Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə səfəri başa çatdıqdan sonra Vətənə yolasalma mərasimində bəyanatı - Ankara, "Esenboğa" Hava Limanı, 2 noyabr 1999-cu il


Hörmətli dostum, qardaşım, Türkiyənin cümhur başqanı Süleyman Dəmirəl!

Hörmətli mətbuat nümayəndələri!

Mən iki gündür ki, Türkiyədəyəm. Əziz dostum, qardaşım, Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəlin dəvəti ilə buraya qısamüddətli səfərə gəlmişəm. Mən Türkiyəyə gəldiyim gündən biz bir yerdəyik, bərabərik.

Çox məmnunam ki, biz səhərdən axşama qədər çox mənalı bir gün keçirdik. Məni ən çox məmnun edən odur ki, biz zəlzələnin baş verdiyi mərkəzə getdik, orada fəlakətdən zərər çəkmiş insanları, dağıntıları gördük, onlarla söhbət etdik, bu insanların vəziyyəti ilə tanış olduq. Bu görüşlər mənim xatirimdə daim yaşayacaqdır. Çünki bu fəlakətdən zərər çəkmiş insanlar - Türkiyə dövlətinin, hökumətinin, xalqının böyük fədakarlığı nəticəsində qısa bir zamanda çadırlarda, yığma evlərdə rahat yerləşdirilmiş insanlar - bu faciə nə qədər böyük olsa da, dövlətdən, hökumətdən və xüsusən dövlətin başçısından, cümhur başqanından çox razıdırlar, onlara minnətdardırlar.

Bu zəlzələ bizi - Azərbaycanı da çox kədərləndirdi, sarsıtdı, sıxdı. Biz bu dərdi sizinlə bərabər çəkdik və onu bu gün də çəkirik. Ancaq ən önəmlisi odur ki, Türkiyə hökuməti, dövləti öz qüdrətini, öz bacarığını bir daha göstərdi. Qısa bir zamanda çox işlər görülübdür və bundan sonra görüləcək işlərin də - nə iş görüləcək, hansı evlər tikiləcək - planı vardır. Bu, Türkiyə Cümhuriyyətinin nə qədər böyük potensiala, imkanlara malik olduğunu və böyük işlər görməyə qabiliyyətli olduğunu göstərdi. Bu məni çox sevindirdi. Türkiyə bizim üçün qardaşdır, dostdur, ən yaxın ölkədir. Ona görə də bu məni çox sevindirdi.

Eyni zamanda, dünən həyatımda böyük həyəcanlı bir gün keçirdim. Çankaya köşkündə, hörmətli cümhur başqanının iqamətgahında Türkiyənin bütün dövlət, hökumət adamlarının, yəni başçılarının hüzurunda Türkiyənin demək olar ki, qaymaqları - həm dövlət, hökumət başçıları, həm nazirlər, həm də millət vəkilləri, ordu nümayəndələri, generallar, elm adamları, rektorlar, professorlar, ictimai xadimlər, mətbuat nümayəndələri toplaşmışdılar. Mən neçə illərdir ki, Türkiyə ilə dostluq edirəm, burada çox məclislərdə olmuşam. Amma bu qədər yüksək səviyyəli, yüksək durumda olan bir məclis görməmişdim. Belə bir məclisdə hörmətli dostum, qardaşım Süleyman Dəmirəl mənə Türkiyənin, Türkiyə Cümhuriyyətinin Atatürk Sülh Mükafatını təqdim etdi.

Bu mükafatın mənə verilməsi haqqında qəbul olunan qərar haqqında məlumatı, sonra isə əziz dostum, qardaşım Süleyman Dəmirəlin bu barədə mənə rəsmi məktubunu alarkən çox sevinmişdim. Təkcə mən yox, bütün xalqımız sevinmişdi. Çünki bu bizim üçün böyük bir şərəfdir. Dünən bu mərasimdə, yəni bu toplantıda - Türkiyənin bütün qaymaqlarını təşkil edən insanların toplantısında bu mükafatın mənə təqdim edilməsi və əziz dostum, qardaşım, cümhur başqanı Süleyman Dəmirəlin orada çox dərin mənalı, dəyərli nitqi və Türkiyə-Azərbaycan dostluğu, mənim fəaliyyətim haqqında söylədiyi dərin mənalı sözlər, şübhəsiz ki, mənim üçün tarixi hadisədir.

Mən bunu dünən də dedim, bu gün də deyirəm ki, bu, təkcə mənə, mənim fəaliyyətimə verilən mükafat deyil. Bu, Azərbaycan xalqının sülhsevərliyinə, fədakarlığına, Türkiyə ilə dostluq əlaqələrinə verilən mükafatdır. Bu, müstəqil Azərbaycan dövlətinə, artıq 8 ildir ki, öz müstəqilliyini qoruyub saxlayan və inkişaf etdirən Azərbaycan dövlətinə verilən mükafatdır. Bu, bütün Azərbaycan vətəndaşlarına verilən mükafatdır.

Türkiyənin bir neçə televiziya kanalı bu mərasimi, toplantını birbaşa yayıblar. Bu, o cümlədən Azərbaycanda da yayılıbdır. İnsanlar böyük heyranlıqla, böyük həvəslə, həyəcanla bu mərasimi seyr ediblər, ona seviniblər, demək olar ki, bayram edirlər. Mən çox məmnunam ki, mətbuat nümayəndələri də burada çox önəmli işlər görüblər, fəaliyyət göstəriblər, bugünkü qəzetlərdə çox gözəl yazılar veriblər. Bunlar hamısı Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının bir daha çox parlaq nümayişidir, göstəricisidir. Mən hesab edirəm ki, bu mükafat Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına, bizim bu əlaqələrimizə verilən yüksək qiymətdir. Mən bunlara görə təşəkkür edirəm.

Bu gün mən Gülhanə Hərbi Tibb Xəstəxanasında müalicə olunan, terrordan zərər almış, yaralanmış qazilərlə görüşdüm. Mənim həyatımda bu da çox böyük, önəmli bir hadisədir. Mən onları ziyarət etdim, həmin insanlarla görüşdüm, söhbət etdim. Onlara Allahdan şəfa dilədim, onları Azərbaycana dəvət etdim ki, gəlib ölkəmizdə olsunlar, dincəlsinlər. Onlar 22, 23, 24, 25 yaşında olan gənc insanlardır, çox gözəl gənclərdir. Mənimlə söhbətdə onların hər biri dedi ki, biz vətənimizin - Türkiyənin qorunması, terroristlərin qarşısının alınması yolundakı fəaliyyətimizlə, yəni qəhrəmanlığımızla fəxr edirik. Əgər bu gün xəsarət almışıqsa, yaramız varsa, bu bizim üçün çətin bir şey deyil. Əsas odur ki, ölkəmizi, millətimizi, cümhuriyyətimizi müdafiə etmişik və bir də əsas odur ki, bizə qazi adı, qəhrəman adı veriblər. Bu insanlarla görüşüm məni çox mütəəssir etdi. Mən bundan çox məmnunam.

Mənim Türkiyəyə qısamüddətli səfərim bu gün sona çatır. Əziz dostum, qardaşım Süleyman Dəmirəl mənə təklif etdi ki, burada yenə də qalım. Təbiidir ki, burada nə qədər qalsam, o qədər də yeni-yeni görüşlər, işlər olacaqdır. Ancaq mənim Azərbaycanda işlərim var. Bir də ki, mən əziz dostumun, qardaşımın vaxtını da çox almaq istəmirəm. Çünki mən burada olanda o, həmişə mənimlə bərabər olur.

Hesab edirəm ki, bu ziyarətim mənim üçün tarixi bir ziyarətdir. Təbiidir ki, mən noyabr ayının 17-18-də buraya gələcəyəm, ATƏT-in zirvə görüşündə olacağam. Mən dünən bəyan etdim, bu gün də bəyan edirəm ki, Bakı-Ceyhan boru xətti haqqında saziş burada imzalanacaqdır. Bu da tarixi bir hadisə olacaqdır.

Əziz dostum, mən Sizə bir daha təşəkkür edirəm. Çox sağ olun, məmnunam. Sizi Azərbaycanda bir daha səbirsizliklə gözləyəcəyəm.

Süleyman Dəmirəl: Yaxşı yol!