Azərbaycan jurnalistlərinin birinci qurultayına - 15 mart 2003-cü il


Hörmətli mətbuat işçiləri və jurnalist ictimaiyyəti nümayəndələri!

Sizi - ümumrespublika forumuna toplaşmış Azərbaycan jurnalistlərini səmimiyyətlə salamlayır və qurultayın işinə uğurlar arzulayıram.

Yaşadığımız qloballaşma və informasiya əsrində azad söz və mətbuatın əhəmiyyəti getdikcə artmaqdadır. Mütərəqqi ənənələrə, milli və ümumbəşəri dəyərlərə malik Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi bugünkü müstəqil dövlət və azad vətəndaş cəmiyyəti quruculuğunda müstəsna rol oynayır. Xalqımızın azadlıq arzularının, müstəqillik ideallarının əks etdirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında, aktual problemlərin ictimai müzakirəyə çıxarılmasında Azərbaycan mətbuatının xidmətləri xüsusi qeyd olunmalıdır.

Azərbaycan dövləti söz və fikir azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçilərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılması istiqamətində ardıcıl tədbirlər görür. Son illərdə kütləvi informasiya vasitələrinə dövlət qayğısının artınlmasına, mətbuata maliyyə-vergi güzəştlərinin verilməsinə, jurnalistlərin informasiya almaq azadlığının təmin edilməsinə yönəlmiş bir neçə fərman və sərəncam verilmişdir. Qəzetlərin dövlət nəşriyyatına olan borcları 2005-ci ilə qədər təxirə salınmış, onlara güzəştli şərtlərlə kredit verilməyə başlanmışdır. Mətbuat sahəsində demokratik, liberal qanunvericilik bazası yaradılmışdır. Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi formalaşmışdır. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi, teleradio şirkətləri, informasiya agentlikləri, qəzet və jurnallar azad surətdə fəaliyyət göstərir.

Bu gün Azərbaycanda mətbuatın dövlət tənzimlənməsindən imtina edilib. Lakin həyat göstərir ki, mətbuatın ictimai tənzimlənməsinə və özünütənzimləməyə, mətbuat-dövlət, mətbuat-vətəndaş, mətbuat-mətbuat münasibətlərinin sivil, demokratik yolla tənzimlənməsinə ehtiyac vardır. Eyni zamanda, müasir beynəlxalq standartlara cavab verən, peşəkar, qərəzsiz, obyektiv mətbuatın formalaşması və güclənməsi istiqamətində hələ bundan sonra da xeyli işlər görülməlidir.

İnanıram ki, Azərbaycan jurnalistlərinin birinci qurultayı, burada qəbul edilən qərarlar bütövlükdə cəmiyyət və jurnalistika qarşısında dayanan mühüm vəzifələrin həlli yolunda vacib addım olacaq. Obyektivliyi və vətənpərvərliyi ilə seçilən mətbuat və ictimaiyyət nümayəndələrinin təmsil olunacağı Mətbuat Şurası demokratiyaya və söz azadlığına xidmət edən nüfuzlu quruma çevriləcəkdir.

Bir daha qurultayın işinə uğurlar diləyir, Azərbaycan jurnalistlərinə və mətbuat ictimaiyyətinə ən xoş arzularımı yetirirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış