apardıq. Azərbaycanın ixrac imkanlarını genişləndirmək üçün qeyri-neft sahəsi daha da inkişaf etdirilməlidir. Mən vətənə qayıtdıqdan sonra bu işə ciddi fikir verəcəyəm ki, Böyük Britaniyanın müxtəlif şirkətləri Azərbaycana gəlsinlər və burada çalışsınlar.

Cənab prezident, mən Sizin dediklərinizi bir daha dəstəkləmək istəyirəm. Böyük Britaniya şirkətləri boru kəmərləri layihələrinə və Azərbaycanda hasil ediləcək neftin bu kəmərlərlə dünya bazarına çıxarılmasına xüsusi maraq göstərirlər. Onlar Azərbaycanda bu sahədə işə başlamaq üçün rəqabətə hazırdırlar.

Bir daha bildirmək istəyirəm ki, biz bir-birimizə dərin hörmət bəsləyirik. Əminəm ki, bu, bizim ümumi işimizin xeyrinədir.

Heydər Əliyev: Sağ olun.


"Azərbaycan" qəzeti, 8 iyun 2000-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa