Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin Azərbaycana işgüzar səfəri -17 sеntyаbr 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün sentyabrın 17-də respublikamıza iki günlük işgüzar səfərə gəlmişdir.

Binə beynəlxalq hava limanı Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmişdi.

Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Prezidenti Əhməd Necdət Sezəri təyyarənin pilləkənı yanında böyük mehribanlıqla qarşıladı. Milli geyimli qız və oğlan dost və qardaş ölkənin dövlət başçısına gül dəstələri təqdim etdilər.

Türkiyə prezidentinin ölkəmizə işgüzar səfərə gəlməsi münasibəti ilə uçuş meydanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezidentlər Heydər Əliyev və Əhməd Necdət Sezər fəxri qarovul dəstəsinin önündən keçdilər.

Türkiyə dövlətinin başçısı Azərbaycan əsgərlərini salamladı.

Sonra Azərbaycanın dövlət və hökumət xadimləri Türkiyə prezidentinə, türkiyəli qonaqlar isə Azərbaycan dövlətinin başçısına təqdim olundu.

Dövlət başçıları hava limanının ali qonaqlar otağında hər iki tərəfi maraqlandıran məsələlər barədə qısa fikir mübadiləsi apardılar.

Rəsmi qarşılanmadan sonra Türkiyə Prezidenti Əhməd Necdət Sezər onun üçün ayrılmış iqamətgaha yola düşdü.

AzərTAc